NARGIS
NARGIS MAGAZINE
Simalar

BYANKA BALTİ: “BAKIDA ÖZÜMÜ EVİMDƏKİ KİMİ HİSS EDİRƏM!”

 Başlanğıc

Karyerasının sübh çağında uğursuzluqlarla bitən çoxsaylı kastinqlərə aid verilən birinci sual, modeldə təbəssüm doğurur – görünür, bunu eşitməsi ilk dəfə deyil. Nə etmək olar, böyük şöhrət həmişə çoxlu sayda şaiyələr və miflərlə müşayiət olunur. Byanka da bu məsələdə istisna deyil. Model bu sözlə başlayır: "Allora (min sözü əvəz edə bilən sehrli zərf), bu, həqiqətə tam uyğun deyil. Həmin vaxtlar mənim ümumiyyətlə hansısa xüsusi bir planım yox idi". Karyerasının başlanğıcına görə, Balti də, bir çox məşhurlar kimi, təsadüfə borcludur – kolleqası ilə supermarketdə tanış olmuş və o, Byankanı, Brave Model Management model agentliyinin prezidenti Brunonun yanına gətirmişdi. Məhz o da, pirsinqli qiyamçının qadın gözəlliyini üzə çıxaracaq və onu dünyaya tanıdacaqdı. Karyerasının əvvəlində o, öz zahirinin “tipikliyi” barəsindəki şərhləri dəfələrlə eşitmişdi. Byanka təəccüblənmir: "Razıyam, məndə parlaq ifadəli cizgilər yoxdur. Amma başqa yandan, uğurum da elə bundadır. Məhz, bu “tipikliyin” sayəsində, bu qədər reklam müqavilələrim var və mən artıq on ildir ki, bu seqmentdə işləyirəm, – məğrur əminliklə model bildirir. – Mən bu gözəlliyi daha çox klassik adlandırardım". Məhz, bu "klassikanın" sayəsində Byanka, dəfələrlə müxtəlif kosmetik brendlərin elçisi olub, həmçinin, demək olar ki, bütün məşhur jurnalların üz qabıqlarında görünüb.

_MG_7261 copy

Dolce&Gabbana ailə ənənələri

Heç kəsə sirr deyil ki, modelin formalaşmasında ən əhəmiyyətli rolu oynayan, onun, Dolce&Gabbana dəb evi ilə bağlanmış ilk və ən uğurlu reklam müqaviləsi olub, bunu Byanka, arzunun təcəssümü adlandırır: "Yeniyetmə yaşımda, yəqin ki, o vaxtkı yaşıdlarım kimi, mən də istəyirdim D&G leybli ilə nəyimsə olsun. Yadımdadır, o vaxt otağımın divarından Jizel Bundxenin Dolce&Gabbana ilə birgə çəkilmiş reklam plakatı asılmışdı". Cəmi iki ildən sonra, Jizel öz vaxtında necə olmuşdusa, Byanka da o cür, yorulmadan onu “Siciliya gözəlliyinin təcəssümü” adlandıran brend dizaynerlərinin muzasına çevriləcək. Model, öz növbəsində, Domeniko və Stefano ilə isti münasibətlərilə fəxr edir və tez-tez dizaynerlərin başlarının prosesə çox qarışdığını qeyd edir.

bianca 1

Öz ailəsində isə, Byanka bir neçə rolu eyni vaxtda oynayır: qızı Matilda üçün o, həm gənc ana, həm böyük bacı, həm də rəfiqədir. Əsl italyan qadını kimi, uşaqlara inanılmaz bağlılığı olan bu model, tez-tez etdiyi səfərləri işinin ən çətin tərəfi adlandırır, çünki qızcığazı üçün darıxır. "Ondan uzaqda özümü tənha hiss edirəm, amma eyni zamanda da istəyirəm ki, dərk eləsin: qadınlar da işləməlidirlər". Doğrudan da, heç kəsə sirr deyil ki, insanın gələcəkdə dünyaya olan münasibəti, erkən yaşlarda ana ilə münasibətin necə qurulmasından asılıdır və çox vaxt da məhz, qızlar analarının davranışını nümunə kimi götürür, öz həyat ssenarilərini buna oxşar formalaşdırırlar. Ailə ənənələri haqqında mövzunun gedişatı zamanı, məndə o saat sual meydana gəlir: "Sizin münasibətlərinizlə, Sizin ananızla olan münasibətlər arasında bir oxşarlıq varmı?" "Qızımla mənim aramda olan münasibət hal-hazırda anamla mənim aramda olan münasibətə bənzəyir. Amma mənim uşaqlıq vaxtımdakıyla heç bir oxşarlığı yoxdur. Əgər filmə baxdığımız zaman öpüş səhnəsi gələrdisə, – Byanka xatırlayır, – anam o saat kanalı dəyişərdi, ya da xahiş edərdi ki, gözlərimi yumum, üstəlik, heç vaxt da qeyri-normativ sözlər işlətməzdi – qorxardı ki, sonra mən təkrar edərəm. Mənimsə, qızımla münasibətlərim daha açıqdır. Görünür, bu, nəsillər arasındakı fərqlərlə əlaqədardır, axı, zaman dəyişir, həmçinin – biz də. Amma ən maraqlısı burasıdır ki, anam, qızımla aramızdakı münasibətlərdən çox şeylər öyrənir. Bir növ, burulğandır." Əslində, Baltinin karyerasındakı erkən uğur, təkcə qohumluq münasibətlərinə deyil, həm də bütövlükdə həyata olan baxışlarının dəyişilməsinə gətirib çıxardı. "Qabaqlar, qayğısız anlarımdan zövq alan yeniyetmə idim, bu gün isə həyatımın planına daha məsuliyyətlə yanaşmalı oluram: mənim qızım, işim, evim və əlbəttə ki, pulum var". Model təvazökarlıqla etiraf edir ki, sonuncu dediklərini hələ də idarə edə bilmir.

DSC_6884

Yeni gözəllik etalonu, yoxsa onun yoxluğu

ХХI əsrdə model necə olmalıdır sualına, Byanka müqayisə üçün 90-cı illəri misal gətirir, o vaxtlar ən azı Naomi və Lindanı tanımamaq olmazın fenomen hesab olunurdu. Model özünü bu sırada görmür, çünki belə bir siyahının artıq olmadığını sanır: "Artıq insanlar özlərinə modellərdən büt yaratmırlar, çoxları hətta onların adlarını yadda saxlamağı da lazım bilmir." Əslində Byanka – dünya podiumlarını fəth etmiş az sayda italyan əsilli modellərdən biridir. Uğur səbəbini o, təkcə zahiri görünüşdə yox, həm də lazımi vaxtda lazımi yerdə olmaqda görür. Onun istedadı podiumda gözəl yeriməklə və dəb jurnallarının üz qabığından məftunedici baxışlarla baxmaqla məhdudlanmır: Byankanın hesabında kinodakı rolu da var (Go Go Tales – "Striptiz-klubun nağılları", 2007), orada o, erotik şounun baş rəqqasələrindən birini oynayıb. Filmin rejissoru Abel Ferrara, bu rolu Baltiyə, o hamilə olanda təklif etmişdi. "Çəkilişləri cəmi üç günün içində aparmağı planlaşdırırdılar. Ona görə, bu mənim üçün elə də çətin olmadı". Byanka aktrisa karyerasını davam etdirmək qərarına gələ bilmədi, belə ki, hesab edir kino karyerasında uğur qazanmaq üçün təkcə istedad yox, həm də müəyyən bacarıqlar lazımdır və yetərincə boş vaxtı olmadığından, onları qazanmağa tələsmir.

DSC_7083

Gələcəyə planlar

Avtobioqrafiyasını yazması təklifimə model gülür: "Əminəm, əgər bir gün bunu etsəm, hamıya şok təhlükəsi yaratmış olaram. Bunun üçün çoxlu maraqlı mövzular toplamaq lazımdır. Mənim isə maraqlı anlarım o qədər olur ki, avtobioqrafiyamı hər beş ildən bir yaza bilərəm. Amma, karyeramdakı nailiyyətləri bölüşmək üçün, düşünürəm, bir az gözləməyim lazımdır". Byanka, karyerası bitəndən sonraya olan planları haqqındakı sualıma cavabdan yayınır: "Doğrusu, bir neçə ideyam var. Amma biz italyanlar çox xurafatçıyıq və nadir hallarda öz planlarımızı kiminləsə bölüşürük, qorxuruq ki, baş tutmaz. Chi vivra, vedra! (Yaşayarıq – görərik!)."