Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyi (ASAP) “ASAP Career Academy”-nin təqdimatını keçirib.
Layihənin əsas məqsədi xaricdə yaşayan, yüksək akademik təhsilə və peşəkar təcrübəyə malik gənclərin ölkəmizdəki əmək bazarına cəlb olunmasını təmin etməkdir.
Açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Nazir Müavini İntiqam Babayev, Gənclər Fondundan İcraçı Direktoru Fərid Cəfərov, ADA Universitetinin Prorektoru Fariz İsmayılzadə, Azərbaycan-Fransız Universitetindən (UFAZ) İcraçı Direktor Vazeh Əsgərov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, „Nargis Magazine“ jurnalının direktoru Aytən Hüseynova və qonaq qismində dəvət olunmuş bir çox spikerlər layihə haqqında nitqlər söyləyiblər.
Çıxış edən qonaqlar xaricdə təhsil proqramları, ölkədə ixtisaslaşmış kadrların önəmi, xaricdə gənclər üçün yaradılan təşəbbüslərdən və ölkədəki təhsil müəssisələri və böyük şirkətlərdəki karyera imkanlarından danışıblar. Tədbirə onlayn qoşulan və Sapienza Universitetinin Doktorantura tələbəsi olan Orxan Kərimli öz çıxışında “Beyin axını” prosesi haqqında fikirlərini bölüşüb.
Açılış mərasiminin davamında Azərbaycanlı Tələbə və Məzunlar İctimai Birliyinin nümayəndələri, müxtəlif şirkət və qurumların nümayəndələri olmaqla, ümumilikdə 25 qonağın birbaşa canlı iştirakı və layihə üçün seçilən 50-dən çox gəncin onlayn iştirakı ilə ADA Universitetində hibrid təlim həyata keçirilib.