NARGIS
Ru En
NARGIS MAGAZINE
Xəbərlər

Coca-Cola və tərəfdaşları Xəzər sahillərini təmizlədilər

Sentyabrın 21-də Beynəlxalq sahilyanı təmizlik günündə “Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində Buzovna qəsəbəsinin çimərliyi tullantılardan təmizlənib. Aksiyada ölkənin nüfuzlu şirkətləri, dövlət qurumları, müxtəlif təşkilat və yüzlərlə könüllülər iştirak edib.

Aksiya “Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin dəstəyi ilə keçirilib. Nargis jurnalının əməkdaşları da tədbirdə fəal iştirak etdilər.

Aksiya çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tonadək tullantıdan təmizləyib. 1815 kiloqram qida qalıqları, tikinti materialları və şüşə, 211 kiloqram plastmas, 30 kiloqram karton və kağız, 15 kiloqram sellofan torba toplanılıb.

Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin edilib. Toplanan tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il sentyabrın 21-i Beynəlxalq Sahilyanı təmizlik günü kimi qeyd edir və bu sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir. Artıq 9 ildir ki, Coca-Cola çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər il çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək insanları ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırır. "Biz çox şadıq ki, Azərbaycan bu beynəlxalq hərəkatda hər il fəal iştirak edir və bu yolla biz Xəzər dənizimizin daha təmiz olmasına töhfəmizi vermiş oluruq”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə İctimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

"Hər il daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu ekoloji aksiyaya qoşulduğunu müşahidə edirik və bu fakt bizi sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də rəngarəng proqramı ilə böyük bir bayramdır" - deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına verdiyi töhfəni vurğulayıb: “Hər ötən il aksiyaya qatılan könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 “ASAN könüllüsü”nün qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir."

Son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi 35 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.