DUBAYA EDƏCƏYİM SƏFƏR ÖNCƏSİ SKEPTİK ƏHVALIMI XATIRLAYIRAM: GUYA ORADA DARIXDIRICIDIR, SADƏCƏ QUM VƏ GÖYDƏLƏNLƏR VAR... ƏGƏR O ZAMAN MƏNƏ DESƏYDİLƏR Kİ, ORADAN QAYITDIQDAN SONRA MƏN HƏR DƏFƏ "DUBAY" ADI GƏLDİKDƏ XOŞBƏXTCƏSİNƏ GÜLÜMSƏYƏCƏYƏM VƏ ONU ƏN SEVDİYİM ŞƏHƏRLƏRİN SİYAHISINA ƏLAVƏ EDƏCƏYƏM - İNANMAZDIM!
Səninlə qalacaq olan Mirage
Dünya şöhrətli otel şəbəkəsinin One&Only adı artıq insanı romantizm əhvalına kökləyir. Burada şeyxlərə layiq ovsunlanmış mühitdə özünü nağıllardakı kimi hiss edirsən. Vestibüldə xüsusi, müşk-baharatlı ətir və gülərüzlü (yeri gəlmişkən rus dilli) personaldan welcome-drink təklifi uçuşdan sonra insanı dərhal sərinlədir.
One&Only Royal Mirage kurort kompleksi təmtəraqlı ərəb saraylarının üslubunda hazırlanmışdır. Onun ərazisi demək olar ki, sahil xətti boyunca bir kilometr uzanır. Pəncərədən "Palm Island Bay" süni adaları görünür. Bir-birinə rəvan şəkildə keçid edən otelin üç korpusu - The Palace, Arabian Court və Residence & Spa - 26 hektar mənzərəli bağçanın içində yerləşir. Korpuslardan savayı burada eksklüziv Beach Garden Villa yerləşir - hətta villa deyil, əsl mini-saray. Burada qonaq otağı, iki yataq otağı və milli üslubda tərtib edilmiş istirahət zonası var.
Amma istirahət zonası gözləyə bilər! Yoldan gələn kimi Spa mərkəzini ziyarət etmək ən yaxşı seçimdir. Genişliyi və əzəməti ilə sarayı deyil, (onlar sizi bezdiriblər artıq?), məbədi xatırladır. Adı buraya aid olmayan Velnes səcdəgahına həsr olunmuş, üzlüyü açıq rəngli mərmərlə örtülmüş, qübbə və arkalar ilə əhatə olunmuş, mozaika və əlbəttə ki, ənənəvi şərq çıraqları ilə bəzədilmiş məbədi...
ESPA kimi etalon kosmetika vasitələrindən savayı burada bir çox təbii komponentlər tətbiq edilir: dəniz palçığı, duzlar və yosunlar, ayurvedik gil, aromatik yağlar (rozmarin, dəfnə, darçın, şirin badam, sərv, mentol, laym), zəncəfil...
İlk növbədə, hamama getməyi məsləhət görürəm. Burada Mərakeş, Türkiyə və Tunisdən olan məharətli masajist qadınlar sizə zövq dünyasının qapılarını açacaqlar. Şərq ənənələrinə burada müqəddəs şəkildə riayət edirlər: hamam dəsmalı olan peştemal, dərin təmizləyici qara sabun və skrab sürmək üçün xüsusi əlcək - bir sözlə, burada özünüzü təravətli və yenilənmiş hiss etmək üçün hər şey var!
Su prosedurlarından sonra, qastronomiya axtarışlarının tam zamanıdır. One&Only Royal Mirage otelinin mətbəxi ən təcrübəli qurmanı belə məmnun edəcək. Kurortda Asiya, Hind-Avropa, Mərakeş, Aralıq dənizi ölkələrinin şedevrini təqdim edən səkkiz restoran fəaliyyət göstərir. A-la furşet süfrəsinə üstünlük verənlər üçün əsl cənnət sayılan aralıq dənizi mətbəxindən ibarət Olives restoranı bütün gün açıqdır. Şam yeməyi zamanı "Tagine" Mərakeş restoranı açılır: buranın dekoru xüsusi olaraq birbaşa Mərakeşdən gətirilib, ədviyyəli mətbəx və bir o qədər də ekzotik milli musiqi isə sizin üçün əsl kəşf olacaq. The Palace korpusunda yerləşən Beach Bar & Grill restoranında seçmə dəniz məhsulları təqdim olunur. Dubayda böyük restoran seçimlərinə baxmayaraq otelin qonaqlarının məhz burada yemək yeməyə üstünlük vermələri təəcüblü deyil.
One&Only The Palm kurortunda yerləşən STAY restoranında Mişlenin üç ulduzuna layiq görülmüş baş aşpaz Yannick Allenonun yeməklərindən alacağınız ləziz qastronomiya təəssüratları sizi gözləyir. Qonaqpərəst aşpaz hətta sizi ən müqəddəs məkana - kulinar şedevrlərini hazırladığı mətbəxə dəvət edəcək və sizi öz komplimentlərinə... ya da komplementlərinə qonaq edəcək (sifarişi gözlədiyiniz müddətdə təqdim olunmuş yüngül məzələr belə adlanır). Sizə hansı xoşdursa. Məkana məxsus nou-hau isə - "Şirniyyatlar kitabxanası" adlı xüsusi desert menyusudur. Bu menyu şirniyyat sevənlər üçün firavanlıq, fiquralarını qoruyanlar üçün isə öhdəsindən gəlmək mümkün olmayan sınaqdır. Restorandan Dubai Marina bölgəsinin məşhur göydələnlərinin mənzərəsini seyr etmək mümkündür, onsuz da əmirliyin ən mənzərəli yerlərindən biri olan One&Only The Palm kurortundan bu göydələnlər hər tərəfdən görünür.
One&Only Royal Mirage kurortuna aid limandan şəxsi və ya ictimai kater ilə bura gəlmək və geri qayıtmaq çox asandır. One&Only The Palm - eleqant, hər şeydən uzaq şəraitdə sakit istirahətin əsl oazisidir. Möhtəşəm bağçalar, mötəbər fəvvarələr, hovuz sularının hamar səthi və dənizin köpüklənən parıltısı unudulmaz təəssürat bəxş edəcək!
Fəal istirahət sevənlər də darıxmayacaqlar. Onlar istədikləri məşğuliyyəti tapa biləcəklər: yelkənli qayıq idmanı, baydarkada və Hobie Cats yelkən gəmisində gəzinti, vindsörfinq, su xizəyi, balıq tutma, sualtı üzgüçülük, boru və maska ilə üzmə, akvalanq ilə dalış, temperatur nəzarəti ilə hovuzlar, çox gözəl çimərliklər - bütün bunlar istirahət edənlər üçündür. Yerüstü idman növləri də unudulmayıb: burada həm tennis kortları, həm qolf üçün çəmənliklər, həm də petank, voleybol, basketbol üçün meydançalar mövcuddur. Arzu edənlər at çapma və ya səhraya safari səyahətləri ilə məşğul ola bilərlər.
Qızılı həyəcan
Dubayı gələcəyin şəhəri olaraq qəbul etməyə alışanları asanlıqla keçmişi ilə təəccübləndirmək mümkündür. Keçmişə sayahət üçün ən qədim tikililərin yerləşdiyi Al Fahidi və Dubai Museum bölgələrini ziyarət etmək kifayətdir. Şəhərin şərq hissəsində yerləşən Deyra səmti ənənəvi bazarları sevənlər arasında məşhurdur. Əvvəllər ticarət məhz burada bir yerə cəmlənmişdi. Ədviyyatları, xına və digər ənənəvi assortimentləri həmişə Deira Grand Souk çarşısında (bura həm də Spice Souk adlanır) tapa bilərsiniz. Gold Souk bazarında "qızıl şəhər" adının haradan gəldiyini anlayırsan. Deira səmtində hələ 1912-ci ildə inşa edilmiş buranın ilk yerli Al Ahmadiya məktəbi yerləşir. Ənənəvi əl sənətləri ilə tanış olmaq, Şeyx Obeid Bin Tani və Said Əl Maktumun evlərini, eləcə də hazırda muzey kimi fəaliyyət göstərən əl-Fahidi qəsrini görmək Bur-Dubai ərazisində mümkündür. Fürsətdən istifadə edərək mədəni ziyafətlərin, milli yeməklərin dequstasiyalarının, ərəb dili kurslarının keçirildiyi, ekskursiya turlarının təşkil olunduğu Şeyx Məhəmməd adına Mədəniyyət Əməkdaşlığı Mərkəzini ziyarət edin. Onun şüarı: "Açıq qapı - açıq fikir"-dir. Elə burada, əl-Fahididə köhnə “Textile Souq” bazarında - ipək, pambıq və naxışlı əl işləri ala bilərsiniz. Gün batarkən üzən gəmilərlə dolu Fars körfəzinə abrada gəzintiyə çıxın... Budur, köhnə Dubayın nəfəsi! İştahanız açılan kimi məşhur "Al Ustad Special Kabab" İran restoranına kabab yeməyə gedin. Bu məkan 1978-ci ildən fəaliyyət göstərir və sadəcə ləziz mətbəxi ilə tanınmır, həm də aralarında hətta yerli şeyxin oğlunun olduğu müştərilərlə çəkdirdiyi selfi fotoları ilə restoranın divarlarını bəzəyən ofisiantı ilə də məşhurdur.
Səhra üzərindən uçuş
Təsəvvür edin: günəş doğan vaxtı siz hava balonunda 1200 metr yüksəkliyə qalxırsınız.
Qarşınızda qızıl qum və zümrüd oazislərin mənzərəsi var... Balloon Adventures və Platinum Heritage şirkətlərinin köməyi ilə bu xəyal gerçəkləşə bilər... Kameranı kənara qoyun, uçuş hissi və ətrafda uçan əhliləşdirilmiş şahinin çığırtısından zövq alın. Səhrada günəşin doğması - unudulmaz bir mənzərədir!...
Yerdə isə sizi bədəvi çadırında ləzzətli səhər yeməyi gözləyəcək. 1950-ci il istehsalı vintaj Land Roverdə səhra və onun sakinləri ilə tanışlığı maraqlı safari səyahəti tamamlayacaq.
Başınız buludlarda
Ziddiyyətlərlə oynayın: Deiradan sonra dünyanın ən yüksək binası olan, qülləsi 95 kilometr uzaqlıqdan görünən Burj Khalifa göydələninin baxış meydançasını ziyarət edin. Liftdəki düymələrin mütləq şəklini çəkin - bu qədər sayda düyməni daha heç yerdə görməyəcəksiniz!
Dubayın bəxş etdiyi misilsiz təəssüratlardan biri də - gün batımında, 828 metr yüksəklikdən görünən rəqs edən musiqili fəvvarənin mənzərəsidir. Təcrübəli səyahətçilər 148-ci mərtəbəyə - 2014-cü ildən fəaliyyətdə olan dünyanın ən yüksək At the Top SKY baxış meydançasına qalxa bilərlər.
Al Maha
Səhranın ən gözəl sakinlərinin şərəfinə adlandırılan ən yaxşı kurort Spa otellərindən biri olan Al Maha, A Luxury Collection Desert şəhərdən sadəcə 45 dəqiqəlik məsafədə, torpaq sahəsi ilə 8 km uzaqlıqda yerləşir. Bu eksklüziv kurort otelinin ərazisində vəhşi heyvanlar sərbəst gəzirlər.
Çadırlar özündə Ərəbistan bədəvilərinin ənənələrini və təmtərağı birləşdirir. Səhra mənzərəli 42 lüks çadırın hər birində temperatur nəzarəti olan hovuz, günəşlənmək üçün terras, qonaq guşəsi olan böyük yataq otağı və hidromasajlı geniş vanna otağı mövcuddur.
Al Diwaan restoranında çeşidli yeməklərin geniş seçimi vardır. Səhər yeməyi qismən menyu və İsveç masası formatında təqdim olunur, nahar üç, şam yeməyi isə beş yeməkdən ibarətdir. Ya məkanın daxilində, ya da qızılı səhra mənzərəsinə qarşı terrasda oturmaq olar.
Timeless Spa-mərkəzində sizə ən uyğun masaj növü təklif olunacaq. Həmçinin idman zalı, böyük hovuz, hidromasaj vannası və istirahət zonası qonaqların ixtiyarındadır.
La Perle
İdilliya səhrasından sonra sənaye qarışqa yuvasına qayıtmaq heç istəmirsən! Axı siz Dubayın mədəni və əyləncə həyatının yeni qüruru - Al Habtoor City səmtində yerləşən misilsiz La Perle by Dragone şousunu qaçırmaq istəməzsiniz? Premyerası 31 Avqust 2017-ci ildə nümayiş olunan şou prinsip etibarilə sirk və teatr sənətinə məlum hər bir şeydən tamamilə fərqlənir. 90 dəqiqəlik tamaşanın yaradıcısı ən məşhur tamaşa tərtibatçısı Franco Dragoone idi. Şouda 23 ölkədən 65 sənətçi iştirak edir və hər biri özünəməxsus unikal istedadını və bacarığını əlavə edir: motosikllərdə inanılmaz virajlar, 25 metr yüksəklikdən suya tullanmalar, başdöndürücü hava akrobatikası və s. Gözlərinizin önündə artistlər fizika qanunlarına meydan oxuyurlar! Bütün bu möcüzələr sadəcə səhnədə və onun üzərində deyil, həm də su altında, xüsusi təchiz olunmuş hovuzda baş verir.
Dubai Parks&Resorts
Dubaydan aldığım ən son təəssürat Yaxın Şərqdə yerləşən ən böyük "Dubai Parks & Resorts" tematik parklar kompleksinə səyahətim idi. Bu yer hər bir böyük insanın LEGOLAND® Dubai tematik parkından başlayaraq su parkı, Hollywood kinostudiyası və hətta yerli Bollywooda qədər bütün mümkün olan attraksionlardan zövq alaraq balaca uşağa çevrilməyə haqqının çatdığı yerdir! Yeri gəlmişkən, son olaraq: Bollywood Parks™ Dubai'nin xüsusi qüruru 850 nəfərlik Raj-Mahal teatrıdır. Onun səhnəsində Brodvey tərzində, amma hind kinosunun mövzusunda musiqi tamaşaları nümayiş olunacaq. Hər gün tematik parkda beş səhnədə oynanılan ümumən iyirmiyə yaxın tamaşa görmək mümkündür.
MƏTN LEYLA SULTANZADE