NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

MONUMENTALİSTİN EHTİRASLARI

TƏLƏBƏLİK HƏYATIMIN BİR NEÇƏ İLİNİ HƏR GÜN DƏRSƏ GEDƏRKƏN HÜSEYN CAVİDİN HEYKƏLİNİN YANINDAN KEÇİRDİM VƏ O, HƏR DƏFƏ MƏNİ MONUMENTALLIĞI İLƏ VALEH EDİRDİ. SANKİ HİDDƏTLİ QASIRĞADA İBLİSİN, SİYAVUŞUN, XƏYYAMIN, SƏRSƏM KNYAZIN VƏ ŞAİRİN DİGƏR PERSONAJLARININ BİR-BİRİNƏ QARIŞMASINA, ÖZÜNÜN İSƏ, SON DƏRƏCƏ KƏDƏRLİ HALDA HƏYATININ FACİƏVİ HADİSƏLƏRİ VƏ VƏTƏNİNİN TALEYİ BARƏDƏ DƏRİN DÜŞÜNCƏLƏRƏ QƏRQ OLMASINA BAXIB LƏZZƏT ALMAMAQ MÜMKÜNSÜZ İDİ...

İLLƏR SONRA BU HEYKƏLİN MÜƏLLİFİ SÖHBƏTİMİZDƏN SONRA NƏZAKƏTLƏ ƏLİMİ ÖPƏCƏK. ONU – 90 YAŞINI ÖTMÜŞ, SƏADƏTİ VƏ İTKİLƏRİ DADMIŞ İNSANI QARŞIMDA SADƏ, GÜLƏRÜZ VƏ ŞƏXSİYYƏTİNƏ ARTIQ DİQQƏTDƏN BİR QƏDƏR UTANAN İNSAN KİMİ GÖRƏCƏM. MÖHTƏŞƏM ƏSƏRLƏRİNİ BAKIYA VƏ BAŞQA YERLƏRƏ SƏPƏLƏYƏN MƏŞHUR HEYKƏLTƏRAŞIN QEYRİ-İXTİYARI GÖZ YAŞINI SİLMƏSİNİ VƏ... YORULMADAN ÖZÜNÜ İSTEHZA ETMƏSİNİ SEYR ETMƏK QƏRİBƏ İDİ. ÖZÜNÜ SOYUQ, DONMUŞ FORMAYA XİDMƏTƏ HƏSR ETMİŞ İNSANDA BU QƏDƏR FƏRQLİ EMOSİYALAR NECƏ SIĞIR?

BELƏLİKLƏ, QARŞINIZDA BÜTÜN HƏYATI BOYU ZƏNGİN TARİXİNİ QORUMAĞA ÇALIŞARAQ BAKININ GÖRKƏMİNİ NƏCİBLƏŞDİRƏN RƏSSAM – ÖMƏR ELDAROVDUR. DAHİLƏRİN BÜTÜN ARTIQLARI KƏSİB ATMAQ MƏSLƏHƏTİNƏ RİAYƏT EDƏRƏK, MƏN DƏ ONUNLA BU SÖHBƏTİMİZDƏ MÜƏLLİF “MƏN”İNİ KƏSİB ATACAM Kİ, OXUCUNU MÜSAHİBƏMİZİN QƏHRƏMANI VƏ ONUN EMOSİYALARI İLƏ TƏK BURAXIM.

dsc06355_copy

ƏBƏDİ...

Dövran belə idi... fərqli. Mən qatarın damında gəzəndə, digərləri səngərdə otururdu. Amma mən məmnuniyyətlə öz keçmişimə, birbaşa birinci sinfə qayıdardım... Qarşımda uzun, zəngin yol açılırdı, çox sayda yeni sima, çoxlu gülüş... Mən axı dəcəl idim. Sinfimizdə ən balaca olsam da, ən ucaboyluya söz atmağı xoşlayırdım, məktəbdə belələri adətən bir qədər kütbeyin olurlar. Və bir dəfə o az qala məni öldürəcəkdi. Mən həmişə onunla zarafat edirdim, ələ salırdım, o isə susdu, susdu, sonra deyəsən mürəkkəb qabını götürüb mənə atdı. Mən güclə kənara çəkildim. Mürəkkəb qabı çilik-çilik oldu. Bir daha onun tərəfə baxmadım.

İLHAMLA

Mən rəqiblər haqqında düşünməmişəm. Məni özünə cəlb edən, daha doğrusu yaradıcılığa kökləyən yenilik idi. Gili evə gətirmək olmurdu, adi plastilin isə dükanlarda tapılmırdı... Birdən uşağa həmin bu gili verirlər və deyirlər: ay bala, bir alma düzəlt! Bundan sonra hələ tərifləyəcəklərsə - o sizə üstəlik göyərçin də düzəldər... Ən əsası isə - onu prosesin özü ilhamlandırır. Beləcə, birinci dəfə mənə gil verən ilk müəllimim yaradıcılıq ambisiyalarımı gücləndirdi, hərçənd buna qədər mən ancaq şəkil çəkirdim.

dsc06083n_copy

MAKSİMAL

Uşaqlar hələ “peşəkar təvazökarlığa” malik olmurlar. Əgər uşaq idmanla məşğul olursa, mütləq dünya çempionu olacağına inanır. Mən də belə inanan uşaqlardan idim. Peterburq haqqında şirin xəyallara dalırdım, onu şəkillərdə görürdüm, atamın söhbətləri əsasında öz obrazımı yaradırdım...

Gözəl şəhərdir, hər yerdə sütünlu binalar var... Hərçənd o zaman çox şeyi restavrasiya edirdilər, bərpa edirdilər. Amma mən yenə də Piteri xəyal edirdim!

dsc06273_copy

İNANILMAZ

O zamanlar Bakıda ümumiyyətlə sıralama sütunlar yox idi, tək-tük heykəllər var idi. Uşaq ikən isə mənə deyirdilər: sən hələ balacasan (mən elə indi də böyüməmişəm, amma rəmzi yaş nəzərdə tutulurdu), böyüyəndən sonra isə şəhərin küçələri və meydanları ilə gəzişərək öz işlərindən zövq alacaqsan. Bunu heç təsəvvür də edə bilmirdim! İndi artıq belə hiss yoxdur, hər şey çox tez, elə ilk heykəldən sonra soyudu. İndi öz işlərimə tam sakit yanaşıram – bir tamaşaçı, bir şəhər sakini kimi. Başqa məsələ də odur ki, hər dəfə yanından keçəndə düşünürəm: indi başqa cür edərdim! Görürəm ki, haradasa nəyi isə nəzərə almamışam, nə isə nəzərimdən qaçıb, bəzi şeylər isə artıq sadəcə xoşuma gəlmir. Peşəkar düşüncələrdir və onlar məyus edir.

FAYDASIZ

Təhsil nazirliyi ilə hansısa danışıqlar aparmağın faydası yoxdur. Yaradıcı tipli ali məktəblərin xüsusiyyətləri nəzərə alınmır, axı biz struktur, reqlamentə görə tam fərqliyik! Bütün universitetlərdə auditoriyalar var: tələbələr əyləşiblər, bloktontlara mühazirələri yazırlar. Bizdə isə başdan ayağa emalatxanalardı, burada xüsusi material lazımdır, burada dəzgah arxasında bir neçə müəllim var, tələbələr isə molbert qarşısındadırlar. Təhsil proqramlarında həddindən artıq mətn var: dəyişdirin, təkliflər edin, yaradın! Gurultulu ifadələrlə yanaşı – istiqamət təyin etmək üçün təqribi cədvəllər var, biz onları nəzərə alırıq, bu qədər ancaq. Bu istiqamətlər də yalnız incəsənətdə ilk addımlarını atanlar üçündür.

dsc06179_copy

LAQEYD

Təhsilin bütün 6 ilini bina daxilində hansı rəssam keçirir? O nə rəssamdır, nə mənzərəçidir? Rəssam üçün ideal variant – vaxtın yarısını daxildə, yarısını isə təbiətdə keçirməkdir. Səttar Bəhlulzadə ümumiyyətlə dörd divar arasında heç nə yaratmırdı, ancaq açıq səma altında işləyirdi. Bəs nə edək? Heç kim bu problemi həll etmək istəmir və hər şey də olduğu kimi qalır.

SONSUZ

Monumental əsər eyni zamanda bir neçə ideyanı etiva edir: siyasi, vətənpərvər, hətta dini. Heykəlin məna və təyinat şaxələri isə sonsuz dərəcədə çoxdur: o, gözəl olmalıdır, maarifləndirməlidir, insanlara alicənablıq hissi aşılamalıdır, bəşəri dəyərləri əks etdirməlidir...

Didaktik məna çox böyükdür, axı heykəl hamıya məxsusdur, yalnız şəhər sakinlərinə deyil, onun qonaqlarına da.

dsc06193_copy

YOLVERİLMƏZDİR

Daşla işdən əvvəl gillə uzunmüddətli iş görülür – ilkin obrazı yaradaraq, mən ona lazımi cizgiləri verməyə, onun hərəkət, danışmaq tərzini əks etdirməyə çalışıram, - axı bu amillər asan sezilir... Daş – artıq daha çox texnikadır. Burunun nöqtəsini qoymaq istədiyiniz nəhəng daş parçasını təsəvvür edin. Bu nöqtə digər nöqtə ilə birlikdə sırf akademik surətdə hesablanır; mən isə, bir rəssam kimi bilirəm ki, isti rəng soyuq rəngin yanında maksimal dərəcədə uduşlu olacaq. Akademist daş üzərində improvizə edə bilməz, burada hər şey ciddi surətdə nöqtələrdədi – səhv etmək olmaz!

TEZ ÖTƏN

İstənilən başqa işdə olduğu kimi, çox sayda sevimli nüanslar var. Proses həm şüurludu, həm də təhtəlşüurlu.

Əlbəttə, bacarıq və təcrübə də vacibdir, ancaq çox zaman səhnəyə məhz təhtəlşüur çıxır. Düşüncələrində nə isə alınanda o qədər sevincli olursan ki! Amma bəzən bu sevinc çox qısa sürür: səhər emalatxanaya gələndə anlayırsan ki, düşüncələrində şişirtməyə yol vermisən, “həmən o” artıq heç də ideal deyil. Hər şey qəlizdir... Hərdən düşüncələrdə reallıqdan da çətindir.

dsc06123_copy

RADİKAL

Heykəltaraşlıq əsəri - xəsis bir şeydir. İki əl, iki ayaq, baş. Avanqardist başı cibdə yerləşdirə və deyə bilər ki, “mən belə görürəm, burda dərin məna var!”. Akademik planda nə isə təzə bir şey fikirləşmək çətindir, bu çox çətin axtarışlardı, amma mən həmişə cəhd göstərirəm. İlkin düşüncələr sonsuz və radikal surətdə dəyişir. Hərçənd, elə personajlar var ki, nə isə yeni bir şey fikirləşməyə ehtiyac qalmır – onların energetikası, dinamikası, plastikası o dərəcədə güclüdür.

İNQİLABİ

Dağıtmaq! Dağıtmaq! XX əsrin əvvəlində bütün dünya inqilaba köklənmişdi. Buna doğru əsrlərlə gəliblər: əmək formasının, onun dəyərləndirilməsinin, sistemin dəyişməsi, “sahibindən alıb fəhləyə vermək” ideologiyası... Nə üçün fəhlə sinfi peyda olan bütün ölkələr inqilaba kökləndilər?

O zaman hər şey qaynayırdı... Hüseyn Cavidin nəşi Sibirdən gətirilən kimi mən onun qızı ilə ünsiyyət qurmağa başladım, materialları incələdim. İnsanın yazıçı olması o zaman artıq siyasi burulğana cəlb olunması demək idi, hətta o, siyasətdən uzaq olsa belə - Hüseyn Cavidin bütün yaradıcılığı isə buna sübutdur. Amma siyasətdən uzaq olmaq düşmən ideologiyasına bərabər tutulurdu. Mən əminəm ki, o zaman Yazıçılar İttifaqının bütün üzvləri onun həbsinə razılıq verib... Mən Hüseyn Cavidi adi kürsüdə yaratmadım, onun ətrafını məşhur personajlar və hadisələr fırtınası bürüyüb. Belə kompozisiyasını yaratmağa məni onun çox mürəkkəb həyat süjeti sövq etdi.

dsc06329_copy

SAYSIZ

Həyatım boyu mənə sonsuz sayda suallar ünvanlanıb... Narahat edənləri xatırlamıram, amma birmənalı cavab vermək çətin olanlar yadımdadır.

BAĞIŞLANILMAZ

Yaradıcılıq, hakimiyyət, qismət – axı hər şey qarışıqdı!

Bax, Samir Qaçayev tədrisin birinci mərhələsini yenicə başa vurmuşdu, magistraturaya daxil oldu və qəfildən onu hərbi xidmətə çağırırlar. Hərbi administrasiyanın bağışlanmaz səhvidir: peşəkar hərbçi olmayan insanı qaynar nöqtəyə göndərmək olmazdı! Zaman çox az idi, o hətta hərbçi üçün zəruri olan ilkin bilgilərə yiyələnməyə macal tapmamışdı. Bəlkə uzanmaq, gizlənmək lazım idi, o isə, Bolkonski kimi ayaq üstə dayanıb mərmiyə baxırdı... Mən demirəm ki, güllənin qabağına onun yerinə bir başqasını göndərmək lazım idi. Amma bəlkə başqası daha təcrübəli olardı... Bu taledirmi? Hə. Hakimiyyətin səhvidir? Hə.

dsc06201_copy

ƏYALƏTTƏHƏR

Heç kimin xətrinə dəyməsin, bizdə belə bir xüsusiyyət var - əyalətlik. Özü də müəyyən mənada hər şeyi əhatə edir. Biz çox çalışqanıq və həddindən artıq itaətkarıq. Müəyyən səviyyədə hansısa məsələ barəsində razılığa gələndən sonra biz sadəcə yerinə yetirməyəcəyik, biz artığını edəcəyik. Yəqin ki, bu bizim xarakterimizdədir. “Xruşovka”ları tikməyə başlayanda, tikinti normativləri tam başqa verilmişdi, sonradan onları dəfələrlə dəyişdilər – azalma tərəfə, amma biz bunu da artıqlaması ilə yerinə yetirdik!

ƏXLAQSIZ

Ən əxlaqsız millət – bina tikənlərdi. Mən arxitektor və inşaatçıları nəzərdə tutmuram, sifarişçilərdən danışıram. Onları qazancdan savayı heç nə maraqlandırmır. Onlara abidə mane olsa, heç düşünmədən onu dağıdacaqlar. Məsələn, mən Əzim Əzimzadənin özüm düzəltdiyim heykəlini zibilxanadan tapdım. Orada bütöv bir kompozisiya var idi, amma biz bir şey edənə qədər, artıq gec idi. Kim dağıtdı? Binanı tikən. Onun yerinə isə Çin fontanı quraşdırdı ki, beləsi dünyada minlərlədi. Bu heykəl Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmışdı – o zaman yenicə vəzifəyə gələn Hacıbala Abutalıbova tapşırmışdı. Heykəl hazır olandan sonra prezident onun açılışına gəldi, minnətdarlığını bildirdi, dedi ki, yaxşı heykəldi... Şəhər tarixinin bir hissəsinə çevrilən bütün heykəllərimi mühafizə edə bilmərəm. Heç nə soruşmadılar, öyrənmədilər, sadəcə götürüb atdılar...

dsc06246_copy

QAÇILMAZDIR

Bakı qadın kimidir, özünəməxsus əbədi gözəlliyi var. Hanı o yastı damlı yaşıl Bakı? Vaxt var idi, qalxırdın dama, dayanırdın və seyr edirdin! İndi isə heç nə görmək mümkün deyil. Bakının siması dəyişir. Təəssüf, amma bu qaçılmazdır, biz də bundan qurtula bilmərik. Çox yaxşı şey var: əsrarəngiz buxta, ətrafda amfiteatrlı dağlar... Amma şəhəri yenidən qurursunuzsa – bütün bunları nəzərə almaq lazımdır! Bununla məşğul olan xüsusi orqanlar var, amma onlar daim təzyiq altındadırlar – həm merkantil, həm xidməti təzyiq. Ona görə də səhvlər buraxırlar...

SƏHVDİR

Çox yerlərdə, məsələn, İşərişəhərdə, binalar əvvəlki birmərtəbəli evlərin dövründəki kimi qurulub. Bəzi küçələrdə səki bir metrdən də azdı. Maşınlar bir təhər yan-yana keçirlər, amma biri saxlasa, digərləri keçə bilmir. Hündürmərtəbəli binaları isə sadəcə üz-üzə tikirlər – pəncərə o biri pəncərəyə baxır, həyət də dardı – maşını harada saxlayasan? Tutaq ki, maşınınız yoxdu, amma hətta taksidən düşmək olmur – arxadakılar dərhal siqnal verəcəklər. Axı bu rahat deyil, gözəl deyil, sağlamlıq, əsəblər üçün zərərlidir! Belə səhvlər də minlərlədi.

ŞUXLUQ

Adımın “pərdə arxasında” qalmasından incimirəm. Natavanın bürünc heykəlinin üzərində mən hətta adımı da göstərməmişəm, hərçənd, bu olmalıdır. Çox zaman bu barədə unudursan. Amma hərdən, səbəb varsa, yenə də özümü xatırladıram. Bir dəfə dükana daxil oldum, içəridə qadınlar var idi, nə deyim, gözəl idilər... Soruşuram ki, neçənci ildənsiniz? Tutaq ki, 75-ci təvəllüd. Mən isə dərhal: həmən ili filan heykəli ucaltmışam... Onlar karıxırlar: necə?! Mənə isə xoşdur!

dsc06310_copy

Ömər Eldarov – Azərbaycanın xalq rəssamı, heykəltaraş-monumentalist, əməkdar incəsənət xadimi, “Heydər Əliyev” ordeni kavaleri, Azərbaycan Dövlət rəssamlıq akademiyasının rektoru.

Yaradıcılığının bəzi tarixləri:

1955 – Üzeyir Hacıbəyovun baş daşı

1960 – Natavanın heykəli

1963 – Füzulinin heykəli

1965 – Səttar Bəhlulzadənin portreti (birinci variant) və “Dəniz neftçiləri” kompozisiyası

1968 - Səttar Bəhlulzadənin portreti (ikinci variant)

1973 – Həsən bəy Zərdabinin heykəli

1978 – Düşənbədə Sədrəddin Ayninin heykəli

1980 – Düşənbədə İbn Sinanın heykəli

1984 – Niyazinin portreti və Vaqif Mustafazadənin baş daşı

1987 – Naxçıvanda Heydər Əliyevin heykəli, Müslüm Maqomayevin heykəli, Mahatma Qandi və Rabindranat Taqorun heykəli

1989 –“Elegiya” memorial heykəli, Nizaminin baş daşı

1981 – Süleyman Rəhimovun heykəli

1993 – Hüseyn Cavidin heykəli

1994 – Şıxəli Qurbanovun baş daşı

1995 – Zərifə Əliyevanın baş daşı

1996 – Rəşid Behbudovun baş daşı

1998 – Həsən Əliyevin baş daşı

2000 – Ziya Bünyadovun baş daşı

2001 – Yusif Səmədoğlu, Süleyman Rüstəm və Tofiq Quliyevin baş daşı

2001 – Qarsda Heydər Əliyevin heykəli

2001 – Ankarada İhsan Doğramacının heykəli

2001 – Əzim Əzimzadənin heykəli

2009 – Müslüm Maqomayevin baş daşı

2010 – Mustafa Kamal Atatürkün heykəli

2011 – Əminə Dilbazinin heykəli

2013 – Nikola Teslanın heykəli

2017 – Niyazinin heykəli

MÜSAHİBƏ ARZU CAİD FOTO ADİL YUSİFOV