Fransada Şarlevil adlı kiçik, şirin bir şəhər var. Bu şəhər Fransanın şimal-şərqində, Şampan-Ardenn bölgəsində, parislilərdən tamamilə fərqli olaraq mülayim, sakit fransızların yaşadığı yerdə yerləşir. Şəhəri teatr nağılına çevirən xüsusi bir festival olmasaydı, buranın sakinləri digər bölgələrin sakinlərindən heç bir şey ilə fərqlənməzdilər. Bu gün sizə məhz bu festival haqqında danışmaq istəyirəm.
Marionet festivalı haqqında söhbətə başlamazdan əvvəl bu nadir sənət növünün nə olduğunu öyrənək. Marionet – oyunçu tərəfindən saplarla idarə olunan bəndli teatral kukladır, onun yaranması XVI əsrə təsadüf edir.
"Marionet" sözü orta əsrlərə aiddir. O dövrdə kuklaları tez-tez Mariya adının qısa versiyaları ilə adlandırırdılar, məsələn, Venesiyada kilsələrin bayram günlərində taxta mexaniki kuklalar meydana çıxırdı.
Fransanın Şarlevil şəhərinə kuklaçı və Beynəlxalq marionet institutunun qurucusu, entuziast Jak Feliksin sayəsində dünyanın hər yerindən kuklalar axın edir. Festivalın davam etdiyi sentyabr ayının on günü şəhər və şəhərin sakinləri festival ritmində yaşayırlar. Zallar, idman salonları, küçələr və həyətlər müxtəlif dillərdə tamaşaların nümayiş yerinə çevrilir. Bundan əlavə şəhər sakinləri festivalın könüllülərinə çevrilir, teatr truppalarını tamamilə pulsuz qarşılayırlar və yerləşdirirlər: “əks təqdirdə festival baş tutmazdı” – deyə onla bildirirlər.
Şarlevil Beynəlxalq Marionet festivalı 1961-ci ildə yaranıb. 2015-ci ilin sentyabr ayında festival 168 min tamaşaçı toplamışdı və Şarlevil kukla sənətinin dünya paytaxtı olaraq tanınmışdı. Bu il, 2019-cu ildə Bakı Marionet Teatrı da daxil olmaqla 115 teatr festivalda iştirak edib.
80-ci illərdə Tərlan Qorçunun təsis etdiyi Bakı marionet teatrı Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin operaları əsasında hazırlanmış tamaşaları təqdim edir. "Arşın mal alan" operasının premyerası 1990-cı ildə Fransada, daha sonra Rusiyada, Polşada, Almaniyada və İsveçrədə uğurla keçirilib. Artıq bir müddətdir ki, teatr İçərişəhərdə məskunlaşıb və onun yeni “Leyli və Məcnun” adlı heyrətamiz tamaşası artıq Bakı sakinlərinin və qonaqlarının qəlbini fəth edib.
Bu gün "Leyli və Məcnun" tamaşasını təkcə Azərbaycanda deyil, həm də Yaxın Şərqdə teatr sənətinin incisi adlandırmaq olar. Şarlevil festivalında iştirak edərək Bakı marionet teatrı nəinki öz teatrını təqdim etdi, həm də Azərbaycan mədəniyyətinin və xalq sənətinin səfiri oldu.
Mən tamaşanı neçə dəfə izlədiyimi artıq deməyə utanıram, buna görə festival tamaşaçılarının valeh olmuş reaksiyası məni təəccübləndirmədi. İki gün ərzində dörd dəfə oynanılan "Leyli və Məcnun" tamaşası Şarlevil festivalının favoriti oldu, festivalın direktoru, şəhərin meri və ən əsası marionet bölgəsi olan Ardendə toplaşan bu cür qeyri-adi yaradıcılığın pərəstişkarları tərəfindən xüsusi olaraq qeyd olundu.