NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Futuristik miraj

Dubaya neçə dəfə gəlsəniz də, onu gördükləriniz yerlər sırasına daxil etmək mümkünsüzdür! Bu diyar durmadan inkişaf edir: burada hər il bütün dünya rekordlarını vuran yeni göydələnlər və zamanı qabaqlayan qabaqcıl texnologiyalı digər diqqətəlayiq yerlər meydana gəlir, bütün dünyadan qonaqları bir araya gətirən ən böyük sərgilər keçirilir. Əgər burada 10 il öncə olmaq nəsibiniz olubsa, inanın – indiki Dubayla siz tanış deyilsiniz. “Dubay yalnız qış istirahəti üçündür” stereotipini unudun, cəsarətlə bilet alın və yay tətilinə bura gəlin! Yeni görməli yerlərdən savayı sizi “Dubai Summer Surprises” festivalı, “La Perle by Dragone” akva-şousu, müxtəlif konsertlər və gözəl bonuslar gözləyir!

İndi gələcəyə!
Dubay “gələcəyin şəhəri” statusunu inamla daşıyır. Həqiqətən, onu “gələcək” sözü olmadan vəsf etmək mümkün deyil. Xüsusən də 2022-ci ilin fevralında burada çoxdan gözlənilən Gələcəyin muzeyi açıldıqdan sonra. Dubay tempində, yəni ən qısa müddətdə o “National Geographic” jurnalının versiyasına görə planetin ən gözəl muzeyləri siyahısına düşdü. Bu arxitektura möcüzəsi hələ ora daxil olmamış sizi fəth edəcək. Hündürlüyü 77 metr olan 7 mərtəbəli tikili daxili dayaq olmadan inşa olunub; paslanmayan poladdan olan fasad ərəb kalliqrafiyalı oyma ilə bəzədilib – bunlar baş nazir, BƏƏ-nin vitse-prezidenti Məhəmməd bin Rəşid Əl Məqtumun gələcək və tərəqqiyə həsr olunan sözləridir. Tikili göz formasına malikdir və bu, gələcəyə baxışı, onun həndəsi mərkəzindəki elliptik boşluq isə - can atdığımız naməlumluğu simvolizə edir. Bu futuristik görkəmdə “Min bir gecə” deyil, bəs nədir? Muzeyin daxilində sizi ən mütərəqqi texnologiyalar, fövqəladə mühəndis qərarları və qabaqcıl kəşflər gözləyir: interaktiv displeylər, köməkçi robotlar, sizi muzey boyu müşayiət edən rəqəmsal rezidentlər.
Zaman çərçivəsində səyahət dərhal başlayır: siz liftə 2022-ci ildə daxil olursunuz, 2071-ci ilə çıxırsınız. Girişdə sizi 3D-skaner gözləyir – o, bəzən qeyri-dəqiq, amma məzəli nəticələr verərək, sizin orqanizminizdəki problemləri aşkar edir. Bütün ekspozisiya yaxın gələcəyin potensialına həsr edilib. Burada siz astronavt qismində işə ərizə verə, virtual olaraq skafandr geyinə və hətta yola düşmək istədiyiniz planeti seçə bilərsiniz. Buradaca planetin iqtisadi, iqlim və sosial problemlərini həll etməyə cəhd göstərə bilərsiniz: məsələn, Amazonka hövzəsinin tropik meşələrini və yaxud tükənməkdə olan heyvan növlərini xilas etmək.


Yuxarıdan baxış
Göydələnlərin həqiqətən də səmaya qədər ucaldığı Dubayda özünü liliput hiss edirsən. Qeyri-ixtiyarı hündür bir yerə çıxaraq bütün şəhəri quş uçuşu yüksəkliyindən görmək istəyi meydana gəlir. Bunun üçün də biz təkidlə mütləq yaxınlarda inşa edilən iki görməli yeri ziyarət etməyi tövsiyə edirik.


240 metrəlik “Palm Tower” yaşayış kompleksinin sonuncu, 52-ci mərtəbəsi – panoramalı baxış meydançasıdır, buradan Palm-Cumeyra adasına, şəhər göydələnlərinə və Ərəb körfəzinə açılan mənzərədən zövq almaq mümkündür. Eyni zamanda “The View at The Palm”ı öz “instaqram” yerlərinə əlavə etmək olar: burada heyranedici fotoşəkillər alınır. Lap yuxarı dırmanmağa başlamazdan öncə birinci mərtəbədə sərgiyə baş çəkin: burada sizə süni yaradılan adanın tarixini danışacaq, interaktiv akvariumu göstərəcək və istənilən zövqə uyğun suvenir təklif edəcəklər.


“Dubai Frame” – şəhər sakinlərinin və qonaqlarının ən sevdikləri yerlərdən biridir, Dubayın keçmişi və gələcəyi arasında “körpü”. Bu yer zahiri olaraq həqiqətən də fotoşəkil üçün çərçivəni xatırladır! “The Guardian” qəzeti hətta onu “planetdə fotoşəkil üçün ən böyük çərçivə” adlandırıb. Tikili üst tərəfdən 93 metrəlik şüşə körpü ilə birləşən iki 150 metrəlik qüllədən ibarətdir. “Çərçivə”nin aşağısında immersiv sərgi keçirilən qalereya, yuxarıda isə - nəfəskəsən müşahidə meydançası yerləşir. Buradan şəhərin bütün gözəlliklərini seyr etmək mümkündür: şimalda – köhnə rayonlar, o cümlədən Deyr, Umm-Hürəyr və Əl-Karama, cənubda isə - müasir ticarət mərkəzləri, göydələnlər və Burc-Xəlifənin özü. Şəffaf döşəmə ilə addımlayarkən 150 metrəlik uçurum üzərində süzdüyünüzü hiss edəcəksiniz.

Səhra canlanması
BƏƏ ərazisində bir neçə onilliklər öncə sözün əsl mənasında heç nə olmadığını burada demək olar ki, hər addım başı eşidirsiniz. Bu da heyrətamizdir! Bunun necə mümkün olduğunu anlamağa muzeylər yardım edəcək.


Dubay-Krik sahilindəki Əl-Şindaqa muzeyi yerli sakinlərin öz irslərinə nə dərəcədə həssas yanaşdıqlarını əks etdirən bir neçə ekspozisiyaya malikdir. Muzey zallarından biri Ətriyyat evidir ki, burada zəfəran, müşk, qızılgül, ud, kəhrəba və digər ətirlərlə tanış olmaq və onların necə BƏƏ mədəniyyətinin bir parçası olduğunu öyrənmək mümkündür. Sizə onların hər birinin hasilatını, tətbiqini, xüsusiyyətlərini və dəyərini təsvir edəcəklər. Məsələn, ud qızıldan bahadır, afrodiziak hesab edilir, ud efir yağından əldə olunur, hasil prosesi isə hədsiz dərəcədə uzun və bahadır. Əvvəlcə ud ağacını “phaeoacremonium parasitica” göbələyi ilə yoluxdururlar, sonra isə ağac xəstəliklə mübarizə aparmağa başlayır. Bu mübarizə onilliklərlə davam edə bilər, bu prosesdə isə qiymətli qatran – ətriyyat xammalı istehsal olunur. Muzeydə mütləq multimedia sərgisini ziyarət edin. Eyni anda 3 divarda nümayiş etdirilən “Dubai Creek: Birth of a City” filmi sözün əsl mənasında sizi bu regionun 100 illik inkişaf tarixinə qərq edir.


2017-ci ildə açılan Etihad muzeyi ölkənin müasir tarixinə həsr olunub. Bura gələrkən, siz BƏƏ-nin təsisçi əcdadlarının 1971-ci ildə dövlətlərinin konstitusiyasını imzaladıqları tarixi İttifaq Evinə baş çəkə bilərsiniz. Bu muzey ölkənin həyat tərzinin bütün tarixi faktlarını, yeddi təsisçinin şəxsi əşyalarını, qiymətsiz sənədləri özündə ehtiva edən Əmirliklərin inkişafının tam həcmli retrospektividir... 1968-1974-cü illərə - “gələcəyin ölkəsi”nin yaranma dövrünə xüsusi diqqət yetirilib.

Gələcəkdən qaçış
Göydələnlər və futuristik tikililər hələ 50 il öncə köhnə Dubay sakinlərinin gildən hazırlanmış evləri ilə möhkəm assosiasiya yaradan Dubay əmirliyinin şərq koloritini gizlədir. Buna görə də Əl-Fahidi kvartalındakı şeyx Məhəmmədin Mədəniyyət əməkdaşlığı Mərkəzini ziyarət edin. Küləkli qülləli qədim malikanə 1998-ci ildən qonaqlarını BƏƏ-nin mədəniyyəti, ənənələri və adətləri ilə tanış edir. Burada ekzotik yeməklərin dequstasiyası keçirilir: biriani plovu, duzlanmış əl-mədrubə balığı, bozartma-şorba saluna, kiçik lukaymat ponçikləri... Yemək zamanı mərkəzin əməkdaşı buradakı həyatın əsas məqamlarından sizə söz açacaq və istənilən, hətta yersiz suallara cavab verəcək.

Daha sonra hər daşı tarixlə nəfəs alan köhnə şəhərdə gəzişin. Səyahətin sonunda Dubay-Krikin dəniz qolu ilə ənənəvi qayıqda – abrada üzün və ədviyyat bazarına baş çəkin. Budur, müasir Dubayın qara yeli!

Qum təpələrinin köçəriləri
Özünü bədəvi hiss etmək üçün şəhərin vurhavurundan qədim keçmişə qaçmağa “Platinum Heritage” - Dubayda səhrada ekoloji safari ilə məşğul olan yeganə şirkət yardım edəcək. Maraqlı səyahət əsl səhra sərgərdanı kimi başınıza keffiyə bağlamaqdan və tuluğun müasir analoqu olan termosun təqdim edilməsindən başlayır. Sonra siz 50-ci illərin köhnə lendroverində qum təpəcikləri ilə üzürsünüz. Yolda vəsfolunmayacaq dərəcədə gözəl antiloplar - ərəb adi köpgəröküzlərlə rastlaşırsınız, bədəvilərin düşərgəsinə daxil olmazdan öncə sizə şahin ovu elementləri ilə interaktiv şou nümayiş etdirəcəklər, düşərgədə isə əllərinizi qızılgül suyu ilə yuyacaqlar, əziz qonaq kimi qəhvə təqdim edəcəklər və sizin istəyinizlə xına ilə rəsm çəkəcəklər. Burada siz kulinar kəşflərindən, ənənəvi ərəb rəqslərindən zövq ala, dəvələr üzərində gəzintiyə çıxa biləcəksiniz. Gecə qaranlığındakı starqeyzinq isə safari-turun əla sonluğu olacaq.

Yerdəki cənnət
Dubayın yeni yaradılan görməli yerlərindən biri – Quran bağı, əsas İslam dəyərlərinə həsr olunub: sevgiyə, sülhə və tolerantlığa.
60 hektarı əhatə edən parkda siz vaxtınızı müxtəlif cür keçirə bilərsiniz: İslam və Andaluz bağlarının gözəlliklərini seyr edərək gəzişmək, interaktiv texnologiyalar vasitəsi ilə Peyğəmbərin möcüzələri ilə tanış ola biləcəyiniz Möcüzələr Mağarasını ziyarət etmək, səhra florasını öyrənmək... Quranda xatırlanan bitkilərin toplandığı Şüşə evə xüsusi diqqət yetirmək lazımdır.

Alış-veriş və əyləncə feeriyası
Amma Dubayda cənnət bağları yalnız Qurana aid olmur! Məsələn, burada dünyanın ən böyük ticarət mərkəzi – “Dubai Mall” yerləşir. Onun tavanı altında univermaqlardan lüks butiklərə qədər 1200 dükan, yüzlərlə restoran və kafe, həmçinin buz meydançası, ən çox fotosu çəkilən fontan-şəlalə və bir çox digər əyləncə toplanıb. Burdaca sualtı zoopark və bilavasitə qarşınızdan üzüb keçən timsah və ya balinanı seyr edə biləcəyiniz dünyanın ən böyük örtülü akvariumu yerləşir. Səxavətli endirim aksiyalarına isə burada il boyu rast gəlmək mümkündür. Hazırda burada sentyabrın 4-nə qədər davam edəcək “Dubai Summer Surprises”in yay satış, endirim və promo-aksiyalar festivalı keçirilir! Alış-veriş və əyləncə pərəstişkarları üçün cənnət deyilmi?

“Mondoux” restoranı
İştaha açılandan sonra çox düşünməyə dəyməz! Dubay-Krikin yeni sahilinə, “Mondoux” restoranına üz tutun. Siz dərhal misilsiz komfort və dəbdəbə atmosferinə baş vuracaqsınız və sizin iştahanız daha da artacaq. Restoran müasir və eksperimental mətbəx yeməklərini təklif edərək ekoloji hazırlanma metodlarından istifadə edir. Xəbərdarlıq edirik: porsiyalar burada nəhəngdir!

Bir dəfə... Dubayda!
Siz Dubaya adi insan kimi gəlirsiniz, amma köhnə sevimli Hollivudda əsl kino ulduzuna çevrilirsiniz. Soruşacaqsınız ki, “bu necə mümkündür?” “Paramount Hotels”də hər şey mümkündür!


“Paramount Hotel Dubai” qələbəlik olan mərkəzi Biznes-Bey rayonunda yerləşir. Klassik Hollivud mədəniyyəti ilə ilhamlanan binanın hər guşəsi “Paramount Pictures” kinokompaniyasının zəngin tarixini özünə hopdurub. Oteldə 823 otaq var və onların hər biri sizi kino ulduzu olmağınıza inanmağa sövq edir: güzgülər eyni ilə ulduzların qrim otaqlarında olduğu kimi, gecə lampaları köhnə Hollivud projektorları üslubunda. Hollivud filmlərinin əsl dəyərini bilənlər üçün burada müxtəlif mövzulu otaqlar mövcuddur. Məsələn, sizi pərəstiş edilən “Xaç atası” filminin atmosferinə aparan, siqar yandıra və mafiya çılğınlığından zövq ala biləcəyiniz “Don Corleone Suite”; “Böyük Qetsbi” dövründən ilhamlanan “Charleston Suite”; mərmər vannalı və makiyaj üçün zonası olan romantik-zərif “Carole Suite” – hər qızın xəyalı; “Paramount Suite” – sahəsi 145 m2 olan, panorama pəncərəli, Bürc-Xəlifəyə gözəl mənzərə açılan ən böyük lüks-otaq. Dəbdəbəli açıq hovuz, Fransanın “Chateau Berger” brendi ilə saziş imzalamış “Pause Spa” Spa-mərkəzi, fitnes mərkəzi, sauna və uşaq otağı ziyarətçilərin xidmətindədir. Otelin nəzdində Kaliforniya mətbəxləri, şəxsi kinoteatr və autentik restoranlar fəaliyyət göstərir. “The Stage” restoranı sizi gözəl İsveç səhər yeməyi ilə sevindirmək üçün qapılarını sübh tezdən açır; “Pacific Groove”də siz Kaliforniya atmosferinə qərq olacaqsınız; təmtəraqlı hovuzun yanındakı “Malibu Deck” barında siz “Malibu xilaskarları” dünyasına baş vura bilərsiniz; “Speakeasy Flashback”də isə hər həftə əsl burlesk-şou keçirilir, siz burada 1930-cu illərin Hollivuduna səyahət edə, hətta qanqster cinayətlərinin istintaqı ilə məşğul ola bilərsiniz...

“Paramount Hotel Midtown” – Kaliforniya arzusuna qırmızı xalı.
Kandardan keçərək, siz XX yüzilliyin Hollivuduna adlayırsınız. Burada hər guşə retro üslubunda incəsənət nümunələri, Hollivud ikonalarının şəkilləri ilə bəzədilib... Oteldə hər zövqə uyğun 281 otaq mövcuddur; hamısında eyvan var, odur ki, otağı tərk etmədən Dubaydan zövq almaq mümkündür.
Qonaqlara xidmət siyahısına “Pause Spa” Spa mərkəzindən savayı həmçinin müasir fitnes avadanlığının geniş çeşidini təklif edən “Pause” fitnes mərkəzi də daxil edilib. “Paramount Hotel Midtown”da restoranlarda kulinar səyahət etmək mümkündür. İtalyan qastronomik ixtiraların dadına baxmaq üçün “Paparazzi Tuscan”a üz tutun, yüngül və geniş “CineScope” isə beynəlmiləl mətbəx təklif edir. “Melrose Bar & Lounge” – dəbli şəhər “sığınacağı”dır. Həmçinin dəniz səviyyəsindən 235 metr yüksəklikdə olan “Malibu Sky Lounge”a baş çəkin. Burada nəinki yemək, xəyallara dalmaq da olar. Tort üzərindəki bəzək – otelin damındakı açıq hovuzdur, buradan demək olar ki, gözəl Dubayı bütünlüklə seyr etmək mümkündür!
Diqqəti sevən məşhurlar kimi otel ideal yerdə yerləşir – nəhəng Bürc-Xəlifənin və fenomenal “Dubai Mall”un iki addımlığında.

“Paramount Hotel Dubai” və “Paramount Hotel Midtown” otellərində sizin Hollivud ulduzu olmaq arzunuz həyata keçəcək!