NARGIS
Ru En
NARGIS MAGAZINE
Dəb

Zamansız Zövq, “Vintage” Zərafət

ƏN SON MODA İKONAMIZ İLYA MƏMMƏDOVANIN NƏZDİNDƏ NOSTALJİ ZƏRAFƏT VƏ KULİNARİYA İSTEDADININ QARIŞIMINDAN HƏZZ ALIN. HƏR BİR YEMƏYİN ONUN HƏRTƏRƏFLİLİYİNİ GÖSTƏRDİYİ, HƏR ANSAMBLIN ONUN ZAMANSIZ CAZİBƏSİNİ SƏSLƏNDİRDİYİ BU MACƏRADA BİZƏ QOŞULUN.

İLYANIN HEKAYƏSİ

Düşünürəm ki, ilk illərimdən bəri kainat məni bloqqerliyə hazırlayırdı. Tələbə olduğum dövrdə müxtəlif fəaliyyətlər ilə məşğul olmuşam, həm məruzəçi, həm vitse-prezident vəzifələrində çalışmışam. Bundan əlavə, həm məktəbdaxili tədbirlərdə, həm də məktəbdən kənar nitq müsabiqələrində fəal iştirak edirdim. Lakin bir müddət sonra özümü daha sərbəst ifadə edə biləcəyim bir platformaya ehtiyacım olduğunu hiss etməyə başladım.

Məhz bu vaxt, 2013-cü ildə mən “İnstaqram”da İlya Məmmədova adlı səhifəmi yaratdım. Diqqətimi əsasən həvəsli olduğum şeylərə yönəltdiyim üçün məzmun yaratmaq mənə elə də çətin gəlmirdi. Bloqumu İlyanın – təkcə kulinariya bacarıqları olan biri deyil, həm də səyahət, gündəlik həyat, toxuma, poeziya kimi sahələrdə fikirlərini bölüşən və səmimi söhbətlər edərək digərlərinə ilham verməyə can atan birinin güzgü əksi kimi təsəvvür edirdim.

Kostyum “TARA JARMON”, aksesuarlar: YERLİ BREND “ELFF”dən əl işi “ROSE BROOCH”,
boyunbağı “TIFFANY&CO” tərəfindən “FLEUR DE LIS”

Bloqu 2013-cü ilin aprelində, 18 yaşımın tamam olduğu ad günümdə yaratdım. Onun özümə hədiyyə olacağını, mənə ildə sadəcə bir dəfə deyil, hər gün saysız-hesabsız sevincli anlar, sürprizlər, fürsətlər və müxtəlif əlaqələr yaradacağını təxmin etmirdim. Həmin ilin dekabrında gecə yarısı bütün cəsarətimi toplayıb NARGIS jurnalının redaktorlarına e-mail yazaraq onlayn platformaları süçün qastronomiya bölməsi yaratmağı təklif etdim. Əlavə etdiyim sənədlər isə o vaxtkı sadə portfelim idi.

Açığı, cavab gələcəyini gözləmirdim, amma təəccüblü bir şəkildə geri dönüş aldım. Bu, iki il davam edən bir bölmə olan Qurmaniyanın başlanğıcı oldu. NARGIS jurnalı ilə əməkdaşlığım həyatımda çox vacib bir məqam olmaqla bərabər, mənim üçün yeni imkanların qapılarını açdı. Bu jurnal sayəsində möhtəşəm insanlarla tanış olaraq çevrəmi genişləndirdim, hansı ki, bunu həmişə yüksək qiymətləndirirəm. Düz on il bundan əvvəl, NARGIS jurnalının redaksiyasına yaxınlaşan 18 yaşlı tələbə olduğum vaxt, on ildən sonra məni tanınmış bir bloqqer qismində öz layihələrinə qoşulmağa dəvət edəcəklərini təsəvvür edə bilərdimmi?

​​​​Geyim “MAJE”, ayaqqabı “GIUSEPPE ZANOTTI”,
sırğalar “ROBERTO COIN” tərəfindən “PRINCESS FLOWER”

Həyatım boyunca həyata keçirdiyim ən vacib layihə Bakıda heç bir analoqu olmayan kulinariya studiyamı açmaq oldu, hansı ki, on ildir ki, məhz bu arzumun arxasınca qaçırdım. Əsas hədəflədiyim məqsəd həmişə ləzzətli yeməklərin bişirildiyi, mətbəxinin isə insanı piroq bişirməyə, maraqlı söhbətlər etməyə çağırdığı bir nənənin evinə ayaq qoyarkən keçirdiyimiz hissləri, mehribanlığı və rahatlığı yenidən yaratmaq idi.

Bu studiya həm yeni, həm də müəyyən təcrübəyə malik evdar insanlar üçün xüsusi təlimlərə, beynəlxalq qonaqların dəvət olunduğu müxtəlif mövzulu tədbirlərə və kiçik korporativ toplantılara ev sahibliyi edir. Bundan əlavə, Ceyn Oustin və Şarlotta Bronte romanlarının pərəstişkarlarının zövqünü oxşayacaq bir tədbirimiz də keçiriləcək. Burada biz qrammofondan gələn klassik musiqi sədalarından həzz alacaq, toxuma ilə məşğul olacaq və öz hazırladığımız şirniyyatlardan ibarət çay süfrəsində əylənəcəyik.

Jaket “MAJE”, yubka “ZARA”, ayaqqabı “GEOX”,
aksesuarlar “CHOPARD” tərəfindən “HAPPY DIAMONDS”

Tərz, mənim fikrimcə, özünəməxsus daxili harmoniyanı - daxilən necə hiss etdiyim və onu xaricə necə biruzə verdiyim arasındakı balansı təcəssüm etdirir. Mənim dünyam təmkinli olmaqdan, ənənələrdən, qadınlıq hissindən və romantikadan ibarətdir.

Mənim stilimin təməlini bütün geyim seçimlərimə də təsir edən qadın zərifliyi təşkil edir. Mürəkkəb “midi” və “maksi” paltarlar, klassik şalvarlar, qatı rəngli koftalar, ipək jaketlər, pencəklər, hündür olmayan ayaqqabılar, orta ölçülü əl çantaları və yüksək keyfiyyətli zinət əşyalarına üstünlük verirəm. Heç vaxt qeyri-adi, parıltılı geyimlərdən, gözü yoran rənglərdən istifadə etmirəm.

Geyim “ELISABETTA FRANCHI”, şal “MUSÉE MARMOTTAN MONET”,
aksesuarlar “FREY VILLE” tərəfindən “HOMMAGE À CLAUDE MONET”

Mən gənclərə klassik tərzin heç də həmişə sönük, standart və ya həddən artıq rəsmi olmadığını göstərmək istəyirəm. Klassik dəbin tərəfdarı olan Keyt Middlton, hərdən bir “vau” effekti yaradaraq insanları təəccübləndirir, məndə də bəzən sosial tədbirlərdə istəmədən də olsa, bu baş verir.

Paltarlarımdakı rəng seçimlərim daxili xarakterimi əks etdirir, qarderobumda qəhvəyi, bej, qara, boz və süd rəngli tonların çalarları üstünlük təşkil edir. Axşam geyimi üçün isə zəngin zümrüdü rəngi daha çox sevirəm.

SEVDİYİNİZ İŞİ GÖRÜN VƏ GÖRDÜYÜNÜZ İŞİ SEVİN!