NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Xatirələr mənimlədir

"Artistlər evi"nin əfsanəsi
Onun böyüyüb boya-başa çatdığı, Xaqani küçəsində yerləşən ev xalq arasında "Artistlər evi" adlanır. Məşhur ifaçı Bülbül Maqomayevlərin yan qonşusu idi və Müslüm hər səhər onun oxumağını dinləyirdi. Gənc Müslüm Bülbülün oğlu Polad ilə dostluq edirdi. Onlar birlikdə Ayı izləmək üçün müşahidə borusu düzəldirdilər, birlikdə məktəbin divar qəzetini tərtib edirdilər – elə o zamanlar Maqomayev rəsmə meyilliliyini hiss etmişdi, birlikdə ucadan qışqıraraq ağacdan-ağaca tullanıb «tarzançılıq» oynayardılar... Yeniyetmə Müslüm hər şey ilə maraqlanan bir oğlan idi, həmişə nəsə düzəldirdi, söküb yığırdı – onun çox sevdiyi nənəsi Bağdagül bəzən dəmir səthli əşyalara toxunmağa qorxurdu: bəlkə Musik yenə nəyisə düz qoşmayıb və onu yenə cərəyan vurar! O, doğma şəhərini və Xəzər dənizini çox böyük sevgi ilə sevirdi. Qayaları sevirdi. Sonralar Tamara Sinyavskaya onun kimi qayalarda "Mavi əbədiyyət" mahnısını ifa etməyə cəhd göstərmişdi və etiraf etmişdi ki, sanki səs "uzaqlara yayılır" və hüdudsuzluq hissi yaranır… Yeri gəlmişkən "Mavi əbədiyyət" mahnısının melodiyası Müslümün ağlına dostlarının əhatəsində, bir restoranda oturarkən gəlmişdi. O, mahnını "yeganə ayağını qoruyan əsgər" haqqında metaforanı kibrit qutusu üzərində yazan Mayakovskinin məsləhətinə əməl edərək kraxmallı salfetin üzərində yazmışdı. Mahnının sözlərinə isə onu Aleksandr Qrinin "Al yelkənlər" povesti ilhamlandırmışdı. Maqomayev çalırdı, dostu Gennadiy Kozlovski isə Assollün ilkin variantından əsər-əlamət qalmayana qədər yazıb-pozurdu.
Ulduz cütlük – Maqomayev və Sinyavskaya – tez-tez Zaqulbada yerləşən bağlarında dincəlirdilər. Orada Müslüm sübh tezdən oyanıb balkonda rəsm çəkirdi. Ətrafdakılar tərəfindən hər zaman nəzakətli, çox mədəni bir insan olaraq xarakterizə edilən Müslüm Maqomayev rəsmləri tənqid edildiyində cənub temperamentini göstərirdi – həyat yoldaşının sözlərinə görə o, emosiyalarına hakim ola bilmirdi! 17 avqustda, doğum gününü ənənəvi olaraq Bakıda, dəniz sahilində, dostlarının və doğmalarının əhatəsində və yalnız bir aydan sonra Moskvada keçirirdi. Artist masa arxasına tənha oturmağı sevmirdi, konsertlərdən sonra mütləq dostlarını başına toplayardı, qonaqlar dağılanda isə çox məyus olurdu. Son səkkiz il ərzində səhhəti ona doğma şəhərinə gəlməyə imkan vermirdi və bu ayrılığı o çox ağır keçirirdi. Yarım ildən bir qədər çox Bakıda yaşayan Yeseninin vidası kimi Müslüm Maqomayev də uşaqlıq şəhəri ilə "Əlvida, Bakı" mahnısı ilə vidalaşdı – bu onun yazdığı və ifa etdiyi sonuncu mahnı idi…

Sovet ittifaqının Orfeyi
Metso-soprano səsi olan opera müğənnisi Tamara İlyiniçna Sinyavskaya Bakıda Müslüm Maqomayev adına Filarmoniyasını gördüyündə düşünmüşdü: "Belə gənc yaşda, belə bir şərəfə nail olmaq!". Ancaq sonra öyrənmişdi ki, ona məşhur babasının adını veriblər. Musiqi onun taleyi idi. Uşaq vaxtı tez-tez dirijor çubuğunu əlinə alıb dirijorluq edərdi. 14 yaşında ikən onun səsi inanılmaz gücə malik idi və Müslüm müğənni olacağını anlamışdı. O, bu qərarına görə heç vaxt peşman olmayıb. Teatral rəssamın və aktrisanın oğlu əmisi tərəfindən tərbiyə olunurdu və ümumi təhsil fənləri ilə arası yaxşı deyildi, çünki bütün fikri musiqidə idi. O, çox nadir gözəllikdə səsə sahib idi – parlaq, gur, ahəngdar... Ancaq çox sevdiyi neapolitan mahnılarını oxuyarkən italyanları belə ifasının dərinliyi və əsl italyan ehtirası ilə valeh edərək qarşımıza parlaq bir tenor olaraq çıxdı. Moskvada Crocus City Hall binasının inşası zamanı Araz Ağalarov dostu Maqomayevin səsini yad edir və zalda səsi qorumaq üçün bu səsə layiq akustika üzrə mütəxəssis tapa bilmədiyini xatırlayır. Buna görə akustika ilə Ağalarov şəxsən özü məşğul olurdu.
Məşhur La Scala teatrında ifaçılıq texnikasını mənimsəyərək Müslüm Maqomayev hər zaman Benyamino Cilyi, Cino Bekki, Tito Qobbi, Mario Del Monako kimi ifaçıların məktəbinin pərəstişkarı və davamçısı olaraq qalıb. İtaliyaya gəlməzdən əvvəl o, oxumağı, italyan səhnəsinin korifeylərinin ifa manerasını plastinkaları dinləyərək öyrənirdi, – Milan müəllimləri tanış vurğuları, tərzi və səs gücünü dərhal anlayır. Belkantonun vətənindən qayıdandan sonra isə o, Azərbaycan Dövlət Kamera Orkestri ilə XVI–XVIII əsr Avropa bəstəkarlarının əsərlərindən ibarət silsilə səsyazma yazdırır. Bunun üçün xüsusi vokal texnikası tələb olunurdu, Maqomayev isə bu texnikaya mükəmməl dərəcədə sahib idi. O, "ruhunun nəfəs alması" üçün ayda iki-üç dəfədən artıq konsert vermək istəmirdi: axı hər dəfə səhnəyə çıxarkən yenilənmiş, həqiqi olurdu, hər bir mahnıya qəlbindən bir parça qoyurdu. Onun dəlisov energetikası zalı lərzəyə gətirirdi, qadınların ağlını başından alırdı və hər biri istisnasız onun cazibəsinin əsiri olurdu. İstənilən vaxt oxumaq həmişə alınmırdı. O, həm də onun konsertinə düşə bilməyənlər üçün balkondan da oxuyurdu, hətta öz toyunda belə açıq pəncərədən improvizə konsert vermişdi, çünki Moskvada "Bakı" restoranının qarşısına toplaşan pərəstişkarlarına yox deyə bilməzdi. Amma təəssüf ki, Müslüm Maqomayev güclü ağciyərləri ilə seçilmirdi. Noyabr havası öz sözünü deyir – toydan sonra o, uzun müddət xəstə yatır və uzun müddət susur.
"Bu oğlan özünü heç qorumur" – onun haqqında deyirdilər. Nə xəstəliklər, nə siqaret – gündə 3 qutu çəkirdi – nə də uşaqlıqda keçirdiyi qızılca onu durdurmurdu: yalnız bir qulağı ilə eşitsə də, hamıdan daha yaxşı duyurdu.

Ancaq səsi dəyişəndə tamamilə susdu, lakin bunu heç kim eşitmədi. O, səhnədən səssizcə, təmtəraqlı açıqlama etmədən və vida konserti vermədən getdi: vaxtının bitdiyinə qərar verdi, səsinin güclü və gənc olaraq xatirələrdə qalmasını istədi. Öz şəxsi sərhədlərini qoruyurdu və jurnalistlər onu uzun müddət tuta bilmirdi. Konsertdən sonra da onun darıxmağa vaxtı olmurdu. Öz evini elə tərtib etmişdi ki, ona Böyük teatrı xatırladırdı.
O, nəyisə bacara bilmədiyi fikri ilə barışa bilməzdi. Ancaq diletant görünmək istəmədiyi üçün kinoda Ostap Bender və Vronski rollarından imtina edir. Yalnız bir dəfə kino ekranda yer alır – Eldar Quliyevin filmində Nizami Gəncəvi rolunda, ancaq rolu haqqında bir qədər ironiya ilə bəhs edirdi: guya sadəcə gəzmək, dayanmaq və müdrik kəlamlar deməkdən başqa bir şey etməsinə ehtiyac yox idi.

Sən mənim melodiyamsan...

Onu ilk dəfə eşidəndə, üzünü belə görmədən fikirləşmişdi: "Bu səsin ardınca dünyanın axırına belə gedərdim." SSRİ-nin ən qibtə olunan kürəkəni Tamara Sinyavskaya ilə üç dəfə tanış olur. Bir müddət onlar bir-birindən yan keçirdilər, amma tale sanki bilərək onları bir araya gətirirdi. Hətta La Scala teatrına təcrübə üçün gedən Tamara bilmədən gələcək həyat yoldaşının on il əvvəl yaşadığı otaqda qalır. Elə o vaxtı telefon vasitəsilə onların arasında sevgi romanı başlayır. Telefonda, ona yeni yazılmış "Sən mənim melodiyamsan" mahnısını dinlətdirir. O vaxtlar Bakı telefon stansiyasında işləyən Araz Ağalarov şəxsi söhbətə qulaq asmamaları üçün sözün əsl mənasında telefonçu qızların başının üstündə dayanır. Tamara qayıtdıqdan sonra Maqomayevlə heç vaxt ayrılmadılar. Daha sonra isə Maqomayevin dostu Tahir Salahov onların qətiyyətsizliyini görüb pasportlarını alıb qeydiyyat şöbəsinə aparır. Onların oxşar cəhətləri çox idi. Müslüm kişinin hər bir şeydə başda olmalı olduğunu hesab edirdi, ancaq qadını əzmədən. Təbiətdən qadın zərafətinə malik olan Tamara onun bütün qaydalarını qəbul edirdi. Onu bir sözdən anlayırdı, intonasiyalarını başa düşürdü. Müslüm Maqometoviçin öz etirafına görə o, başqa heç kimlə evlənə bilməzdi. Müdrik, nəzakətli Tamara İlyiniçna dahi bir insanın ideal həyat yoldaşı olmağa çalışırdı.
Bu gün Tamara Sinyavskaya GITIS-də dərs deyir və Müslüm Maqomayev fonduna rəhbərlik edir. Ətraf dünya onun üçün Müslümlə bağlı xatirələrinin leqatosu kimi səslənir. Sanki o həmişə yanındadır və yenə də ona istiqamət verir... 2020-ci ilin mart ayında Emin və Araz Ağalarovların köməyi ilə Birinci kanalda "Maqomayev" serialı yayımlandı. Serialın ssenarisi dörd il ərzində yazılıb, baş rolu oynayan Miloş Bikoviçi isə Müslümü xatırladan təmkinli hərəkətləri və yumşaq intonasiyalarına görə Tamara İliniçna özü seçmişdi.

Maqomayevə qarşı ehtiras
1969-cu ildə Müslüm Maqomayev Kannda keçirilən MIDEM festivalında fantastik sayda satılan plastinkalarına görə (4,5 milyon) qızıl diskə layiq görülür! Beatles, Çelentano və digər məşhur ifaçıların qatıldığı konsert bölümü "Mavi əbədiyyət" mahnısı ilə sonlanır. Onun uğuru fenomenal idi. Saat yarımlıq konsertlər bir nəfəslə, sanki beş dəqiqədə keçirdi. Konsertlərinə vertolyotla uçmaq, İdman Sarayına birbaşa avtomobildə daxil olmaq, gizli çıxışlardan çıxmaq, hətta əmisi Maestro Niyazi ilə ikinci mərtəbədən tullanmaq məcburiyyətində olur. Pərəstişkarları onun əynində az qala paltarlarını cırırdılar. 1964-cü ildə Moldova Mədəniyyəti günlərində, Yaşıl Teatrdakı konsertdən sonra tamaşaçılar onun oturduğu avtomobili əlləri ilə göyə qaldırmışdılar. Müasir estrada "ulduzları" ətrafında heç bir kütləvi isteriya Maqomayevin dəlicəsinə uğuru ilə müqayisə edilə bilməz. Onun ifasında Nəbi Xəzrinin sözlərinə yazılmış “Azərbaycan” mahnısı hələ də demək olar ki, dövlət himni kimi qəbul edilir. Robert Rojdestvenskinin xatirələrinə görə heç bir konferansye "Maqomayev" soyadını sona qədər elan edə bilmirdi zal coşqulu alqışlarda boğulurdu. O, sanki Qədim Yunan Orfeyinin nəinki musiqili, həm də insanlara canlanma gətirən mənəvi təcəssümü idi. Təəccüblü deyil ki, soyadı əsrarəngiz "maq" ilə başlayır: onun enerjisi və izaholunmaz maqnetizmi hətta lent yazıları ilə ötürülürdü.


Yaşayan əfsanə
Müslüm Maqomayev nadir insan təbəqəsinə aid idi: qamətli, cazibədar, ziyalı, ləyaqətli... Heç kim onun tələsdiyini və ya təlaşlandığını görməyib, heç vaxt heç kimdən heç nə istəməyib. Heç vaxt rəhbərləri mədh etməyib, baxmayaraq ki, onu həm xalq, həm də dünyanın güclü insanları çox sevirdi. O, yalnız 41 yaşında mənzil sahibi olub, hərçənd başqaları üçün dəfələrlə ağız açıb. Onu bir ata kimi sevən Heydər Əliyev hətta Maqomayevi başqalarına qanuni olaraq kömək edə bilməsi üçün deputat seçmişdi. Ancaq o, siyasətdən uzaq idi və demək olar ki, iclaslara qatılmırdı. Heydər Əliyevin dediyi kimi, "Yaşayan əfsanə" 31 yaşında SSRİ xalq artisti adına layiq görülmüşdü və bu inanılmaz idi! Halbuki kiçik məmurların intriqaları olmasaydı, bu adı dörd il əvvəl ala bilərdi. Uğur onun üçün xoş idi, amma başını gicəlləndirmədi. O, tamahkar biri deyildi, pulu asanlıqla kiməsə xoş bir şey hədiyyə almaq və ya çətin anlarda kömək etmək zövqünə dəyişə bilərdi. Dostlarını restorana dəvət edərkən hər kəsin yerinə özü ödəyərdi və pulla bağlı heç bir söhbət belə eşitmək istəməzdi. “Bremen musiqiçiləri” cizgi filmindəki Trubadur, "kəskin" səsli Xəfiyə və Atamanşanı səsləndirdiyi üç ifasına görə şənləndiyini bildirərək qonorar almaqdan imtina etmişdi. Məşhur üzüyünü isə çıxışına görə qonorardan imtina etdiyi üçün Şah Məhəmməd Rza Pəhləvi ona hədiyyə etmişdi. Gəncliyində modabaz kimi tanınan Müslüm əvvəllər üzük taxmazdı, ancaq Şahın hədiyyəsini isə heç vaxt barmağından çıxarmırdı. Özünə qarşı tələbkar, hətta acımasız olan təvazökar və vicdanlı Müslüm Maqomayev öz parodiyalarına yumorla yanaşırdı. 1986-cı ildə gənc Vladimir Vinokuru Amerika qastrollarına dəvət etmişdi və özü onun çıxışlarını elan etmişdi. "Gözləmə, qorxma, heç nə istəmə" prinsipi ilə yaşayırdı. Özlərini ağıllı göstərənləri sevmirdi və kütləvi təriflərə aldanmırdı. Artıq yetkin yaşlarında deyirdi: “İndi mən işim haqqında ən ağıllı və nüfuzlu analitikdən belə daha çox şey bilirəm. Özüm haqqında düşüncəm isə amansızdır”. Ömrünün son illərini həmişə taleyin bəxtəvəri olduğu üçün hesablaşma kimi görürdü.


Biz Tamara İliniçna Sinyavskaya ilə 17 avqusta bir-iki həftə qalmış telefonla danışdıq pandemiyaya görə hər il olduğu kimi Bakıya gələ bilməyəcəyini bildirdi.

Tamara İlyiniçna, Araz Ağalarov Müslüm Maqometoviçin xəstəxanaya getməkdən imtina etdiyini bildirmişdilər. Deyirmiş ki: "O qədər gözəl bir həyat yaşayıb ki, bu həyat uzun olmamalıdır". Bioloji varlığını uzatmamağı xahiş edirmiş. Öz qaydalarına görə yaşayırmış...
Siz buna şübhə edirsiniz? O, "azad doğuldu və azad getdi". Demək istədiyi hər bir şeyi dedi. Mən isə hamısını qoruyuram.


Onun haqqında kitab yazmaq istəmirsiniz?
O, istədiyi hər bir şeyi yazıb. Mən heç vaxt onun adından heç nə etməmişəm və heç nə etməyəcəyəm də. Yalnız öz düşüncəmi bildirə bilərəm, ancaq bir az daha vaxt keçməlidir... 12 il keçməsinə baxmayaraq, elə bil hər şey dünən olub... O, heç kimin deyə bilmədiyi şeyləri deyib. Yaddaşımda olan heç bir artistin deyə bilmədiyini. O isə bunu deyə bilirdi.


O, deyirdi ki, onun vaxtı keçib. Estafeti kimə ötürüb bəs? Yoxsa onun kimisi daha yoxdur?..
Bu, zəmanəmizin fəlakətidir. Mən də buna görə bir az əziyyət çəkirəm. Heyran olmağı, təəccüblənməyi çox istərdim...


İndi sənətdə belə dəyərlər varmı?... Ulduz deməyəcəyəm.
Ulduz bizim sözümüz deyil. "Böyük teatrın ulduzu Fyodor Şalyapin" razılaşın ki, bu təhqiramiz səslənir, çünki bütün digər ulduzlar əsgər alayıdır. Eşitmədiyim insanları mühakimə etmək haqqına sahib deyiləm. Əlbəttə ki, vətənlərini qürurlandıranlar da var və mən bundan zövq alıram həm estetik, həm də insani, amma biz onları tez-tez görmürük və eşitmirik. Ekranlarımızda göstərilənlər bu deyil.


Onu incitmək asan idi? Nə qədər həssas biri idi?
Həssas olmaq küsəyən olmaq demək deyil. Bütün artistlər kimi, o da həssas idi. Axı biz intonasiya incikliyini hiss edirik: məsələn, bu anda yanlış intonasiya ilə bir şey desəz, biz onu dərhal eşidəcəyik. Ancaq o, çox nəzakətli idi, kimin nəyə qadir olduğunu anlayırdı... Vacib şeylərdən məhrum olan bir insandan niyə inciyəsənki? O həm də ağıllı biri idi. Ağıllı bir insan heç vaxt bacarıqsız, amma böyük ambisiyaları olan birindən inciməz.

Belə çıxır ki, "istedadlı" və "böyük ambisiyalı" antonimdir?
Demək olar ki, antonimdir. Həmişə deyil, amma olur. Belə olur ki, insan səmimi, nəzakətli olduğu təəssüratını verir, amma ağzını açan kimi hər şey hara yoxa çıxır? Olur ki, heç bir şey ilə diqqət cəlb etmir, ancaq ağzını açır və ondan qopa bilmirsən. Mənə elə gəlir ki, bu baletə də aiddir, yalnız onlar bədənləri ilə ifadə edirlər.


Bakıya tez-tez gəlirsiniz?
İndi koronavirus bir bəladır... Avqust ayını heç qaçırmamağa çalışırdım. 25 oktyabrda da Bakıda olmağa çalışdım. Bu tarixlər arası təzim etməyə vaxt ayırırdım...


Bakıda sevdiyiniz yerlər varmı?
Sevdiyim yerlər? Əsasən Zaqulbadır, çünki demək olar ki, hər yayı orada keçirirdik. Bir də mənim üçün çox şey ifadə edən bulvar, çünki Müslümlə gənc yaşlarımızda Bakıya gələndə "Azərbaycan" otelində qalırdıq. Yüksək mərtəbədən sahilə baxırdıq, bu bizi çox həyəcanlandırırdı. İçərişəhərdə çox gəzərdik...


“Dahi sənətkar, böyük hərflə yazılan insan...” – deyirik. Bu nə deməkdir?
Axı, dahi olmaq üçün sadəcə vokal bacarığı kifayət deyil. Bu keyfiyyətlər onda çox gözəl birləşmişdi. O, Allahın sevdiyi bəndəsi idi. Hər cəhətdən diqqəti özünə cəlb edən bir model idi. İnsanların onunla bərabərləşməsini istədiyimiz bir nümunə.


Bəs o bizə nəyə görə göndərilmişdi?
Nümunə olaraq xidmət etməsi üçün. Çaykovski, Mosart, Raxmaninov niyə göndərilmişdi? Onlarla bir tutmuram, amma yenə də. İnsanların bilməsi və xatırlaması üçün. N