NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Caz — xüsusi azadlıq hissidir


« Cazın ən sevdiyim tərəfi odur ki, davamında nə olacağanı təsəvvür belə etmirəm».
Biks Bayderbek

Caz... Bu musiqini çox havalı, "qızğın", sadə, avanqard, intellektual və primitiv adlandırırlar. Caz - improvizasiya azadlığıdır. O, təkcə yaradılmasında əsas rol oynayan afroamerikalıların deyil, özü özlüyündə bütöv bir hekayədir. Təsadüfi deyil ki, bu musiqi tərzi Yeni Dünyanı bu qədər inamla fəth etmiş, cəsarətlə okeanın o tayından Avropaya addımlamışdı: caz qərəzli irqi divarlarla bölünməyən yeni bir dünyanın, fərdi azadlığın simvolu olmuşdu.

Bəs caz keçmişin qalıqlarına çevrilməyibmi? Axı onun artıq yüzdən çox yaşı var! Müasir artistlərə və tamaşaçılara təsir etməyə davam edirmi?
Caz həmişə ətrafındakı hər şeyə təsir edir. Bu gün də modadan, filmlərdən, ədəbiyyatdan və poeziyadan tutmuş insan hüquqları hərəkatına qədər hər şey - tamamilə hər şey onun təsiri altındadır. Geyim tərzi caz ritmləri altında rəqs etməyin daha asan olması üçün dəyişdi. Ədəbiyyatda isə caz poeziyası kimi bir janr yarandı. Musiqidən danışırıqsa, rok, “rhythm and blues”, hip-hop və bir çox başqa janrlar caz musiqisinin təsiri altındadır: onun ritmləri və ahəngləri demək olar ki, müasir musiqinin bütün üslublarında istifadə edilmişdir. Məsələn, caz ən çox sevdiyim Latın Amerika musiqisinə yeni ritmlər yaratmaq azadlığı verib.

Bu gün klublarda rəqs edərkən, cazın bizə həm rəqsdə, həm də musiqidə eksperiment aparmaq imkanı verdiyi barədə heç düşünmürük. Həmçinin həyatda da.

Caz - xarakteri formalaşdıran musiqidir: o bizə cəsarət verir; improvizasiyaya, novatorluğa zövq aşılayır; bilinməyənlərə, yeniliyə qəlbimizi açmağı öyrədir. Elə buna görə də, həm gənc, həm də yaşlı insanlar caz təhsilindən faydalana bilərlər. Xeyr, caz yaşlanmır, o hər zamanki kimi bizə yeni nəfəs verə biləcək yeni səslər və ahəngdarlıq üçün tramplin olaraq qalır.

Ülviyyə Mahmudova,
baş redaktor