NARGIS
Ru En
NARGIS MAGAZINE
MÜSAHİBƏLƏR

JAN-KLOD JİTRUA. QADINLARIN XİDMƏTİNDƏ

Fəxri legion ordeninin kavaleri, Parisdə moda və şopinq üzrə səfir, Nitsa Universitetində dərs demiş psixologiya elmləri doktoru, uşaq psixomotorikası üzrə mütəxəssis – bütün bunlar moda sənayesində inqilabçı Jan-Klod Jitrua haqqındadır. Məhz o, yenilikçi texnologiyalardan istifadə edərək bədən dilini dəri geyimlərlə ifadə edib və bununla da əbədi olaraq "Dəri kralı" titulunu qazanıb. Məhz o, 70-ci illərə qədər yalnız pilotların, kovboyların və baykerlərin geyindiyi dəri kimi kobud materialı yuyulub ütülənə bilən yumşaq qadın parçasına çevirib. Onun moda fəlsəfəsi dahiyanəcəsinə sadədir: geyim – insanın yaşadığı dərisidir, onun ikinci «Mənliyidir». Puşkindən sitat gətirən ziyalı, teatr və kino mütəxəssisi... Onunla görüş, öz ifadəsi ilə, «xoşbəxt görüşdür».

 

Məşhur kuturyenin şəxsi apartamentinin qapısında məni onun köməkçisi Aleksandr qarşıladı. Bir dəqiqə sonra ev sahibi Jan-Klod Jitrua da gəldi. Əynində Yves Saint-Laurentdən ağappaq köynək, Diordan tünd mavi tonlarda nazik qalstuk, qalstukunun rəngində dar pencək və modelyerin özünə aid olan stretç dəridən boz şalvar var idi. Biləyində, sonradan etiraf etdiyi kimi onun üçün çox əziz olan Montblanc saatı... Həmçinin etiraf edir ki, Kilian brendinin «Straight to Heaven» ətiri də ona bu gözəl parfümer ilə dostluğu qədər əzizdir. Tutqun və yumşaq qoxu onun fransız zərafətinə xüsusi bir səmimilik verir. Axı dünyaca tanınmış ulduzların geyimlərini  geyindiyi məşhur «Dəri kralı» hər şeydən əvvəl  cazibədar, hisslərlə dolu qonaqpərvər və səmimi bir insandır. O, məni Parisin heyrətamiz mənzərəsinə – Tyuilri bağlarına, Orse muzeyinə, Eyfel qülləsinə açılan art-deko tərzində tərtib edilmiş salonuna aparır. Güzgülü divarda Jan-Klod Jitrua üçün yenə də xüsusi dəyəri olan ağ-qara mebel və rəsm əsərləri öz əksini tapır. Rahat kreslolarda oturub müsahibədən daha çox dost məclisinə oxşayan söhbətimizə başlayırıq.

İşinizə nədən başladız?

Kabinetimin yanında kiçik bir butik açdım. O zamanlar atamın Kost soyadını daşıyırdım və terapevt fəaliyyətimi moda ilə qarışdırmaq istəmirdim. Ona görə də Jitrua (J3) soyadını götürdüm.

Bu soyad nəsə ifadə edir?

Jan-Klod yan otağa gedir və əlində bir kitabla geri dönür.

Bu 1945-ci ilin kitabıdır. Onun sözlərinə görə bu “xəzinəni” göz bəbəyi kimi qoruyur və heç vaxt mətbuata göstərməyib. «J3» – Roje Ferdinandın pyesidir və adı "yeni məktəbə" aiddir. Müharibə zamanı J1, J2 və J3-lər var idi. J3 nümayəndələri 16-20 yaş arasında idi. Öz-özümə dedim: məhz bu yaşda olan insanları geyindirmək istəyirəm. Nəticədə «J3» adının kuturyedən çox pendir adına bənzədiyini söyləyən məşhur bir jurnalist xanımın tövsiyəsi ilə "Jitrois"ə çevrildi.

Əvvəlki təcrübəniz dizayn karyeranızda sizə necə kömək etdi??

Təcrübəm mənə vəzifə borcu, nizam-intizam və dəqiqlik hissi aşıladı. Modada, mən – xidmətdəki kimiyəm. Orduda olanda ölkəmə xidmət edirdim. Tibb fakültəsində işləyərək tələbələrə xidmət edirdim. Xəstəxanada xəstələrə kömək edirdim. Moda dünyasında isə geyindirdiyim qadınların xidmətindəyəm.

Nümayişlərinizdən ən çox hansı yadda qalıb?

1985-ci ildə o zaman satın aldığım sarayın bazasında kolleksiyalarımın bütünlüklə hazırlandığı emalatxananı açdım. Kolleksiyamı mətbuata və müştərilərə təqdim etmək üçün mən elə sarayın özündə defile təşkil etməyə qərar verdim. Və möhtərəm ictimaiyyəti məkana çatdırmaq üçün (Liyervil axı uzaqdır) mən vertolyot kirayələdim! Dəbli jurnalistlər və müştərilər, birbaşa defilenin keçirildiyi sarayın parkına eniş etdilər.

Yaratdığınız modellərin hansı biri ilə xüsusi olaraq fəxr edirsiniz?

Mən ayrı-ayrılıqda hansısa modeldən daha çox brendimin mövcud olduğu otuz il ərzində ən sevdiyim dəri materialının istifadəsində gətirdiyim yeniliklərlə fəxr edirəm. Səksəninci illərə qədər əsasən qara və qəhvəyi dərilərdən istifadə olunurdu. Mən isə onu rəngli etdim (Monako Şahzadəsi Stefaninin ilk bal paltarı çəhrayı dəridən hazırlanmışdı). 90-cı illərin əvvəllərində stretç dəri sayəsində «bədənə yapışan» siluet yaratmağı bacardım və bununla da qalın parçanı incə və rahat «ikinci dəri» halına gətirdim.

Modelləri yaradanda nədən ilham alırsınız?

Kinodan. Hər il Kann Film Festivalına dəvət olunmaq və rəsmi çıxışdan əvvəl yeni filmlərə baxmaq kimi unikal bir şansım var. Hər  bir film – sevgi, münasibətlər barədə bir hekayədir. Bu məni təkcə Moda Evim üçün deyil, həm də filmlər üçün də modellər yaratmağa ruhlandırır. Axı mən bütün bunlarla yanaşı kino və teatr kostyumları da hazırlayıram...

Fərdi təqdimatları böyük defilelərdən üstün tutursunuz. Bu seçim nədən irəli gəlir?

İnsanlarla birbaşa ünsiyyətdən daha yaxşı bir şey yoxdur. Böyük defilelərdə mən podiumdan ötəri keçirəm, sizə əl edirəm və bir-birimizlə tanış olmaq ya da söhbət etmək imkanımız olmur. Həmişə fərdi yanaşmanı sevmişəm. Hər gün saat beş ilə altı arasında Faubourg Saint Honore küçəsində yerləşən butikimə müştərilərimlə birbaşa görüşmək, onların ehtiyacları və istəklərindən xəbərdar olmaq üçün gedirəm.

Bir çox dizayner şikayətlənir ki, bu gün avtoritetlər moda sənayesində bütün yerləri tutur, onlara yer vermir. Bəs belə bir nüfuza necə sahib olmaq və ən başlıcası – həmişəlik qalmaq necə mümkündür?

«Avtoritet» ifadəsində donub qalmış bir hiss var... Hansısa mənada, bir insanın (elə brendin də) avtoritet olması bir dövrdə «ilişib qalması» deməkdir. Moda isə daimi dəyişiklikdir, modada heç bir şey əbədi qalmır, onun dinamikaya ehtiyacı var. Amma yenə də məsləhət verməliyəmsə, deyim ki, əvvəlcə təcrübəli bir kuturyenin yanında bir neçə il öyrənin. Sonra səbrli olun və öz çıxış anınızı gözləyin! Taleyüklü ola biləcək tanışlıqdan çox şey asılıdır, buna görə də bu tanışlığı qaçırmayın! Ən əsası – özünə aid, səndən başqa heç kimin edə bilmədiyi bir şeyi tapmaq lazımdır.

Sizcə, moda dünyasında öz yerini tapmaqda ən çətin şey nədir?

Moda dünyasına girmək asan deyil, hər mövsüm tənqidlə qarşılanan və sonra yoxa çıxan yeni adlar meydana çıxır. Əsas çətinlik özünüz olaraq qalmaq və özünəməxsusluğunuzu qoruyaraq həmişə təəccübləndirməkdir.

Dəri modasında inqilab etdiniz. Sizə «dəri kralı» adı verilib. Özünüzü daha çox necə hiss edirsiniz: inqilabçı yoxsa kral?

Heç biri mənə uyğun deyil! Taxtım məni heç narahat etmir, amma mən kraldan çox titulu hər yeni kolleksiya ilə mübahisə olunan bir idman çempionu olmaq istərdim.

Brendiniz yaradıldıqdan bəri sizin geyimlərinizi geyinməyən məşhur qalmayıb! Elton Con, Mayk Tayson, Silvester Stallone, Arnold Şvartsnegger, Selin Dion, Ledi Qaqa... Ancaq onları geyindirmək başqa, onlarla dostluq etmək başqa şeydir. Bunu necə bacarırsınız?

Bu münasibətlərin sirri, məncə, həmişə onları dinləməyi bacarmağımda və xüsusən də düzgün ifadə olunmayan istəklərini belə təmin etməkdə olub. Çox vaxt bu insanlar nəyə ehtiyac duyduqlarını bilmirlər, çünki qorxuları var. Səhnə qorxusu. Onları qoruyan geyimə ehtiyacları var. İşığı yaxşı əks etdirən və üstünlüklərini vurğulayan geyimə. Onların istəklərini təxmin edə bilirəm. Psixoloji təhsilim mənə işimdə çox kömək edir.

Ledi Qaqanı müştəri siyahısında görmək bir çox dizaynerlərin arzusudur. Divanı geyindirən fransız modelyerlərdən birincisisiniz. Onunla bağlı təəssüratlarınız necədir?

Onunla fotoseans etmişdik və görüşlərinin adətən on dəqiqədən çox sürməməsinə baxmayaraq bizimlə saat yarım vaxt keçirməsi çox diqqətəlayiq idi. Seansın sonunda məni bir kənara çəkdi, çantadan pul qabını çıxardı və mənə yaxınlarının fotosunu göstərdi: «Bax bu mənim anamdır, bu atamdır! Mən isə turnedəyəm, təkəm. İşimi sevirəm, amma bəzən kədərlənirəm...» Kimsə belə etiraflar edəndə, bu sizə toxunur!

Sizin üçün qadın və kişi zərafətinin ikonları kimlərdir?

Zərafət fərqli mənalar ifadə edə bilər: bu aristokratik zərafət ola bilər, bəlkə də davranışın, hisslərin zərafəti ola bilər... Mənim üçün qadın zərafəti ikonu Karolina (Monako Şahzadəsi) və Ketrin Denövdur. Kişi zərafətinin təcəssümü – yenidən Ceyms Bond rolunda görəcəyimiz Daniel Kreyqdir...

Bugünkü street fashion haqqında nə düşünürsünüz?

Street fashion – elə bizim cəmiyyətimizin özüdür. Məhz o, epoxanın ölçüm dərəcəsidir. Zəngin və təlimatçı bir ilham mənbəyidir.

Ən son kolleksiyanız Müqəddəs kilsənin vitrajlarında rəng oyunundan ibarət idi. Onun xüsusiyyəti nə idi?

Bu yaxınlarda Site adasındakı bu kilsəni ziyarət etdim, onu səxavətli ianələr sayəsində yenicə restavrasiya ediblər. Sübh vaxtı buranın vitraj şüşələrini dəlib keçən və içəridə hər şeyi işıqlandıran günəş şüalarını görmək olar. Bu əsl məlahət anıdır. Məhz bu işıqlandırılmış vitraj şüşələrini fərqli tərzlərdə yenidən şərh edərək – qırmızı və ultrabənövşəyi kimi xarakterik rənglərdən istifadə edərək, dəri üzərinə naxış və Swarovski kristallarını düzərək yeni kolleksiyam üçün əsas götürmüşəm…

Bir dəfə Parisdən daha çox Londonda bayıra çıxdığınızı etiraf etmişdiniz...

Paris klassik formada zərafət, tamamlıq, harmoniyadan ibarətdir. London isə qaynayan qazandır, iki fərqli qütbə – artistlik başlanğıcına və britaniya soyuqqanlığına malik şəhərdir. Bu şəhərlər arası həyat məni tarazlaşdırır…

Siz gözəl əşyalara qarşı həssassınız?

Ümumiyyətlə, bu və ya digər əşyaları duyğusal alışqanlıq səbəbi ilə geyinirəm. Məsələn bu saat kimi... Eyni şey burada gördüyünüz bütün əşyalara da aiddir… Dostum Sezar bu rəsm əsərini xüsusi olaraq mənim üçün emalatxanamdan seçilmiş dəri kəsiklərindən hazırlayıb… Əşyalar nəyisə xatırlatmalıdır və sevdiyimiz insanlarla bağlı olmalıdır.

Siz çox gözəl bir ifadə işlətdiniz: «Mənim rəhmətlik valideynlərim mənə sevginin dadını və xoşbəxtliyin mənasını miras qoyublar». Sizcə xoşbəxtliyin mənası nədədir?  

Mənim gözəl valideynlərə sahib olmaq kimi şansım olub. Onlar mənə sevməyi öyrədiblər. Axı sevməyi bacardığında qarşılığında da sevilirsən. Xoşbəxtliyin mənası NƏ gördüyümüzdə deyil, NECƏ gördüyümüzdədir. Bu xoşbəxt görüşlərdir. Tamamilə bizə məxsus olmayan bir şeydir...

Müsahibə: İra de Puiff

Material jurnalın birinci buraxılışında dərc olunub.