NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

KATRİN DENÖV. SEVGİ NAMİNƏ

Katrin Denöv 1964-cü ildə, "Şerburq çətirləri" musiqili filminin Kann uğurundan sonra super ulduz statusunu qazanıb. 1985-ci ildə o, hər bir Fransız şəhər meriyasında və polis bölməsində ənənəvi olaraq heykəli ucalan Mariannanın "siması" seçilmişdi. Onun üçün eksklüziv geyimlər yaradan İv Sen-Loranla (Yves Saint Laurent) ilə dost idi. O, gah mənfəətçil Jenevya, gah ərköyün Liliana, gah gündüz gözəli, ecazkar vampir və mazoxist rollarını ifa edib, hətta zehniyyətə zid olan psixopat rollarından da çəkinməyib. Kumir, stil ikonası, mənfəətçil sarışın, seks simvol - aktrisa bütün həyatı boyu bu damğalara qarşı mübarizə aparıb. O, bu gün də bütün bu anlayışların təmtərağı və riyakarlığından nifrət edir. Özünü həmişə sıradan bir qadın hesab edib. Yapon rejisor Hirokadzu Koreedanın çəkdiyi “Həqiqət” filmində öz memuarlarını buraxan məşhur aktrisa rolu onun "qlamur" kino obrazları arasında yer alır. Bu qədər fərqli, lakin hər dəfə təəccüblü və inanılmaz olsa da, o, hətta öz iradəsinə rəğmən bizim üçün həmişəlik kino divası və kumir olaraq qalacaq.

Berlindəki eleqant Adlon otelinin kabinetində oturub Katrin Denövu gözləyirəm. "O tezliklə gələcək, – agentlər durmadan mənə gah su və ya meyvə şirəsi süzərək təsəlli verirlər. – Amma heç bir foto çəkmək olmaz! Madam bunu sevmir...". Mikrofon çoxdan qurulub, qeydlər üçün bloknot, həmçinin itilənmiş karandaşlar masada yerini alıb. Daha bir iyirmi dəqiqə keçir...

Son illərdə Katrin Denöv müntəzəm olaraq Berlinə film festivalına gəlir. Bəzən o, Cinema for Piece qala gecəsində iştirak edir, başqa bir gün öz filmlərini təqdim edir – bu il Andre Teşinenin "Əlvida, Gecələr" filmi kimi. Adətən qırmızı xalı boyunca bir neçə dəfə yürüyür. Ancaq ən əsası – filmləri seyr edir. Xüsusilə nadir və ekzotik, demək olar ki, Avropada heç yayımlanmamış filmləri. Daha bir on dəqiqə keçir...

Aktrisa eleqant tünd kostyumda, dikdaban ayaqqabıda suitin qapısında görünür. "75 yaşında dikdaban? Bravo!" – ağlımdan keçir. Ecazkar, parlaq... Onun inanılmaz xarizması qeyri-ixtiyari olaraq yolunda duran hər kəsə sehrli şəkildə təsir göstərir: agentlərə, administratora, təsadüfi ziyarətçilərə və əlbəttə ki, mənə. Katrin sürətli, qətiyyətli addımlarla kabinetə girir, əlimi möhkəm sıxır, oturur, dərhal nazik siqaret paketini açır, qızılı alışqanı çıxarır və siqareti yandırır. Bir anda heyrətli baxışlarımı tutur, amma bunu özü bildiyi kimi izah edir:

– Biz özəl müəssisədəyik, burada siqaret çəkməyə icazə verilir. Mənə bəzən hətta mətbuat konfransında da siqaret çəkməyə icazə verirlər. Ümumiyyətlə, keç kimi narahat etməməyə çalışıram. Amma siqaret çəkmək və mən, hətta bu vərdişdən əl çəkmək haqqında söhbət tamamilə ümidsiz bir mövzudur! Xahiş edirəm, bu mövzuda sual verməyin.

Artıq yarım əsrdir ki, dünya kino izləyicisini həyəcanlandıran gözəl simasını nəzərdən keçirməyə davam edirəm: qızıl bej tonlarında ideal makiyaj, baxışlarına xumar zəriflik verən qalın, boyanmış kirpiklər... Bəzək əşyalarından – qəşəng böyük sırğalar, zərif brilyant saat. Bir qurtum su içərək, amma hələ də heyrətimi gizlədə bilmədən ilk sualı birtəhər səsləndirdim:

Bu formanı necə qoruya bilirsiniz?

İstehza dolu bir baxışla məni süzür:

Yəni siqaret çəkməkdən başqa nə işlə məşğul olduğumla maraqlanırsınız? Baxaq görək. İdman etmirəm. Yeməyi sevirəm. Düzdür, yayda tez-tez bağda çalışıram, çox yatıram və zəncəfil çayı içirəm. Zəncəfil çayı dəmləyə bilirsiniz?

Yox! ‒ yalandan gözlərimi bərəldirəm. Cavabım elə bil Katrini ruhlandırır:

Zəncəfil təzə alınmalıdır, sonra dilimlərə doğrayıb və üzərinə qaynar su tökülməlidir. Mən hətta çəkiliş meydançasına da dəmləyib gətirirəm və həmkarlarımı qonaq edirəm.

Söhbətimizi telefon zəngi bölür. Aktrisa üzr istəyir və italyan dilində cavab verir: Pronto. Konserjə verin. Niyə olmaz? Yaxşı, indi enirəm. Bağışlayın, ‒ nəhayət mənə müraciət edir, ‒ təcili bağlamanı qəbul etməliyəm.

Yenə gözləyirəm. Xanım Denöv on dəqiqədən sonra geri qayıdır və izah verir:

Berlinə gələndə həmişə buradan şokolad alıram. Bu yalnız burada satılan xüsusi bir çeşiddir, Kyara ilə biz bunu çox sevirik. Ümumiyyətlə, festivallarda heç vaxtım olmur, mağazaları gəzə bilmirəm. Yalnız bir dəfə birtəhər çanta ala bildim... Yazda bura gəlməyi arzulayıram: şəhərdə tələsmədən gəzmək, muzeylərə getmək istəyirəm... Adətən festivala gələndə həmişə kinoteatrlarda otururam. Bizdə heç bir vaxt göstərilməyən nadir filmlərə baxıram: Yapon, Çin, İran... Berlində heç olmasa filmlərə getməyə vaxt tapıram, Kannda isə hər şey qırmızı xalı, görüşlər, şam yeməyi və jurnallar üçün çəkilişlər ətrafında baş verir.

Bu yaxınlarda "Qızıl palma budağı" mükafatına layiq görülmüş yapon rejissoru Hirokadzu Koreedanın "Həqiqət" filmində rol aldınız...

Doğrudur, Culyet Binoş və İtan Houkla birlikdə rol almışam. Bu film onun ilk beynəlxalq layihəsi idi. Filmdə Yaponyaya aid heç bir şey yoxdur. Süjet onun əvvəllki ailə mövzularına aid işləri xatırladır. Əgər siz onun "Dükan oğruları" və ya "Oğula bənzəyən ata kimi" filmlərini izləsəniz, mənim nə dediyimi başa düşəcəksiniz. "Həqiqət" filmində mən məşhur bir aktrisa rolunu oynayıram, amma qəhrəmanın xarakteri, hər zamankı kimi, mənimkindən çox uzaqdır: o, çox eqoist, eqosentrik və dəlisovdur. Buna görə də belə bir qəhrəmanı təcəssüm etdirmək üçün bütün aktyorluq bacarıqlarımı xatırlamalı oldum. Bu rol həqiqətən məni əyləndirdi: axı bir çox insanlar mənim həyatda belə biri olduğumu düşünürlər...

Belə biri deyilsiniz?

Bu heç belə deyil! Kameralar mənə yönəlməyəndə rolum çox sadədir – mən kütlədən olan adi qadınam.

Bəs tamaşaçılarda sizin haqqınızda niyə belə bir fikir yaranıb?

Əmin deyiləm, amma bəlkə aktyorluq portfolioma görə, xüsusən gənclikdə oynadığım rollara görə. Mənə böyük şöhrəti "Şerburq çətirləri" filmi gətirdi, bu filmdə qəhrəmanım və onun anası burjua ailəsindəndir. Buna görə də Jenevyeva sadə bir mexanik yerinə zəngin zərgərə üstünlük verir. Ancaq qızın gənc, həm də hamilə olduğunu, dostunun müharibəyə getdiyini və ona artıq məktub yazmadığını nəzərə alın... Digər məşhur rol Luis Bunuelin çəkdiyi “Gündüz gözəli” filmində Severina rolu oldu. Bu filmdə gənc qadın kiçik bir quldur ilə roman yaşasa da, varlı əri ilə qalmağı üstün tutur. Onu da başa düşmək olar, çünki qanqster ona problemlərdən başqa nə təklif edə bilər? Bundan başqa, əri sadəcə qayğıkeş biri deyil, həm də yaraşıqlıdır. 1960-cı illərdə mən Klod Şabrol ilə əməkdaşlıq etməyə başladım, o isə burjuaziyanı əks etdirən filmlər sayəsində karyera qurmuşdu. Ancaq onun filmlərinə qərəzli yanaşmamalısınız. Bəli, onun qəhrəmanları kübar söhbətləri və həyat tərzləri kimi sünidirlər. Onun filmlərinin əksəriyyəti trillerdir və qəhrəmanlarının burjua həyat tərzi o qədər də cəlbedici deyil, əksinə, nifrətdoğurucu təsvir olunur. İlk "burjua" rollarımdan sonra artıq müxtəlif qəhrəmanları oynamağa çalışırdım. Roman Polanskinin "Nifrət" filmində qatil rolunu, Toni Skotun "Aclıq" filmində vampir rolunu oynamışam. Amma yaş ötdükcə daha çox dəlisov evdar qadınlar və ya qəribə pensiyaçı rollarını oynayıram. Məsələn, Fransua Ozon və Pyer Salvadorinin son əsərlərindəki kimi.

Görünür, həqiqətən burjuaziya tərəfdarı deyilsiniz...

Bəli, mən burjua cəmiyyətini sevmirəm, insanların aktual hadisələri müzakirə etmək istəmədiyi, sadəcə dostlarının və qonşularının qeybətini qırdığı, yeni dəbli geyimlər və ya tətili harada keçirmək haqqında boş söhbətlər etdiyi "sabun köpüyündə" yaşadıqları həyatı başa düşmürəm. Məni hər zaman hər şeyin guya gözəl olduğunu göstərən insanlar qıcıqlandırıb. Xeyr, mən müsbət quruluşa qarşı deyiləm – əksinə, yalana və mübahisə etmək qorxusuna qarşıyam. Həyat elə ziddiyyətli olduğuna görə maraqlıdır. Müzakirələrdən qorxmaq lazım deyil, axı bildiyiniz kimi, həqiqət onlardan yaranır.

1980-ci illərin ortalarından bəri siz "fransız yeni dalğasını" yaşayan bir neçə sənətkardan biri olan Andre Teşinenin çəkdiyi filmlərdə rol almısınız. Deyəsən, onun üçün aktyorluq ampluanızı tamamilə və uzun müddətlik dəyişmək məcburiyyətində qalmısınız...

Haqlısınız! Mən dizayner paltarlarını geyinmirdim, qlamur imicim xeyli dərəcədə solmağa başlamışdı. Mən Andre üçün dəyişdim: realist, zərif, özümə inamsız oldum. O, hər zaman məni görünüş olaraq sadə, amma eyni zamanda emosional, həssas rollara dəvət etməyə meyilli idi. Onlar güclü olsalar da, gərəksiz dərəcədə yaralanandırlar və onların qəlblərinin dərinliyinə baxmaq olur. Ona görə də onun filmində çəkilmək mənim üçün çətindir, çünki o, məni çox yaxşı tanıyır. Yəni həmişə oyunumu, düşüncə tərzimi əvvəlcədən təxmin edə bilir, bu isə mənə narahatlıq verir. Onu təəccübləndirə bilməyəndə həmişə həyəcanlanıram.

Bir müsahibədə, Teşine özü, onun üçün düşüncələrini yazdığı boş bir səhifə olduğunuzu etiraf etmişdi...

Düşünürəm ki, məşhur rejissorlar ümumiyyətlə öz obrazları ilə tamaşaçının zəhləsini tökməyən, ekrandakı görünüşü filmin özündən yayındırmayan aktyorlara üstünlük verirlər. Rejissorların izləyici təxəyyülünü təhrik edən, obrazlara öz ideyalarını və düşüncələrini əlavə edən personajlara ehtiyacı var. "Əlvida gecə" filmi – Teşine ilə yeddinci işimdir. Orada mən təkcə onun deyil, bütün bizim nəslin nəzər nöqtəsini təqdim edirəm. Yaşlı Mürielin düşüncə tərzinin nəvəsi Aleksdən daha müsbət olduğunu görəndə təəccübləndim. O, ərəb rəfiqəsinin təsiri ilə döyüşçü ordusuna qoşulmaq qərarına gəlir, lakin ona ümid verən, depressiyadan sağaldan, yenidən həyata qaytaran yeganə şəxs isə nənəsi olur.

Sizcə, indiki nəslin problemi nədir?

Gənclərin heç vaxt səbri olmur. İnsan yalnız yaşa dolduqca və öz həyat təcrübəsi ilə başqalarını mühakimə etməməyi öyrənir. Səbr – sevənlərdə və itirənlərdə olur. İyirmi yaşında isə hələ obyektiv ola bilmirsən. Qəhrəmanım heç kəsi mühakimə etmir – yalnız dinləyir və başa düşməyə çalışır. Başqasının, artıq yaşa dolmuş insanın taleyini həll etmək məcburiyyətində qaldıqda, Şekspir vəziyyətinə düşürsən. İndiki nəslin probleminin nə olduğunu bilmirəm. Bəlkə, ona görə ki, gəncliyimdə fəlakətlər daha az olurdu?

Deyəsən, Siz 18 yaşında, 1960-cı illərin əvvəllərində, qadınların hələ bu qədər imtiyazlara sahib olmadığı və çox müstəqil həyat sürə bilmədikləri zaman evi tərk etmisiniz...

Elədir. Mən aşiq olduğum üçün 1961-ci ildə valideynlərimin evini tərk etdim. Sonra başqa bir evli kişidən uşaq dünyaya gətirdim. Mətbuat o zaman da, məşhur aktyorların hər addımını diqqətlə izləyirdi. Paparazzi bizi küçədə güdürdü, hətta otel xadimələrinə məşhurların zibilində eşələnməyə görə pul verirdilər. Evli olmadığım kişilərdən iki uşağım var. Həmişə birlikdə olduğum kişiləri sevmişəm, amma həmişə müstəqil olmaq istəmişəm. Görünür, anama bənzəyirəm: o, artıq yüz yaşını aşırıb və hələ də tək yaşamaq istəyir, çünki heç kimdən asılı olmaq istəmir. Bundan əlavə, həyat özü məni müstəqil olmağa məcbur edib. Məsələn, Marçello Mastroyanni həyatıma girdikdə, həyat tərzinin asanlığını üstün tuturdu və qızımız dünyaya gəldikdən sonra onun tərbiyəsinin bütün yükünü çiyinlərimdə daşımaq məcburiyyətində qalan mən idim, baxmayaraq ki, özüm də praqmatik deyildim. Mənə elə gəlir ki, mənim nəslim müasir gənclərdən fərqli olaraq daha qayğısız idi. Biz çox vaxt məntiqdən kənar daha tez qərar verirdik. Əlbəttə ki, özümüz də bu arsızlığa görə məsuliyyət daşıyırdıq. Mən isə həmişə risk etməyi sevirdim. Mənə elə gəlirdi ki, etmədiyin şeyə görə peşmanlıq çəkməkdənsə, səhv etmək daha yaxşıdır. Həmişə stereotipləri sındırmağı sevmişəm və asan yollar axtarmışam – sadəcə yaşamaq və sevmək istəmişəm. Sevgi naminə hətta nüfuzumu da məhv etməyə hazır idim!

Hansı kişiləri bəyənirsiniz?

Cavab verməzdən əvvəl aktrisa uzun bir fasilə edir.

Həssas, emosional görünməkdən qorxmayan kişilərə üstünlük verirəm. Psixoloqlara, onların insanlara kömək edə biləcəklərinə inanmıram. Ancaq inanıram ki, hər bir kəs öz zəifliyini və həqiqi üzünü göstərə biləcəyi bir neçə yaxşı, sadiq dosta ehtiyac duyur. Mənim belə dostlarım var. Onların sayı azdır, amma onlarla söhbət edən kimi dərhal yüngülləşirəm və rahatlaşıram.

Sizi Fransız moda dizaynerləri sevirdi. Kolleksiyanızda İv Sen-Lorendən (Yves Saint Laurent) üç yüzə yaxın model var, bu isə moda tarixinin qırx ili deməkdir...

Pyer Berje məni İv Sen-Loren ilə tanış etdiyində iyirmi yaşlarımda idim. Gənc yaşda öz stilinizi müəyyənləşdirmək çətindir, çox vaxt ətrafdakıları nümunə götürürsən. İvdən başqa Lui Vitton və Kristian Diorun da geyimlərini həvəslə geyinirdim. Ancaq İv Sen-Loren ilə bütün ömrüm boyu davam edən dərin bir dostluğumuz var idi... Zəmanəmizdə yaxşı dizaynerlər çoxdur, amma düzünü desəm, belə bir səviyyədə ustalarla rastlaşmamışam. Bu gün kuturye adları aktyorlara onların geyimlərini geyinməsi üçün pul ödəyən brendlərin arxasında gizlənir. Mənim gəncliyimdə belə şey yox idi!

Əbədi gəncliyinizin sirrinin nədə olduğunu demədiniz?

Heç bir sirrim yoxdur. Çox su içirəm, günəşdən qorunmağa çalışıram və açıq havada vaxt keçirməyi sevirəm. Kinonu çox sevirəm, Parisdə olanda və ya səyahət edərkən tez-tez kinoteatra gedirəm. Televiziyanı sevmirəm, filmi böyük ekranda izləməyə üstünlük verirəm. Ən son favoritlərim - çinli Jia Zhangke və yapon Hirokadzu Koreedadır. Bundan əlavə, çox yaxşı bir vərdişim var - istənilən vaxt yata bilirəm və hər vəziyyətdə yuxuya gedirəm. Makiyaj, saç düzümü, səhnə çıxışları arasındakı fasilələr zamanı, nəqliyyatda - həmişə yatmağa vaxt tapıram. Əlbəttə ki, yaş ötdükcə güc azalır və bu gün özümü formada saxlamaq üçün daha çox səy göstərməliyəm. Çətin ki, anamın yaşına qədər yaşayım, amma ondan mənə həyatdan zövq almaq bacarığı keçib. Həm də yəqin ki, sevdiyim işlə məşğul oluğuma görə gənc qalmışam!

Müsabihə: Tatyana Rozenştayn

Foto: press-materiallar

Material 64-ü buraxılışda dərc olunub