Onun həyatı kəskin süjetli dramın əsasını təşkil edə bilərdi. Çexiyanın kiçik bir şəhərində doğulmuş Petra Nemsova 16 yaşında ikən, artıq dünyanın bütün feşn-paytaxt podiumlarını öz gözəlliyi ilə fəth etmişdi. Şöhrət, müqavilələr, aparıcı nəşrlərin üz qabıqları, hətta həyat ̶ bütün bunları 2004-cü ilin dekabrında fəlakətin gücü, az qala, bir anda məhv edəcəkdi. Amma o, Petranın sevimli insanını əlindən aldı… Məşhur model «Love Always. Petra» kitabında təsviri gedən itirilmiş sevginin yerini xeyriyyəçilik fəaliyyətilə doldura bildi. Onun «Xoşbəxt ürəklər fondu» çox uşaqlar üçün, onları gələcəyə aparan xilasedici bilet oldu. Ötən ilin payızında Petra Bakıya gəldi və Nargis jurnalının baş redaktoru Ülviyə Mahmudova ilə söhbət etdi.
Sizi Bakıda görməyimə şadam! Demək istərdim, Siz fotodan çox həyatda gözəlsiz. Bunun təbii gözəllik olması isə, xüsusilə heyran edir.
Sağ olun, çox lütfkarsız.
Bu, Sizin Bakıya birinci gəlişinizdir?
Bəli, Sizin şəhəriniz haqda bu yaxınlarda öyrənmişəm, amma artıq onun inkişafı və rifahı haqqında xeyli məlumatım var. Buraya gəlməklə, bütün bunları əyani gördüm. Bakının memarlığı qədim üslubda işlənib və yeni binaların tikintisi zamanı da buna riayət olunur, bu çox yaxşıdır. Şəhəriniz nəinki çox gözəldir, o, valehedicidir!
Heyf ki, Bakıda çox qalmayacaqsız. Amma Siz, gərək mütləq qayıdasız ki, bizim zəngin mədəniyyətimizlə yaxından tanış olasız.
Əlbəttə, həm də istərdim ki, şəhərin xəzinə və sirlərini mənə yerli sakinlərdən biri göstərsin, peşəkar gidlər yox. Mən evlərə gəlib insanların necə yaşadıqlarına, nə bişirdiklərinə baxmağı sevirəm.
Yəni, başqa sözlə desək, həyatın nüvəsi, məğzi ilə tanış olmağı... Şəhərdən kənar yerlərdə insanlar sadə həyat tərzi keçirirlər və aralarındakı əlaqə tamamilə təbiidir. Di gəl, şəhərdə həyat o qədər qaçaqaç və hadisələrlə zəngindir ki, biz hərdən kim olduğumuzu unuduruq, özümüz özümüzlə kontaktı itiririk…
Özümüzü dərk etməklə, biz təbiətlə də əlaqə qazanırıq, çünki insanlar onunla çox sıx bağlıdır. Təbiət – adilikdir, amma meqapolislərdə yaşamaqla və təbiətlə əlaqəni itirməklə, biz bu səmimilikdən məhrum oluruq.
Siz indi harada yaşayırsız?
Mən müxtəlif ölkələrdə yaşamışam – İtaliyada, Fransada, İngiltərədə, ABŞ-da. Amma indi əsasən Haitidə yaşayıram. Haiti, Qəraib hövzəsinin tən ortasında yerləşən Espanyola adasının bir hissəsini tutur. Ora həmişə çox isti olur. Bu da gözəldir, çünki mən günəşi sevirəm.
Bir çoxlarının Haiti haqqında bildikləri yalnız ondan ibarətdir ki, orada yoxsulluqdur və 2010-cu ildə dəhşətli zəlzələyə məruz qalıb. Amma bu, heç də gerçəklik deyil, yalnız onun haqqında bizim təsəvvürümüzdür. Gerçəklik isə budur ki, orada doğrudan da yoxsulluq var, amma zənginlik də çoxdur: mədəniyyətin, tarixin, ruhun zənginlikləri. Burada çoxlu musiqiçilər var, hər dörd adamdan biri isə özünü rəssam sayır. Haitililər artistizmlə və gözəllik həvəsilə doludurlar. Bəzən onların yeməkləri az olur – günə, hərdənsə iki günə bir ovuc düyü. Buna baxmayaraq, məsələn, Port-o-Prens sakinləri özlərini bədii şəkildə ifadə eləməyi sevirlər. Hər ilin fevralı orada karnaval keçirirlər. Siz bir təsəvvür edin: onların yeməyi çatmır, amma onlar hər il yeni geyim və maskalar düzəldirlər. Deməli, bu, ruhun tələbatıdır. Onlar təbiətlə, öz kökləri ilə çox bağlıdırlar və özlərinin kim olduqlarından qorxmurlar. Bir də, Haitidə çox gözəl dəniz və dağlar var, mənə uşaqlığımı xatırladırlar.
Uşaqlığınız necə olub?
Mən kiçik çex şəhərciyində böyümüşəm. İstirahət və bayram günlərimi nənə-babamın yanında – dağlarda keçirirdim, orada olanda çox vaxtım təbiət qoynunda keçirdi. Mən xoşbəxt idim, halbuki ailəmiz çətinliklə dolanırdı. Amma evimizə meyvə girəndə (bu nadir hallarda olurdu), keçirdiyimiz sevinc hissi heç nə ilə müqayisəyə gəlməz. Bacımla mən təbiətlə ünsiyyət qurmağı öyrənirdik, bilirdik ki, meşə ilə gedəndə səs-küy salmazlar ki, heyvanlar hürkməsin, çiçəkləri əzmək, göbələkləri təpikləmək olmaz, çox ehtiyatlı olmaq lazımdır. Odur ki, mənim ən yaxşı xatirələrim təbiətlə bağlıdır. Ən sevimli kitabım otlar haqqında olub – hansının nədən ötrü olmasını, hansı ayda yığılmasının lazım gəldiyini, necə qurudulmasını öyrənirdim. Məsələn, yabanı nanə vanna üçün çox yaxşıdır, yarpaqlarını qaynar vannaya atanda olmazın gözəl ətir saçır.
Haitidən başqa, Siz Nyu-Yorkda da yaşayırsız. Siz bu şəhəri sevirsiz, yoxsa o, həddən artıq qaç-ha-qovludur?
Nyu-Yorkda 14 il olar yaşamışam və əlbəttə ki, oranı sevirəm. Çünki dünyanın heç bir yerində ikinci belə şəhər yoxdur. Orada xüsusilə xoşuma gələn – imkanlar seçiminin çox böyük olmasıdır, inkişaf etmək üçün ora çox faydalı mühitdir. Əgər düzgün seçim edə bilsəniz, çox asanca yüksələ bilərsiz. Londondan, Parisdən və yaxud başqa bir yerdən daha tez.
Orada arzulara inanmağa başlayırsan...
İnanmaqdan başqa, arzularını gerçəkləşdirə bilirsən. Düşünürəm, hər şəhərin öz müsbətləri və mənfiləri var. Nyu-Yorkun müsbəti ondadır ki, sizin xəyallarınızı həyata keçirə bilir. Düzdür, hərdən bu, çox baha başa gəlir. Bir deyim var: «Çox yaxşı olanda – pis olur». İnsanlar özlərini itirə bilərlər…
Doqquz il əvvəl Taylandda baş vermiş sunami zamanı Siz sivimli insanınızı itirdiz. Necə sağ qala və bütün bunlara tab gətirə bildiz?
Biz şeylərimizi qablaşdırırdıq, iki saatdan sonra başqa yerə getməli idik. Hər şey çox tez baş verdi, sunami dalğası şans verən deyil. Mən insanların qışqırıqlarını eşitdim, pəncərədən baxanda, onların necə qaçdıqlarını gördüm. Bir saniyədən sonra su, şüşələri sındırdı və hər şey dağılmağa başladı.
Mən səkkiz saat palmadan yapışıb qalmışdım. Günəş amansız yandırırdı, mənim isə hər yerim kəsik-kəsik, sınıq-sınıq idi və bir neçə dəfə, demək olar, huşumu itirmişdim. Uşaqların kömək üçün qışqırıqlarını eşidirdim, yarım saat sonra isə səslər kəsilirdi. Bu o demək idi ki, yerlərində çox qala bilməyiblər və onları təbiətin qüvvəsi aparıb. Ən ağırı isə onlara kömək etmək imkanının olmaması idi.
Mən xilas olub, müalicə olunandan sonra Taylanda qayıtdım və uşaq evlərini, xəstəxanaları, müvəqqəti məktəbləri ziyarət etdim. Analarını, hərdənsə bütün ailə üzvlərini itirmiş uşaqlarla qarşılaşdım. Onlar betonda, torpaq döşəmədə uzanmış və sönmüş baxışlarla bizi görməyib uzaqlara baxırdılar...
Mən iki həftəyə yaxın orada oldum. Qarşımda çox çətin seçim var idi. Bir yandan, mən qala və əlimdən gələn köməyi etməkdə davam edə bilərdim. Başqa yandan bilirdim ki, Nyu-Yorka qayıtsam, müqayisəyə gəlməz qədər daha çoxunu edə bilərəm. Nə qədər qalmaq istəsəm də, anlayırdım ki, getsəm daha yaxşı olacaq. Nəhayət, Nyu-Yorka yollandım və “Xoşbəxt ürəklər fondu”nu yaratdım ki, təbii fəlakətdən zərər çəkənlərə kömək edim.
Təbii fəlakətlər çox qorxulu və gözlənilməzdir. Heç kəs bilmir beş dəqiqədən sonra nə ola bilər…
Elədir, təəssüf ki, insanlar öz varlıqlarının kövrəkliyini dərk eləmirlər. Növbəti saniyədə hər şey dəyişə bilər. Bizim lazımınca qiymətləndirmədiyimiz təbiətin vahiməli gücü bundadır. Ona görə həyatın hər anının qədrini bilmək çox vacibdir.
Düşünürəm, belə sınaqlardan sonra insan yenidən doğulur, həyatın dəyərini bilməyə və sevinclə yaşamağa başlayır. İndi yanımda olan adamların bir dəqiqədən sonra yox ola biləcəklərini və mənim buna heç nə ilə mane ola bilməyəcəyimi dərk edəndə, mən də dəyişildim… Sadəcə, həyat belədir.
Bunu dərk eləməyiniz çox gözəldir. Həyatda tarazlığı əldə etməkdən çətin şey yoxdur. Təbiətdə, işdə, ailədə disbalans – çox çətindir. Bu cür dərk etmə – hədiyyədir, bunun sayəsində nəyisə dəyişə bilərsiz. O yoxdursa, deməli, zülmətdə dolaşırsız.
Öz “Xoşbəxt ürəklər fondunuzun” indi hansı layihələri üzərində çalışırsız? Necə dərk etdiz ki, uşaqlara kömək – özünüzü həsr etmək istədiyiniz fəaliyyətdir?
Sunami baş verməmişdən hələ beş il qabaq mən bilirdim ki, mənim missiyam – uşaqlara təhsil sahəsində yardımçı olmaqdır. Sunaminin gətirdiyi fəlakət, prosesi sürətləndirdi. Mən gördüm ki, uşaqlara heç bir kömək yoxdur, normal məktəblər də yoxdur və bu, dünyanın çox ölkəsində belədir. Bununla İndoneziyada, Peruda qarşılaşmışam.
İndi biz, məktəblərin yenidən qurulması ilə məşğuluq, onları təhlükəsiz və təbii fəlakətlərdən qorunan edirik ki, fövqəladə hallarda onlardan sığınacaq kimi də istifadə olunsun. Və, əlbəttə ki, məktəblər nəinki indiki, hətta gələcək nəsillərə də fayda gətirəcək. Hər bir ibtidai və orta məktəbdə kompüter sinifləri yaradılır, çox vaxt bunlar bütün region üçün bir ədəd olur. Bu, o, deməkdir ki, uşaqların yaxşı təhsil almaları və sonra da iş tapmaları üçün bu, bir üstünlük olacaq. Yaxşı təhsil və layiqli iş isə onların ailələrinə kömək edəcək, iqtisadiyyatı canlandıracaq. «Xoşbəxt ürəklər fondu» 2006-cı ildə yaradılıb, yeddi il sonra isə biz artıq 84 məktəb açmışıq. Bu, əla nəticədir.
Təbrik edirəm, çox gözəl bir işdir!
Sizin «Love Always. Petra» kitabınız haqda danışın.
Bu kitab 2005-ci ildə çıxıb, sunamidən heç bir il keçməmiş. Nəşriyyatdan mənə kitab yazmağım təklifilə müraciət elədilər. Əvvəl imtina elədim, çünki bu, emosional cəhətdən çox ağır idi. Üstəlik də, mən qabaqlar heç vaxt öz şəxsi həyatım haqqında məlumatlar yaymamışdım, elə indinin özündə də onu gizli saxlamağı üstün tuturam. Amma imtinadan sonra mən, fond yaratmaq haqqında fikirləşdim. Məktəb tikmək üçün vəsait tələb olunurdu, o isə kitab satışından qazanıla bilərdi. Elə məktəbin xətrinə də razılıq verdim.
Mənim fikirlərimə və hisslərimə kənar baxış lazım idi. Mən, «Love Always. Petra» nəşr ediləndən sonra əsasən müsbət rəylər aldım. Kitabda çoxlu kədərin olmasına rəğmən, onun faydalı və ilhamverici olduğu barədə fikirlər səslənirdi. Həyat sürprizlərlə doludur – onun həmişə qəmli yeri də var, xoşbəxt yeri də.
Siz dünyanın hər yerində çox uşağa kömək edirsiz. Bəs öz ailənizi qurmaq planınız varmı?
Şübhəsiz, istəyirəm ailəm olsun. Mən buna hazıram, sadəcə anlayıram ki, hər şey öz vaxtında baş verir... İstəmirəm plan qurum. Dostumun dediyi kimi, əgər istəyirsizsə ki, Tanrı sizə sevgi versin, Ona öz planlarınızdan danışın. Düşünürəm, bu mümkündür...
Mən gerçək sevgiyə inanıram, hərçənd indi çoxları bu hissə skeptik yanaşır. Xoşdur ki, hələ kimsə də, məsələn, Sizin kimi gözəl bir qadın, bu inamı bölüşür…
Əlbəttə, inanıram. Biz müasir dünyada yaşasaq da, bəzi şeylər dəyişilmədən bütün zaman boyu qalır. Bu, bir qayda olaraq, ən adi həqiqətlərdir: inam, ümid, sevgi.
Söhbət üçün çox sağ olun. Ümidvaram, Siz bizə hələ çox gələcəksiz, təbiətimizdən zövq alacaqsız, mətbəximizdən dadacaqsız, musiqimizi dinləyəcəksiz. Bir də, kim bilir, bəlkə, Sizin daha bir kitabınız da işıq üzü görəcək...
Mən artıq hiss eləmişəm ki, insanlarınız açıq ürəkli və qonaqsevərdirlər. – N
*Müsahibə 6-cı sayda nəşr olunub.