NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

HER STORY: QEYSƏR KAŞIYEVA – AZƏRBAYCANIN İLK PEŞƏKAR QADIN RƏSSAMI

Həyatımızın ssenarisinin öncədən yazılıb yazılmadığı barədə uzun-uzadı mübahisə edə bilərik, alın yazısı varmı, yoxsa bizim həyatımız – təsadüflər zənciridir. Bütün bunlar – hər kəsin öz seçimidir. Lakin görüşlərin təsadüf etməsi, taleyin sonsuz gözlənilməz hadisələri və daimi zərbələri uzun müddət insan ruhunu sərtləşdirə bilər və nə olursa olsun, insan özündə güc tapıb həyatın ona meydan oxumasına cəsarətlə cavab verəcək.

Qeysər Kaşıyeva adı kimi, taleyi də qeyri-adi olan bir qızdır. O, ilk peşəkar rəssam qadın olaraq nəinki Azərbaycanın ərazisində, həm də bütün Şərqdə milli təsviri sənət tarixində iz buraxıb.

O, 1893-cü ilin yayında Tiflisdə, indiki Tbilisidə hərbiçi ailəsində anadan olmuşdur. Balaca Qeysərin bəxti gətirəcək o, öz yaşıdlarından fərqli olaraq, parta arxasında oturacaq. Onun diqqətini yalnız oxumaq və hesablamaq cəlb etməyəcək. O, əlləri ilə yaratmağa başlayır və onda hər şey alınır. Əvvəlcə bu xırda işlər və sadə rəsmlər olur, amma onun istedadı fərqlənir və qız bütün qəlbi ilə özünü bədii sənətə həsr edir.

Tiflis o dövrdə Qafqazın bir növ mədəniyyət mərkəzi idi, burada öz dövrünün bir çox istedadlı insanları məskən salırdı. Belə ki, Qeysərin ilk əsərləri Oskar Shmerlingin əlinə keçir və o da yubandırmadan dostu Richard Karl Sommerdən rəssamlığın bütün sirlərini ona öyrətməyi xahis edir. Oskar Shmerling Münhen Bədii sənət Akademiyasının məzunu idi, məşhur "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edirdi. Richard Karl Sommer isə Tiflis İncəsənəti Təşviq Cəmiyyətinin təsisçilərindən biri olub. Beləliklə Qeysər həyatında mühüm rol oynayan iki böyük müəllimlə tanış olur. "Sən mütləq oxumalısan", "Sən Qafqazda ilk rəssam qadın ola bilərsən", "Sənin böyük istedadın var" məhz bu cümlələri iki usta qəyyumluq etdikləri qıza təkrar edirdilər və hərçənd ciddi qaydalar və adət-ənənələr müsəlman bir qıza Moskvada təhsilini davam etdirməyə imkan verməsə də, o həmin bu cəmiyyətdə peşəkar təhsil alır.

Bundan dərhal sonra o, Tiflisdə türk-müsəlman elitasının qadınlarını birləşdirən Zaqafqaziya müsəlman qadın xeyriyyə cəmiyyətinə daxil olacaq. O, afişa və plakatlar üzərində işləyir, mədəni tədbirlərə dəvətnamələr hazırlayır və s. Yaradıcılığının erkən mərhələsində (1907-1915) ilk əsərlərini akvarel, karandaş, tuş və ya kömürlə çəkir. Portretləri Tiflis sərgilərində böyük uğur qazanır.

Antik büst. Akademik rəsm

O zamanlar Qeysər xanım əsərlərinin heyrətli tamaşaçı qarşısında artıq sərgilənməyəcəyini təxmin belə etmir...

"Biz səni mirasdan məhrum edəcəyik. Bəy yalnız bəy qızı ilə evlənməlidir" – Cəfər ağa belə deyərək oğlunun hisslərini qətiliklə qəbul etmir. Şirin bəy Kəsəmənlini kişi gözəlliyinin etalonu, canlı Apollon adlandırırdılar. O, sevgisi naminə atasına qarşı çıxdı. 1916-cı ildə onlar həyatlarını birləşdirdilər və onların Leya adında qızları dünyaya gəldi.

Şirin bəy Birinci Dünya müharibəsində iştirak edən bir zabitdir, ADR dövründə ordunun formalaşmasında çox fəal iştirak edib, "Böyük Diviziya" heyətində vuruşub, 2-ci Qarabağ qoşununun komandirinin köməkçisi olub və döyüş meydanında yaralanıb, həyat yoldaşının sadiq dostu və qoruyucusu olur, lakin qısa müddətdə. 4 ildən sonra onu doğma kənddə dəfn edirlər, Qeysər xanım isə qucağında kiçik qızı ilə tənha qalır. Bəy ailəsi necə ki onu qəbul etmirdi, elə də heç vaxt qəbul etmir…

Qadın portreti

O, Bakıya qayıdır, qadınları maarifləndirməklə məşğul olur, heç olmasa qəpik-quruş qazansın deyə tikiş tikir, dərs verir, yeni yaradılmış dövlətin paytaxtının həmişəki kimi yaradıcı həyatında iştirak edir. Lakin Respublika da onun gözləri önündə dağılacaq və Azərbaycan Sovet İttifaqının dadlı tikəsi olacaq.

O, şöhrəti ta Hindistana qədər yayılan ilk Azərbaycan qadın jurnalı olan "Şərq qadını" jurnalında illüstrasiyalar yaradır. 30-cu illərdə partiya işçisi Zülfüqar Seyidbəyli ilə tanış olur və sonra da onunla evlənir. Daha bir qızı Lamiyə dünyaya gəlir. 8 il birgə ailə həyatından sonra Zülfüqar repressiyaya məruz qalır və güllələnir. İttifaqın maşını bununla kifayətlənmir və bir gün onun da arxasınca gəlir.

Boynuna "xalq düşməninin arvadı" damğasını asaraq onu həbs edəcəklər, evini əlindən alacaqlar və yalnız 5 ildən sonra ona kağız verəcəklər: "bəraət qazanıb". O, Bakıya dönəcək və yenə də rəsm çəkəcək. O, bunu etməkdən heç vaxt əl çəkmir. Onu sındırmağı bacarmadılar və adını ölkəmizin tarixindən silə bilmədilər. Bu gün onun rəsm əsərləri, eskizləri və bəzi şəxsi əşyaları Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda və Azərbaycan Teatr Muzeyində saxlanılır.

Kişi portreti

N.V.Qoqolun büstü

Oğlan (Mikelancelonun Sıxılmış oğlan əsərindən). Akademik rəsm

Ovçunun portreti

Materialın hazırlanmasında göstərdiyi köməyə görə kulturoloq, alim, müəllim, Qeysər Kaşıyevanın nəvəsi Fuad Məmmədova; Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun rəhbəri Könül Cəfərovaya, eləcə də Azərbaycan Milli İncəsənət Muzeyinə minnətdarlığımızı bildiririk.