NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

İnsan insana lazımdır

Bir çox araşdırmalar göstərir ki, impulsiv, bəzən hətta nevrotik kimi qeyri-adi vərdişləri olan insanların orta xarakterə sahib olan insanlara nisbətən orta hesabla daha çox partnyoru və daha çox uşağı olur. Bu isə belə xüsusiyyətlərin təbii seçmə zamanı istisna edilmədiyini və genetik olaraq sonrakı nəsillərə ötürüldüyünü göstərir. Bu da bütün bəşəriyyətin bu gün "mürəkkəb xarakter" adlandırdığımız xüsusiyyətin daha geniş yayılması təkamülünün amillərindən biri ola bilər. Eyni araşdırmalar göstərir ki, son dərəcə düşüncəsiz və impulsiv insanlar – istər kişilər, istərsə də qadınlar – həm qısamüddətli, həm də uzunmüddətli partnyorları cəlb edirlər.

Eyni zamanda, nevrotik və həssas qadınlar çox vaxt bir partnyorla daha uzunmüddətli münasibətdə olurlar – onlara yaşamaq üçün sevgi çox vacibdir. Onlar "qaydalarla" yaşamırlar, başqalarına qarşı daha həssasdırlar, hətta bəzən düşüncələri oxuya biləcəkləri qədər həssas. Elə yəqin ki, bu cür qadınların emosional qeyri-sabitliklərinə, yüksək təşvişlərinə, patoloji qısqanclıq və panik hücumlara meylli olmaqlarına baxmayaraq 35% daha çox daimi partnyorlarının olması və 70% daha çox uşaqlarının olması elə bununla izah olunur.

Bir dəfə bir ispaniyalıdan niyə nevrotik bir qadınla evləndiyini soruşurlar. O, cavab verir: "Mən onu sevirəm, çünki o, çox qadınsıdır." Bu o demək deyilmi ki, sirr gender stereotipində gizlidir? Gender fərqliliyinə dair ədəbiyyatda ortalama olaraq qadınların kişilərə nisbətən daha nevrotik olduqları bildirilir. Çox güman ki, kişilər partnyorunun həddindən artıq emosionallığını qadınlıq əlaməti olaraq şərh edirlər, bu onun qayğısına qalmaq və qorumaq istəməsinə səbəb olur.

Tez-tez bir neçə partnyoru olan impulsiv və avanturist qadınlara gəldikdə, kişiləri bu tip qadın sadəcə qeyri-adiliyi, gözlənilməzliyi ilə cəlb edə bilər. Bir qayda olaraq, bu qadınlar eqoist, düşüncəsiz davranırlar və həmişə üsyan edirlər. Ancaq eyni zamanda onlar cəsarətlidirlər, müstəqil və özlərinə güvənirlər və ən əsası, parlaq, dolu həyat yaşayırlar, kişiləri dəlisov addımlara ruhlandıraraq özləri üçün yaşayırlar.

Bu meydan oxuma kimi qəbul edilir, güclü bir mənəvi enerji verir. Həm də qadının bu cür davranışı – özünəməxsusdur, özünə zərər vermədən bu qədər ekstremal yaşaya bilirsə, şüuraltı olaraq onun yaxşı, yüksək keyfiyyətli genetikaya sahib olduğuna işarə edir.
Ancaq burada bir sual yaranır: həqiqətən də, “ideal partnyor" stereotipinə ehtiyac varmı? Yoxsa bir insanın sadəcə bir insana ehtiyacı var? Stereotiplərdən qurtulmağın vaxtı deyilmi? Axı bu dünyaya gələndə insan heç bir məhdudiyyət və qayda bilmir, yalnız qəlbinin səsi ilə yaşayır... Bəli, bu çətindir. Bəli, gözlənilməzdir. Əsl tapmacadır!

Ülviyyə Mahmudova,
Baş redaktor