NARGIS
Ru En
NARGIS MAGAZINE
İNCƏSƏNƏT

"Ulduzlu gecə" Parisdə

Bu gün mən oxuculara bu yaxınlarda Parisdə Atelier des Lumières məkanında qapılarını qonaqlara açan və unudulmaz təəssürat bağışlayan "Ulduzlu gecə" rəqəmsal sərgisi haqqında hisslərimi sözlə ifadə etməyə çalışacam. Lakin "rəqəmsal" sözü beyninizdə yaratmağa çalışdığım təxəyyülü korlayır. Bu sadəcə rəqəmsal sərgi deyil, bu ən parlaq postimpressionist Vinsent Van Qoqun vizual dünyasına daxil olmaqdır. 

Sərgi eynilə "Ulduzlu gecə" əsərləri kimi adlanır. Van Qoqun bu cür iki əsəri var: biri 1889-cu ildə çəkilib, daha çox tanınır, Nyu-York Müasir İncəsənət Muzeyində saxlanılır; digəri 1888-ci ildə çəkilmiş «Rona üzərində ulduzlu gecə» əsəri Paris Orsay Muzeyində məskunlaşıb. Tələbə olarkən saatlarla vaxtımı bu əsərin qarşısında keçirirdim. Bu əsərdə hər şey var - sentyabr, hələ davam edən yay gecəsi, isti rənglər, digər sahildə şəhər görüntüsü, səma, su və məxməri əks olunma. Bir baxışda sakitliklə bir-birinə qarışan duyğuların coşqusu. İndi təsəvvür edin ki, o yalnız qarşınızda deyil, həm sağınızda, həm solunuzda, həm yuxarıda, həm ayaqlarınızın altında, ətrafınızdakı hər yerdədir. Siz Vinsetin Arldakı həmin o gecədə tənha yolculuğunun şahidi olursunuz.

Atelier des Lumières rəqəmsal muzeyində keçirilən bu "sərgi" rəssamın həyatından, onun Parisdən tutmuş Sen-Remi-de-Provansa qədər tərzinin necə dəyişdiyindən bəhs edir. Onun natürmortları və günəşli mənzərələri cızma-qaraları və avtoportretlərinin fraqmentləri bir-birini əvəz edir. Bütün bunlar isə hissiyatlı opera ariyalarından Nina Simonun hitlərinə qədər musiqi seçməsi ilə müşayiət olunur. 35 dəqiqə ərzində zalda olan onlarla insana baxmayaraq Van Qoqun boyaları ilə təkbətək qalırsınız və 1500 m2-lik bir divarda hərəkət edən sənət əsərlərinə heyrətamiz səyahət edirsiniz. 

Sərginin yaradıcıları Canfranko Yannutsi, Renato Qatto və Massimiliano Sikkardidir. Sərgi 31 dekabr daxil olmaqla ilin sonuna qədər açıq olacaq. İnanın ki, bu Parisə getmək üçün ən gözəl səbəbdir.

Zeynəb Cahan