NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

FAMILY FIRST

“NARGIS”in ailə mövzusuna həsr edilən sayı Versaçe ailəsini qeyd etməyə bilməzdi. Həm də dünya şöhrətli moda evinin bu il 40 yaşı tamam olur. Bu şirkət, sözün əsl mənasında, ailə şirkətidir. 1978-ci ildə italiyalı Canni Versaçe şəxsi markasını yaratdı və böyük qardaşı Santonu prezident, bacısı Donatellanı isə vitse-prezident təyin etdi. O, hətta Donatellanın həyat yoldaşı Pol Beki də kişi paltarları xəttinin müdiri qismində işə götürdü. Canninin faciəvi ölümündən uzun illər sonra isə “Versace” brendinin “Versus” gənclər bölməsində çalışmaq üçün şirkətə onun qızı Alleqra qoşulur. Bu qədər sağlam əsası olan başqa bir ailə moda evi tapmaq çox çətindir! Təsadüfi deyil ki, əfsanəvi brendin sahibəsi və kreativ direktoru Donatella belə deyib: “İrs – keçmiş deyil, bu, özünlə gələcəyə apardığındır”.

Deməli, ardı var...

unnamed_6

Siz moda aləminə 80-ci illərdə, qardaşınız Canninin Sizə “Versace”nin gənclər xəttini – “Versus”u etibar etməsi ilə daxil oldunuz. O zaman qardaşınız bu brendi buraxmasaydı, taleyiniz necə olardı?

Moda həmişə həyatımın mənası olub, odur ki, hansısa alternativ, “B” planı ola bilməzdi. Qardaşım 1989-ci ildə “Versus”a həyat verdi, çünki “Versace” ilə paralel digər, əsas xarakterik üslubdan fərqlənən paltar xəttinin olmasını istəyirdi. “Versus”u “Versace”nin rok-n-rol ruhu da hesab etmək olar. Canni bu xəttin novatorluq, istedad, qeyri-standartlığa üstünlük verməsini istəyirdi və bu xəttin öz, digərlərindən fərqli üslubunu yaratmaq üçün mənə dizaynla məşğul olmağı tapşırdı.

Və səhv etmədi! İlk dəfə Siz məşhurları tanınmamış modellərlə birliklə nümayişlərdə iştirak etmək üçün dəvət etdiniz. O zaman bu ideya ağlınıza haradan gəldi? Və bu barədə hazırda, artıq az qala bütün brendlərin bundan istifadə etdiyi halda nə düşünürsünüz?

“Versace” qadını əksər qadınlar kimi mürəkkəb və eklektikdir! O, zövqündə və davranışlarında əmindir, bu da onu cazibədar edir. “Versace”nin reklam kampaniyaları üçün mən Madonnanı, Demi Muru və Holli Berrini seçdim; ideya yaşlaşdıqca daha cazibədar görünən qadınları göstərməkdən ibarət idi. Üslub, cazibə, həssaslıq – bütün bu keyfiyyətlər əslində gəncliyin ixtiyarında deyil: qadın təcrübə topladıqca daha inamlı və cazibədar olur... “Versace”nin qadını 22 yaşlı cazibədar tanınmamış model də ola bilər, 45 yaşlı məşhur da. İstənilən halda hər ikisi xarici görünüşü ilə qüvvə və özünəinamın cazibədarlığın açarı olduğunu nümayiş etdirir.

unnamed_1

Son bir neçə il ərzində Siz Kristofer Keyn, Conatan Anderson və Entoni Vakkarello kimi gənc istedadları əməkdaşlığa cəlb etdiniz və nəticədə mükəmməl kolleksiyalar təqdim etdiniz. Gənc dizaynerlərlə bu cür ümumi dil tapmağı necə bacarırsınız? Daha çox Siz onları öyrədirsiniz ya onlar Sizi?

“Versace”nin kreativ direktoru vəzifəsinə gələn andan anladım ki, gənc, gələcək nəsil dizaynerləri müşahidə etmək mənim üçün çox vacibdir. Onlar üçün isə özlərinin yeni qaydalar gətirdiklərini görmək vacibdir. Və mən hesab edirəm ki, adlı-sanlı dizaynerlər onlara daha yaxşı baxışa nail olmaq istiqamətində yardım etməlidirlər. Milandakı studiyamda onlarla çalışmaq mənə zövq verir. Dünyanın hər yerindən dizayn kolleclərinin gənc məzunları bizim yanımıza təcrübə toplamaq, eyni zamanda ruh yüksəkliyi, enerji, kreativliklə bölüşmək üçün gəlirlər. Həqiqətən də, onlar – modanın gələcəyidir!

Yaxınlarda Siz “Versace” paltarları və aksesuarlarının hazırlanmasında təbii xəzdən imtina etdiniz. Hesab edirsiniz ki, gələcək “sustainable fashion”dur?

Bəli, mən əminəm ki, 2019-cu ildən faktiki olaraq xəzdən imtina edilməsi – “Versace”də daha düşünülmüş və ekoloji yanaşmaya cəhd göstərərək müxtəlif təşəbbüslərə əsaslanan dəyərlərə tədricən yenidən baxılmasının və daha geniş planın bir hissəsidir. Gənclərin sosial şəbəkələr vasitəsi ilə göstərdikləri təsir, onların belə sosial təşəbbüslərə marağı məni də cəmiyyətdəki yerim haqqında düşüncələrə sövq etdi. Mən irs, gələcək nəsillər qarşısında borcum, gələcək üçün yaxşı miras qoymaq haqqında düşünməyə başladım...

unnamed_3

Madam ki sosial şəbəkələri xatırladınız... “Instagram”da abunəçilərinizin sayı 2 milyona çatıb. Rəqəmsal texnologiyaların gücünə inanırsınız? Öz biznesinizə onları necə tətbiq edirsiniz?

Hər gün “Instagram” profilimdə şərh yazan və ya üslublarını mənə nümayiş etdirmək üçün fotolarında məni qeyd edən gənclərdən ilham alıram. Onlar bizimlə “Instagram” vasitəsi ilə əlaqə yaratmaq, özlərini bizimlə səhnə arxasında hiss etmək imkanı qazanıblar. Bu, həyatımda ən radikal moda dəyişikliyidir və İnternet nəsli böyüdükcə bunun effekti inqilabi xarakter alır. Məhz dünyanın müxtəlif yerlərindən olan bu gənclər modada dəyişiklik yaradır və modanın gələcəyi onların ixtiyarındadır.

Amma sosial şəbəkələrdə neqativ şərhlər də olur. Tənqid və istehzaya münasibətiniz necədir?

Mən istehzanı sevirəm və tənqidi qəbul edirəm. Həyat bəzən çətin olur, odur ki, hər gün təbəssüm etmək, ona istehza qatmaq lazımdır; konstruktiv tənqid də mane olmaz. İnsanlar çox zaman məni soyuq, təmkinli görürlər. Amma mən sevinirəm ki, “Instagram”dakı səhifəm vasitəsi ilə onlar mənim həqiqətdə necə olduğumu anlamağa başladılar.

Rəqəmsal texnologiyaların inkişafı həqiqətən də sərhəd tanımır. Ötən il “Elle” jurnalının Braziliya nəşri dekabr sayının üz qabığı üçün robot Sofiyanı seçmişdi, bir qədər sonra isə o, “Cosmopolitan India”nın da üz qabığında göründü.

Modada robotların real insanları əvəz edəcəyi tamamilə yeni bir eranın astanasında dayanmamışıqmı? Bu Sizi qorxutmur? Ya Sizdə maraq oyadır?

Mən həmişə texnologiyalar və tərəqqi ilə maraqlanıram.

18 il əvvəl kim düşünə bilərdi ki, 2000-ci ildə “Qremmi” mükafatının təqdimatında Cenifer Lopesin “Versace”dən olan donu “Google” şirkətini “Google Images” şəkil axtarış servisinin yaradılmasına ilhamlandıracaq?

Göründüyü kimi, moda texnologiyalara heç də texnologiyaların modaya göstərdiyi təsirdən pis təsir göstərmir.

unnamed_2

Digər tarixi hadisəni də xatırlayırıq – ötən il sevimli qardaşınız Canniyə həsr etdiyiniz “SS 18” kolleksiyasının nümayişi. Şounun kulminasiyası Sizin 90-cı illərin “supermodelləri” ilə podiuma çıxmanız oldu. Super-ulduzlar və Canninin sevimli modelləri ilə yenidən çalışmaq necə idi?

Qızlardan xahiş etdim ki, mənimlə birgə olsunlar, çünki onlar olmadan qardaşımın haqqını layiqincə ödəyə bilməzdim. O, demək olar ki, super-modelləri icad edib. Mənim üçün onları Canninin xatirəsinə həsr edilən tədbirə cəlb etmək çox vacib idi: onlar onu yaxşı tanıyırdılar, biz onlarla bir ailə kimiyik və onların qardaşımı bir daha vəsf etmək üçün yanımda olmaları əla idi.

Yeri gəlmişkən, Sizcə 90-cı illərin modelləri ilə müasir modellər arasında hansı fərqlər var?

Məhz qardaşım Canni 1991-ci ildə bütün “top-modelləri” podiuma çıxararaq supermodel fenomeni yaratdı. O, modelləri məşhurlaşdırdı, çünki anlayırdı: onların məşhurluğunun artması onun və markasının da xeyrinə idi. Modellər həqiqətən də bütün mənalarda məşhur idilər. Bəzən onlar arasında gərginlik yaranırdı, çünki onları stilistlər də, KİV də qarabaqara izləyirdi. Onlar “Versace” evinin ruhunun bir hissəsi idilər. Modellər yalnız paltar nümayiş etdirmirlər: onlar onu canlandırırlar və hər bir qadının nəzərində heyranedici edirlər. Canni dərhal anladı ki, modellərin artan populyarlığından brend ancaq fayda görəcək. Amma bu gün modada çox şey dəyişib və düşünmürəm ki, bu tarix bir daha təkrarlansın.

Donatella Versaçenin üslubunda dəyişməz üstünlüklər varmı?

Mənim kifayət qədər şəxsi üslub qaydalarım var. Mən əsasən qara rəngli paltar geyinirəm: nazik toxunma qara sviter, yayda isə - qara tank-top. Həm sifarişlə tikilən, həm də cins və dəridən olan qara şalvarlar xoşuma gəlir. Həmişə hündür daban ayaqqabı geyinirəm.

Qırmızı xalı üçün “Atelier Versace”nin paltarlarını seçirəm. Hər mövsüm modada dəyişikliklər baş verir; onlardan bəziləri aşkar və “Versace” evi tərəfindən tətbiq edilə bilər, digərləri isə diqqətdən kənarda qala bilər, hətta mənim tərəfimdən belə. Bəzən öz qaydalarımı pozmaq və rəngarəng və ya printli paltar geyinmək mənim də xoşuma gəlir.

unnamed_4

Paltar, mehmanxana, mebel, yaxta dizaynı, ətir və hətta qənnadı məhsullarının istehsalı – Siz bu qədər işi eyni zamanda edirsiniz! Onlardan hansından daha çox zövq alırsınız?

“Versace” üslubunu xoşlayan insanlar onu, son dərəcə spesifik estetika səbəbi ilə, həyat tərzi kimi seçirlər və daim onun əhatəsində olmaq istəyirlər. Hər hansı xəttə üstünlük vermirəm, lakin bu illər ərzində “Versace” brendinin qazandığı bütün nailiyyətləri ilə fəxr edirəm. Müxtəlif layihə və ideyalar üzərində eyni zamanda işləmək isə yalnız həyatıma maraq qatır.

Hər şeydən əlavə Siz fəal olaraq xeyriyyəçiliklə məşğul olursunuz. Bu sahədə hansı nəticələr əldə etmisiniz?

Həyatda nə qədər bəxtim gətirməsi barədə həmişə düşünürəm... Bir o qədər bəxti gətirməyənlərə də diqqət ayırmaq lazımdır. Bunu etməyin bir yolu – xeyriyyə layihələridir və mən həmişə “Versace”nin layiqli işə verdiyi töhfəni görəndə xoşbəxt oluram.

Universal şəxsiyyət olaraq, Siz həmçinin BƏƏ və Avstraliyada dəbdəbəli “Palazzo Versace” otelləri yaratdınız. Bəs nə üçün məhz bu ölkələri seçdiniz?

Mənim üçün Dubay ənənələrə dərin ehtiramın və gələcəyə şövqün birləşməsidir; “Versace” dünyasını da ənənələrin və gələcəyin məhz belə birləşməsi səciyyələndirir. “Palazzo Versace” isə “Versace”nin həyat tərzini reallaşdırmaq üçün ideal məkandır. Avstraliyaya gəldikdə isə, - bu əsl cənnətdir, oranın unikal xarakteri və rəngarəng landşaftı var... Dünyanın heç bir guşəsi Avstraliya ilə, onun füsunkar yerləri, çoxmədəniyyətli, gənc və açıq cəmiyyəti ilə müqayisə edilə bilməz.

unnamed_7

Nə vaxtsa Azərbaycana gəlmək haqqında düşünmüsünüz? Moda və turizmin inkişafı sahəsində Azərbaycanı necə dəyərləndirirsiniz?

Düşünürəm ki, bu xüsusi, başqalarına bənzəməyən bir yerdir. Ölkə Avropa ilə Asiyanın birləşdiyi yerdədir, bu isə mədəniyyət və dinlərin unikal vəhdətini yaradır. Arxitektura, moda, insanlar və hətta mətbəx – Şərqlə Qərbin birləşməsidir. Yeni yaradılan bazarlara qlobal köklənmənin göstəricilərindən biri də moda sənayesinin mövcudluğu və inkişafıdır. Azərbaycanın moda həftəsi 6-cı mövsümünü açmağa hazırlaşır və bu, yeni çiçəklənmə əsrindən maksimum istifadə etmək qərarı verən xalqa yenidən yaxından nəzər salmağa imkan yaradır.

Sizin daşınmaz əmlak alışına böyük həvəsiniz bəllidir. Hansı iqamətgahınızda özünüzü evinizdəki kimi hiss edirsiniz?

Mən hər hansınasa üstünlük vermirəm, onların hamısı mənim evimdir. Şəxsi zövqümə və “Versace” üslubuna uyğun evləri almağa meylliyəm. Axı mənim soyadım Versaçedir! Hərçənd digərlərindən fərqlənən bir yer var: bu, mənim ofisimdir, o tamamilə ağ-qaradır.

Keçmişdə elə bir şey olubmu ki, indi heyifsilənirsiniz?

Özümə kədər üçün kifayət qədər zaman ayırmadığım üçün təəssüf edirəm.

Və sonda: Sizin üçün xoşbəxtlik nə deməkdir?

Çimərlik, ailəm, itim Odri və heç bir həyəcanın olmaması...