NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

YADLAR ARASINDA ÖZÜMÜZÜNKÜ, ÖZÜMÜZÜNKÜLƏR ARASINDA YAD

70-80-ci illərin məşhur türk müğənnisi Nesrin Sipahinin şərəfinə nəvəsini adlandırarkən nənəsi balaca varisinin türk kinosu ulduzu olacağını yəqin ki ehtimal etməmişdi. Nəsrin Cavadzadə öz nəsli ilə həqiqətən qürur duyur: babası Azərbaycanda urologiya sahəsinin sütünlarından biri olan akademik Mirməmməd Cavadzadədir! Belə kökləri olan aktrisanın öz şöhrətli soyadını türk standartına uyğunlaşdırmaqdan niyə imtina etdiyi anlaşılır.

Nəsrinin iştirak etdiyi filmlər bu gün dəfələrlə onu ən yaxşı aktrisa elan edildiyi kinofestivalların müsabiqə proqramlarını bəzəyir. Və niyə olduğu bəllidir - ən müxtəlif obrazlardakı təbii və gerçək Nəsrin heç kimi biganə qoymur. Odri Totunun görünüşü və plastikasına, İzabel Yupperin ekran cazibəsinə sahib olan aktrisa xarici kövrəkliyinin arxasında güclü xarakterini gizlədir. Buraya onun gizli mesaj verən və xüsusi "əsəb" ya da drayv gizlətdiyi gözlərini də əlavə edək - və Nəsrin Cavadzadənin aktrisalıq istedadına dair bir təsəvvürünüz yaranacaq. Kinokameranın iti gözü sadə baxışla görünməyən daxili aləminin gizli guşələrini görə bilir. Onun qəhrəmanları həmişə özlərini sona qədər açmağa icazə verməyərək öz fikirlərini axıra qədər demirlər - amma yüksək gərginlikli cərəyan kimi tam söylənməmiş sözün arxasında intensiv daxili həyatın nəbzi vurur...

Nəsrin keçən il təşkil edilən 51-ci “Altın Portakal” beynəlxalq kinofestivalında "Quzu" türk-alman filmindəki roluna görə ən yaxşı aktrisa adına layiq görülüb, Berlin Film Festivalında isə "Quzu" filmi xüsusi "Panorama" proqramı çərçivəsində mükafatlandırılıb və ÜDKİ-də nümayiş olunub. Onun üçün bu ilk dəfə deyildi. Daha əvvəl, 2011-ci ildə "Gözəl Günlər Görəcəyik" filmindəki roluna görə ən yaxşı aktrisa olaraq təltif olunub. "Dilbərin səkkiz günü" filmi ona dörd - Sinema Yazarları Dərnəyi Mükafatlarından ən yaxşı qadın roluna görə və Ankara, Bursa və Ərzurum festivallarından müxtəlif mükafatlar gətirdi.

Hər il Nəsrin çəkilişlər və festivallarla dolu cədvəlində boş həftə tapan kimi doğma Bakı havasını almaq və "dünyanın ən möhtəşəm mətbəxinin" yeməklərindən zövq almaq üçün vətəninə gəlir. Bu ilin mart ayında isə o, sadəcə gəzməyə gəlməyib, həm də özü ilə sonuncu işini - "Son Məktub" adlı hərbi drama filmini gətirib. Filmin təqdimatı Bakının 28 Cinema kinoteatrında keçirilib.

İlk dəfə Bakı publikasının qarşısında çıxış edən Nəsrin həyəcanını gizlətmirdi – onun üçün vətənindəki qarşılamanın nə qədər vacib olduğu bəlli idi.  

Nəsrin, Bakı sizin üçün nə ifadə edir?

Bakı – mənim uşaqlığımın şəhəridir, harada olmağımdan və nə etdiyimdən asılı olmayaraq var gücü ilə özünə çəkən şəhərdir. Burada hər şey mənə yaxın və doğmadır! Uşaqlıq xatirələri həmişəlik bizimlə qalır və bu xatirələrlə bağlı yerlər kədərləndirən nostalji hisslər yaşadır. Hər dəfə Bakıya gələndə mən neft ətirli əvəzsiz Bakı havasını sinəmə çəkirəm – və hər nəfəsdə özümü bütün qəlbini burada buraxan və yenidən əldə edən balaca qız kimi hiss edirəm…

Yəni on bir «azərbaycan» ili sizin yaddaşınızdan silinməyib?

Elə şey mümkündürmü? Türkiyədə Rəşid Behbudovun və ya Şövkət Ələkbərovanın səsini eşidəndə, anam azərbaycan yeməkləri bişirəndə, Bakıdan doğma insanlar gələndə - içimdə hər şey uçuşur… Mən həmişə öz mənşəyimlə və soyadımla qürur duymuşam. Yeri gəlmişkən, Türkiyədə bu çox maraq oyadır, çünki «zadə» sonluğu artıq çoxdandır ki, dəbdən düşüb. Osmanlı imperiyası zamanlarında isə bu cür soyadları zadəganlar daşıyırdı.

Haqqımda yazılan bütün məqalələrdə mənim «azərbaycanlı olduğumu» bildirmədən ötüşmürlər. Onlar bunu elə qeyd edirlər ki, sanki mən başqa planetdən gəlmişəm… Məni yad olaraq qəbul etmirlər, amma hələ ki doğma da olmamışam.

Kinoya necə gəlmisiniz?

Hələ liseydə oxuyarkən mən drama dərnəklərinə gedirdim, həvəskar teatrlarda oynayırdım. 19 yaşında təhsilimi bitirdikdə sənədlərimi İncəsənət akademiyasına verdim, amma ağır şərtləri olan müsabiqəni keçə bilmədim – 20 yerə 2000 abituriyent var idi. Əvəzində nüfuzlu Marmara Universitetinin televiziya və kino fakültəsinə daxil oldum. Anam dedi ki: «İndi sən hərəkətli rəsmləri yaradacaqsan».

Amma aktyorluq sənətinin sirlərinə marağı o qədər böyük idi ki, məqsədli, inadcıl tələbə həm də alternativ Şahika Tekand Studio məktəbinə daxil oldu, buranı bitirdikdən sonra «Yersiz yurdsuz» serialına dəvət alır. İlk rol uğur gətirir – yeni aktrisa tamaşaçıların diqqətini cəlb edir. Görünür ki, televiziyada uğurlu debüt alındı! Lakin gənc aktrisa sabun operalarında ilişib qalmır: onu ciddi rollar özünə çəkirdi!  O, müəllif filmlərində oynamaq üçün yol alır və tez bir zamanda türk art-housunda birinci dərəcəli ulduza çevrilir.

Nəsrin, siz o aktrisalardansınız ki, qüsursuz reputasiyanızı qoruyaraq yalnız keyfiyyətli filmləri seçmək və layiqli rejissorlarla işləmək imkanına maliksiniz. Amma belə bir strategiyanın digər tərəfi belədir ki, bu sizə nə yaxşı qonorar, nə də kütləvi uğur gətirmir. Bəlkə elə buna görə sizi Azərbaycanda elə də yaxşı tanımırlar…

Bəli, ilk başda mən sadəcə mənə maraqlı olanı edirdim. Amma müstəqil rejissorların hər yeni rolu mükafatlarla bitirdi və bu məni çox ilhamlandırırdı. Düzgün yol seçdiyimi anladım, yaxşı bacardığım və mənə xoşbəxtlik verən işi görməyə davam etməyə qərar verdim. Peşəmdə zirvələrə çatdığımı düşünmürəm, bu sadəcə bir başlanğıcdır. Hər bir yeni rol mənim üçün – böyük işdir: başqasının həyatını canlandırmaq və yeni xarakter yaratmaq asan deyil. Rol üzərində işləmək mənim üçün premyera günü, filmi ekranda ilk dəfə gördüyüm an bitmir, çəkilişlərin sonuncu günü bitir: mənim bu obraza və xarakterə «səyahətim» bitir və mən başqa bir yenilik tapmağa tələbat hiss edirəm. Mən çətin, tam özümü təslim etdiyim rolu ifa etmək, mənim təbiətimdən tamamilə uzaq obraz yaratmaq istərdim. Və əgər bunun üçün jonqlyorluq etmək və ya hər hansısa bir musiqi alətində çalmağı öyrənmək lazım olarsa – gücümü əsirgəmədən öyrənəcəyəm. İllər keçdikdən sonra belə inanmayım ki, bu rolu mən oynamışam!  Bir aktrisa kimi mənim üçün əsas – gördüyüm işdən özümün zövq almağımdır. Hər gün, hər an... tamaşaçıları da mənim kimi sevindirsin!  

Material, artıq çapa hazır olduğunda, Türkiyədən sevindirici xəbər gəldi: bu yaxınlarda Nəsrini FBR agentləri haqqında «Əfsanələr» adlı amerikan kriminal-dram teleserialının ikinci mövsümündə görəcəyik, serialın birinci mövsümü artıq tənqidçilər və tamaşaçılar tərəfindən yaxşı rəylər alıb. Çəkiliş meydançasında Nəsrinin tərəfdaşları Şon Bin və 90-cı illərin supermodeli Ember Valletta olacaq. Necə deyərlər: böyük gəmiyə - böyük səyahət!

MÜSAHİBƏ SEYMUR ZƏKƏRYAYEV

FOTO MUHSİN AKGÜN

STİL ÇİĞDEM SONKURT