
Bu yaxınlarda, qəlbimdə xüsusi yeri olan İstanbul şəhərini yenidən ziyarət etmək imkanım oldu. Hər dəfə buraya gələndə elə bilirəm ki, artıq bu şəhəri tamamilə tanıyıram və o, məni daha heç nə ilə təəccübləndirə bilməz. Amma İstanbul, həmişəki kimi, yenidən məni heyrətləndirməyi bacarır. Bəzən bu, Bosforun məftunedici mənzərələri, bəzən isə qədim küçələr arasında gizlənmiş müasir memarlıq nümunələri olur. İstanbul elə bir şəhərdir ki, onu bir səfər ilə kəşf edə biləzsiniz. Şəhərin sehri də elə bundadır: o hər zaman təəcübləndirir və sizi yenidən buraya gəlməyə vadar edir. Uğurlu səyahətin əsas məqamlarından biri də, şübhəsiz ki, qalacağınız yeri doğru seçmənizdir. Bu dəfəki seçimim CVK Park Bosphorus Hotel İstanbul oldu və bu seçimimdən çox məmnun qaldım. Şəhərin mərkəzində - Taksimin Gümüşsuyu ərazisində yerləşən hotelə addım atdığm andan etibarən məni öz dəb – dəbəsi ilə heyran etdi. Lakin, buranın tarixi gözləniləndən daha da heyrətamizdir. Bu bina 19 – cu əsrin sonlarında, italiyalı səfir Baron Blank tərəfindən səfirlik üçün inşa edilmişdir. Sonradan, Sultan Abdul Hamid II tikilini almış və Osmanlı İmperiyasının Xarici işlər Nazirliyinin binasına çevirmiş, illər sonra isə hotel kimi fəaliyyət göstərməyə başlamışdır. Yarandığı gündən bəri bu hotel Türkiyə Cümhuriyyətinin qurucusu və ilk prezidenti Atatürk də daxil olmaqla, bir çox tanınmış qonaqları qəbul etmişdir.
Hotelin interyeri isə əsl sənət əsəridir – müasir dizaynla Osmanlı ənənələri vəhdət içində birləşir. Hər mərtəbə tarixdə dərin iz qoymuş Osmanlı sultanlarının xanımlarının şərəfinə adlandırılmışdır və salonlar həmin dövrə aid dəbdəbəli libaslarla bəzədilmişdir. Lobbiyə daxil olan qonaqları isə “İstanbulun Tarixi” adlanan gözqamaşdırıcı bir sənət əsəri qarşılayır. Mobil cihazınıza endirilə bilən audio bələdçi, rəsm əsərindəki hər bir ünsürə dair daha dərin bir baxış təqdim edir. Ölçüləri 2.64 x 6.64 metr olan bu əsər İstanbulda hotel lobbisində nümayiş olunan ən böyük sənətkarlıq nümunəsidir. Hotelin hər biri müasir tərzdə dizayn olunmuş, sahəsi 35 kvadratmetrdən başlayan və daha geniş nömrələrə qədər uzanan 382 otağı mövcuddur. İnteryer mülayim pastel tonları və mərmər elementləri ilə seçilir, bu isə həm zəriflik, həm də rahatlıq hissi bəxş edir. Hər bir otaq, komfortlu yaşam üçün lazım olan bütün şəraitlə təchiz edilib: premium kosmetika, yüksək keyfiyyətli tekstil, yastıq seçimi, mini – bar, smart – ev sistemi, işıq keçirməyən pərdələr və sürətli Wi-Fi. Hotelin Prezident nömrəsi 850 kvadrat metr sahəyə malik olmaqla Travel Time Awards tərəfindən Türkiyənin ən böyük Prezident nömrəsi olaraq qəbul edilmişdir. Bu qeyri-adi nömrə şəxsi spa və Bosfora baxan gözəl terrasla təchiz olunub. Daha uzun müddətlik buranı seçən qonaqlar üçün isə hotel 68 apartamentdən ibarət CVK Park Prestige Suit binalarını təklif edir. Bu binalar tam təchiz edilmiş mətbəx, paltaryuyan və qabyuyan maşın və bəzi nömrələrində Bosfora açılan gözəl mənzərələrdə sakinlərini qarşılayır. Hotel həmçinin özünəməxsus qastronomiyası ilə məşhurdur. Ətraf ərazinin adını daşıyan “Gümüşsüyü” restoranında hər səhər “açıq buffet” tipli səhər yeməyi təqdim edilir, günortadan sonra və axşam isə “Stella Lounge” restoranı və ya “Izaka Terrace”də zövqlü “A La Carte Menu” yeməklərindən həzz ala bilərsiniz. “Stella Lounge” məni nəinki, məftunedici Bosfor mənzərəsi, həmçinin də yüksək səviyyəli Bocuse d’Or Turkey kulinariya yarışının qalibi Şef Serhat Eliçoranın imzası ilə heyrətləndirdi. İstanbulun zəngin tarixindən ilhamlanan menyuda həm ənənəvi ət kababları, həm də təzə Aralıq dənizi balıqları yer alır, bu da hər zövqə uyğun seçimlər təqdim edir. Yapon mətbəxinin pərəstişkarı olaraq, “Kumiko Sushi & More” restoranını diqqətsiz qoya bilmədim. Burada şef Yapon texnikası olan Kumiko – nun fəlsəfəsindən ilhamlanmış şah əsərləri yaradır. Hər inqrediyent diqqətlə seçilir və mükəmməl şəkildə uyğunlaşdırılır, dəniz məhsulları və balıqlar isə birbaşa Yaponiyadan gətirilir. CVK Park Bosphorus Hotelində istirahətin ən yadda qalan məqamlarından biri şübhəsiz ki, spa mərkəzidir. İstanbulun ən böyük sağlamlıq və fitness mərkəzi olan Safira Spa & Fitness Türkiyədə ilk dəfə tətbiq olunan unikal VIP Spa konseptini təqdim edir. Mərkəzdə həm kişi, həm də qadınlar üçün fitness imkanları, həmçinin bütün gün fəaliyyət göstərən Türk hamamı və açılabilən şüşə tavanla örtülmüş üzgüçülük hovuzu var. Qonaqlar həmçinin qrup dərslərində, spinning, pilates və fərdi məşqlərdə iştirak edə bilərlər. CVK Park Bosphorus Hoteli İstanbul, lüks, rahatlıq və İstanbulun özünəməxsus ecazkarlığını özündə birləşdirən müstəsna bir məkan olduğunu sübut edib. Mənə yenidən burada qalacağımı soruşsalar, gələcəyimi əminliklə deyə bilərəm!