NARGIS
Ru En
NARGIS MAGAZINE
Rеdaktorun gündəlikləri

Niyə qadınlar hər şeyi xatırlayırlar

To be happy with a man you must understand him a lot and love him a little. To be happy with a woman you must love her a lot and not try to understand her at all

Helen Rowland

Libas − Maleone Concept Store

Biz fərqliyik, amma bizi bir-birimizə cəlb edən elə budur. Məsələn, məlum olduğu kimi, biz qadınlarda emosional yaddaş daha yaxşı inkişaf etmişdir − illər keçsə də, kişilərin söylədiklərini, xüsusən də, bu söhbət bizim üçün əhəmiyyətli olubsa, hər şeyi ətraflı xatırlaya bilirik. Bir vaxtlar olduğumuz vəziyyəti heç vaxt unutmuruq! Kişilərin və qadınların dünyaya fərqli baxdıqları elmi cəhətdən sübut edilmişdir və bu sözün əsl mənasında belədir: qadınlar görməsi daha yayğın və genişdir, kişilər isə − daha fokuslanmış. Başqa sözlə, qadınlar kişilərə nisbətən dünyanın vəziyyətini daha geniş qavrayırlar.

Kişilər hər şeyi başqalarına və özlərinə izah etməyə, hər şeyi yerbəyer etməyə, sistemləşdirməyə, qadınlar isə hiss etməyə (və ürəyi yanmağa) daha çox meyllidirlər. Kişinin məntiq və vahidlik axtardığı (və bəxti gətirərsə, tapdığı) yerlərdə qadının başqa bir şeyə ehtiyacı var − konkretika və detallara. Kişilər qaydalara görə düşünürlər, qadınlar isə, əgər bu qaydalara riayət etmək çətindirsə, asanlıqla onlarsız keçinə bilirlər − hisslərin formalaşmamış məntiqi onlara daha yaxındır! Bəli, kişilər bizdən fərqli olaraq ağılları ilə yaşayırlar və daha çox məntiqlərini işə salırlar, çünki onların quruluşu belədir. Onlar yalnız "söyləyəcəkləri bir şey varsa", yəni hansısa məlumatı bölüşmək lazımdırsa danışırlar: faktlar və ya hazır həll yolu ilə. Kişilər vəziyyəti dərhal qiymətləndirməyə alışıblar. Bizim isə anlıq ilk təəssüratımız olur, amma bir nəticəyə gəlmək üçün bizə vaxt və... bu barədə danışmaq lazımdır, biz, ümumiyyətlə, daha ünsiyyətcilik. Buna görə də, bir kişi bir qadını özünə tərəf çəkə bilibsə, üstəlik əgər qadın ona aşiqdirsə, münasibətini kişiyə hiss etdirmək üçün onunla böyük zövqlə saatlarla danışa bilər. Ancaq əgər kişi qadının xoşuna gəlmirsə və ya Allah göstərməsin onun xətrinə dəyibsə, o zaman o, susacaq və onunla heç bir söhbət etməyəcək − ürəyə hökm etmək olmaz!

Kişi isə durduğun yerdə incidə bilər − şüuraltı o həmişə həyatdan hansısa təhdid, tələ gözləyir: axı təbiətcə bildiyimiz kimi kişi ovçu və döyüşçüdür! Biz də həyat problemlərimizi müxtəlif yollarla həll edirik. Kişilər ən yaxşı variantı seçərək vəziyyəti məntiqi şəkildə təhlil etməyə və problemi həll etməyə meyllidirlər. Bu, kompüter proqramının işinə bənzəyir, çünki kişi düşüncəsi rəqəmsal ("bəli" − "yox"), qadın düşüncəsi isə analoq sistemi kimidir (biri yavaşca digərinə keçid edir)! Biz qadınlar kişiləri bəzən səssizliyimizlə "cəzalandırırıq", lakin kişinin belə bir cəzanı xəyal etdiyindən belə şübhə etmirik, çünki, ümumiyyətlə, kişilər tənhalıqda daha yaxşı düşünürlər! Ancaq bu, bəzən bizim düşündüyümüz kimi nə eqoizm, nə də laqeydlik deyil: bu sadəcə başqa bir zehniyyətdir. Biz bunu başa düşməliyik və qəbul etməliyik.

Analıq − əbədi, ən yüksək mənəvi dəyərdir. Bir uşağı ana bətnində daşımaq və dünyaya gətirmək − təbiətin bu sirrinə biz qadınlar sahibik. Ancaq ən önəmlisi odur ki, uşaq istənilən sevən cütlük üçün xoşbəxtlikdir! Bu ümumi sevinclər, ümumi qayğılar, hətta narahatlıqlar − bütün bunlar da xoşbəxtlikdir! Və burada həm qadın emosionallığı, həm də kişi məntiqi eyni dərəcədə tələb olunur...

Bütün bunları niyə yazdım? Yəqin ki, biz- kişi və qadınlar bu qədər fərqli olduğumuz halda, bir-birimizin yarısı olduğumuzu bir daha xatırlamaq üçün! Həm də, bu gözəl hadisənin – anidən alovlanan sevginin − əsas səbəbkarı qadının qarnında uçuşan kəpənəklərin olduğunu anladım!

Ülviyyə Mahmudova,

baş redaktor