Biz sizinlə qəlbimizə ən əziz olan və xoş bir ənənənin bərpasının xoşbəxt şahidləriyik. Artıq ikinci ildir ki, hər qarışı özündə keçmişin tarixini və gələcəyin cücərtilərini qoruyan Qarabağın incisi Şuşaya şanlı, qədim “Xarıbülbül” Festivalını bayram etmək üçün bütün ölkədən musiqiçilər axışır. Gördüklərimizə - 30 il Azərbaycandan qoparılan saysız-hesabsız şairlərin, musiqiçilərin və rəssamların vətəninin yenidən gözlərimiz önündə canlanmasına, 250 il əvvəl Molla Pənah Vaqifin şeir yazdığı, 150 il öncə Sadıxcanın tar çaldığı, 30 il əvvəl “Xarıbülbül” Festivalı keçirilən torpaqda dayanmağımıza inana bilirikmi?
İlyarım öncə qaytarılan şəhərin infrastrukturunun və mədəni irsi obyektlərinin bərpası bu yerlərin atmosferini canlandırdı. Şuşada gəzişərkən onun tarixi zənginliyinə valeh olmamaq mümkünsüzdür. Şəhər dəfələrlə müxtəlif siyasi toqquşmaların, çoxsaylı mədəni və sosial sıçrayışların arenası olub və indiyə kimi hər daşında min sirr gizlənir.
Şəhərin mədəni, siyasi və turistik sahələrdə mühafizəsi və inkişafı hələ 1960-cı illərdən, ümummilli lider Heydər Əliyevin rəhbər seçilməmişdən öncə Qarabağ münaqişəsi ilə əlaqədar Şuşanı ziyarət etməsindən diqqət mərkəzində olub. Şəhərin abadlaşdırılması və XX əsrin əvvəllərində dağıdılmış ərazilərin bərpasının zəruriliyi də diqqət mərkəzində olub. Bu istiqamətdə 1970-ci illərin sonlarında bilavasitə Heydər Əliyevin rəhbərliyi altında bir sıra vacib qərarlar qəbul edilmişdi. 1977-ci ildə Azərbaycan SSR Nazirlər Soveti Şuşanı tarixi-memarlıq qoruğu elan etdi.
2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyev Şuşanı ölkənin mədəniyyət paytaxtı elan etdi, həmçinin şəhərin tarixi görkəminin və “Azərbaycan incisi”nin əvvəlki şöhrətinin qaytarılmasına dair sərəncam imzaladı. Bu sərəncam 1989-1991-ci illərdə keçirilən “Xarıbülbül” Folklor Festivalına da yeni həyat verdi.
Festivalın tarixinə nəzər salsaq, onun keçirilməsinin səbəbinin xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqəli olduğunu görərik. May isə ona görə seçilmişdi ki, bu dövrdə festivala adını bəxş edən Qarabağın rəmzi və endemik çiçək - Qafqaz orxideyası Ofris çiçək açır.
İlk festival 6 ölkədən 100-ə yaxın iştirakçı topladı, 1992-ci ildə isə təqribən 40 ölkədən 500 nəfərin iştirakı gözlənilirdi. Lakin başlanan müharibə 4-cü festivalın keçirilməsini 29 il – 2021-ci ilə, Şuşa Azərbaycan xalqına ikinci Qarabağ müharibəsində qaytarılana qədər təxirə saldı.
12-14 may 2022-ci il tarixlərində Azərbaycan Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa şəhərinin Dövlət qoruğunun birgə təşkilatçılığı ilə keçirilən V “Xarıbülbül” Folklor Festivalı yeni yanaşma, əla hava, iştirakçı və dinləyicilərin geniş təmsilçiliyi ilə səciyyələndi. Açılış mərasimində prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, həmçinin Azərbaycanın seçilən siyasi, mədəni və ictimai xadimləri iştirak etdilər.
Festivalın əsas məqsədi onun beynəlxalq əhəmiyyətli tədbir kimi təqdim edilməsi və Qarabağın Azərbaycan torpağı olmasının bir daha nümayiş etdirilməsi oldu. Qərbi Avropa, Afrika, Mərkəzi və Cənubi Asiyadan qonaqların iştirakı festivalın coğrafi miqyasını nümayiş etdirir.
Mədəniyyət Nazirliyi eyni zamanda yaradıcılıq yanaşmasını da unutmur: Beşinci Folklor Festivalı musiqinin milli etnik janrlarının müasir istiqamətlərlə qeyri-adi, orijinal sintezi ilə yadda qaldı.
Azərbaycandan olan “Cəngi” estrada folklor ansamblı və misirli Həmzə Namira folk-pop təqdim etdilər; Mali və Tunisdən olan iştirakçılar, Arslan Növrəsli, Qoçaq Əsgərov folk-caz ifa etdilər; “Ahmedowsky trio” qrupu isə ümumiyyətlə muğamı neo-fankla uyğunlaşdırdı. Etibar Əsədli və Bolqarıstandan olan iştirakçılar da həmçinin müasir elektron alətlərdən istifadə etdilər. Festivalın rəqs nömrələrini Azərbaycan və Türkiyə rəqs ansamblları, “Colors of Pakistan”, Özbəkistanın “Baxor”u və Gürcüstanın “Melitassi”si bəzədilər.
Festivalın açılışı Fikrət Əmirov adına Azərbaycan Dövlət mahnı və rəqs ansamblının ifasında “Vətən süitası” ilə başladı və Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova və “Bülbüllər” qrupunun ifasında zərif, qəlbi parçalayan “Vətəndən pay olmayır” mahnısı ilə bitdi. İlk günün seçilmiş musiqi nömrələrindən biri, “Xarıbülbül” Festivalları proqramına daim daxil edilən “Qarabağ şikəstəsi” əməkdar artistlər İlkin Əhmədov, Babək Niftəliyev və Səbinə Ərəbli tərəfindən təqdim olundu.
Festivalın fəxri iştirakçılarından biri Polad Bülbüloğlu oldu. Həmçinin əməkdar artist Şirzad Fətəliyev, “Xarıbülbül” ansamblı, aşıqlar Samirə Əliyeva və Əli Tapdıqoğlu da festivalın xüsusi qonaqları oldular.
Festivalın ikinci günündə Cıdır düzündə xanəndə Qoçaq Əsgərov və tarzən Arslan Növrəslinin etnocaz qrupu birgə “Bayatı-Kürd” və “Şur” kompozisiyaları ilə çıxış etdilər. Səhnədə Üzeyir Hacıbəyovun büstü önündə pianoçu Etibar Əsədli özü bəstələdiyi “Salam”, “Sarı gəlin”, “Jamming mugham” və s. etnocaz kompozisiyalarını ifa etdi.
Festivalın üçüncü və sonuncu günü Azərbaycanın regionlarından olan folklor kollektivlərinin çıxışları ilə başladı. Konsert proqramına Masallı, Saatlı, İsmayıllı, Balakən və Zaqataladan olan musiqiçilərin adları daxil edilmişdi.
Festivalın sonuncu konserti ölkənin xalq artisti Rüfət Xəlilzadənin rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının maraqlı çıxışı ilə başladı. “Qazağı”, “Qaytağı”, “Bahar” rəqsləri əsasında quraşdırılan gözəl rəqs nömrələri ilə çıxış edən peşəkar rəqqaslar səhnəni Türkiyə və Gürcüstandan olan həmkarları ilə bölüşdülər.
Konsertin sonunda bütün iştirakçılar və tamaşaçılar qədim Azərbaycan rəqslərindən olan “Yallı”ya qoşuldular.
V “Xarıbülbül” Folklor Festivalı məhz belə başa çatdı – böyük uğurla, bir düzdə toplaşanların hamısının məhəbbəti və qüruru ilə.