1780-ci ildə dağlıq Şuşada balaca xan qızı dünyaya gözlərini açacaq. Zadəgan qan onun balaca vücudunda iki tərəfdən də axacaq. Atası - ikinci Qarabağ xanı İbrahim Xəlil xan, anası isə Gəncə hökmdarı Şahverdi xan oğlu Ziyadoğlu-Qacarın qızı və Cavad Xanın bacısı -Tutu Bəyimdir.
Qıza Ağabəyim ağa adı veriləcək. Məhz o, 18 yaşından iki ölkə arasında maneə daşını su kimi yonmağa başlayacaq. Daşlar isə çox ağır idi. Axı, 1797-ci ildə, Qacar nəslindən olan İran şahı Ağa Məhəmməd Qarabağda öldürüləcək. O, ölümündən əvvəl ilk dəfə Tehranı İranın paytaxtı edəcək.
1798-ci ilin mart ayında Ağabəyim ağa qardaşı, atlı dəstə və xidmətçilərlə birgə Fətəli Şahın taclanma mərasimi səbəbi ilə Tehrana gətirilir. Beləliklə, Ağabəyim həmişəlik vətəndən uzağa düşür. 1801-ci ildə İbrahim Xəlil xan İranla münasibətləri sabitləşdirmək üçün qızını Fətəli xana ərə verir.
Mən aşiqəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Ağabəyim çox sevdiyi vətəninin həsrətini çəkərək bayatı yazmağa başlayır. Demək olar ki, onun qələminə aid bütün sətrlər unuda bilmədiyi Qarabağa və doğma şəhərinə olan həsrət hissi ilə dolu idi.
Ancaq yazmaq məşğul olduğu yeganə iş deyildi. Əksinə, Ağabəyim dövlət daxilindəki münasibətlərdə fəal iştirak edirdi, dəfələrlə məhbusların və əsirlərin azad edilməsinə, ya da ölümə məhkum edilmiş məhkumların əfv edilməsinə nail olmuşdu.
Ağıllı, gözəl, enerjili, həm ərəb, həm də fransız dillərinə sərbəst hakimdir, Quranı əzbər bilir, avropalılar ilə dostluq edir, görkəmli şəxsiyyətlərlə məktublaşır. Təəccüblü deyil ki, bizim Ağabəyim Fətəli Şahın sevimli həyat yoldaşı olacaq. Həmçinin təəccüblü deyil ki, Xurşidbanu Natəvan onun qardaşı qızıdır.
1811-ci ildə o, Fransız imperatorunun həyat yoldaşı ilə görüşəcək və onun vasitəsi ilə Napoleon Bonaparta məktub göndərəcək. Rusiya və İran arasındakı razılaşmada Ağabəyim ağanın rolu əvəzolunmazdır. Beləliklə, onun kövrək çiyinlərinə belə bir ikinci, daha da mürəkkəb missiya düşür, amma yenə də müvəffəqiyyətlə sonlanır. Rus çariçası bir dəfə ona yazacaq: "Ah Bəyim, öz müdrikliyinlə sən talismansan".
Sevgi əlaməti olaraq Fətəli Şah onun üçün mötəbər bir saray tikdirəcək. Bir dəfə, ev həsrəti çəkərkən, yoldaşından "evindəki kimi" bağ salmağı xahiş edəcək. Hər bir sözü, hər bir xahişi - sevən ürək üçün qanun idi. Fətəli Şah Şuşa bağbanlarını dəvət edir və Tehranda əzəmətli bağ saldırır. Qarabağdan gələn hər növ ağaclar, kollar və çiçəklər qəhrəmanımız kimi ikinci evlərini tapırlar. Möhtəşəm bağa "Vətən bağı" adını verəcəklər.
Ancaq onun ürəyi yenə də soyumurdu. Axı Qarabağdan gətirilən bütün bitkilər çiçəklənirdi, hər bir Qarabağlı üçün ən əziz gül - Xarı Bülbül istisna olmaqla.
"Vətən bağı" al-əlvandır,
Yox içində xarı-bülbül,
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Daha sonra naməlum bir bəstəkar bu sətrlərə musiqi bəstələyəcək. Qarabağın fəryadı olan "Sarı-Bülbül" mahnısı Azərbaycanda hələ də məşhurdu.
O, bütün həyatını həsrət çəkərək yaşayacaq, amma Fətəli xan ona daha çox xoşbəxtlik bəxş etmək üçün əlindən gələni edəcək. Ağabəyim 1832-ci ildə Tehranda dünyasını dəyişəcək. Onu Qum şəhərinə dəfn edəcəklər.
MƏTN: ARZU CAİD