Fevral gəlməsi və “Sevgililər Günü” ab-havası ilə hər yanı sevgi bürüyüb. Həm bir görüş planlaşdıranlar, həm də “Qalentinlər Günü”nü qeyd edənlər üçün bir az ilham faydalı ola bilər. Gəlin, bu işdə sizə kömək edək. Budur, çox rahatlıqla əldə edə biləcəyiniz üç baxımlı görünüş: Şəkər pərisi, “Espresso” görünüşü və ya “Cherry Cola” dodaqları - hər şey sizdən və arzuladığınız enerjidən asılıdır. Detallara keçid edək:
1. Şəkər pərisi görüntüsü: “TikTok”da məşhurlaşan bu tendensiya makiyaj trendlərini cızan Heyli Biber tərəfindən ortaya qoyulub. Bu şirin və qadına xas görüntünü əldə etmək üçün sizə lazım olan şeylər çox sadədir – çəhrayı toz və parıldadıcı! Əlavə estetik toxunuş məqsədilə çəhrayı və ya ağ lentlər əlavə edə bilərsiniz. Makiyajınızı tamamlaması və üzünüzü əhatələyərək, çəhrayı yanaqlarınızı gözəçarpan etməsi üçün saçınızın üst hissəsinin arxada qalacağı bir saç düzümünü yoxlayın.
P.S. Bu, ilk görüşə gedəcək olan utancaq qızlar üçün mükəmməl seçimdir; qızarsanız belə, qarşı tərəf bunu hiss etməyəcək!
2. “Cherry Cola” dodaqları: Kayli Cennerin dodaq kombosu təcrübəsindən ilhamlanmış bu cazibədar və göz oxşayan makiyajla diqqətləri özünüzə tərəf çevirməyə hazır olun. Bu görüntünü əldə etmək üçün qırmızı dodaq boyası, qəhvəyi dodaq layneri və qırmızımtıl parıldadıcı istifadə edin! Bütün diqqəti dodaqlarınıza çəkmək üçün makiyajınızı hamar at quyruğu və ya topuz saç stili ilə tamamlayın. Diqqətli olun, bu görüntü çox mükəmməl işləyir!
3. “Espresso” görünüşü: Sizi diqqət mərkəzindən kənarda saxlamadan geyiminizi tamamlayan bir makiyaj üçün “Espresso” görünüşünü seçə bilərsiniz. Bu incə qəhvəyi tərz, cazibədar geyiminizi kölgədə saxlamamaq şərti ilə daha mükəmməl görüntü əldə etməyinizə səbəb olur. Bu gözəl görüntünü nümayiş etdirmək üçün isə üzünüzü açacaq saç düzümlərinə üstünlük verə bilərsiniz. Təxminən 7 dəqiqə çəkən, rahat başa gələn, eyni zamanda zərif bir saç düzümü üçün saçınızı düzləşdirin və ön hissəsini qulaqlarınızın arxasına keçirdin.
Sevgililər gününüz mübarək! Yuxarıdakı görüntülərlə çəkdirəcəyiniz şəkillərdə bizi (@nargis_magazine) teq etməyi unutmayın!