Sevgi. Başlanğıc
Özümü xatırladığım andan rəqs edirəm. Mənə elə gəlir ki, beşikdə olarkən belə!
Siyasi rəhbər olan atam olduqca ciddi insan idi, 36 yaşında professor olmuşdu. Amma incəsənətə böyük məhəbbət bəsləyirdi, axşamlar tez-tez bizim üçün tarda ifa edirdi. Rəqsə göstərdiyim marağı gördükdə, məni balet sinfinə yazdırdı. O deyərdi: "Bir gün səni məşhur balerina olaraq görəcəm". Bəli, mən məşhur oldum, amma balerina olmadım. Professional səhnədə ilk “Bala ceyran” rəqsim 13 yaşında olarkən baş tutmuşdu. Bu rəqsə görə mən laureat adı almışdım. Aman Allahım, nə qədər xoşbəxt idim! Mənə elə gəlirdi ki, bütün dünya mənim rəqsimdən bəhs edir, mən isə balet məktəbini bitirmək və milli rəqs sinfinə keçmək üçün səbirsizlənirdim.
Balet məktəbinin 9 ilini mən əlaçı olaraq bitirdim. Gözəl müəllimlərim var idi – Tatyana Amiraqo, Irina Kaqarlinskaya və başqaları. Mənə baletdən tamamilə ayrılmağa heç cür icazə vermirdilər, axı balet hər yerdə var, dünyanın bütün ölkələrində eyni kanon. Folklor isə – xalqın ruhunun aynasıdır. Mədəniyyət şöbəsinin müdiri Hökümə xanım Sultanova çox gileylənirdi: "Biz sənə təqaüd ayırdıq (o zamanlar isə çox çətin, hərbi dövr idi), himayəmiz altına götürdük, bütün qəlbimizlə sevdik, Opera və Balet Teatrının səhnəsinə çıxmağını gözlədik (teatrda Azərbaycanlı qızları isə çox az idi)".
“Ya milli rəqs, ya da mən tamamilə gedirəm!”
1949-cu ildə mən bünövrəsini Üzeyir bəy Hacıbəyovun qoyduğu Mahnı və Rəqs Ansamblına keçdim və Azərbaycan xalq rəqslərinin akademik bazası olan ilk ifaçısı oldum. Düşünürəm ki, məni elə peşəkarlığım üçün sevdilər, axı milli rəqs məktəbi o zamanlar hələ formalaşmamışdı. Mən isə öz ifamı gətirdim və sonra gələcək nəsillərə klassik, akademik rəqslərin milli, folklor rəqsləri ilə sintezini ötürdüm. Bununla da yeni məktəb yaratdım.
Sevgi. Qarşılıq
Xalqımız milli rəqsləri çox sevir, ancaq insanları özünə aşiq etmək – asan məsələ deyil. Musiqi, rəqslər, kostyumlar – bu üç element inanılmaz bir sintez yaradır! Mən rəqsi bütün qəlbimlə sevirəm! Bu işdə sevgi, şəfqət, ağır işə hazırlıq çox vacibdir! Amma rəqs nə qədər ağır olsa da, o qədər də nəcibdir. Bütün keşməkeşlərə baxmayaraq, tərəzinin o biri gözündə tamaşaçı sevgisi var. Bu sevgini isə bu vaxta qədər hiss edirəm.
Bəzən şəhərdə gəzəndə, elə olur ki, yaxınlaşırlar, salamlaşırlar, rəqslərimi və səhnəyə çıxmağımı yada salırlar… “Biz sizin “Qaragöz”, “Tirmə şal”, “Zərif yerişli” “Nazlana-nazlana”, “İlk bahar” rəqslərinizi xatırlayırıq. Tamaşaçıların xatirində rəqslərinlə qalmaq və xalqın səmimi sevgisini qazanmaq – budur, ifaçıları irəliyə aparan. Çox təəssüf ki, indi bu gözəl rəqslər itirilib və bərpa olunmur. Axı bu bizim mədəniyyətimizdir.
Həyat yoldaşım əlbəttə ki, qısqanırdı. Amma işlərini ataraq bacardığı hər yerə mənimlə gəlirdi. Konsertdən sonra məni qarşılamağa gəlmə dedikdə, inciyirdi. "Mən səni tək qoymayacam!" Çıxışlardan sonra həmişə məni saatlarla gözləyirdi:
“Roza, hər kəs artıq gedib, bəlkə sən də çıxasan.”
“Çıxa bilmirdim, çünki zalda iki tamaşaçı qalmışdı” – deyə cavab verirdim.
Axı bütün tamaşaçılar konsert salonundan ayrılmamış mən çıxmaq istəmirdim. Onların yaddaşlarında daim səhnədə olaraq qalmaq istəyirdim. Sonralar xidməti çıxışda çiçəklərlə məni necə gözlədiklərini tez-tez xatırlayıb danışırdılar. Ancaq boş yerə (gülümsəyir).
Sevgi. Bütün dünya
“Fidel Kastro salam göndərir” – açıqcadakı yazı bütün Sovet ittifaqına yayılmışdı. Açıqçada mənim “Nazlana-nazlana” rəqsi zamanı çəkilmiş şəklim var idi.
Rəqs edərək, dünyanın hər yerində, hətta xəritədə olmayan ölkələrdə belə olmuşam. Mən dünyanın hər nöqtəsinə getməyə hazır idim, yetər ki, folklorumuzu və mədəniyyətimizi göstərə bilim.
1957-ci ildə biz Efiopiyaya qastrola çıxdıq, burada mən benqal rəqsinə qeyd-şərtsiz aşiq oldum. Hindistanlı rəqqasə mənim marağımı görərək çıxışdan sonra birdən mənə yaxınlaşıb soruşdu
“Sənin xoşuna gəldi?”
“Çox!”
Orada olduğumuz bütün müddət ərzində o mənə elementləri göstərirdi, onların mənalarını izah edirdi, sonda isə mənə ayağa taxmaq üçün zınqırov, kostyum və orkestr üçün notlar hədiyyə etdi. "Mütləq vətənində rəqs et bunu". Beləliklə, mən Azərbaycanda ilk Benqal rəqsini səhnəmizə gətirən oldum və bu rəqs həmin andan tamaşaçılar arasında böyük uğur qazandı. Bir neçə il sonra isə işinin görkəmli ustası olan, Azərbaycanın xalq rəssamı Böyükağa Mirzəzadə məni təsvir edərək rəqs edən Benqal qızının portretini bu rəqsə həsr etmişdi.
Bir dəfə mənim rəhmətlik kürəkənim "Niyazi səni təcili axtarır və onun yanına gəlməyini xahiş edir" dedi.
Maestro məni ansambla dəvət etdi və "Qaragöz", "İran poeması" və "Benqal rəqsini" bərpa etməyə yardım istədi. O, aşıqları çox sevirdi və buna görə də “Bu Leyli” adlı yeni bir rəqsə quruluş verməyimi təklif etdi. Rəqs edən qızların xorla birlikdə zümzümə etmələri və sazda ifaları maestronun o qədər xoşuna gəldi ki, bu rəqs dərhal dövlət konsertinin proqramına daxil edildi. Artıq 40 il keçib, amma bu rəqs hələ də yaşayır. Eyni şeyi digər rəqslər haqqında da deyə bilərəm, 50 ildən sonra belə mənim quruluş verdiyim kimi ifa olunurlar. Bu da hərəkətlərin akademizmindən, bu günədək rəqsin təsviri və musiqisinin aktuallığından xəbər verir. “Ağ çiçək” rəqsi bunun parlaq nümunəsidir.
Rəqs sənəti olduqca çox çətin sənətdir, qarşılıqlı əmək və zəhmət tələb edir. Öz əməyim və çalışqanlığımla çox sayda mükafat, fəxri fərman, medallar qazanmışam. Qızıl İmperator medalı, Leninin yüz illiyi şərəfinə əmək mükafatı, Şərəf ordeni...
Sovet İttifaqının Mədəniyyət naziri Yekaterina Furtseva 20 oktyabr 1967-ci ildə məni "əla işimə görə" şəhadətnamə ilə təltif etdi, bu da o zamanlar mənim üçün çox əhəmiyyətli bir hadisə idi.
Mən həm müəllim, həm də xoreoqraf kimi bir çox dəvətlər alırdım. 1983-cü ildə məni xoreoqraf kimi uzun müddətlik İraqa dəvət etdilər. İlk dəfə oraya Qəmər Almaszadə getmişdi və onun müqaviləsi bitdikdən sonra Moskva məni göndərməyə qərar vermişdi. Səddam Hüseynin sərt rejiminə baxmayaraq məni İraqda çox yaxşı qarşıladılar. Amma zaman keçdikcə mən milli rəqsimizə qısqanclıqla yanaşmağa başladım. “Niyə başqa xalqa dərs keçməliyəm? Niyə sirlərimizi başqaları ilə paylaşmalıyam?” - və mən Azərbaycana geri qayıtdım. İlk növbədə ölkənin bütün bölgələrində mədəni proqramlar keçirdim. İstedadları toplayırdım, bütün bölgələrin folklorunu öyrənirdim, sonra isə rəqslərə quruluşlar verirdim, konsert proqramı hazırlayırdım və yoluma davam edirdim. Mənim 60 illiyimdə və sonrakı yubileylərimdə həmin bölgələrdən təbriklər və təşəkkür məktubları gəlirdi. Bu qiymətsizdir. Hər şey geri qayıdır! Həmişə. Biz çox ölkələrdə olmuşuq: Afrika, İraq, Çin, Türkiyə, ABŞ... və demək olar ki, hər yerdə "pərdə" qaldırılmırdı. Mənim bu imzam ölkənin bütün rayonlarında qalıb.
1991-ci ildə yaratdığım "Gülüstan" kollektivi ilə Amerikaya getdik. Bu, ABŞ-a səfər edən Azərbaycanın ilk rəqs kollektivi idi. Florida ştatı, Sarasota şəhəri… O zamanlar narahat vaxtlar idi, heç kim sənət haqqında düşünmürdü, amma mən çox qısa zamanda elə bir kollektiv topladım ki, heç kim gözünü çəkə bilmirdi! Bütün universitetləri, bütün mümkün olan rəqs siniflərini ziyarət edirdim.
Biz 10 nömrədən ibarət rəngarəng bir proqram yığdıq, sonra isə bildirdilər ki: "yalnız bir nömrə olar". Əlbəttə ki, mən bir tək rəqsi seçə bilmədim. Yarım saat ərzində mən bütün nömrələrdən musiqisinin bir rəqsdən digərinə aram şəkildə keçdiyi bir popuri hazırladım. Bundan əlavə, keçidlərin sıralaması səhnədən çıxıb bir neçə dəqiqə ərzində kostyumları dəyişməyə imkan verirdi. Bu, canlı musiqi müşayiətində tam, süjet xətti olan rəqs nömrəsi mədəniyyətimizin bütün müxtəlifliyini və gözəlliyini göstərdi. Hər şeyə təxminən 30 dəqiqə vaxt sərf olundu, amma nəticədə "Gülüstan" mükəmməl şəkildə çıxış etdi və Qala konsert proqramının həm açılışını, həm də bağlanışını etdi.
Sevgi. Davam
Səhnə fəaliyyətlərindən sonra özümü tədrisə həsr etdim və inamla bəyan edirəm ki, tənbəl tələbə yoxdur, hər kəsin öz ritmi var. Hər kəsin qəlbinə yol tapmaq, onlardan istedadını qoparmaq və güvən vermək lazımdır.
Rəqslərimin adi, duzsuz şəkildə yadda qalmasını istəmirəm. Əksinə, məni sevgi dolu bir ürəklə xatırlasınlar. Həyatımın 40 ilini rəqs etmişəm və həmişə qürurla səhnəni tərk edəcəyimi bilirdim, yaşa görə tempi yavaşlatmaq istəmirdim, əksinə, dövrün ən zirvəsində getdim.
Mənim 3 nəvəm var və onların hamısını rəqslə xəstələndirmişəm, ən kiçiyi Londonda rəqs qrupu yaratmağı və ona mənim adımı verəcəyini (gülümsəyir) söz verib. O, balet akademiyasında təhsil alır. Ona baxıram və uşaqlığımı xatırlayıram. Mən ona təkrar edirəm: "Mən Azərbaycan milli rəqsini seçdim, amma sən baletdə qal. Mən səni seyr edəcəyəm və ikimizin yerinə sevinəcəyəm".
Gələn il 90 illik yubileyimi qeyd edəcəm. Bununla bağlı çox təkliflər gəlir, amma bütün əvvəlki yubileylərim kimi bunu da Filarmoniyada qeyd edəcəm. Bura mənim həm atmosfer baxımından ən sevdiyim məkandır, həm də bura böyüyüb boya çattığım, yaratdığım, həyatımı milli rəqs sənəti ilə birləşdirdiyim və xalqımın sevgisini qazandığım – evimdir.
Rəqs sənəti əziyyətlidi, əzəmətlidi. Zəhmət sevir, lakin şərəflidir. Bu şərəfi daimi yüksək tutmağı Sizə tövsiyyə edirem.