NARGIS
Ru En
NARGIS MAGAZINE
Redaktorla Müsahibə

Hаute couture ən balacalar üçün

Anası ona Diora adını verərkən, sanki əvvəlcədən nə isə bilibmiş: bu gün gənc sahibkar xanım özünün dəb biznesini uğurla aparır – kutür uşaq geyimləri yaradır. Onun yeni Bibiona couture geyim brendi artıq qızı Məryəmin şərəfinə adlandırılıb: evdə qızcığazı nəvazişlə Bibiona çağırırlar. Diora Usmanova uşaq kutürünün nə ilə fərqləndiyi haqda danışdı, uşaq tərbiyəsinə, dəbə və ümumilikdə həyata olan baxışlarını Nargis oxucuları ilə bölüşdü.

Siz Bibiona Couture-də daha çox direktorsuz yoxsa dizayner?

Həm dizayner, həm direktor, həm mühasib, həm marketoloq! Təkcə tikməyi bacarmıram. Amma bunun üçün ən yaxşı ustalardan ibarət bir komanda yığmışam – buna görə də, onlar mənim üçün çox dəğərlidirlər. Burada keyfiyyət vacibdir: məhsul gözəl olmalıdır, hətta üzünü astarına çevirsən belə. Əminəm – əgər bir şeyin yaxşı alınmasını istəyirsənsə, onu özün elə. Ona görə də, hər şeyə diqqət etməyə, bütün prosesə nəzarət etməyə çalışıram.

Bibiona Couture brendinin yaranma prosesi necə oldu?

Əgər öz gücünü sınaqdan çıxarmaq istəmirsənsə, öz biznesini açmaqda bir maraq yoxdur. Brendin əmələ gəlmə prosesi demək olar sərmayəsiz olub, şirkət işə düşən kimi öz xərclərini çıxarıb. Dəqiq bilirdim ki, tələbat olacaq və bu işi əylənmək fikrilə açmamışdım. İdeyanın əsasını anamın nadir istedadı təşkil edirdi və hər kəs də, gərək axı, öz istedadını realizə edə bilsin. Beləcə də mənim şirin uşaqlıq arzularım, onu qiymətləndirən hər kəsin köməyilə həyata keçir.

Sizin iki ali təhsiliniz var: həm hüquq, həm də iqtisadi. Bunlar biznesdə kömək edibmi?

Hüquq təhsilim kömək edib, iqtisadi isə – o qədər də yox: son dərəcə dəqiqlik və hövsələ məndə azdır, mən hər şeyi tez-tələsik edirəm. İndiyəcən anlamıram, niyə universitetdə mikroiqtisadiyyatı bu qədər dərindən öyrənirdim. Heyf ki, jurnalistikanı, ya da fəlsəfəni seçmədim, onlar mənə daha yaxın olardı. Uşaqlarımızdakı istedadı erkən üzə çıxarmaq və onları o istiqamətdə inkişaf etdirmək biz valideynlər üçün çox vacibdir. Uşağı, yalnız hörmət və nüfuz naminə ən yaxşı təhsil ocağına verməyi yanlış hesab edirəm. Dahiləri – gələcəyin böyük rəssamlarını, aktyorlarını, musiqiçilərini beləcə məhv edirlər...

Bibiona uşaq donları – əsl kutürdür, amma balacalar üçün. Siz doğrudanmı hesab edirsiz ki, uşaq geyimləri bu xərclərə dəyər?

Əslində qiymətlər, keyfiyyətə nisbətdə, bizdə, başqa kutür məhsulları yaradan brendlərdəki kimi, o qədər də yüksək deyil. Bibiona mənim üçün bir incəsənət kimidir – uşaq yuxularındakı gözəl rəsmlərin, keçmiş vaxtların incəlik və nəfisliyindən ilham alaraq, keyfiyyətlə həyata keçirilməsidir. Başlıcası isə – bu, yaddaşın arxivi üçün bir bəzəkdir! Mən müştərilərimizin bizim paltarda çəkdirdikləri ailə fotolarını xüsusilə sevirəm. Bu yaxında biz ikinci xətti – qızlar və oğlanlar üçün baza geyim xəttini buraxdıq. Çox istərdim ki, insanların maddi imkanları bizim brendə yetsin, mən bunun üzərində işləyirəm! Amma kutürdə, təəssüf ki, qiymətin enməsi məhsulun keyfiyyətinə birbaşa təsir edir.

Brendinizin geyimləri harada hazırlanır? Hansı parçalara üstünlük verirsiz?

Əsas istehsalat Moskvada yerləşir ‒ brendə start verəndə orada yaşayırdım və ən yaxşı və çox dəyərli mütəxəssislərdən ibarət bir komanda yığmışam. İkinci istehsalatı biz, bu yaxınlarda Londonda açdıq. Parçaları mən özüm seçirəm, bu məşğuliyyəti çox sevirəm. Əsas sifarişləri İtaliyanın Ruffo Coli fabrikində edirik, onların çox gözəl krujeva və orqanzaları var.

Zəhmət olmasa, öz geyim üslubunuz haqqında danışın. Dəbdəki tendensiyaları izləyirsizmi?

Kimsə müəyyən üslubu qoruyanda mənim xoşuma gəlir. Amma mənim özümdə belə deyil. Eyni cür qalmağı bacarmıram! Dəyişiklikləri sevirəm, hansı geyimi seçməyim ovqatımdan asılı olur. Mənim üçün hər şey rahatdır, həddən artıq beli dar donlardan başqa – beləsini geyə bilmirəm. Amma mən trendi güdmürəm. Zənnimcə, bu, izdihamla eyni olmaq xətrinə vaxtı və pulu boş yerə xərcləməkdir. Təəccüblüdür ki, bu, seçim azadlığı və fərdiliyi əldə rəhbər tutan bir dünyada yer alır.

Getdikcə yayılan «sadə dəbə» sizin münasibətiniz?

Bu mənim xoşuma gəlir, çox! İnsanlar bir-birinə qarışacaq, təbəqələrə ayrılmış cəmiyyətin ümumi görünüşü yumşalacaq.

Yadımdadır, demişdiz ki, Bibiona brendi, qızınızın gözəl donu olmadığına görə bayramı tərk etmək istədyi zaman meydana gəldi. Hesab edirsizmi ki, uşağa elə uşaq vaxtından zövq aşılamaq lazımdır? Yoxsa bu fitri bir keyfiyyətdir?

Hə, onun əynində gözə çarpmayan yun don var idi və onun həmin vaxt, deyəsən, cəmi bir yaşı var idi. O biri uşaqların hamısı isə konfet kimi bəzənmişdilər. Məryəm bütün bayram boyu öz balaca əllərilə çalışırdı əynindəki donu hər necəsə örtüb gizlətsin... Amma növbəti bayram üçün nənəsi ona qəşəng bir don tikdi, lap gəlin donu kimi. Qızcığazım xoşbəxt idi! Bəlkə də bu xırda bir şeydir, amma uşaq xarakterində belə xırda şeylər çox şeyi formalaşdırır. Həm də söhbət təkcə paltardan getmir: lazımdır ki, valideynlər öz uşaqlarının tələbatlarına çox diqqətlə yanaşsınlar, xarakterin formalaşmasına mənfi təsir edə biləcək anları gözdən qaçırmasınlar. Gələcəyin insanını öz gücünə inam və öz imkanlarının dərki üzərində qurulmuş tamlığa öyrətmək vacibdir.

Uşaq tərbiyəsi formulunuzu bizimlə bölüşə bilərsizmi?

Ən vacibi ‒ uşaqları gərək elə tərbiyə edəsən ki, onların səhv etmək qorxuları olmasın, gərək onlar əmin olsunlar ki, həyatda hər şeyə nail olmaq olar. Əlbəttə, qorxu – elə həmin özünüqoruma instinktidir, amma bu zaman o, komplekslər yaratmamalıdır. Mənim oğlum kitabda alma görəndə, mən bu almanı ona gətirirəm. Ərköyün böyütmək üçün yox, ona hər şeyin mümkün olduğunu göstərmək üçün. Onun beynində məhdudiyyətlər olamamalıdır, o fikirləşməlidir ki, imkanları tamamilə hüdudsuzdur. Geniş düşünmək də elə budur. Mən uşaqlarıma heç bir ciddi məhdudiyyətlər tətbiq eləmirəm və özüm də prinsipial deyiləm. Az-çox həyatda gördüklərimdən anlamışam ki, ən yaxşı prinsip – özünün bütün prinsiplərinə yumşaq yanaşmaqdır. Həyatda hansısa dəqiq qaydalar yoxdur, hər şey individualdır – mənə ağ görünən, başqası üçün qaradır. Uşaqlarla da belə: mən öz qızımı böyüdüb ikinci mən eləmək istəmirəm. Çünki onun məndən daha yaxşı olacağını artıq görürəm!

Məryəm sizə nəyi öyrətdi?

O təəccüblü dərəcədə mehriban və diqqətli adamdır. Özünə hörmət edir, başqalarına hörmət edir, insanları ayırmır. Evdə “dayə” sözünü işlətməyi qadağan edir, xahiş edir onu “bacı” sözü ilə əvəz edək. Biz də ona qulaq asırıq.

Bugün, demək olar, dünyanın hər yerində, qadınlar əvvəlki vaxtlardan daha çox hüquqlara malikdirlər. Qadın hüquqlarının tanınması uğrunda hərəkata necə baxırsınız?

Sivil cəmiyyətdə qadın hüquqları yetərincə tanınıb. Ənənəvi ailə dəyərləri nöqteyi-nəzərindən kişilərlə bərabər hüquqa gəldikdə isə, sanıram, bərabər hüquq ola bilməz, bu mümkün deyil. Ailə başçısının kişi olması yaxşıdır. Bunun üzərində qurulmuş qarşılıqlı hörmət klassik xoşbəxt nikahın zəmanətidir. Qadının hansı zirvələrə çatmasından asılı olmayaraq, kişi gərək ailə başçısı olaraq qalsın.

Demək, hesab edirsiz ki, kişisiz qadın natamamdır?

Yox, qadın tamamilə mükəmməldir. Biz qadınlar hətta bəzi şeylərdə kişilərdən güclüyük də, amma gərək onlar heç vaxt bunu bilməsinlər. Nə statusuma, nə vəziyyətimə, nə ağlıma görə heç vaxt öz kişimdən daha yuxarıda olmaq istəməmişəm. Mənim üçün sevgi – ilk növbədə qarşılıqlı hörmətdir. Başqa tərəfdən, deyirlər, həyat yoldaşlarından biri digərini ötəndə nikah pozulur. Ona görə də, hər ikisinin inkişaf etməsi lazımdır. Hər dəqiqə gərək nəsə edəsən. Həyat çox qısadır, daha yaxşı olmağa tələsmək lazımdır. Bu yaxınlarda bir yerdə oxudum ki, madam həyat bir dəfə verilir, onda gərək dincələsən və zövq alasan. Amma hamı belə yaşayarsa, onda heç bir inkişaf getməz, tam xaos olar!

Yəqin ki, rəfiqələriniz çoxdur?

Qabaqlar çox idi. Prioritetlər dəyişib, vaxtımın çox hissəsini ailəmə sərf edirəm, qalanını – işə. «Rəfiqə» sözünü sevmədim, mənim yaxınlarım, rəfiqələrim var, onlara bacı deyirəm. Amma yeni tanışlıqlardan xoşum gəlir, həm maraqlı, həm faydalıdır. Hesab edirəm ki, həyatda qaşılaşdığımız hər bir insan bizim üçün müəyyən ismarış daşıyır, hər kəsdən nə isə öyrənmək olar.

Bəs insanlarda Sizi daha çox cəlb edən hansısa bir keyfiyyət varmı?

Özünə əminlik. Bu, hamının can atdığı keyfiyətlərdən biridir. Və özlərinə əmin olanların 90 faizi burunlarını dik tutmuş şirlərə bənzəyir! Amma əslində, özünə həqiqi inanan adam – özünün daxili dirəyinə möhkəm əmin olan adamdır və o, qətiyyən gərgin deyil. Özlərini o cür göstərən adamlar isə, hərdən zəif əsən bir mehdən belə sına bilərlər! Mən xeyirxah adamları xoşlayıram, onları ilk baxışdan, gözlərinə baxan kimi tanımaq olur. İstənilən keyfiyyəti inkişaf etdirmək olar, amma xeyirxahlıq, zənnimcə, fitri bir keyfiyyətdir. Bu keyfiyyəti öz şəxsiyyətlərində inkişaf etdirə bilmiş insanlar alicənab və ədalətlidirlər. Bizim zamanımız üçün bu nadir bir şeydir, ona görə də ikiqat qiymətlidir.