Fevralın 21-də NARGIS komandası NARGIS for ECO layihəsi çərçivəsində iki məktəbi ziyarət etdi: Bülbül adına musiqi məktəbini və Respublika incəsənət gimnaziyasını. Hər iki məktəbdə rəssam Rəşad Ələkbərov uşaqlara "Ekologiya" mövzusunda ustad dərsi keçdi.
Bülbül adına musiqi məktəbinin şagirdləri ustad dərsindən sonra ideyaları, həmçinin eko-eksponatlarının hazırlanması haqqında ətraflı bəhs edərək öz işlərini nümayiş etditdilər. Bütün sərgilənən işlər arasında ən seçilən iş natural ölçüdə hazırlanmış kağız piano işi oldu.
Bütün qonaqlar və ziyarətçilər üçün istedadlı şagirdlər dahi klassiklərin əsərlərini ifa etdilər.
NARGIS for ECO layihəsi Respublika incəsənət gimnaziyasının şagirdləri arasında böyük maraq doğurdu. Gimnaziyanın istedadlı şagirdləri müxtəlif mövzularda fantaziyalarını nümayiş etdirdilər və aralarında birdəfəlik qablardan və folqadan əjdaha, sap və kağızdan nar ağacı, bir dəfəlik çəngəllərdən qu gölü, köhnəlmiş qablardan büst, lazımsız materiallardan müxtəlif kuklalar və hətta danışan robot düzəltdilər. Şagirdlər xüsusi sevinclə öz orijinal əl işlərini nümayiş etdirdilər və işlərinin hazırlanma prosesini NARGIS komandası ilə paylaşdılar.