NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

Her Story: Nabat Aşurbəyova

Mesenat sözü ilə yanaşı hər bir azərbaycanlının zehnində xalqının problemlərini həll etməyə hazır olan səxavətli və müdrik bir kişi obrazı yaranır. Yeri gəlmişkən, çox vaxt da təkcə öz xalqının deyil. Söhbət bundan getmir. Bizim qəhrəmanımız bu stereotipləri darmadağın etdi.

Beləliklə, tanınmış zadəgan Aşurbəyovların ailəsində Qocanın qızı dünyaya gəlir. Qıza Nabat adını verirlər.

Nabat Aşurbəyova qadına aid olmayan işlər görürdü: o, neft mədənlərinə sahib idi, xəstələrin və yetimlərin müalicəsini ödəyirdi, məşhur Şollar suyunun inşasına böyük miqdarda vəsait bağışlamışdı, ümumiyyətlə çox şey tikdirirdi və yaradırdı. İndiki Topçubaşov küçəsində yerləşən hamam məhz ona məxsus idi. O, bu hamamın qapılarını hər cümə günü evinin qapılarını açdığı kimi həftədə bir dəfə yoxsullara açırdı - hər kəs cümə günü onun evinə gəlib yemək yeyə, həmçinin Nabat xanımla öz çətinliklərini və problemlərini paylaşa bilərdi.

nabat_ashurbekova_020812_2

Lakin, fədakarcasına və uğurla idarə etdiyi böyük işlərə baxmayaraq biz aşağıda göstərilənin üzərində dayanmaq istərdik. Nabat xanım zəngin tacir Hacı Musa Rza Rzayevin həyat yoldaşı idi. Xoşbəxt nikahları var idi, bir oğul və iki gözəl qıza sahib idi. İşlərlə əlaqədar olaraq səfərdə olan oğlu Hacı Abbas-Qulunu həbs edirlər. Qətl cinayəti ilə günahlandırırlar! Oğlu etmədiyinə dair and içir, yalvarır. Lakin hakimiyyət mərhəmət göstərmir, bu hekayənin yeganə şübhəlisidir və gecəni həbsdə keçirməyə məcburdur. Çətin, soyuq bir gecədə yuxusunda bir ağsaqqal görür. Ağsaqqal ona deyir: "Səbr, oğlum. Sən günahkar deyilsən, amma bu səhər erkəndən aşkara çıxacaq. Məndən aldığın xoş xəbər üçün Bakıya, evə qayıt və orada Əbu Səyid Abdullah türbəsinin olduğu yerdə bir məscid tik". Bu məsələ məhz bu ssenari üzrə həll olunmasa idi, biz bu məscid ətrafında gəzən əfsanə haqqında yazmazdıq. İttihamlar yalanlandı, gənc adam sağ-salamat evə buraxıldı, qayıtdıqdan sonra isə hər şeyi anasına danışdı.

nabat_ashurbekova_020812_5

İbadətgahın tikintisinin dəqiq tarixi yoxdur. Müxtəlif alimlər fərqli rəqəmlərdən, amma XIV-XV əsrlər aralığından bəhs edirlər. Tikinti dağılır, dəfələrlə restavrasiya olunur. Sonuncu bərpa işlərində 1905-ci il tarixi göstərilib.

Səhnəyə əsas qəhrəmanımızı qaytaraq. Nabat xanım 1795-ci ildən 1912-ci ilə qədər 117 il həyat sürüb. 23 iyul 1905-ci ildə məhz bu yerdə məscidin inşası başlayır. Tikinti üçün Sankt-Peterburqda təhsil almış və daha sonra Bakının baş memarı olacaq olan Zivər Bəy Əhmədbəyov dəvət olunur. Nabat xanım onun səfəri üçün pul ayırır və Yaxın Şərq ölkələrinə göndərir ki, tamamilə müsəlman ölkələrdə məscid arxitekturasını öyrənə bilsin. Zivər Bəy səyahət edir və Nabat xanım üçün bir layihə hazırlayır. Məhz elə bu layihə "Təzə Pir" məscidi kimi tanıdığımız şəkildə günümüzə gəlib çıxıb.

img_04

İlk və elə sonuncu daşı da böyük Tağıyev qoyur. Bir vaxt Nabat xanımın tikinti işlərinin aparılması üçün maliyyə çətinlikləri yaranır. Bütün digər yardımları "özünüzünkünü tikin" deyərək qəti surətdə rədd edir, öz zinət əşyalarını satır və məscidin inşasını tamamlayır.

Təəssüf ki, o, yaratdığını öz gözləri ilə görə bilmir, axı tikinti onun ölümündən iki il sonra başa çatır.

"Təzə Pir" həqiqətən müqəddəs bir yerdir. 1918-ci ildə, bir il əvvəl fəaliyyətinin dayandırılmasına baxmayaraq erməni hücumları zamanı məscid öz qübbəsi altında müsəlmanları gizlədir. Məhz bu yerdən Tağıyev, Narzanov və başqaları xalqa müraciət edirlər. Məscid dəfələrlə sovet repressiyasına məruz qalmışdır, hətta kinoteatr və ya anbar kimi istifadə edilmişdir, lakin öz əzəmətini qaytara bilir. Məhz bu məsciddə 20 yanvar və Xocalı hadisələrində canını fəda edən oğullarımızın və qızlarımızın dəfn mərasimi keçirilib.

Məscid 1943-cü ildən tam qüvvədə fəaliyyət göstərir, bir neçə il bundan əvvəl tamamilə bərpa edilmişdir, lakin hətta indi də, Allah qorusun, zərər vurulmuş və ziyan yetirilmiş insanları öz divarları arxasında qorumağa hazırdır.

nabat_ashurbekova_020812_4

Nabat xanım səxavəti və cəsarəti sayəsində Şərq qadını barədə düşüncələri dəyişdirən ilk şəxslərdən biridir. O, xeyirxah iş üçün nə pulunu, nə də gücünü əsirgəmirdi. O və oğlu məscidin yaxınlığında dəfn ediliblər.

 

Mətn: Arzu Cahid