NARGIS
Ru En
NARGIS MAGAZINE
Bloqlar

ZEYNƏB CAHAN: HƏMSÖHBƏTIM CAVİD QULİYEV

Söhbət Cavid Quliyevdən düşdükdə mənim gözlərimin önünə işıq qurğuları, çoxlu obrazlar, xətlər, binalar və gözəl musiqi gəlir! Onu video mappinqin sehrbazı adlandırırlar - proyeksiya vasitəsilə binalarda, müxtəlif obyektlərdə və yaxud hansısa mürəkkəb formalı səthdə audiovizual instalyasiya. Qeyri-adi peşəsindəki istedadından əlavə, Cavid həm də çox maraqlı həmsöhbətdir. İstənilən qısa görüş uzun diskussiya ilə bitir. Bu diskussiyalardan birinin bir hissəsini sizinlə bölüşürəm!

Bugünkü qəhrəmanımız Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsindən video mappinqə qədər qət etdiyi yol barədə dəfələrlə bəhs edib. Özünü tapmış bir insanın bu hekayəsinə həsəd aparmamaq mümkün deyil. Gələcək memar, sadəcə arxi-dizayn ilə maraqlanmırdı, həm də animasiyaların yaranmasına və rejissorluğa böyük maraq göstərirdi. Bir dəfə şəbəkələrdə ANTIVJ adlı fransız komandasının, sonra isə almanların Urban Screen komandasının (Cavidin fikrinə görə onlar məhz bizim bildiyimiz mappinqin qanunvericiləri sayılırlar) qurğularına rast gəldiyində Cavidin yaxşı mənada başqa seçimi qalmır!

"Mappinq layihələrinin yaradılması ümumilikdə memarlıq və həcm hissləri olmadan mümkün deyil; o həm rejissorluq, həm bir növ instalyasiya quruluşu və individual musiqi müşayiəti tələb edir. Bu məni bir dəfə valeh etdi və bu gün mənim ömrümün son 8 ilinin əsas işinə çevrildi"

"Paytaxtın mərkəzi məktəblərindən birində aldığım orta təhsildən bir neçə yaxşı dostla tanışlıqdan savayı demək olar ki, heç bir şey əldə etməmişəm, baxmayaraq ki, məktəb müəllimlərimə həmişə hörmətim olub və indi də var. Amma məktəbdə bizi nə qədər səylə "bərabərləşdirmək" istədikləri mənim tədris anlayışımdan tamamilə uzaqdır. Məsələn, mənə uzun müddət kimya öyrətməyə çalışırdılar və bu proses çox vaxt itkisinə və əsəblərə səbəb oldu, nəticədə isə bu biliklərə heç vaxt ehtiyac hissi duymadım, hətta 6 il memarlıq və dizaynla məşğul olduğumda belə. İndi hesab edirəm ki, məktəb dönəmində artıq bildiyim və mənə heç bir zaman lazım olmayan bilgilərin öyrənilməsinə sərf etdiyim ümumi vaxtı o anda mənə həqiqətən maraqlı olan şeylərin öyrənilməsinə sərf edə bilərdim. Yəqin ki, indi bunların hamısı mənim fəaliyyətimə daha müsbət təsir göstərərdi.

Məni yanlış anlamayın - hər hansı bir təhsildə təməl lazımdır, uşaqlar hər şey haqqında ümumi bir anlayışa sahib olmalıdırlar, amma maraqlarını təhsildə fərdi yanaşma ilə inkişaf etdirməlidirlər.

Memarlıqda oxuyaraq mən paytaxtın ən yaxşı və maraqlı müəllimlərindən dərs almaq imkanına malik idim. Nəhayət, məni həqiqətən maraqlandıran təhsili almağa başlamışdım, buna görə də universitetə ​​çox minnətdaram. Amma sonunda, hər kəs kimi, başqa bir problemlə qarşılaşdım - təhsildən praktikaya keçəndə hər şey yenidən başlayır. Reallıq auditoriyada eşitdiklərimizdən tamamilə fərqli qaydalar diktə edir. Mən çox istərdim ki, qərb universitetlərində olduğu kimi, biliklərimizi praktikada həyata keçirmək üçün gündəlik həyatımıza ayrıca bir kurs daxil edilsin".

Cavid yaradıcılıq yolunun başlanğıcında işinin formasını və məzmununu özü müəyyənləşdirdi, bu da nəticədə valehedici HYPNOTICA adını verdiyi istedadlı insanlardan ibarət komanda yaratmağa səbəb oldu.

"Bu gün HYPNOTICA əsasən xaricdə layihələr yaradır. Bu çox rahatdır, çünki xarici sifarişçi əvvəlcədən müraciət edir, amma yerli layihələrdə isə adətən qeyri-real qısa vaxt ərzində əldən düşənədək işləyirik. Vaxt - yəqin ki, yaradıcılıq və onun içində olan şəxs üçün ən böyük dəyərdir - demək olar ki, hər bir layiqli işimiz ən azı iki ay hazırlıq tələb edir. Adekvat müddət olduqda müvafiq olaraq maksimum zövq aldığın iş də bütünlüklə və tamamilə keyfiyyətli alınır, yaradıcı təxəyyül təcəssüm edir. Komandamız yeni bir yanaşmanın hazırlanması üzərində işləyir: bu cür layihələrin yaradılması prosesinə olduqca nadir hallarda istifadə olunan və ya bu formatda heç istifadə olunmayan texnologiyaları tətbiq etməyə çalışırıq. Bu fəaliyyətimizi bir az yavaşladır, amma bitirdikdən sonra, mən əminəm ki, tamaşaçıları ən maraqlı şəkildə tez-tez sevindirəcəyik!".

Vaxtın azadlığı ilə yanaşı, belə layihələrin yaradıcısı üçün öz düşüncə nöqtəsini sərbəst şəkildə hiss etmək vacibdir. "Yaradıcı bir şeyin yaranma prosesinə ən çox sərbəst fikirləşə bildiyin - daha çox və daha mürəkkəb çıxış yolları tətbiq edərək düşündüyün, yenə və yenə götür-qoy edə bildiyin şərtlər xoş təsir göstərir. Əlbəttə ki, - insan faktoru. Bu illər ərzində əminliklə deyə bilərəm ki, əgər "yol yoldaşı" olaraq sizinlə eyni dalğada üzən insanlara rast gəlsəniz - deməli sizin bəxtiniz möhkəm gətirib!"

"Mənim yaradıcı krizislərim olmur, sadəcə məndə emosional durğunluqlar baş verir. Və nə qədər gülünc olsa da, yaşa dolduqca bu vəziyyətdən "geri dönmək" mənim üçün daha da çətinləşir. Belə anlarda ətraf mühitdən öz maraqlarına görə tamamilə uzaqlaşmaq və kənar insanlarla olan ünsiyyəti minimum dərəcəyə - yaxın və dəyərli insanlara endirmək yaxşıdır. Bu həmişə kömək edir. Ümumilikdə isə heç bir yaradıcı və ya emosional krizis olmadan, belə deyə bilərəm: vaxtınızı hər hansı bir şəkildə sizi ilhamlandırmayan insanlarla ötəri ünsiyyətə sərf etmək - buna qətiyyən dəyməz"

İlk baxışda, mənim bugünkü həmsöhbətim skeptik kimi görünə bilər, lakin onu birinci il tanımayan insan olaraq qeyd etmək istəyirəm ki, Cavid insanları olduqca yaxşı hiss etdiyinə görə onlarla ünsiyyətdə "seçici" davranır. "Mən insanlarda geniş dünyagörüşünü, öz işinə sadiqliyi, situasiyanı və özünü bu situasiyada realist dəyərləndirmək bacarığını yüksək qiymətləndirirəm. Ancaq öz arzuna tam inam və güvən məni həqiqətən təəccübləndirə bilər. Bu məni xüsusilə mövcud reallıqda daxili səsini eşitməyin və dinləməyin çox çətin olduğu bir dünyada olduqca heyran edir. Qarşılaşdığım bütün bu hallarda - belə bir hərəkət özünü doğruldub. Mənim yaxşı bildiyim bu nümunələrdən biri - özüməm. 5 il əvvəl necə və hansı tərəfə irəliləyəcəyim barədə qərar verərkən yalnız daxili səsimi dinləməyə qərara verdim. Hələ ki bundan məmnunam!" (gülür)

Çox güman ki, hər hansı bir fərdin xoşbəxtliyi elə bu cür harmoniyadan ibarətdir. Cavid öz xoşbəxtliyini məhz daxili "Mən" ilə harmoniya hesab edir. "Bir çox insanlar, bu postulatı oxuduqdan sonra mənim cavabımın həqiqi mənasını düşünmədən həddindən artıq şablon hesab edəcəklər. Buna görə oxucuya bu gün arzu etmək yox, əksinə ona müraciət etmək istərdim - Çox istərdim, gözlərdə daha çox maraq görüm. Mənim işimə olması vacib deyil, həqiqətən Sənin üçün Maraqlı olan hər bir şeyə! Mən yaxşı mənada, işlərinin dəlisi olan insanlar, daha çox isə - maraqlı və istedadlı insanların birliyini görmək istəyirəm, çünki mən əminəm ki, həqiqətən inanılmaz bir işi yalnız hər kəsin eyni bir məqsədi olan komanda işində yaratmaq mümkündür!

Qeyd etmək istərdim ki, HYPNOTICA 2017-ci ildən rəsmi olaraq Beynəlxalq şirkət olub, bu da nümunə olaraq - adət olunmuş çərçivədən çıxan, eyni zamanda coğrafi, maddi və fiziki məhdudiyyətləri genişləndirməyi bacaran arzuları və məqsədləri göstərir!

"Hədəflərinizi vizuallaşdırın və cəsarətlə onlara doğru gedin! Her şeyə yetişmək lazımdır!”

Zeynəb Cahan