NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

SİMVOLLAR VƏ ƏFSANƏLƏR DAİRƏSİ

Dünyada yəqin ki, ən populyar olan səmavi qardaşlığın simvolikası olan Günəşin illik yolundan keçən bürclər, ulduzlar haqqında çox yazılıb, pozulub! Amma gəlin araşdırmağa çalışaq: əslində bu işarələrin nə məna kəsb etdiyi, bu ulduz heyvanlar aləminin arxasında hansı astroloji və astronomik icadlar, miflər və əfsanələr dayanıb?

Qoç: inad və cəsarət 

Köhnəlmiş "qoç" sözü "böyük qoç", yəni "ovis aries" ("ev qoyunu") erkək növü deməkdir. Daha dəqiq desək, bürc yunan mifologiyasından dikbuynuz uçan qoçun şərəfinə adlandırılıb, bu bürcün qızıl dərisi ad qazanıb, əyilmiş buynuzlarını isə bu simvolun işarəsində asanlıqla görmək mümkündür. Lakin bununla bağlı bir sıra başqa sirlər də var. Bu bürcdə bəziləri qalibiyyətin simvolu kimi şərh olunan victoria sözündən alınmış latın V hərfini, digərləri – partlayış və ya fontanı görür, bu da bu bürc altında doğulan insanların fırtınalı, inadcıl xarakterinə tam uyğundur. Qoç ilk bürc işarəsi olduğuna görə bəzi astroloqlar onun simvolunda Günəşin doğuşunu bildirirlər. Bəziləri isə istehza ilə Qoçların öz simvolunu demək olar ki, üzlərində daşıdığını iddia edirlər – onlar üçün qalın qaşlar sanki adi haldır.

Buğa: güclü ruh

Buğa işarəsinin simvolu çox tanınır: bu işarə buynuzlu öküz başına bənzəyir. Bununla yanaşı, astroloqlar bu bürcdə yalnız bu əlaməti görmürlər. Bəziləri hesab edir ki, bu işarədəki dairə insan ruhunu, buynuz qövsü isə qəlbi simvolizə edir; digərləri bu işarədə insan boğazının sxematik təsviri olduğunu bildirirlər. Qeyd edək ki, tibbi astrologiyada bu işarə boyun və boğazı bildirir. Bu bürcün mifoloji kökləri qədim dövrlərə – məhsuldarlığın ibtidai mədəniyyətinə və tarixdən əvvəlki miflərə, aralarında ən məşhur olan Avropanın Finikiya şahzadəsinin Zevs tərəfindən qaçırılması mifinə aparıb çıxarır. Məlum olduğu kimi, bu sevgi dolu qədim panteonun sədri gözəlləri – ilahələri, kraliçaları, sadə qadınları tovlamaq üçün müxtəlif simalara girməyi bacarırdı. Onlardan biri Finikiya şahzadəsini Krit adasına aparan ağ öküz olub.

Əkizlər: qardaşlıq əlaqələri

Bu işarənin simvolu rum "iki" II rəqəmini xatırladır və sonsuz dostluqla birləşmiş bir cüt qardaşı ifadə edir. Fərqli xalqlar arasında bu fərqli adlar daşıyıb, lakin həmişə ayrılmış və birləşməyə çalışan iki qardaş mənasını verib. İşarənin yuxarı və aşağı hissəsindəki qövslər – uzanan əllərdir, Əkizlər bürcü işarəsi isə  tibbi astrologiyaya görə, yuxarı əzaları "idarə edir". Bu işarə Dioskurlar – Ledanın oğulları Kastor və Polluks (əkiz olsalar da fərqli atalardan, – mifdə nələr olmur ki!) haqqında əfsanə ilə əlaqələndirilir. Ledanın fani yoldaşı şah Tindareydən olan oğlu Kastor döyüşdə həlak olub,  Zevsin öz oğlu Polluks qardaşının ölümünü görməmək üçün atasından onu ölümsüzlükdən məhrum etməsini istəyir. O zaman Zevs onlara növbə ilə gah ölülər səltənətində, gah da Olimpdə yaşamağa icazə verir. Ayrı düşən qardaşların əfsanəsi astronomik faktla da əsaslandırılır: Əkizlər bürcünün ən parlaq iki ulduzundan biri Kastor – səhər, digəri isə Polluks axşam görünür.

Xərçəng: İn və Yan

Xərçəng simvolu "in və yan" işarəsinə, yəni kişi və qadın başlanğıclarının birləşməsinə çox oxşayır. Bir də bu iki "vergül" işarəsi altı və doqquz rəqəminə bənzəyir. Bu da kişi və qadın başlanğıclarını bildirir: 6 – Veneranın, 9 isə – Marsın rəqəmidir. Bu işarə əbəs yerə analıq rəmzini təmsil etmir. Yeri gəlmişkən, bəzi tədqiqatçılar Bakının Qız Qalası abidəsinin bu planetlərə həsr olunmuş qoşa məbədin bir hissəsi olduğunu bildirirlər. Planlaşma baxımından bu qala doqquz rəqəminə bənzəyir, Xəzərin o biri tərəfində isə tədqiqatçıların dediyinə görə nə vaxtsa onun tərsi olan, təəssüf ki, qorunub saxlanılmayan, lakin plan baxımından altıya bənzəyən digər məbəd mövcud imiş. Xərçəng bürcünün simvolu həm də, bu bürcün adını izah edən əfsanələrə istinad edən caynaqlara bənzəyir. Qədim münəccimlər bunu xərçəngin quyruğu ilə irəlilədiyi kimi, Günəşin də bu bürcə daxil olan kimi "geri çəkilməyə" başladığı ilə əlaqələndirirdilər: günlər azalmağa başlayır. Xərçəng Heraklın ikinci qəhrəmanlığı əfsanəsində – doqquz başlı Lerney hidrasının öldürülməsində yer alıb: tanrıça Hera bu qəhrəmana nifrət edirdi və onun üzərinə nəhəng Xərçəng göndərmişdi və daha sonra isə onun göylərə qaldırır.

Şir: heyvanların şahı 

Qədim Assuriyada onu Böyük Alov adlandırırdılar. Şir bu bürcün simvolu olaraq ilk dəfə qədim misirlilər arasında yaranıb və əbəs yerə deyil: yay quraqlığı zamanı bütün Nil daşqınına çoxlu aslan sürüləri yığılmışdı. Yunanlar hesab edirdilər ki, bürcdəki Şiri – dərisinin oxlar, qılınc və nizə üçün keçilməz olduğundan Heraklın çılpaq əlləri ilə boğmaq məcburiyyətində qaldığı Nemey şiridir. Qəhrəman o vaxtan bəri öldürdüyü şirin dərisini üzüb və plaş əvəzinə çiyninə taxıb. Şir bürcünün simvolu çox müxtəlifdir. Bu simvolda həm bu heyvanın sxematik təsvirini (baxmayaraq ki, mümkün qədər qısa – yal və quyruq), həm yunan əlifbasından "lambda" hərfini və hətta yeni bir həyatın doğulmasının simvolu olaraq... spermatozoidi görürlər, ünki Şir atalıqla əlaqələndirilir.

Qız: əlində sünbül

 

Qız bürcünün simvolu (Latın dilində Virgo) – bütün Bürc dairəsində ən mürəkkəb və sirli simvoldur. Xristian dünyasının münəccimləri bu simvolda həzrəti Məryəm – MV, yəni Maria Virgo monoqramını şərh edirlər. Xristianlıqdan əvvəlki dövrlərdə bu bürc gah Zevsin anası Reyaya, gah məhsuldarlıq ilahəsi Demetraya, gah ədalət ilahəsi Astreyaya, gah da Femidaya həsr olunurdu. Femidanın adı ilə bu bürcü ona görə adlandırırdılar ki, bu ədalət ilahəsi əlində tərəzi saxlayır. Ancaq ən çox yayılmış versiya, Qız – yunan sülh ilahəsi Eyrena və ya İrinanın olduğu versiyadır. Simvolun başqa bir xüsusiyyəti Qızın əlində sünbüllər topasını tutmasdır. Bu bürcün ən parlaq ulduzu “sünbül” mənasını verən Spikadır.

Tərəzi: ədalət atributu

 

Tərəzi bürcünün simvolu vizual olaraq təsvirə tam uyğundur: bu işarə iki piyaləsi olan qədim bir tərəzini xatırladır. Qədim dövrlərdə hesab olunurdu ki, bu tərəzi üzərində ədalət ilahəsi Femida insanların günahlarını və təqsirlərini çəkirmiş. Bu bürcü müstəqil bürc kimi ilk olaraq qədim romalılar müəyyən ediblər. Onlar əvvəlcə bürcün təsvirində tərəzi olduğunu qəbul etməyiblər: bu həm səcdəgah, həm lampa kimi də şərh ediblər. Qədim yunanlar isə bu bürcdə Əqrəbin və onun caynağının davamını görərək bu bürcün müstəqilliyindən ümumiyyətlə imtina ediblər. Düzü, etiraf edək ki, təxəyyülümüzü cəmləşdirsək, Tərəzi simvolu həqiqətən caynağa bənzəyir. Maraqlı bir nüans: bəzən Tərəzi işarəsi gün batımının təsviri kimi şərh olunur.

Əqrəb: ox yoxsa iynə?

 

Bu bürc digər, bürc olmayan Orion ilə sıx əlaqəlidir. Əfsanəvi ovçu Orion fırtınalı bir həyat yaşayırmış, buna görə öldürülüb... amma nə ilə və niyə – bu barədə bir çox versiya var. Bu versiyalardan biri də, ehtirasa tutulan Orion yeddi Pleyada bacılarının arxasınca düşür və bu zaman tanrılar onun üzərinə nəhəng bir Əqrəb göndərir, o da Orionun ayağından sancır (ulduz xəritələrində Orion ayaqları ona müraciət edərkən təsviri verilib). Başqa bir versiya, ov ilahəsi bakirə Artemis ilə əlaqədardır: guya Orion ona da göz salıb, ancaq onun oxundan ölüb. Beləliklə, “quyruğu” olan simvolunda ya əqrəb iynəsi, ya da Artemisin oxu təsvir olunub, lakin hər halda öldürücü bir şeydir. Latın “m” hərfini xatırladan işarənin qalan hissəsi isə antik dövrün bir çox astroloqlarının fikrinə görə Əqrəbin sancmaq üçün xəlvətcə yaxınlaşdığı Orionun ayaqlarından başqa bir şey deyil.

Oxatan: ən müdrik kentavr 

Oxatan simvolu özü-özlüyündə çox sadə simvoldur: yayın içinə taxılmış və atılmağa hazır olan oxdur. Bəs bu kimin oxudur? Şumerlər bu bürcdə öz dastanlarının qəhrəmanı, yeraltı dünyanın döyüşçüsü Pabilsaqı görürdülər. Qədim Yunan mifologiyasında onun hekayəsi ən müdrik kentavr Hiron ilə əlaqələndirilir. Məhz o, arqonavtlar üçün ilk göy qlobusunu düzəldib və orada özü üçün yer ayırdığı güman edilir. Lakin, bir versiyaya görə zalım və hiyləgər kentavr Krotos bu yeri ondan əvvəl tutur və Hiron Sentavra (Latınca belə səslənir) bürcündə məskunlaşmaq məcburiyyətində qalır. Başqa bir versiyaya görə, bürcdəki yer təsadüfən Heraklın zəhərlənmiş oxundan yaralanan və zəhərdən əziyyət çəkərək bu dünyanı tərk etməyi üstün tutan əsl sahibinə - Hirona qalır. Görünür, bu ox elə işarənin simvolu oldu.

Oğlaq: panikaya ehtiyac yoxdur!

 

Şir bürcündə olduğu kimi, Oğlaq simvolunda da bir çoxları bu işarənin adını daşıyan məxluqun təsvirini görürlər. Düzdür, bu işarə daha dolaşıqdır, çünki bu məxluq daha da qəribədir. Qədim əfsanəyə görə meşələrin tanrısı, keçiayaqlı Pan bir dəfə çayın sahilində tütək çalırmış və bu vaxt Zevslə yüz əjdaha başı və ayağı yerinə ilanlar olan yırtıcı Tifon döyüşmək qərarı alırlar. Nəhəng Tifon çox qorxunc idi. Onu görən Pan dəhşətli bir fəryad edərək qorxudan çaya atılır: o, balığa çevrilməyi bacarırdı və qaçacağına ümid edirdi. Ancaq nədənsə yazıq arada qalır və bədəninin yuxarı hissəsi keçi şəklində qalır, aşağı hissəsi isə balıq quyruğuna çevrilir. Ancaq Panın çığırtısı Tifonun diqqətini bir az yayındırır, bu da Zevsə düşməni yandırmaq üçün ildırım silahını götürməyə imkan verir. Bunun üçün minnətdarlıq olaraq Zevs şəklini dəyişmiş Panı göylərə ucaldır.

Dolça: külək və dalğalar

 

Dolça bürcünün iki dalğalı xətt simvolunun Qədim Misirdə düşünüldüyü hesab olunur. Günəşin bu bürcdə qonaq olduğu bir vaxtda çayların aşması bir çox sivilizasiyalara tanış idi, lakin Dolça simvolunda böyük Nil çayının iki – Ağ və Mavi qolunu əbədiləşdirən məhz misirlilər olub. Demək olar ki, qədim dünyanın bütün xalqları: şumerlər, romalılar, ərəblər və digərlərində bu bürc mənası “su tökən” olaraq təxminən eyni adlanıb. Düzdür, konkret personaj fərqli olub – həyat yoldaşı Pirra ilə dəhşətli daşqından hilas olmuş Nuhun analoqu olan Devkaliondan tutmuş Zevsin istəyi ilə tanrıların saqisi olması üçün Olimpə yüksələn yaraşıqlı gənc Hanimedə qədər – burada artıq su yox, daha sərt bir şey axır. Ancaq bürcün mahiyyəti bununla dəyişmir. Dolça bürcünün su deyil, hava ünsürünə aid olması maraqlıdır. Bu ünsür simvolda çayları təsvir edən dalğalı xətlər şəklində əks olunur: külək olmasa, dalğalar necə yaranar?

Balıqlar: ikisi birində

Bu bürcün simvolunda sxematik olaraq “göbəkbağı” ilə birləşmiş iki balıq təsvir olunub. Bu təsvir insan qəlbində dünyavi və ilahi qarşıdurma və əlaqə kimi şərh olunur. Şumerlərdə bu bürc “quyruq” mənasını verir və görünür ki, əbəs yerə deyil: axı Balıqlar Bürc dairəsini tamamlayır və bununla da təqvim ili başa çatır. Bu bürcün yaranması ilə bağlı əfsanələr bir çox qədim sivilizasiyalarda bənzərdir, çünki Günəşin Balıq bürcünə daxil olması balıq ovu mövsümünün başlanmasına start verir. Bir çox miflərdə söhbət qorxudan suya atlayıb balığa dönüşən kişi və qadından gedir. Yunanların bu haqda iki mifi var. Biri, Panın da gözünü qorxudan Tifondan hürkən sevgi ilahəsi Afrodita və onun oğlu Erot haqqındadır. Digəri iki sevən cütlükdən bəhs edir: nereida (dəniz pərisi) Qalateya və Panın oğlu Akid Qalateyaya ehtirasla alışan qəzəbli siklop Polifemdən qaçaraq suya atılıblar.

İlan: yüksəkliyə can atma

 

Bürclər dairəsində on üçüncü, gizli bürc də var – bu İlan bürcüdür. Onun dövriyyəsi təxminən noyabrın sonundan dekabrın ortalarına qədər davam edir. Bu bürclə bağlı Apollonun ölüləri diriltməyi bacaran (digər versiyaya görə sadəcə öldürülmüş Orionu diriltməyə çalışan) ilahi həkim Asklepiy (romalılarda Eskulap) haqqında qədim əfsanə var. Zevs onun hörmətsizliyinə qəzəblənir və onu ildırımla məğlub edir, lakin sonra rəhm edib Asklepiyi göylərə qaldırır, kentavr Hiron isə ona öz ölümsüzlüyünü verir. Həkimliyin simvolu olan Asklepiyin əlindəki ilan bu bürcün simvolunda təsvir olunub. Mayya kahinləri bu bürcün işarəsində yarasanın təsvir olunduğunu şərh edirlər, iran mifologiyasında isə “Avesta”da təsvir olunan üç başlı ilan şahı Dahhak bu bürclə əlaqəlidir. İlan bürcü günlərində insan alışdığı problemlər dairəsindən çıxıb yuxarıya doğru yönələn bu dairəni spiral şəklinə salaraq yüksəkliyə qalxa biləcəyinə inanılır.

 

Mətn: Nailə Bənnayeva

Foto: Mətbuat materialları, Yan Qeveliyin rəsmləri