NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

CON-VƏ-ONO

screen_shot_2016-11-29_at_11.12.14

Con Lennon və Yoko Ono

1980-ci ilin dekabr gecəsində Ruzvelt adına xəstəxanada uzun, lakin nəticəsiz ürək masajından sonra həkim Stefan Linn yorğuncasına saata baxaraq ölüm vaxtını qeyd edir: saat 23:07. Gözləyən həyat yoldaşına bildirilir. Qadın yerə yıxılır və ürəyi gedir. Qadının adı Yoko, kişinin adı isə Con idi.

Reanimasiya otağının audio sistemində təsadüfən All My Loving mahnısı səslənirdi. "Gözlərini bağla, səni öpəcəm. Sabah sənin üçün darıxacam" – The Beatles oxuyurdu. Eyni vaxtda qəza keçirdikdən sonra həmin xəstəxanada olan ABC kanalının əməkdaşı gücbəla ilə telefonun dəstəyini əlinə alıb həyəcanla sensasiya xəbəri kanala çatdırır və bu xəbərdən sonra futbolun yayımı yarıda kəsilir.

 

Liverpullu üsyankar

Dözülməz və itaətsiz, acıdil və istehzalı, kiçik Con müəllimləri və həmyaşıdları üçün əsl baş ağrısı idi. O, sanki heç bir şeydən qorxmurdu, onun üçün heç bir qayda, avtoritet yox idi. Hərçənd müəllimlər nadinc uşağın iti zehni olduğunu qəbul etsə də, Con çox pis oxuyurdu; onu ciddi olaraq iki fənn maraqlandırırdı  musiqi və rəsm. Bu maraqlardan biri elə həyatının işi oldu.

İllər keçdikdən sonra Lennon Quarrymen skiffle-bandını yaradaraq daha sonra The Beatles adı ilə səs-səda salan əfsanəvi rok qrupun təməlini qoydu. Yaxşı musiqi bəstələyən və ifa edən yaraşıqlı gənclər bütün dünyanın kumirinə çevrildilər. Şöhrət onların həyatlarına  konsertlər, qastrollar, böyük pullar, spirtli içkilər, narkotiklər, seksual sərgüzəştlər vasitəsi ilə daxil oldu... Milyonlarla insanın sevgisi ilə sərxoş olan Lennon məşhurluqda İsa peyğəmbəri keçdiyini bəyan etməyə cəsarət edir.

 

Okeanın övladı

Dünyanın ən bahalı və parlaq şəhərlərindən birində  Nyu-Yorkda yeganə qızını yaşam və nüfuzlu təhsillə təmin edən zəngin aristokratın qızı Yokonun adı yapon dilindən bu cür tərcümə edilir. Maddi rifah Yokonun sinfi bərabərsizlik və digər sosial problemlər, eləcə də kainat ədalətsizliyi haqqında düşüncələrlə əzab çəkməsinə mane olmurdu. Onu narahat edən sualların cavablarını, həmçinin fərdiliyinin ifadə olunmasını sənətdə axtarırdı. Ancaq ictimaiyyət və tənqidçilər onun işlərini anlamırdılar. Bütün yaradıcı insanlar kimi həssas, tələb olunmayan və özünü sübut etməyən biri olaraq rəssam bir neçə dəfə intihara cəhd edib, hətta psixiatriya klinikasında məcburi müalicə alıb. Ancaq o, yenə də onu həyatının görüşünə yaxınlaşdıran yoluna davam edirdi.

screen_shot_2016-11-29_at_11.00.40

Gənc bitllar

Bəli!

Conun hədsiz şöhrətindən irəli gələn eyforiyası ticari xarakter daşıyan yaradıcılığına qarşı şübhə və narazılığa keçməyə başlayırdı. Həmişə müstəqilliyi ilə qürur duyan o, birdən-birə özünü aldadılmış, ruhsuz, hitlərinin kütlənin tələbatına görə mexanikləşdirilmiş ştamplanma prosesinə cəlb olunduğunu görür. Axı Con çox böyümüşdü və hətta istedadının böyüklüyünə görə həmkarlarını da keçmişdi. İndi o daha ciddi musiqi yazmaq, daxili azadlığını geri qaytarmaq istəyir. Amma bu istəklər və eksperimentlər ona və qrup uşaqlarına nəyin bahasına başa gələcək? Onu dostluqdan, maddi firavanlıqdan, xoşbəxt ailədən məhrum edəcəkmi?...

Həmin vaxt musiqiçi artıq evli idi və bir uşağı vardı. Ümumiyyətlə, hər kəsin xəyal etdiyi hər bir şeyə sahib idi. Həqiqətən ona dəyişikliklər bu qədər vacib idimi? Bütün bu düşüncələr ona əzab verirdi. Ona cavablar lazım idi.

Bir az istirahət etmək istəyən Lennon belə bir ruh halında bir gün Indica qalereyasına gəlir. Bu qalereyada avanqard rəssam, konseptual heppeninqləri və instalyasiyaları ilə məşhur ekzotik yapon qadının işləri sərgilənirdi. Üzündəki adi yüngül istehza ilə Con eksponatlar arasında, onların ətrafında dayanmadan və dizaynlarının mənasını düşünmədən qeydsizcəsinə dolaşırdı. Lakin üstündə haradasa tavandan lupa asılan nərdivan onu saxladı və onda gənc oğlan həvəsini alışdırdı. O, bu nərdivanın pillələrini tək-tək qalxdı və lupanı alıb onu yuxarıya istiqamətləndirdi. Boşluqdan "HƏ" kəliməsi eşidildi. Lennon çox təsirlənmişdi: bu söz onun düşüncələrində - axtardığı əlamət, arzusuna razılıq, hərəkətə keçməyə çağırış kimi səsləndi!

screen_shot_2016-11-29_at_11.00.24

Con Lennon və Yoko Ono

O, elə həmin gün həyatının qadını ilə tanış oldu. O zaman hələ bunu bilmirdi. Vızbaş, qara saçlı, qalın qaşları və sıx dodaq xətti ilə, özündən yeddi yaş böyük və iki dəfə ailəli olmuş Yoko heç onun zövqündə deyildi. Onun eksponatlarından biri haqqında bədnam zarafat edən musiqiçi yenidən düşüncələrə qərq olaraq uzaqlaşdı. Yoko isə onun obrazını qəlbinə həkk edərək dalınca baxırdı. "Nəhayət ki, sevə biləcəyim kişini tapdım" - daha sonradan gündəliyində Yoko inamla bu barədə bildirmişdi.

İfritə!

Qətiyyətli yapon qadın Lennona bərk yapışdı. Ona zəng etməyə başlayır, görüşmək üçün yalvarır, qısa sirli mesajlar göndərir: "Nəfəs al", "Rəqs et"... O, hətta Lennonun həyat yoldaşı və uşağı ilə yaşadığı evə getməkdən və gecələri saatlarla onunla telefonla danışmaqdan çəkinmirdi. Onlar ikisini də həyəcanlandıran mövzular haqqında danışırdılar: yaradıcılıq, insan münasibətləri, antimilitarizm, sosial problemlər və onların həlli... Əvvəlcə qəribə rəssam Cona qıcıqlanma ilə yanaşı çaşqınlıq hissi verirdi. Ancaq uzun söhbətlər etdikdən sonra ona öyrəşməyə başlayır, onun fikirlərinə qulaq asır, onları anlayır, heyran olur və özü də fərqində olmadan Yokoya bağlanır. Həyat yoldaşını və uşaqlarını unudaraq ehtiraslı məşuq həyatı yaşayırlar. Lennonun həyat yoldaşı onları yataqda tutduqdan sonra boşanırlar və münasibətlərini rəsmiləşdirdilər.

screen_shot_2016-11-29_at_11.02.34

Con Lennon və Yoko

Tamamilə bu qadınla xəstələnən Lennon, onun üçün əhəmiyyətli olan hər şeyə dair fikirlərinə ehtiyac duyurdu. Vəziyyət o dərəcəyə gəlib çatmışdı ki, Con kollektivinin qoyduğu sərt – “yaradıcılıq prosesini kənar şəxslərdən, xüsusən öz qadınlarından gizli saxlamaq” tabusunu pozaraq onu özü ilə məşqlərə, kompozisiyaların səsləndirilməsinə aparırdı. Bundan başqa, Yoko musiqiçilərə narazılıq bildirməyə və işləri ilə bağlı məsləhətlər verməyə cürət edirdi. Tanımadıqları qadının görünməmiş ədəbsizliyi və güvəni ilə təhqir olunmuş musiqiçilər öz narazılıqlarını gizlətmirdilər. Bütün bunlar Conun xətrinə dəyirdi və getdikcə onu kolleqalarından uzaqlaşdırırdı.

The Beatles qrupu rəsmi olaraq parçalandıqda təəccüblü və məyus olmuş fanatlar kult qrupun dağılmasında Yokonu günahlandırdılar və onu ifritə adlandırırlar.

 

Make love, not war

Xüsusi olaraq onların Amsterdamda Hilton Otelində təsirli bal ayı ideyası mətbuatın və ictimaiyyətin diqqətini çəkdi. Məşhur cütlüyün epataj davranışlarına alışan jurnalistlər qalmaqallı şou gözləyirdilər: Con və Yokonun hər kəsin gözü önündə sevişəcəklərini düşünürdülər. Ancaq belə bir şey olmadı. Ətirsaçan güllərlə və öz təsvirləri ilə müharibə əleyhinə olan plakatlarla bəzədilmiş işıqlı bir otaqda evli cütlük geniş yataqda ağappaq pijamalarda tamamilə günahsız bir şəkildə uzanırdılar, günlərcə müsahibə verirdilər, hər kəslə cəmiyyəti narahat edən mövzularda söhbət edirdilər, sülh və sevgi naminə mahnılar oxuyurdular. Vyetnam müharibəsinə qarşı bu etiraz aksiyası böyük rezonans yaratmışdı və daha sonra yeni evlililər bu aksiyanı Monrealda Queen Elizabeth otelində təkrarladı. Con bu oteldə pasifistlərin dünya hərəkatının himninə çevrilən məşhur Give Peace a Chance mahnısı yazdı. Yarım ildən sonra Vyetnamda müharibəyə qarşı yarım milyondan çox etiraz edənlər Vaşinqtonda keçirilən nümayişə məhz bu mahnı ilə çıxdılar. Lennon qürur doldu idi.

screen_shot_2016-11-29_at_11.06.06

Dünya müdafiəsi naminə "uzanıqlı" nümayiş. Amsterdam, Hilton Otel, 1969-cu il.

Məlumdur ki, Con öz ordenini Böyük Britaniyanın Nigeriyada Biafre hadisələrində iştirak etməsinə və ABŞ-ın Vyetnamda dəstəyinə etiraz olaraq kraliçaya geri göndərmişdi.

Onu xəyalpərəst romantik kimi şöhrətləndirən mahnılardan biri də, Yokonun "Qreyfrut" kitabının və onun II Dünya Müharibəsi zamanı Yaponiyada uşaqlıq xatirələrinin təəssüratı altında yazılmış Imagine idi. Lennon Tittenhurst Parkındakı malikanəsinin yataq otağında bəyaz Steinway royalı arxasında oturdu və dünyanın siyasət, din, düşmənçilik olmadan nə qədər sadə və gözəl olacağı barədə oxudu. Yoko isə bu vaxt otağın pəncərələrinin taxtasını açırdı və günəşin şüaları ümid və aydınlığı simvollaşdıraraq qaranlığı yox etdi... O zamandan bəri, mahnı ən nüfuzlu və məşhur kompozisiyalar siyahısında lider mövqelərini tutur. Bu mahnını ən təmtəraqlı tədbirlərdə ifa edirlər. Belə ki, 1996-cı ildə Stivi Uander Atlantada keçirilən Olimpiyada oyunlarının bağlanış mərasimində bu mahnı ilə çıxış etmişdi. 2005-ci ildə Madonna Cənubi Asiyada sunami qurbanlarına yardım etmək məqsədilə keçirilən xeyriyyə layihəsi çərçivəsində Imagine mahnısını ifa etmişdi. 2006-cı ildə Piter Qabriel XX qış Olimpiya Oyunlarının açılışında bu mahnını ifa etmişdi. 2006-cı ildən Imagine mahnısı Nyu-Yorkun Times Square Meydanında ilin son dəqiqələrində səslənir. 2015-ci ildə isə Lady Gaga öz müşayiəti ilə bu mahnıyla Bakıda keçirilən ilk Avropa Oyunlarının açılış mərasiminə rəng qatdı.

screen_shot_2016-11-29_at_11.05.36_1

Fasilə

Oğlu Şonun dünyaya gəlməsindən sonra Con tamamilə uşağın və həyat yoldaşının qayğısına qalaraq, həmçinin məişət işləri səbəbi ilə kölgədə qalır. Onun pərəstişkarlar ordusu heyrətə gəlmişdi, bir çoxu bunu onun yaradıcı ölümü olduğunu düşünürdü və çox məyus olurdular. Yoko isə üzərinə ailə həyatının maddi tərəfini götürmüşdü: investisiya edərək, daşınmaz əmlak alaraq, birgə kapitalı artıraraq maliyyə işlərini aparırdı.

Beş il davam edən susqunluğunu Con Yoko ilə birgə yazdığı və nüfuzlu resenzentlər tərəfindən olduqca istehzalı və soyuq qarşılanan yeni Double Fantasy albomu ilə pozdu. Xüsusilə tənqidçilərdən birinin musiqiçiyə verdiyi "Yoko ilə evli olmayanları heç olmasa uzaqdan da olsa maraqlandıran bir şey alınanadək səsini kəssin" məsləhəti qulaqlarında cingildəyirdi.

 

screen_shot_2016-11-29_at_11.08.20

9 oktyabr 1975-ci ildə Lennonun otuz beşinci doğum günündə Şon adlı oğlu dünyaya gəldi.

 

Sonsuza qədər birlikdə

Şübhəsiz ki, dahi Lennona mübtəla olmuş, hər bir şeyini təqlid edən Mark Çepmen də eyni fikirdə idi. Lennon həyat yoldaşı ilə yorucu səsyazmadan və çəkilişdən qayıtdığı zaman Nyu-Yorkda The Dacota otelinin qarşısında onu məyus etmiş kumirinə beş güllə atdı.

Faciəli xəbərlərdən sarsılan dünya yasa büründü. Bütün səhvlər və yaradıcılığındakı durğunluq unuduldu. Tənqidi qırx yaşlı musiqiçinin həyatının son həftələrini kədərləndirən albom birdən-birə görünməmiş populyarlıq qazandı, satışlar göyə qalxdı.

Dul qalmış Yoko Conun yaxınlığında qətlə yetirildiyi Mərkəzi parkın landşaftına tam uyğun gələn Strawberry Fields memorialının yaranmasına bir milyon dollar xərc çəkdi. Elə orada onun külünü səpələdi və hər il həyat yoldaşını sadiq pərəstişkarlarının əhatəsində yad edir.

screen_shot_2016-11-29_at_11.09.48 

9 oktyabr 1985-ci ildə, Nyu-Yorkda, Mərkəzi Parkda Yokonun satın aldığı 10000 m2  sahədə Con Lennonun 45-ci yaş günündə yaranmış Strawberry Fields Memorialı

MƏTN: RƏNA VAQİF FOTO: MƏTBUAT MATERİALLARI