NARGIS
NARGIS MAGAZINE
Simalar

Moda dünyasının qaratoxmaq qadını

1 copy

Məşhur “fashion” bloger, dəbdə olan epataj tənqidçi, “Elle” və fransız “Vogue” ilə əməkdaşlıq edir. Onun qara eynəkli və hörümçəyə bənzər sancaqlı (buna görə onu cadugər adlandırıblar) orta əsrlərə aid bürüncəkli obrazı çoxlarına tanışdı. 2008-ci ildə Nyu-Yorkun Metropoliten muzeyi Diana Pernenin bloqunu müasir dövrün ən nüfuzlu bloqu adlandırıb.  

Qara magiya

Diana Perne

Zərif və sirli Diana Perne moda dünyasını füsunkar məlahəti və özünəxas obrazı ilə cəlb edir və ilhamlandırır. Tərzlə qaraya bürünən, öz firmasına məxsus kosmetik kölgədən və vizit kartına çevrilmiş qırmızı pomadadan istifadə edən Diana Perneni qarşımızda özünə cəzb edən, proqnozlaşdırılmayan qadın kimi görürük: o, nəyə desən maraq göstərə bilər və onu heç bir dəyişikliklər qorxutmur. Moda sənayesində onilliklər olmasına və yüzlərlə nümayişi seyr etməsinə rəğmən, Perne bundan qətiyyən usanmayıb və bir daha yenilikləri və mütərəqqi düşüncələri mənimsəməyə hazırdır. O, moda aləmində İnternet inqilabını əvvəlcədən xəbər verən şəxslərdən biri idi və 2005-ci ildən etibarən artıq pərəstiş edilən “A Shaded View on Fashion” bloqunun yayımına başladı. 1990-cı illərin əvvəllərində Parisdə məskən salan əslən filadelfiyalı qadın 2008-ci ilin sentyabrında yeni “A Shaded View on Fashion Film” layihəsini – dünyanın hər guşəsindən olan iştirakçılar üçün açıq olan modaya, gözəlliyə və üsluba həsr edilən illik kino festivalı - təsis edir. SVOFF indi də dünyanı dolaşır və hər ötən il daha çox pərəstişkar toplayır... Biz Argentinadan yenicə qayıtmış Diana ilə qara rəngin cəzbindən, onun yeni ətir xətti yaratmağından və modanın necə onun həyatının ayrılmaz hissəsinə çevrilməsi barədə söhbətləşmək qərarına gəldik.

2 copy

Argentina səfəriniz necə keçdi? Bu, oraya ilk səfəriniz idi?

Bəli, ilk səfər idi. Mənə elə gəlir ki, başımda Evit haqqında düşüncələrdən doğan müəyyən illüziya və müəyyən romantik atmosfer gözləntilərim var idi. Lakin nə fikirləşməyimdən asılı olmayaraq, bunun reallıqla heç bir əlaqəsi yox idi.  Mən daha çox nostalji və ilham gözləyirdim... Məni heyrətləndirən isə yoxsulluq oldu. Mən bir neçə dəfə Mexikoda olmuşam və onu Buenos-Ayreslə müqayisə etsək, Mexiko daha çox enerjiyə malikdir. Argentinada 2 gün keçirdim, lakin onları hiss etmədim.   

Bu yaxınlarda Ayris Apfel haqqında sənədli film izlədim. O bildirir ki, heç zaman qara paltar geyinmir, çünki bunu uniforma kimi qəbul edir. Bununla razısınızmı?

Mən bunu heç də uniforma kimi qəbul etmirəm, lakin müəyyən dərəcədə onu anlaya bilərəm. Qara rəng özümü güclü və hökmran hiss etməyə məcbur edir. Mən qara paltarları hələ 80-ci illərdə geyinməyə başlamışdım – istəmirdim ki, dizayner kimi fikirlərimi nə isə yayındırsın, qara rəng isə mənə toparlanmağa yardım edirdi. Mən qaraya darıxdırıcı və ölü rəng kimi baxmıram, müxtəlif teksturlar istifadə etməyi, onu daş-qaşlarla bəzəməyi sevirəm. Qara – cah-cəlallı və zərif rəngdir. Mən, məsələn, qara parçadan tikilən “Dries Van Noten” paltomu krepdən olan “David Szeto” ətəyi və qara bürüyən pambıq bluzka ilə geyinə və onları hansısa parlaq zərgərlik məmulatı əlavə edə bilərəm. Qonaqlarım tez-tez təəccüblənir – onlar qaranlıq mağaraya düşəcəklərini gözləyirlər, mən isə rəngləri sevirəm. Başqalarının üzərində onları görməyi xoşlayıram. Evdə göy zolaqlı pijama və ya qırmızı kimono geyinə bilərəm... Mən rənglərin enerjisini çox sevirəm, amma sadəcə onlara geyimimdə yer vermirəm. Və etiraf edim ki, onlar üçün heç vaxt darıxmamışam.

3 copy

Sizi qara rənglə nə zamandan eyniləşdirməyə başladılar?

Düşünürəm ki, parlaq rənglərdən qaraya keçdiyim 80-ci illərin əvvəllərindən.  O zaman Nyu-Yorkda yaşayırdım və qadın paltarlarının dizayneri idim. Yadımdadır, bir dəfə foto-sessiyaya rəngarəng paltar geyindim və özümü heç də pis etmirdim, amma qara yenə də sevimli rəngimdir. Qırmızı rəngli paltar geyinirsinizsə, özünüzə inanmalısınız, çünki bu, güclü, dominantlıq təşkil edən rəngdir. Rənglər bizə nəzərlər və davranışlara dair göstərişlər verirlər, bu da heyran edir.        

Sizi çox zaman tərz ikonası adlandırırlar. Bu barədə nə düşünürsünüz?

Özümü heç zaman tərz ikonası hesab etməmişəm. Ola bilsin ki, Madonna özünü onlardan biri hesab edir. Amma şəxsən mənim üçün bu heç zaman xüsusi önəm kəsb etməyib.

Bəs, sizcə, ikona olmaq nə deməkdir?

Həqiqi və özünə sadiq olmalısan. İkonalar trendlər haqqında düşünmürlər, onlar zamanın fövqündədirlər. Onlar bütün dəbli fişkalara laqeyddirlər, yalnız öz şəxsi dəblərinə diqqət yetirirlər. Anna Pyacci və İzabella Blouya nəzər salın, onlar öz-özlüyündə çox nadir idilər. Hətta Pyacci hər gün paltarlarını dəyişdikdə, onun obrazında həmişə təkrarlanan elementlər yer alırdı – məsələn, göy saçlar və ya kiçik şlyapalar. Səmimi və daimi olmaq lazımdır, sona qədər prinsiplərinə sadiq qalmalısan, etdiyinə inanmalısan.

4 copy

Sizin üçün dizaynerlər arasında üslub ikonası kimdir?

Zənnimcə, bu, Əzzədin Alaya və Rik Ouensdir. Onlar əsl novatorlardır və hər şeyi bildikləri kimi edirlər. Onlar kompromis axtamırlar və bu, onları güclü edir. “Alaïa”dan olan don həmişə cazibədar görünəcək, çünki ikonanın məhsullarının istifadə müddəti yoxdur. Onlar qəlblərini bəxş edirlər və bu da onların paltarlarında hiss olunur.

Sizin ətriyyat kolleksiyasınızın işə salınmasından öncəki dövr haqqında danışardınız.

Yenidən yaratmağa başlamaq əla idi, hərçənd, əlbəttə ki, mən buna doğru böyük yol qət etmişəm. Mən çox hövsələli insan deyiləm, ətriyyat isə çox vaxt tələb edir. Amma mən nəticədən çox razıyam. “Intertrade”dən olan Selso Fadelli ilə görüş başlanğıc nöqtəsi oldu. İdeal kombinasiyalar aranması bir neçə ay çəkdi, amma ümumilikdə hər şey təbii, demək olar ki, mənim üslubumda alındı.

Riayət etdiyiniz strategiya yoxdur?

Etiraf edim ki, heç zaman da olmayıb. Olmasını istərdim, ancaq bütün etdiklərim sırf instinktiv alınır. ASVOFF ilə də hər belə oldu. O zaman artıq bir neçə kino festivalı mövcud idi, həm də kifayət qədər uğurlu, amma belə təəssürat yaranırdı ki, onlardan heç biri modanın kinodakı əhəmiyyətini dərk etmirdi. Moda hər hansı xırda məsələ deyil və rejissorlar onu layiqincə qiymətləndirməlidirlər. Mən bir neçə film üçün kostyumlar yaratmışam və modanın personaj yaradılmasına nə cür yardım etdiyini görmüşəm, bu da mənə çox maraqlı gəldi.

5 copy

Bir çoxları, xüsusən də, gənc nəsil, Sizə ilham mənbəyi kimi istinad edirlər. Sizcə, nə üçün?

Mən səmimiyəm.  Və mən işimi sevirəm. Qarşımda moda kolleksiyaları olanda mən şəxsi zövqümü rəhbər tutmuram, hər şeyin əsasını bu paltara nəzər saldıqda keçirdiyim emosiyalar təşkil edir. Əgər kolleksiya məni hiss etməyə məcbur edirsə, o zaman anlayıram: bu, məhz mənə lazım olandır. Eyni şeyi bloqumun oxucularına çatdırmaq istəyirəm – bu, özün üçün nə isə yeni bir şey kəşf etdikdə keçirdiyin həyəcan hissidir.

Necə düşünürsünüz, dizayner işi Sizə moda sənayesini daha dərindən anlamağa yardım etdimi?

Təbii ki. Bu sistemin necə qurulmasını dəqiq bilirəm, onun bütün üstünlüklərini və çatışmazlıqlarını bilirəm. Mən heç zaman dizaynerə tanrı kimi baxmamışam – mən özüm 13 il dizayner olmuşam və prosesə tam əhatəli bələdəm. Siz yalnız şöhrətin 10 dəqiqəsini görürsünüz, amma sonra, bütün il ərzində baş verənlər – ağır işdir. Çox sayda problem həll etmək məcburiyyətində qalırsan, məhsulun hazırlanmasından onun satışına qədər.... Parlaq ideyalar aramaq, komandanı düzgün seçmək lazımdır. Hər gün biz çox güclü stresslərlə qarşılaşırıq...

Nə üçün dizayner sənətini tərk etdiniz?    

Deyə bilmərəm ki, mühit mənə təzyiq göstərirdi, amma Nyu-York QİÇS, narkotik və evsizlərin sayının artması ilə çox depressiyalı məkana çevrilib. O, sadəcə artıq mənə ilham vermirdi və mən şəhəri tərk etmək məcburiyyətində qaldım. Mən həmişə modanı sevmişəm, elə indi də sevirəm. Moda sevinc bəxş etməlidir. Moda – qəlbin bayramıdır. İnsanlar geyinərkən zövq alır, onlara əşyaları uzlaşdırmağı xoşlayırlar. Paltarın bütün gözəlliyi bundadır. Bu, insanları xoşbəxt edən yaradıcı prosesdir. Yadımdadır, hələ uşaq ikən, kinoya baxan zaman aktyorların paltarlarına diqqət yetirməyi sevirdim...

6 copy

Qəribədir, Siz özünüz haqqında hövsələsiz insan kimi söz açırsınız, amma həyatınızdakı gözəl hadisələrin böyük əksəriyyəti kifayət qədər gec baş verib...

İndi anlayıram ki, hər şeyin öz zamanı var, biz hər şeyi dərhal əldə etmirik. Bilirsiniz, mən həyatımın böyük hissəsini moda ilə məşğul olmuşam. Dizayner olduğum zaman arzum var idi – öz ətrimi istehsal etmək. Amma maliyyə vəziyyətim o zaman buna imkan vermirdi. Və yalnız 4 il əvvəl mən arzumu reallaşdıra bildim. Selso ilə tanışlıqdan sonra ideyamı reallığa çevirmək üçün mənə cəmi bir il kifayət etdi. Düşünürəm ki, hadisələri tələsdirmək lazım deyil. Biznesdə olduğunuz zaman artdıqca, hörmətiniz də artır. Siz bu efemer mühitdə duruş gətirməlisiniz – bu, çağırışdır və siz onu qəbul etməlisiniz.

Taleyə inanırsınız?

Düşünürəm ki, bəli. Axı hər kəsin öz təyinatı var, elə deyilmi? Mən ilk dəfə Parisə gələndə, şəhərə uyğunlaşmaq çox çətin idi. Amma anlayırdım ki, burada qalmalıyam və inad göstərirdim. İlk üç il dəhşətli idi – hər şey o qədər ləng cərəyan edirdi, ətrafdakı hər şey o qədər qaşqabaqlı idi ki!.. Amma əvəzində sonra özümü kifayət qədər rahat hiss edə bildim və mən hətta öz işimi inkişaf etdirməyi bacardım.

Arzuların həyata keçməsi üçün onları vizuallaşdırmaq lazımdırmı?

Əlbəttə. Mən sui-qəsd fotoları çəkən yaponiyalı fotoqrafımı xatırlayıram. Bu mənə qəribə görünürdü, axı o kifayət qədər gülərüz insan idi. O bir dəfə mənə dedi ki, bizim həyatımız – böyük yoldur və biz onunla hərəkət edirik. Və həmin yeganə şans düz yolumuzun üstündə ola bilər, lakin biz geri boylanmadan ona tərəf irəliləmək əvəzinə sola və ya sağ dönürük. Və budur, şans əldən verildi və ondan heç zaman istifadə edə bilməyəcəyik... Hər insanın həyatında öz yolu mövcuddur və onunla irəliləsəz, o mütləq sizi istədiyiniz yerə gətirib çıxaracaq.   

Müsahibə: Philippe Pourhashemi Foto: Sylvain Norget