NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

COŞQUN EMİR

Otelin boş foyesi, saat 19:40 göstərir. İyirmi dəqiqədən sonra Emir Kusturitsanın dünyanı birgə gəzdiyi “No Smoking Orchestra” qrupunun Heydər Əliyev Mərkəzində konserti başlamalıdır, o isə hətta otağını tərk etməyib. Hər ötən dəqiqə dünya şöhrətli kinorejissoru müsahibə və çəkiliş üçün yaxalamaq şanslarımızı xəyala çevirir... Amma budur, liftin qapıları aralanır və o görünür: ekrandakı kimi nəhəng, o qədər güclü enerjiyə malikdir ki, sanki onun vasitəsi ilə ətrafdakı bütün qadjetləri şarj etmək olar, bütün kino qəhrəmanları kimi cəzbedici və serb xuliqanı şöhrətinə rəğmən  gözlənilməz dərəcədə nəzakətli. Emir səbirlə kamera qarşısında dayanır, kral jesti ilə gündəliyimdə imza atır və “həyat möcüzə kimidir” artıq məcaz deyil... Kusturitsa ilə söhbət barədə mən hələ jurnalistikaya qədəm qoymamışdan xəyal edirdim. O valehedici vaxtlarda mən özüm üçün Sarayevodan olan bu ipə-sapa yatmayan adamı yenicə kəşf edirdim: “Ata ezamiyyətdə”, “Qaraçılar zamanı”, “Andeqraund”, “Vəsiyyət”... Qızğın Balkan ritmi, hadisələrin tragikomik kaleydoskopu, qaraçı mahnılarının müşayiəti ilə ağlı başdan alan qrotesk – təəccüblü deyil ki, Avropa kinosu belə həmlə qarşısında təslim oldu və yuqoslav kino mələyinin kəkilli başına iki palma budağından tac qoydu! Beləcə Kusturitsa müasir dövrün əfsanəvi rejissorları sırasında öz yerini tutaraq, “Balkan əsatirinin” bir hissəsinə çevrildi. Biz isə ustadla ünsiyyət qurmaq səadətinə nail olan xoşbəxtlərdən biri olduq.

90-cı illərdə Sizin “Andeqraund” filminiz mübaliğə, tarixi hadisələrə tragikomik parodiyaya bənzəyirdi. Tarixin və faktların saxtalaşdırılması adiləşən bizim rəqəmsal əsrdə çıxış yolunu nədə görürsünüz?

Mən gələcəyə böyük bədbinliklə baxıram. Reallıq bizim illüziyalarımızdan çox fərqlidir... Kütləvi informasiya vasitələrinin qlobal inkişafı sayəsində insan düşüncəsi ilə manipulyasiya etmək çox asanlaşıb. Lakin sual bu kütləvi informasiya vasitələrinin kim tərəfindən idarə olunmasındadır. Bu kimə sərf edir? İndi özünün, digərlərindən fərqli nəzəri olan insanı nüfuzdan salmaq, onu susqunluq divarı arxasında qoymaq və ancaq sərf edən mövqeni işıqlandırmaq çox asandır. Tarixi faktlarla da eyni şey baş verir. Buna görə də ən yaxşı çıxış yolu – sətirlər arasındakıları oxumaqdır. Və ümumiyyətlə, çox oxumaq... 

Müasir dünyada “ayfonu icad edən haqlıdır”. Bəs, Sizcə, kim haqlıdır?

Hazırda biz texnoloji inqilabın mərkəzindəyik və düşünürəm ki, o insanları pis tərəfə dəyişir. Hamı bir nəfər kimi sistemin tərkib hissəsi olmaq istəyir, halbuki bu sistemin ümumiyyətlə yaxşı olub-olmamasını anlamır. Onlar şəxsiyyətlərini itirirlər. Mənə görə isə haqq fərdiliyini qoruyan, ümumi axına ram olmayan, öz istiqaməti, fikri olanın tərəfindədir və bunların digərlərinə sərf etməsi əhəmiyyətli deyil.

Nə üçün dokumentalistika janrına müraciət etdiniz, Maradona haqqında bioqrafik film çəkdiniz? Doğrudanmı, “Qaraçılar zamanı” Sizin üçün sona çatdı?

Mən müxtəlif janrlara müraciət etmişəm və edirəm. Dokumentalistika əsl insanı – onu görməyə adət etdikləri kimi deyil, müəyyən sosial rollardan kənar, əslində olduğu kimi göstərməyə imkan yaratdığı üçün maraqlıdır. Həm də tarixi hadisələri müəyyən insanın həyatı vasitəsi ilə nümayiş etdirmək imkanı cəzb edir. Bu həmişə maraqlıdır – belə bir bədii eksperiment.

Təsis etdiyiniz “Kustendorf” kino festivalının emblemi – qatara qarşı canavardır, sloqan isə Bob Marlinin mahnısından götürülüb: “Bu qatarı dayandır!” Qatarı dayandırmaq niyyətində olan canavar məhz Sizsiniz?

Mən həmişə ləyaqəti və mənəviyyatı uğrunda mübarizə aparanların tərəfində olmuşam. Söhbət bizə siyasətçilərin və ya Vatikanın diqtə etdiyi mənəviyyatdan getmir. Mənim üçün bu metafizik anlayışdır, insanları özlərini məhv etməkdən xilas edə biləcək bir şeydir. Mən buna ömrüm boyu inanmışam. Amma indi, zənnimcə, bu getdikcə, təəssüf ki, daha az əhəmiyyət kəsb edir...

Yaradıcılığınızla tamaşaçı kütləsinin şüurunun istilasına qarşı mübarizə aparırsınız. Bu mübarizə nə dərəcədə effektivdir? Və necə düşünürsünüz, qalib kim olacaq?

Müasir kino çox dəyişilib, indi onu televizor üçün hazırlayırlar. Avropada bu, minimalizm adlanır. Mən isə köhnə dəbə sadiqəm və əvvəlki kimi ecazkar realizmlə məşğul oluram. Belə də qalacam. Və inanmaq istərdim ki, kinematoqrafda hər şey üçün zaman və məkan tapılacaq.  

Hələ 80-ci illərdə Sizi XXI əsrin rejissoru elan etdilər, Siz Kann kino festivalının tarixində iki palma budağı alan dördüncü rejissorsunuz. Hesab etmirsiniz ki, bu özü özlüyündə Sizin gələcək yaradıcılığınızı istənilən qiymət sistemindən daha yuxarı qoyur?

Mənim üçün bu mükafatlar böyük əhəmiyyət kəsb edirdi. Lakin həmişə səy göstəriləsi nə isə var. Heç vaxt demək olmaz ki, bu, yaradıcılıqda müəyyən mərhələdir və nail olduğun kifayətdir, əks halda yol mənasını itirir. İndi daha bir Palma budağı almaq istəməyim haqqında fikir düşünsəm... yəqin ki, yox. Ötən dəfə “Süd yolu ilə” filmimi çəkib bitirdikdən sonra sənədləri təqdim etməyə macal tapmadım: sən demə, bir il əvvəl göndərmək lazım idi, növbəti ildə isə onlar məni dəvət etmədilər. Bu festival indi çox dəyişib. Onunla nə baş verdiyini anlamıram, lakin bu gün bu festival müəllifin deyil, seleksiyaçınındır. Seçimə cavabdeh olanlar özlərini futbol məşqçiləri kimi aparır və belə yarışlarda iştirak etməkdə məna görmürəm.  

Bir dəfə bəyan etmişdiniz ki, “insanlara Utopiya bəxş etmək istəyirəm”. Sizin Meçavnik – bu utopiyanı reallaşdırmaq cəhdidir, bəlkə də, bütün bəşəriyyət tarixində yeganə uğurlu cəhd. Lakin hətta orada da, özünüz ifadə etdiyiniz kimi, “şirin diktatura” hökm sürür. Bu o deməkdir ki, bu dünyada, nə edirsən et, amma diktaturasız keçinmək mümkün deyil?

Biz Meçavniki onun mədəniyyət, elm, festivallar şəhəri olacağı düşüncəsi ilə inşa edirdik... Burada diktatura ideyası yox idi, daha çox mənə vacib olan postulatların həyata keçməsi idi. Bu yalnız şəhərcikdir, o, kiçikdir və sanki keçmiş zamanlara, xristianlığın beşiyinə qaytarır. Buna görə də monastır ölçülərinə malikdir. 

Qloballaşma prosesini necə dəyərləndirirsiniz? Ona müqavimət göstərmək lazımdırmı? Multikulturalizmə münasibətiniz necədir?

Mən qloballaşmaya qarşıyam. Hesab edirəm ki, insanları ondan qorumaq lazımdır. Ola bilsin ki, müasir dünyadakı qeyri-sabitlikdə məhz o müqəssirdir. Azad dövlətlər məhz azad siyasətlərinə görə hücumlara məruz qalırlar. Qlobal mədəniyyət bizi öldürür, o, təbliğata çevrilib. Zaman ötdükcə kinonun dili daha çox təbliğat olur və belə bir zamanda mən mədəniyyətimi qorumaq istəyirəm. Etnik mənsubiyyət hissi yalnız fəlsəfi dünyagörüşü üçün lazım deyil, ilk növbədə  psixoloji sabitlik üçün lazımdır. 

Siz artıq 4-cü dəfə “Böyük” klassik musiqi festivalı keçirirsiniz. Nə üçün, məsələn, rok-festival yox, məhz klassik musiqi? Axı bu Sizin “gitaralı üsyankar” imicinizə daha çox uyğun olardı...

Bu, rus musiqisi festivalıdır, çünki hesab edirəm ki, rus bəstəkarlar özlərindən sonra dahi musiqi irsi qoyublar və ümumiyyətlə dünya musiqisinə böyük töhfə veriblər. Qardaşlıq məhəbbətləri haqqında Rusiya və Serbiya çoxdan söz açırlar. I Dünya müharibəsinə çar Nikolay Serbiyaya görə qatıldı, amma indi sülh dövrüdür və bu ideyalar bir o qədər həyata keçmir. Festival isə onları reallaşdırmağa imkan verir. Məhz rus musiqisi müqabilində rus xalqının ruhunu, onun mədəniyyətinin nəhəng spektrini daha yaxşı anlamaq mümkündür. 

Bir dəfə demişdiniz ki, sivilizasiya artıq güclü ideyalarsız inkişaf edə bilməz. Amma bu güclü ideyaları hansı sahələrdə aramaq lazımdır? Bəlkə onlar artıq Sizdə var?

Düşünürəm ki, ideyaları tarixdən əldə etmək mümkündür. Çox şey təkrarlanır, ona görə də əbədi problematikaya toxunan qlobal mövzulara müraciət etmək həmişə faydalıdır. Mən hazırda Çingiz xan haqqında film çəkməyi planlaşdırıram, yaxınlarda ssenari yazdım. Böyük sərkərdənin şəxsi gündəliyi alındı. O, orada nə yaxşı, nə də pis, necə var, elə də göstərilib: öz emosional duyğuları, əbədi mənəvi seçim sualları ilə... Bundan əlavə, məni Sudandakı vətəndaş müharibəsi mövzusu maraqlandırdı, bəlkə bu haqda da film hazırladım. Əlbəttə, bu bizim sivilizasiyadan uzaqdır, lakin orada baş verən soyqırım hamını  həyəcanlandırmalıdır.

Bir dəfə söyləmişdiniz ki, Sarayevoya qayıtmayacaqsınız, çünki oradakı evinizi yandırıblar. Mənim vətənimdə indiyə qədər 1 milyon qaçqın var ki, 30 ildir işğal olunmuş torpaqlarda qalan evlərinə dönə bilmirlər. Müharibə və yoxsulluqdan xilas olmaq üçün Əfqanıstandan və Suriyadan olan minlərlə qaçqın Avropaya can atır. Necə düşünürsünüz, onlar hamısı öz evinə sahib ola biləcəkmi?

Mən belə ev tapa bildim – bu, Bosniya ilə Serbiyanın sərhədində tikdiyim Meçavnik şəhəridir. Burada özümü yaxşı hiss edirəm. O sivilizasiyadan, bir zamanlar bizə bədbəxtlik gətirənlərdən uzaqdadır. Ümid edirəm ki, bu insanlar da nə zamansa öz evinə sahib ola biləcəklər. Gec ya tez, hər bir insan özünü yaxşı hiss etdiyi və ev adlandıra biləcəyi yeri tapır... 

Bizdə, Azərbaycanda izdihamlı toy məclisləri kultu qalıb. Balkanlarda necə, hələ də səs-küylü toylar olur, qonaqlara evlənənlər üçün hədiyyələr nümayiş etdirilir? Necə hesab edirsiniz, belə ənənələri qorumaq lazımdır, ya onlar keçmişin qalığıdır?

Bəli, həqiqətən Balkanlarda toylar təmtəraqla keçir və bir neçə gün davam edir. Mənə elə gəlir ki, bu çox gözəl ənənədir və ümid edirəm ki, o qorunub saxlanacaq. Çünki bu bizim tariximiz, bizim köklərimizdir və onların nəsillərə sirayət etməsi çox vacibdir. Hər şey bunun üzərində dayanıb. 

Meçavnikinin küçələrini Sizin üçün əhəmiyyətli olan şəxsiyyətlərin şərəfinə adlandırmısınız: Nikola Tesla, Ernesto Çe Qevara, Diyeqo Maradona, Federiko Fellini, İnqmar Berqman, İvo Andriç, Bryus Li, Andrey Tarkovski... Hətta Conni Deppin heykəlini ucaltdırmısınız. Daha kimə abidə qoyardınız? Və hansı şəhərdə öz abidənizi görmək istərdiniz?

Bəli, həqiqətən də belə heykəl mövcuddur, tezliklə digərləri də olacaq, namizədlər çoxdur! Amma özümün abidəm haqqında mən heç zaman düşünməmişəm də... Siz bu fikrə yönəltdiniz. Cavab tapan kimi deyərəm.

Tarixdə necə qalmaq istərdiniz: rejissor, aktyor, musiqiçi, utopiyanın memarı? Ya bəlkə sadəcə Balkan üsyankarı kimi?

Mənə çox şey maraqlıdır: kino, musiqi... Ümumiyyətlə, mənə elə gəlir ki, onlar bacı-qardaş kimidirlər – qohum janrlardır. Mənə ədəbiyyat da maraqlıdır – belə deyək, intellektual maraq və özüm də yazmağı xoşlayıram. Nə isə inşa etmək, gələcək nəsillər üçün yaratmağı da sevirəm. Və bütün bu istiqamətlərdə mən öz nəzərlərimi, ideyalarımı, prinsiplərimi – bunlar vahid birlikdir – ifadə edirəm. Sabah nə ilə məşğul olacağımı, nə etmək istəyəcəyimi bilmirəm, amma bu istiqamətlərin heç birində özümə xəyanət etməyəcəm.    

 

NARGIS” redaksiyası müsahibənin və çəkilişin təşkilində göstərdiyi köməyə görə “Premier Ltd. Art Management” prodüser agentliyinə və şəxsən onun baş direktoru Nəzakət Qasımovaya dərin minnətdarlığını bildirir.

Müsahibə: Leyla Sultanzadə

Foto: Pərviz Qasımzadə, mətbuat materialları

Material 68-cı buraxılışda dərc olunmuşdur.