Əbədi gənclik inqilabı bəlkə də artıq uzaqda deyil. Alimlər primatlarda yaşlanmanı ləngidə bilən hüceyrələr yaradıblar.
Biz elə bir dövrdə yaşayırıq ki, elmi yeniliklər insan ömrünü uzatmaq arzusunu artıq xəyaldan reallığa çevirir. Getdikcə daha çox alim qocalmanın qaçılmaz taleyimiz deyil, təsir edə biləcəyimiz bir proses olduğunu sübut edir.
2025-ci ilin iyun ayında nəşr olunan elmi məqalə yaxın gələcəkdə qocalmanın dinamikasını dəyişdirə biləcək bir təcrübədən bəhs edir. Alimlər SRC (senescence-resistant cells – qocalmaya davamlı hüceyrələr) adlanan xüsusi bir hüceyrə növü yaradıblar. Onlar insanın kök hüceyrələrini (MSC) əsas götürərək bu hüceyrələri dəyişdirib yaşlı meymunlara (kəsəyənlərdən fərqli olaraq, insan geni ilə çox oxşar olan) yeridiblər. Meymunların genetik quruluşu insanlara çox bənzər olduğuna görə, nəticələr daha real hesab olunur. Təcrübə demək olar ki, bir il davam edib: heyvanlara mütəmadi olaraq SRC hüceyrələri damar daxilinə yeridilib və alimlər onlarla göstəricini – beyinin vəziyyətindən tutmuş sümüklərin sıxlığına qədər – izləyiblər.
Əldə edilmiş nəticələr heyrətamiz olub. Meymunlarda qocalmış hüceyrələrin miqdarı azalıb, xroniki iltihab səviyyəsi enib, immun sistemi daha yaxşı işləməyə başlayıb və sinir fəaliyyəti artıb. MRT müayinəsi yaddaşa cavabdeh beyin sahələrinin həcminin qorunduğunu göstərib, kognitiv testlər isə diqqət və öyrənmə qabiliyyətində yüksəliş olduğunu təsdiqləyib. Meymunların sümükləri daha möhkəm olub, əzələ toxumasında iltihab əlamətləri azalıb. Ən maraqlı nəticə isə bioloji yaş göstəricilərinin 2–4 il geri dönməsi olub. Təcrübə zamanı ciddi yan təsirlərə rast gəlinməməsini də qeyd etmək lazımdır.
İnsanla əlaqəsi
Bu araşdırma o demək deyil ki, “cavanlaşdırıcı iynə” artıq kütləvi istifadəyə hazırdır. SRC hüceyrələri hələlik eksperimental texnologiyadır və hüceyrələrin dəyişdirilməsi mürəkkəb və riskli bir prosesdir. Bununla belə, bu tədqiqat tibbdə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bəs bu gün hansı nəticələri çıxarmaq olar? Əgər öz kök hüceyrələrimizin (MSC) fəaliyyətini yaxşılaşdıra bilsək, orqanizm qocalmanı xeyli ləngidə və əsas toxumaların funksiyasını gücləndirə bilər.
Bəs bu “daxili təmirçilərimiz” kimlərdir və necə işləyirlər?
Alimlərin yaratdığı SRC hüceyrələrinin əsasını insanın mezenximal kök hüceyrələri – MSC təşkil edir. Onlar orqanizmin əsas “təmirçiləri” sayılır.
Sadə dillə desək, mezenximal hüceyrələr bədənin bütün toxumalarını yeniləyir, bərpa edir və onların solmasını qarşısını alır.
Bu hüceyrələr sümük iliyində, piydə, dəridə və birləşdirici toxumalarda yaşayır, sümüklərin, əzələlərin, damarların və dərinin bərpasında iştirak edirlər. Sağlam MSC hüceyrələri aktiv şəkildə ekzososmalar – toxumaların bərpası üçün zəruri olan mikroskopik “kapsullar” ifraz edirlər.
Yaş artdıqca MSC hüceyrələrinin fəaliyyəti zəifləyir: bölünmə qabiliyyəti azalır, stressə davamlılıq itir, bəzən özləri də qocalmış hüceyrələrə çevrilirlər. Nəticədə qocalma əlamətləri daha tez üzə çıxır.
Alimlər bu nəticəyə necə gəldilər?
SRC – süni şəkildə gücləndirilmiş insan MSC hüceyrələridir. Alimlər onları elə modifikasiya ediblər ki, demək olar, qocalmır və yüksək bərpa qabiliyyətini saxlayır.
Bu modifikasiyanın əsas elementi insanın FOXO3 geni – “uzunömürlülük geni” hesab olunan genidir. O, DNT-nin bərpasına, oksidləşmə stressindən qorunmaya və hüceyrə qocalmasının qarşısının alınmasına cavabdehdir. Adi hüceyrələrdə FOXO3 geni həmişə aktiv olmur, lakin SRC hüceyrələrində alimlər onu daha da gücləndiriblər.
SRC hüceyrələrinə maraq onların hər bir insanda mövcud olan üç əsas molekulyar mexanizmi gücləndirmə qabiliyyəti ilə bağlıdır:
FOXO3 (uzunömürlülük geni), SIRT1 (hüceyrə təmirini işə salan ferment) və AMPK (hüceyrənin enerji sensoru). Bu üç mexanizm birlikdə orqanizmdəki bütün hüceyrələrin gəncliyini və aktivliyini qoruyur.
Alimlər tərəfindən yaradılmış SRC hüceyrələri bu təbii mexanizmi süni şəkildə gücləndirməyə cəhddir. Amma insan bu mexanizmləri təbii yolla – düzgün həyat tərzi ilə – aktivləşdirə bilər.
İnsan MSC hüceyrələrinin fəaliyyətini təbii yolla necə gücləndirə və qocalmanı necə ləngidə bilər?

Biz MSC-lərimizi birbaşa SRC-yə çevirə bilmərik, lakin alimlərin süni şəkildə aktivləşdirdiyi mexanizmləri təbii yolla hərəkətə gətirə bilərik. Araşdırmalar göstərir ki, xüsusilə effektiv üsullar bunlardır:
1. Fiziki aktivlik
AMPK və SIRT1 üçün ən güclü təbii stimulyatordur.
Ən yaxşı kombinasiyalar:
• kardio,
• güc məşqləri,
• qısa intervallı (HIIT) məşqlər.
Bu, ekzososomların ifrazını artırır və toxumaların yenilənməsini sürətləndirir.
2. İntervallı aclıq (12–14 saat)
AMPK və SIRT1 mexanizmlərini aktivləşdirir, iltihabı azaldır və hüceyrələrin stressə davamlılığını artırır.
3. Pəhrizdə polifenollar
Yaşıl çay (EGCG), giləmeyvələr, üzüm, kakao, sarıkök – hamısı SIRT1 mexanizmini aktivləşdirir və kök hüceyrələrin fəaliyyətini dəstəkləyir.
4. Keyfiyyətli yuxu
Bəzən unudulan, lakin ən təsirli cavanlaşdırıcı vasitələrdən biridir. Keyfiyyətli yuxu (7–9 saat) bədənin bərpası və yenilənməsi üçün ən yaxşı yoldur.
5. Stressin idarə olunması
Nəfəs məşqləri, yoqa, gəzintilər və meditasiya MSC hüceyrələrinə düşən yükü azaldır. Hər gün açıq havada 10 000 addım belə stress səviyyəsini əhəmiyyətli dərəcədə azalda bilər.
6. Qısamüddətli soyuqluq təsiri (əgər əks göstəriş yoxdursa)
Kontrast duş və buz vannaları immuniteti gücləndirir və hüceyrə dayanıqlığını artırır.
Bu amillərin hər biri uzunömürlülüyün təbii mexanizmlərini aktivləşdirir, orqanizmin özünü bərpa və qocalmaya qarşı mübarizə qabiliyyətini yüksəldir.
Nəticə
SRC hüceyrələri üzərində aparılan təcrübə göstərdi ki, əgər kök hüceyrələrin müdafiə mexanizmlərini gücləndirsək, orqanizm yaşla bağlı dəyişiklikləri hətta yetkin dövrdə də xeyli ləngidə bilər. SRC hüceyrələri hələlik yalnız laboratoriyada mövcuddur, lakin bu kəşfin əsas nəticəsi budur: gənclik mexanizmləri artıq orqanizmimizin daxilində mövcuddur və biz onları həyat tərzimizlə aktivləşdirə bilərik.
AMPK, SIRT1 və FOXO3 mexanizmlərini dəstəkləyən rejimlər – hərəkət, yaxşı yuxu, ölçülü qidalanma və xroniki stressdən uzaq həyatdır. Bunlar bədənimizin gəncliyini qorumağa kömək edən real biokimyəvi mexanizmlərdir. Elm müasir dünyanın möhtəşəm yardımçısıdır, lakin bizim iştirakımız olmadan heç bir möcüzə baş verməyəcək. Bədəniniz və özünüzü necə hiss etdiyiniz – əsasən sizin əlinizdədir!


