NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

ŞAHIN MÜDAFİƏSİ

Şahmatçi ailəsində doğulmaq, qrossmeyster-bacilarla birlikdə böyümək, hələ üstəlik şəhriyar adini daşimaq... Görünür, onun alin yazisi belə yazilib ki, o tarixdə gənc şahmatçilar arasinda ilk və hələ ki, yeganə ikiqat çempion olsun!

Amma bu nailiyyət – sürətli şahmat üzrə çempionun, şahmat olimpiadasinin qizil medalçisi və Azərbaycan milli komandasinin tərkibində üçqat çempion Şəhriyar Məmmədyarovun sadəcə yolunun başlanğicidir.

Sürətli şahmata aşiq olan Şəhriyar ağ fiqurlarla oynamağa üstünlük verir, iqtisadiyyatdan anlayişi var, ambivertlərə inanir, bizim suallarimizi isə oyun vərdişinə əsasən sürətli və dəqiq cavablandirir...

Hər kəsin şahmatla peşəkar dərəcədə məşğul olduğu bir ailədə böyümək necə bir hissdir?

Bacılarımla yaş fərqimiz olduğundan aramızda xüsusi bir rəqabət olmayıb, əsasən də Türkanla. Əksinə, bir şahmatçı kimi gücləndiyimdə bacılarıma turnirlərə və birbaşa partiyalara hazırlaşmağa yardım edirdim.

Başqa seçiminiz olubmu, şahmatçıdan başqa kim ola bilərdiniz?

Düşünürəm ki, peşəkar şahmatçı olmaqdan başqa bir seçimim olmayıb. Sadəcə özümü heç bir vaxt başqa bir rolda və ya mühitdə təsəvvür etməmişəm. Uşaq vaxtı futbol oynayırdım, həm də kifayət qədər yaxşı oynayırdım, lakin heç vaxt futbolla peşəkar dərəcədə məşğul olmamışam.

Necə düşünürsünüz, əgər həyatınızda şahmat olmasaydı özünüzə hansı sahədə yer tapardınız?

Yəqin ki, yaxşı maliyyə analitiki, bankir və ya psixoloq olardım... Mən heç vaxt şahmatsız gələcək planları qurmamışam.

Necə düşünürsünüz, uşaqlıqda şahmatla məşğul olmaq şəxsiyyətin formalaşmasına təsir göstərir?

Hər şey necə məşğul olduğundan asılıdır: peşəkar dərəcədə ya yox. Peşəkar şahmat təhsilə mane ola bilər - təlimlərə və səfərlərə çox vaxt sərf etmək məcburiyətində qalırsan. Zövq üçün isə şahmatla məşğul olmaq - çox faydalıdır: bu məşğələ riyazi zəkanı, məntiqi, məhdud vaxt şəraitində qərar vermə bacarığını inkişaf etdirir. Şəxsən mənə tez-tez bir çox fənlərdə irəliləməyə kömək edir. Şahmat birmənalı şəkildə yaddaş və düşüncə sürətini inkişaf etdirir.

Uşaqlarınıza şahmat öyrədəcəkmisiniz?

Öyrətməyinə öyrədəcəm, amma məcbur etməyəcəyim dəqiqdir.

Gənclər arasında iki dəfə dünya çempionu olmaq - bu böyük məsuliyyətdir, yoxsa şahmat karyerasında yalnız bir pillədir?

Yəqin ki, ikincisi. Nə qədər tez irəliləsən, bir o qədər yaxşıdır.

Şahmat, sizin fikrinizcə, daha çox idman, elm və ya sənətdir?

Əlbəttə, daha çox idmandır və yalnız bundan sonra sənət və elmdir.

Yaxşı bir oyun üçün istedad, əzm və konsentrasiya qabiliyyəti kifayət edirmi? Yoxsa başqa bir amilə ehtiyac var?

Bütün sadalananlar mütləqdir, əlavə olaraq da bir çox başqa amillərə ehtiyac var.

Məsələn, psixoloji və fiziki hazırlıq - axı tez-tez şahmat taxtasının arxasında altı-yeddi saat oturmaq lazım gəlir.

Niyə dünyanın ən yaxşı şahmatçıları siyahısında qadın yoxdur? Şahmat - daha çox kişi oyunudur?

Fiziki idman növlərini saymasaq, qadınlara şahmatda bir qədər kişilərə xas olan möhkəmlik çatmır.

Ən çox kiminlə oynamaq xoşunuza gəlir?

Daim məğlub etdiyim oyunçularla.

Oyun zamanı kiminlə mübarizə edirsiniz: rəqibinizlə yoxsa özünüzlə?

Əlbəttə rəqiblərlə. Öz zəifliklərimə mübarizədə çoxdan qalib gəlmişəm.

Deyirlər ki, yalnız güclü şahmatçı öz zəif tərəflərini bilir. Gizlətmək istədiyiniz hər hansı zəif cəhətləriniz varmı?

Daha doğrusu gizlətmək yox, düzəltmək. Bəli, belə keyfiyyətlərim var və mən onları aradan qaldırmağa çalışıram.

Əsas rəqibiniz kimdir?

Yəqin ki, şahmat üzrə hazırki dünya çempionu - Maqnus Karlsen.

Şahmatda Sizin üçün ən vacib olan nədir: qələbə yoxsa oyun prossesi?

Nəticə, əlbəttə ki, daha vacibdir. Amma partiyanın keyfiyyəti də vacibdir. Tamamilə qazanılmış partiya böyük məmnuniyyət hissi verir!

Süni intellektə qarşı oyun haqqında nə düşünürsünüz?

Peşəkar şahmatçılar əsasən təlim üçün şahmat proqramlarından istifadə edirlər. "Proqram" ilə oyun heç bir maraq oyatmır: onların əsəbi yoxdur, onlar insan səhvlərini etmirlər. Tərəfdaşın duyğularını gördüyün üzbəüz oyun zövqünü heç nə əvəz edə bilməz.

İctimaiyyətin yüksək diqqəti, tamaşaçıların ümumi sevgisi oyuna mane ola bilər?

Onlar heç bir şəkildə mane ola bilməz, əksinə olduqca kömək edə bilər.

Şahmatçılar da bir növ yaradıcıdırlar və onlara tamaşaçı üçün yaratmaq olduqca xoşdur.

Sizin üçün ailə məfhumu, həyat yoldaşınızın dəstəyi nə qədər vacibdir?

Mən deyərdim - qiymətsizdir! Məsələn, ailə qurduqdan sonra mənim reytinqim sürətlə artmağa başladı.

Adi gününüz necə keçir?

Adətən səhər 10-da oyanıram, ailəmlə vaxt keçirirəm, şahmatla məşğul oluram, axşamlar isə dostlarımla görüşürəm.

Şahmatdan Sizi nə ayıra bilər?

Mən futbolu seyr etməyi, dostlarla domino oynamağı sevirəm. Aktiv idman növlərindən stolüstü tennisə üstünlük verirəm.

Necə hesab edirsiniz, Siz daha çox ekstravertsiniz yoxsa introvert? Bu keyfiyyətlərdən hansı biri oyunda daha çox kömək edir?

Şahmatda əlbəttə ki, introvertlərə daha asandır. Amma şahmatçıları iki düşərgəyə - ekstravertlərə və introvertlərə bölmək istəməzdim. Axı bir də ambivertlər var, onlar da böyük şahmatçı ola bilərlər.

Siz komanda oyunçususunuz yoxsa fərdiyyətçi?

Cavab vermək çətindir... Yəqin ki, hər ikisi. Amma komanda turnirlərində oynamağı daha çox sevirəm, baxmayaraq ki, bu daha çətindir: çox vaxt öz şəxsi maraqlarından daha çox komandanın maraqlarını düşünməlisən.

Sülhməramlı olmasına baxmayaraq, şahmat - hərbi strategiyadır. Necə düşünürsünüz, bir şahmatçı real həyatda lider ola bilər?

Düşünürəm ki, ola bilər. Peşəkar şahmatçılar menecerə də lazım olan bir çox xüsusiyyətlərə malikdirlər: əzmkarlıq, liderlik keyfiyyətləri, rəqabət mühitində fəaliyyət göstərmə vərdişi...

Dünyanın ən yaxşı şahmatçılarının yaşı azalır. Necə hesab edirsiniz, zəfər və yaş bir-biri ilə bağlıdır?

Burada hər şey fərdidir: kimi çox gənc yaşda buna nail olur, kimi isə kifayət qədər yetkin yaşda belə çox yaxşı oynamağa başlayır.

Ən intellektual oyunun şöhrəti şahmatı tənqiddən etibarlı şəkildə qoruyur. Sizin fikrinizcə, dahi şahmatçı olmaq çox ağıllı bir insan olmaq deməkdir?

Şübhəsiz ki, əlaqə var.

Gülümsəməyi sevdiyinizə diqqət yetirməmək mümkün deyil. Bu oyunda sizə kömək edirmi?

Oyun zamanı gülümsəmirəm, bu düzgün şəkildə köklənməyə mane olur. Odur ki, güman etmirəm.

Bir dəfə demisiniz ki, bu idmana əldə etdiyinizdən daha çox vermisiniz. Siz, FİDE reytinqində ikinci yeri tutan ilk Azərbaycanlı olaraq, həqiqətən də belə düşünürsünüz?

Açıqlamaq istərdim: dünyada ikinci yerdə canlı reytinqdə idim. İndi isə üçüncüyəm. Ümid edirəm ki, birinci olacam və belə hesab etməyə son qoyacam!

Belə bir mükafat və qələbələr varmı ki, onlardan sonra: "Mən istədiyim hər şeyə nail oldum" deyə biləsiniz?

Böyüklər arasında dünya çempionatında qalib olmayanadək, səy göstərəcəyim məqsəd var.

MÜSAHİBƏ NİGAR ORUCOVA FOTO XALİD ZEYNALOV