NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Zamandan üstün: Riki Martin

Latın Amerikada qəlbləri fəth etməkdən başlayıb dünyanı fırtınasına bürüyən Riki Martin getdiyi hər yolun qabaqcılı olmuşdur. Onun hərtərəfli karyerasının müğənnilik, yazıçılıq, aktyorluq, hətta Broadway – də parlamanı ehtiva etməsi onun sadəcə ifaçı deyil, gerçək bir ulduz olduğunun göstəricisidir. Avqustun 2 – si Riki Martin Bakını ziyarət etdi, pərəstişkarlarını möhtəşəm hitləri və həyəcanverici rəqsləri ilə sevindirdi.

PHOTO @LEANDROVCO STYLING @DVLSTYLIST PR @RONDENEPRS

Karyeranıza Menudo adlanan oğlan musiqi qrupunda başlamısınız. Solo karyeraya keçidiniz necə baş verdi?
Menudo – da fəaliyyətə 12 yaşından etibarən başlamışdım və beş il ərzində bu işi durmadan davam etdirdim. Bu illər əmək, nizam – intizam və dünya boyu səyahətlərlə bağlıdır. Təbii ki, bütün bu işlər özü ilə böyük təzyiq və məsuliyyət gətirmiş, bu günki halımın ərsəyə gəlməsində böyük rol oynamışdır. Musiqi qrupunu tərk etdikdən sonra, fasiləyə ehtiyacım oldu və mən özümü başqa sahədə sınamaq qərarına gəldim. Meksikaya köçdüm, teatrda və bəzi seriallarda rol aldım. Bundan sonra özümü musiqi sahəsinə geri dönməyə və solo karyera ilə məşğul olmağa hazır hiss etdim. Xoşbəxtlikdən indiyədək bu işlə məşğulam.

12 studiya albomunuz arasında hansı sizin üçün daha böyük məna kəsb edir?
Bu albomların hər birinin bir başqa əhəmiyyəti var, hər birinin mənim üçün fərqli və unikal yeri var. Bu yaxınlarda işıq üzü görmüş EP “Pausa” mənim üçün şəfalı bir səyahətə çevrilmişdir. Onu pamdemiya dövründə öz evimdə yazmışdım. Düzünü desəm, bir çoxları kimi mən də güclü həyəcan keçirirdim – qorxu və ümidsizliyə qapılmışdım. Bir gün mən evimdə yerləşən studiyaya getdim və sevdiyim işə geri qayıtmalı olduğumu düşündüm. Dünyanın dörd bir yanında yaşayan dostlarım və həmkarlarımla əlaqə saxladım və anladım ki, bu hissləri keçirməkdə yalnız deyiləm. Beləliklə, onlardan mənimlə oxumaq istəyib istəmədiklərini soruşdum və EP ərsəyə gəldi. Stinq, Bed Banni, Residente, Karla Morrison, Dieqo El Siqala və Pedro Kapo kimi sevdiyim və heyrət duyduğum sənətkarlarla çalışmaq mənim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Bir neçə ay sonra EP “Ən yaxşı pop – vokal albom” kimi Latin Grammy qalibi oldu. Bu qalibiyyət mənim üçün böyük sevincə səbəb oldu, çünki hər kəs bu hissi mənimlə birlikdə yaşadı.

“Maria” – Avropaya qapı açmış, Fransa və Belçikada ilin hitinə çevrilmiş əbədi mahnı oldu. Bu hitin yaranması tarixi və yazılma prosesində baş vermiş bəlkə də, əyləncəli hekayələr haqqında bizimlə bölüşə bilərsinizmi?
“Maria” yeni yerlərə açılan qapıya çevrilmiş və bugünkü gün də tamaşaçıları ayağa qaldırmağa qadir olan hitdir. Dostların Drako Rosa, Key Si Porter və Luis Qomes – Eskolar onu mənim “A Medio Vivir” albomun üçün yazmışdı. Onu lentə aldığım andan xüsusi bir hitə çevriləcəyinə əmin idim. Bu mahnıya müxtəlif videokliplər çəkməyimizi xatırlayıram. Orijinal klip Argentinada hazırlanmış və buraxıldığı gündən etibarən Latın Amerika və İspaniya çartların zirvələrini fəth etmişdir. Sonra Avropada remiks versiya üçün yeni klip çəkildi və məhz bu andan etibarən klip Fransada göstərilməyə başladı. Bundan sonra hit hər yerdə yayıldı, gerisi isə tarixdir. Karyeram “Maria” – yadək və “Maria” – dan sonra dövrünə bölünür.

Səhnədə enerji dolu və xarizmatik görünüşünüzlə tanınırsınız. Ələlxüsus uzun müddətli turlar və ya rezidensiyalar zamanı çıxışlarınıza mənəvi və fiziki necə hazırlaşırsınız?
Bir idmançı kimi hazırlaşıram. Səsimə və bədənimə lazımı istirahəti verirəm. Bəzən bu çətin olur, çünki mən dörd övlad sahibiyəm, lakin hazırlıq üçün vaxta ehtiyacım olduqda ailə üzvlərim mənə kömək edir. Bütün şou boyu oxuyub rəqs etmək üçün, səhnəyə çıxmazdan təxminən bir saat öncə isinmə hərəkətləri edir və səsimi məşq etdirirəm.

Cəmi 7 ilə ilk Qremmi mükafatınızı qazandınız. Bu planlaşdırılmış hədəf idi yoxsa əzmkar əməyin layiqli mükafatı?
Mükafata layiq görülmək hər zaman şərəfdir və həmkarlarının hörmətini qazanmaq hər zaman xoşdur. Lakin mənim bu işlə məşğul olmağımın səbəbi, özümü səhnə və çıxışlarsız təsəvvür etməməyimdir. Bu mənim bir parçamdır. Bu işdə 40 ildir ki, fəaliyyət göstərmək və hər dəfə səhnəyə çıxdıqda, çıxış etdikdə və ya albom və ya serial buraxdıqda tamaşaçılardan hələ də sevgi və dəstəyə layiq görülmək – inanılmazıdr. Bu neməti mən olmalı bir şey kimi qəbul etmirəm və məhz bu səbəbdən də hər gün öz üzərimdə əzmlə çalışıram.

Bu məni növbəti suala yönəldir – həm musiqi, həm də aktyorluqda uğurlu karyeranız var. Filmdə istədiyiniz tərəf müqavili seçə bilsəydiniz, bu kim olardı?
Bu mənim üçün növbəti çətin sualdır, çünki heyran olduğum bir çox aktyor var. Yaxın keçmişdə əfsanəvi Kerol Bernett, Kristen Uiq, Ellison Cenni, Lora Dern və Brüs Dern ilə 11 “Emmi” nominasiyasına layiq görülmüş Apple TV “Palm Royale” filmi üzərində işləmişəm. Bundan başqa çox sevdiyim Penelopa Krus, həmçinin fantastik aktyorlar olan Edqar Ramires və Darren Kris ilə çalışmışam.Amma yalnız bir ad çəkməli olsam, bu hər zaman heyrət bəslədiyim resjissor Martin Skorseze olardı. Böyük zövqlə onunla filmdə çəkilərdim.

Bundan başqa, siz bir neçə kitab müəllifisiniz və iki mühüm Broadway tamaşasında “Les Misérables” və “Evita”, həmçinin daha öncə qeyd etdiyiniz kimi 11 “Emmi” nominasiyasına layiq görülmüş “Canni Versaçeyə sui - qəsd: Amerika cinayət hekayəsi” və “Palm -Royale” serialında rol almanızla yanaşı minlərlə insanın qarşısında səhnədə çıxış edirsiniz. Bunu necə bacarırsınız? Və incəsənətin digər sahələrində sizi nələr cəlb edir?
Mən uzun müddət eyni yerdə qala bilmirəm, buna görə də özümə meydan oxuyacaq yeniliklər axtarıram. Musiqi, kino, yazıçılıq və ya digər sənət növlərində yeni layihələrdə iştirak etməyi sevirəm. Əhəmiyyətli olan şeylər yaratmaq, öz qəlbimin dərinliklərinə doğru axtarışa çıxmaq məni çox həyəcanlandırır.

Hal – hazırda dünyanın müxtəfil yerlərinə qastrollara gedirsiniz. Tur bitdikdən sonra nələr etməyi planlaşdırırsınız?
“Palm Royale” – in ikinci sezonunun çəkilişlərinə başlayacam və bu məni çox həyəcanlandırır. Bundan başqa, üzərində işləyəcəyim başqa bir neçə layihəm də var. Gözləyin.

Dəfələrlə dünyanın ən yaraşıqlı kişisi adına layiq görülmüsünüz. Bu necə hissdir?
Çox xoşdur və əlbəttə ki, insanların mənim haqqımda olan fikrini yüksək qiymətləndirirəm, lakin bu barədə çox düşünmürəm. Mən daha çox yaxşı ata və yaxşı insan olmağa çalışıram. Buna baxmayaraq, şübhəsiz ki, bu xoş komplimentdir.

25 yaşında görünməyi necə bacarırsınız?
Yaxşı görək, siz çox nəzakətlisiniz! Sözlərinizə görə minnətdaram, amma düzünü desəm, mən başqalarından heçnə ilə fərqlənmirəm. Mən sağlamlığımın qeydinə qalıram, düzgün qidalanmağa çalışıram, idmanla məşğul oluram və atalıq öhdəliklərim və işim arasında qalan boş vaxtlarımda dincəlirəm.

Özünüz haqqında sirrinizlə bölüşə bilərsinizmi?
Sizə desəm bu artıq sirr olmayacaq. Amma marağınızı yüksək qiymətləndirirəm!

Üç sözlə özünüzü necə təsvir edə bilərsiniz?
Zəhmətkeş, qayğıkeş və ehtiraslı.

Və sonda, Bakı haqqında təəsuratlarınızı öyrənmək istərdik. Sizi daha çox nə heyrətləndirdi?
Daha öncə heç Bakıda olmamış və çıxış etməmişdim. İlk dəfə olaraq sizə bu şounu təqdim etməkdən məmnun oldum. Sizin mədəniyyətinizlə tanış olmaq, memarlığınızdan həzz almaq və şəhərinizin tarixi haqqında məlumatlanmaq üçün səbirsizlənirdim. Və mən bunu etdim! Sizi şouda görmək xoş oldu – bu əsl party idi!

"Karyeram “Maria” – dək və “Maria” – dan sonra dövrünə bölünür."