Qələbə formulu hansi elementlərdən ibarətdir? Bu barədə düşünmüsünüzmü? Mən düşünmüşəm. Qaliblər nədən yaranib? Ümidsizlikdən yoxsa inaddan? Əməksevərlikdən yoxsa arzudan, ya bəlkə hər şeyə rəğmən hər şeyin öhdəsindən gəlməkdən? 2017-ci ilin avqust ayi. London olimpiya stadionu. Yüzlərlə, minlərlə, milyonlarla azarkeş öz yerlərində, 8 atlet isə qaçiş ciğirinda startin intizarinda donub qaliblar. ...5, 4, 3, 2, 1 – və nəhayət həyacanlandirici siqnal verildi! Planetin ən yaxşi 8 qaçicisi saniyələr ərzində məsafəni qət edirlər... 50, 100, 150, ən qiymətli 200 metr arxada qaldi və budur o - ən sürətli! Sadə Quliyev soyadli sprinter. Axi kim ehtimal edə bilərdi bunu?
Bəs, yaxşi, qaliblər nədən yaraniblar? Triumfa aparan yolda həlledici təkan hansidir? Qanadlandiran arzu? Şəksiz məhəbbət? Bəlkə siz qələbə hekayəsini ilk ağizdan dinləmək istəyirsiniz? Mən istəyirəm.
Ramil, Bakıda oğlan uşaqları daha çox şərq döyüş növləri seksiyalarına yazılırlar, şahmat və futbolla məşğul olurlar. Siz isə yüngül olmayan yüngül atletika yolunu seçdiniz. Niyə?
Mən idmançı ailəsində dünyaya gəlmişəm və mənim idman gələcəyim anadan olduğum andan müəyyənləşmişdi. Təhsil aldığım Olimpiya ehtiyatları liseyində çox sayda müxtəlif idman seksiyaları var idi. Özümü üzgüçülükdə, boksda, cüdoda sınamışam, amma qəlbimə yatanı olmayıb... Mən zövq almırdım. Atam məni yüngül atletika seksiyasına aparanda 13 yaşım var idi və elə ertəsi gün məni şəhər çempionatında çıxışa təqdim etdilər. Bu yarışda qalib gəldim və nə ilə məşğul olacağım barədə bütün suallar öz-özünə həllini tapdı.
İlk böyük qələbəm yeniyetmələr arasında dünya çempionatında baş tutmuşdu. Orada 2-ci yeri tutduqdan sonra anladım: bu iş mənlikdir. Beləcə bütün vaxtımı bu idman növünə həsr etmək qərarına gəldim.
Londonda keçirilən yüngül atletika üzrə Dünya çempionatındakı qələbəniz, həmçinin Sizin şəxsi nümunəniz insan ruhunun gücü, bütün maneələri dəf edərək məqsədə doğru irəliləməyə hazırlıq haqqında xrestomatik ideyalı Hollivud filminin süjetinə bənzəyir. Üç illik karantinə məruz qalan idmançı, (bu müddət ərzində Siz axı peşəkar idmanla vidalaşa da bilərdiniz?), sürətli afroamerikalıları ötüb keçməyə cürət edən ağdərili atlet və milyonlarla azarkeşi duyğulandıran gözlənilməz jest – Azərbaycan və Türkiyə bayraqları ilə qaçış... Belə super qəhrəmanlar necə yaranır?
Sözsüz ki, hər bir qalibiyyətin arxasında böyük zəhmət dayanır, mən də istisna deyiləm. Komandan yoxdursa, heç nəyə nail ola bilməzsən. Bu medal 10 illik əməyin bəhrəsidir. Təəssüf ki, bəlkə də xoşbəxtlikdən, mən yüngül atletika ilə məşğul olmağa başlayanda biz damından qışda su sızan soyuq manejdə məşq edirdik. Sonra maneji təmirə bağladılar və daha sonra biz istənilən hava şəraitində qaçırdıq: yağışda, qarda...
Hansı şəraitdə başladığını xatırladıqda indi malik olduğun hər şeyə dəyər verirsən. “Fənərbağça” klubu və Türkiyə Yüngül Atletika Federasiyası sayəsində özümü göstərə bildim, pik nöqtəmə çatdım.
Ümid edirəm ki, bu hələ başlanğıcdır.
Mənə həmişə deyirdilər: bu idman növü nəyinə lazımdı, axı sprint Amerika məktəbidir, Birləşmiş Ştatlarda məşq etmək lazımdır, ya da ki, qaradərili idmançı olmalısan; bu mümkünsüzdür, bu real deyil və sair. Amma mən həmişə əmin idim: çox və yaxşı məşqçi ilə işləsən, beləsi ilə isə mən idman karyeramı başlayanda rastlaşdım, o zaman istənilən hədəfə yetişə bilərsən.
Məni dəfələrlə təhsil almaq üçün ABŞ-a dəvət ediblər, amma mən imtina etmişəm. Axı orada mənim kimi yüzlərlə, minlərlə idmançı var və hamısı da uğur qazanmaq üçün gəliblər. 100% əminəm ki, orada daha ciddi motivasiyaya malik gənclər var. Buna görə də, problemlərə məhəl qoymayaraq, evdə qalıb çalışmalarımı davam etdirmək qərarına gəldim. Deyirlər ki, su daşı yonur... Eyni şeyi hər gün təkrarlamaq üçün çox vaxt və səy lazımdır, amma bu ən yaxşı olmağın yeganə yoludur.
Peşəkar idmandan söz düşdükdə adətən “inad”, “səbir”, “yaxşı fiziki göstəricilər” ifadələrindən istifadə edilir... İstedad amilindən danışmaq nə qədər yerinə düşər?
Bütün keyfiyyətlər bərabər səviyyədə lazımdır, nə isə çatışmırsa, siz uğur qazanmayacaqsınız. Yeniyetmələr üzrə götürsək, əlbəttə, burada istedad amili vacibdir. Yadımdadır ki, yeniyetmə çağımda mən indiki ilə müqayisədə praktiki olaraq məşq etmirdim. Yeniyetmə yaşlarında idmançı istedadı sayəsində “vəziyyətdən çıxır”. Amma sonralar yalnız mütəmadi məşqlər, səbir və iradə öz işini görür.
İdman aləmində belə bir deyim yayılıb: “Təkəbbürsüz sprinter artıq nailiyyətdir”. Həm Azərbaycan, həm də Türkiyə yüngül atletika tarixində dünya çempionatının qızıl mundialını qazanmış atlet olaraq Siz yenə də YouTube-dakı izləyicilərinizin suallarını cavablandırırsınız, mətbuat üçün açıqsınız... Məgər çempion titulu sizə sirr pərdəsini ötrməyə məcbur etmir?
Qaçış cığırında, zalda, stadionda etdiklərin və bütün idman nailiyyətlərin başqaları haqqında fikirlərini dəyişməməlidir. Adətən sən daha çox uğur qazandıqca sənə paxıllıq edənlərin və bədxahların sayı da artır, bəzən onların sayı uğurun dərəcəsini təyin edir. Ünvanıma neqativ replikalar eşidəndə - bu mənim üçün göstəricidir: mən düz yoldayam! Əgər “sən bunu bacarmayacaqsan” deyirlərsə, deməli mən bunu mütləq bacaracam! Məşqlər də belədir. Məşqçi müəyyən vəzifə qoyur, mən isə deyirəm: “Gəlin, bunu 130% edək”. Əgər o “yox, bu mümkün deyil!” deyirsə, deməli etmək lazımdır. Mən artıq məşqçimdən “mümkün deyil!” cümləsini eşitmirəm, indi o “cəhd edərik!” deyir.
Yeri gəlmişkən, bloq haqqında. Siz YouTube-a məşqlərinizin video görüntülərini yükləyirsiniz və yarışlara hazırlıqların sirləri ilə bölüşürsünüz. Sizin bu məşqlərinizin sayəsində qonşu zolaqda rəqibin peyda olmasından ehtiyatlanmırsınız?
Əlbəttə, mən ən əsas sirrimi açıqlamıram: o isə mövcuddur!.. Həm də fərdilik kimi vacib amil də var. Məsələn, məndə bir şey çatışmır, digər idmançıda isə başqa bir şey... Rəqiblər həmişə olacaq və həmişə də səndən daha güclü kimsə tapılacaq. Çempionları ştamplamaq üçün vahid universal proqram yoxdur. Amma bütün işin qurulduğu əsas özüllər mövcuddur. Əsas sirrimi idmandan getdikdən sonra və yaxud məşqçi kimi fəaliyyət göstərəcəyim təqdirdə açacam.
Siz və daimi məşqçiniz Oleq Muxin dəfələrlə məşqlərə analitik yanaşmanız barədə bəyan etmisiniz – həlledici yarışlara xeyli qalmış rəqiblərin güclü və zəif tərəflərini götür-qoy etmisiniz. Bu, strateji yanaşma təqdirində qələbəni əvvəlcədən hesablamağın mümkünlüyü anlamına gəlirmi?
Məqsədə həmişə hərtərəfli yanaşmaq lazımdır. İnformasiya nə qədər çox olsa, bir o qədər yaxşıdır. Axı idman həmişə həm psixoloji, həm fiziki, həm də strateji mübarizədir... Biz məşqçi ilə istənilən hava şəraitində hazırlaşırdıq; dünya çempionatının yarımfinalında hava soyuq idi, yağış yağırdı, amma biz bunu ehtimal edirdik və nəticədə də çempionat asan keçdi. Bütün nüansları nəzərə almaq lazımdır...
Deməli, qaçışda yalnız cəld və güclü ayaqlar deyil, həm də parlaq zəka lazımdır?
Qaçışda hər şey vacibdir! Biz ən yaxşılarla yarışırıq. Planetdə təqribən 7,5 milyard insan yaşayır və hamıdan yaxşı olmaq lazımdır, yaxşıların ən yaxşısı! Hamı çempion titulu arzusundadır, hamı məşq edir, hamı çalışır. Bizə heç nəyi bağışlamırlar. Kiçik bir səhv, kiçik yalnış addım – vəssalam, nəticədən əlini üzə bilərsən.
Londondakı Dünya çempionatından və Brilyant liqa yarışlarından sonra Sizi “ağ Bolt” çağırmağa başladılar. Belə titul gərginlik bəxş edir, ya daha böyük rekordlara motivasiya edir?
Belə deyə bilərəm: mövsüm sona çatdı və biz hər şeyi yenidən başlayırıq. Əlbəttə, səni böyük idmançı ilə müqayisə etmələri xoşdur. Ümumiyyətlə idman elə bir şeydir ki... bu gün qalib gəlmisən – sən çempionsan, sabah isə səni unuda bilərlər və sən yenə də hamıya sübut etməlisən ki, sən bacararsan. Əsas odur ki, burada olmağımızın məqsədini unutmayaq.
Artıq Bolt karyerasını başa vurduğunu bəyan etdikdən sonra Sizin ciddi rəqibləriniz varmı?
Təqribən 10-12 nəfər eyni səviyyədə olduğum idmançılar var, konkret lider isə yoxdur. Bolt var idi – getdi. İndi sərt mübarizə başlayır: bütün perspektivli oyunçular anlayırlar ki, çempion ola bilərlər, bu isə daha ciddi rəqabətə sövq edir. Düşünürəm ki, belə rəqabətlə nəticələr də yüksək səviyyədə olacaq.
Müsahibələrinizdə siz həm sadə insanlar, həm də idmançılar arasında afroamerikan atletlərinin genetik üstünlüyü haqqında formalaşmış fikri təkzib edirsiniz və bunu onların sadəcə hazırlıq prosesinin dəfələrlə intensiv olması ilə əsaslandırırsınız. Elə isə ağdərili idmançılara daha effektli məşqlər sistemini inkişaf etdirməyə nə mane olur?
Hər halda bu böyük zəhmətdir, çox çalışmaq, böyük yükləmələri dəf etmək, özünü saatlarla yoraraq ağır məşqlərə dözmək lazımdır – buna hər kəs razı olmaz! Ağdərili insanlar ümumilikdə daha yaxşı yaşayırlar və idmana alternativ olaraq təhsil almaq imkanları var; çox az sayda afroamerikalı belə imkana sahibdir. Sadəcə Ali məktəbə daxil olmaq üçün pedaqoqların yanına getmək, təhsil haqqı ödəmək lazımdır, lakin buna hamının imkanı çatmır. Əgər sənin idmanda istedadın varsa, sənə təhsil almaq üçün vəsait və təqaüd ayırırlar, yaşayış yeri ilə təmin edirlər.
Sizin bədəninizdə çox sayda tatu var. Bu şəkillərdə hansısa bir məna gizlənib? Onların sırasında Sizin üçün daha əhəmiyyətli, xüsusi tatu varmı?
Bütün döymələr həyatımın müəyyən bir dövründə edilib, hər biri nəyisə xatırladır. Keçmiş gələcəyi yaradır.
Sizin əsas qələbəniz hələ irəlidədir? Əgər belədirsə, Sizin hazırkı hədəfləriniz nədir?
Bu ilin avqust ayında Berlində Avropa çempionatı keçirilməlidir, biz bu yarışa səylə hazırlaşırıq. Başqa yarışlar da var, məsələn, Brilyant liqanın mərhələləri. Orada ancaq elit idmançılar iştirak edə bilər və belə yarışlarda iştirak faktı artıq özü böyük nailiyyətdir. Dünya çempionu olduğum üçün mənim iştirakımı təsdiqlədilər və çox ümid edirəm ki, mövsümə yaxşı hazırlaşmağı, zədələrdən qaçınmağı və layiqincə çıxış etməyi bacaracam.
Tanınmış yazıçı və marafonçu Xaruki Murakami “Qaçış haqqında danışanda mən nədən danışıram” adlı kitab yazıb. Bu kitabda o xüsusilə qaçıcının mantrası haqqında söz açır. Qısa məsafələrə qaçış zamanı atlet düşünməyə macal tapırmı?
Əlbəttə, biz qaçış zamanı düşünürük, amma yalnız taktika haqqında: nə zaman sürəti artıraq, nə zaman azaldaq, necə sıxılmayaq və sair. Bundan artığına vaxt qalmır, axı bizim qaçışımız cəmi 10 və 20 saniyə davam edir!
Sizin mantra nədən ibarətdir?
Hər şeyə rəğmən və ruhdan düşməyərək sevdiyin işi yerinə yetirirsənsə, yekunda uğur qazanacaqsan. Sadəcə çalışmaq, çalışmaq və çalışmaq lazımdır! Artıq son həddə yetişdiyini hiss etdikdə isə, bir az da çalış, bir az da və bir az da və ətrafda hər şeyin necə dəyişdiyini görəcəksən. Bax, mənim mantram budur.
MÜSAHİBƏ NONNA MÜZƏFFƏROVA FOTO ELMAR MUSTAFAZADƏ