NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Rəqəmsal gələcək

Bu gün effektiv menecment bəlkə də ən çox tələb edilən bacarığa çevrilib. Onu isə informasiya texnologiyası olmadan təsəvvür etmək mümkünsüzdür. Gələcəyin texnologiyaları, dördüncü sənaye inqilabı, ənənəvi KİV-in böhranı və bir çox digər məsələlər barədə biz innovasiyalar üzrə mütəxəssis, Stenford universitetinin “Texnologiyalar və innovasiyalar” proqramının, Kennedi Harvard məktəbinin “Elektron hökumət: texnologiyalar və sosial innovasiyalar” proqramının məzunu, məqaləsi nüfuzlu “Harvard International Review” nəşrində dərc edilən Urxan Seyidovla söhbət apardıq.

Urxan, əvvəlcə tez-tez eşitdiyimiz “elektron hökumət haqqında” söz açardınız. Bizi artıq robotlar idarə edir?
Yox, burda söhbət tamamilə başqadır. Qısa desək – bu, “smartfondakı dövlətdir”, bu zaman bütün dövlət xidmətləri sizdən cəmi bir kliklik məsafədədir. Daha ətraflı isə – bu sadəcə mövcud dövlət xidmətlərinin surətinin çıxarılması və onların rəqəmsal sıraya transformasiyası deyil. Bu, sözügedən xidmətlərin sürəti, sadəliyi və şəffaflığının artırılması, fiziki kontaktların və müvafiq olaraq bürokratiyanın minimuma endirilməsi üçün yeni texnologiyalar və innovasiyaların tətbiqidir. Bütün bunların məqsədi – vətəndaşlarla dövlətlə qarşılıqlı münasibətlər silsiləsinin effektivliyini artırmaqdır. Sadə dillə desək, “elektron hökumət” sizin smartfonda ən rahat əlavəyə çevrilməlidir.

Hesab edirsiniz ki, rəqəmsal texnologiyalar bəşəriyyətin inkişafına təsir göstərir? Bu nədə özünü büruzə verir?
Bir tərəfdən rəqəmsal texnologiyalar bəşəriyyətin inkişafını inkarolunmaz katalizatorudur. Biz, ənənəvi olaraq elit dairələrin preroqativi hesab edilən bir çox proseslərin demokratlaşmasının şahidiyik. Məsələn, keyfiyyıətli təhsil daha əlçatan olub: bu gün yalnız İnternetə qoşulmaq üçün müvafiq qurğuya malik olaraq aparıcı mütəxəssislərin mühazirələrini dinləmək mümkündür. Digər tərəfdən isə, bu texnologiyaların inkişafı bizi əvvəllər görünməyən risklərə mübtəla edir – psixoloji pozuntulardan və şəxsi məlumatların qorunması zəifliyindən, avtomatlaşdırılan proseslərinin artması səbəbi ilə işsizliyə qədər. Mən Skaynet və “maşınların üsyanı” haqqında danışmıram: bu uzaq gələcəyin təhdidləridir. Amma bu sahədə bu gün dövlət tənzimləməsinə ehtiyac duyur.

Sosial şəbəkələrdə yazırsınız ki, yaradıcılığa artıq avtorizasiya lazım deyil. Bəs susmayan informasiya səs-küyü, yoxlanılmamış məlumatlar, mövcud olmayan ideal obrazların sırınmasını neyləyək?
Bütün bunlar əksər insanlara depressiya təlqin edir. Mən nəzərdə tuturdum ki, bu gün çoxları arzularının ardınca getməzdən öncə kiminsə xeyir-duasını və ya yardımını gözləyirlər. Lakin mənə elə gəlir ki, kütləvi kommunikasiyalar əsrində heç nəyi gözləmək lazım deyil – sadəcə başlamaq və etmək lazımdır! Bizim bütün dünyaya səsimizi çatdırmaq kimi unikal imkanlarımız yaranıb ki, cəmi 20 il əvvəl bunu ancaq seçilmişlər edə bilirdilər. Depressiya isə, yaradıcı insanı narahat etməli olan ən kiçik problemdir: çoxları hətta yaradıcılıqlarını depressiya ətrafında qururlar, o, onlar üçün ilhama çevrilir. Yeddi milyard yaşayan dünyada mütləq sizin yaradıcılığınız maraqlı olacaq kimsə tapılacaq. Ən əsası – dayanmamaq, təkmilləşmək, səhvlərdən ibrət almaq, yenə və yenə cəhd etmək. Avtorizasiyanı gözləməyin!

Artıq çoxları depressiyanı “XXI əsrin vəbası” hesab edir, ondan ən çox isə daimi olaraq sosial şəbəkələrdən istifadə edənlər əziyyət çəkir...
Hamımız nədənsə əziyyət çəkirik, hər kəsin öz cəhənnəmi car. İmmunitet yaratmağa çalışmaq lazımdır. Bu gün “rəqəmsal detoks” çox populyardı, bu kim üçünsə problemin həlli ola bilər. Mən isə düşünürəm ki, tezliklə sosial şəbəkələr sadəcə ünsiyyət platformalarından nə isə daha böyük bir şeyə qədər təkamül edəcəklər. Ola bilsin ki bütün həyatımız virtual fəzaya keçəcək və orda hər kəs öz ideal dünyasını qura biləcək?.. Təsəvvür edirsiniz, heç bir depressiyaya yer olmayan dünya!


İnformasiya monopoliyasına və ümumiyyətlə monopoliyaya münasibətiniz necədir?
Uzunmüddətli perspektivdə istənilən monopoliya ziyanlıdır. Digər tərəfdən, monopoliyalar hətta yeni texnologiyalar ənənəvi bazarları sarsıtmaq imkanı qazandıqda belə yaranırlar. Yüksək texnologiyalı şirkətlərin bugünkü monopoliyaları onların insan kapitalı və innovasiya imkanları sayəsində yaranıb; müvafiq olaraq, bu şirkətlər ictimai rəyə daha çox qulaq asırlar və ümumiyyətlə sosial baxımdan daha məsuliyyətlidirlər. Lakin, məlum olduğu kimi, hakimiyyət pozur. ABŞ Konqresində “Google” və “Facebook” kimi şirkətlər tərəfindən şəxsi informasiyadan istifadə qaydalarının pozulmasına dair keçirilən dinləmələri xatırlamaq kifayətdir. Bu yaxınlara qədər bu şirkətlər dünyanı daha yaxşı edirdilər, indi isə onları çox nəhəng olmalarına, rəqabəti pozduqlarına, alışqanlıq yaratdıqlarına və demokratiya üçün dağıdıcı olmaqlarında ittiham edirlər.

Növbəti sənaye inqilabı artıq tam gücü ilə irəliləyir. Onun yekunu necə olacaq və onun uğurla başa çatdığını nə zaman söyləyə biləcəyik?
Sözsüz ki, dördüncü sənaye inqilabı fəaliyyətdədir, amma o, hələlik yolun lap başlanğıcındadır. Onun məğzi həddindən artıq çox sayda məlumatların generasiyası, onların toplanması və sonrakı tətbiqindən ibarətdir. Dördüncü sənaye inqilabına əşyaların İnternetini, virtual reallığı, bulud texnologiyalarını, bəzi başqa şeyləri aid etmək olar. Qəribə olsa da, faktdır: yalnız son 2-3 ildə bütün dünya informasiyasının 90%-i generasiya edilib, lakin cəmi 1%-i analiz olunub! Bəs dəyişikliklərin baş verdiyini necə anlamaq mümkündür? Əgər dördüncü sənaye inqilabı – qadcet və texnologiyaların insanla qarşılıqlı fəaliyyətidirsə, o zaman beşinci – çox güman elə bir dünyadır ki, məndən müsahibəni sizin köməkçi robot götürəcək.

Siz yazırsınız ki, hazırda innovasiyalardan danışmağı sevirlər. Lakin məlum olduğu kimi, “hər yeni – yaxşı unudulmuş köhnədir”. Bu gün biz simulyakrlar – orijinalı olmayan surətlər dünyasında yaşayırıq. Zənninizcə, gələcək perspektivlər necədir?
Çox düzgün qeyddir, lakin icazə verin bəzi məqamlarla razılaşmayım. İnnovasiya anlayışı, tarixindən, mədəniyyətindən və s. asılı olaraq, hər ölkə üçün fərqlidir. Axı bilirik ki, hər şey nisbidir. Kəşf hələ innovasiya deyil. İnnovasiya, ilk növbədə, bazarın tələbatından irəli gələn keyfiyyətin və effektivliyin yüksəlməsi vasitəsi ilə ideyanın kommersiyalaşdırılmasıdır. Müasir dünyada problemi anlamaq və onu həll etməyə (yaxud artıq bazarda mövcud həlləri yaxşılaşdırmağa) çalışmaq vacibdir. Perspektivlərə gəldikdə isə, onlar yalnız sizin ambisiyalarınız, düşüncənizin kreativliyi və arzularınızla məhdudlaşır; müasir texnologiyakar praktiki olaraq şüurunuzun istənilən çağırışlarına hazırdırlar. Orijinal yaratmaq mütləq deyil: Pikasso deyirdi ki, yaxşı rəssamlar surətini çıxarır, dahi rəssamlar oğurlayır. Ən əsası – surətini orijinaldan yaxşı və ya əlçanat qiymətə etməkdir. Hər şey sizin bazarınızdan asılıdır.

Siz informasiya texnologiyaları, həmçinin beynəlxalq jurnalistika üzrə təhsil almışınız. Müasir çap və rəqəmsal KİV-in durumunu necə qiymətləndirirsiniz? Jurnalistika böhran yaşayırmı və əgər yaşayırsa, onu necə aradan qaldırmaq mümkündür?
Bəli, bu fənn üzrə mən Londonda təhsil almışam. Bizə BBC, “Guardian”, “BuzzFeed”, “Bellingcat” kimi məhşur şirkətlərin redaktor və jurnalistləri dərs deyiblər. KİV-də vəziyyət çox mürəkkəbdir. Bütün məsələlər sosial şəbəkələrlə bağlıdır. Müasir informasiya dünyasında hərə özü üçün jurnalistdir: praktiki olaraq hər kəs saniyələr ərzində bir kliklə çoxmilyonluq auditoriya arasında informasiya yaya bilər. Bu çoxsaylı imkanlar yaradır, hadisələrə yenidən nəzər salmağa imkan verir. Lakin digər tərəfdən, obyektivliyin itirilməsi, hətta informasiyanın özünün doğruluğuna təhlükə yaradır. Bu fonda ənənəvi KİV-ə hətta onlayn olaraq mövqelərini qorumaq get-gedə çətinləşir, deməli gəlirlər məsələsi də mürəkkəbləşir. Böhran, əlbəttə ki, var, və o, mən təsvir edə biləcəyimdən daha dərindir. Hər ötən gün informasiyanın müasir istehlakçısı ilə ənənəvi media şirkətləri arasındakı uçurum böyüyür. Bu böhranı necə aradanq aldırmaq olar? İstənilən digəri kimi: uyğunlaşmaq, yeni həllər aramaq. Məsələn, “Financial Times”də “Tapmaca” bölməsini artırdılar. Bu da abunəçilərin sayının artmasına və onların veb-səhifədə daha uzun müddət qalmasına imkan verdi. Eksperiment edin - və öz həllinizi tapacaqsınız!

Məqalələrin birində Siz Stiv Cobsu, lider keyfiyyətləri və vizionerliyi “Apple” dəfələrlə müflisləşmədən xilas edən effektiv menecer nümunəsi adlandırmısınız. Daim yeniliklər tətbiq edərək, o, “İkar paradoksu”ndan (öz uğurundan gözləri qamaşan şirkət artıq inkişaf etmir) qurtulurdu. Amma ayfonlara maraq səngidi, hərçənd əvvəlki kimi yeni modellər istehsal edilir. “Apple”n indiki menecerlərinin səhvi nədədir? Və “alma” məhsulu ətrafında ajiotajı daim saxlamaq mümkündürmü?
İnnovasiyalar nəzəriyyəsi nöqteyi-nəzərindən, şirkət hər şeyi düzgün edir: hər il məhsulunu yaxşılaşdırır, amma tam istehlakçı hazır olduğu qədər. Bəli, hazırda şirkətin innovasiyaları şaqulidən daha çox üfüqüdür, lakin bununla gəlir maksimallaşır – onun kapitallaşmasına nəzər salmaq kifayətdir. Digər tərəfdən, biz elə nöqtəyə yaxınlaşırıq ki, elə həmin istehlakçı tamamilə yeni məhsulu almağa hazır olacaq. “Apple” Premium-məhsullar seqmentində yer alı və heç bir nasazlıqlara yol verə bilməz, amma bu, həm də eyni zamanda onun zəif yeridir: şirkət eksperimentlərdən çəkinərək reputasiyasını qoruduğu zaman digərləri onun alıcılarını tovlayıb aparırlar. Əbədi uğura və tükənməyən tələbata gəldikdə isə, belə nəticə hələlik yalnız Tövrata məxsusdur. “Apple” din deyil və dəqiq Tanrı kəlamı deyil. Hər məhsulun öz dövrü var və bu – normaldır.

Stiv Cobsun təcrübəsinə əsaslanaraq XXI əsrdə effektiv menecer olmaq mümkündürmü? Bu illər ərzində liderə olan tələblər necə dəyişib?
Əlbəttə, olar. Lider keyfiyyətləri zamanın fövqündədir. Liderlik dəyişikliklərə istiqamətlənib; lider - ideyalarının, gələcəyi nəzərlərinin həyata keçməsi üçün zəruri olan keyfiyyətlərə malik vizionerdi. Lider – insanları belə baxmağa sövq edəndir. Və Cobs hətta ölümündən sonra da belə olaraq qalır.


Nəyi XXI əsrin əsas stratapı adlandırardınız?
SpaceX. Bu startapın arxasında dayanan Marsın məskunlaşma məqsədini bəşəriyyətin inkişafı yolunun məntiqli davamı hesab edirəm. Elə bizim planetlərarası sivilizasiya olmağımızı nəzərdə tutan ideya da heyran edir.

Deməli, siz İlon Maskı effektiv lider hesab edirsiniz?
Birmənalı olaraq – edirəm. O, dünyanı dəyişənlərdən biridir. O, zamanı qabaqlayaraq ideyalarını həyata keçirməyi bacaran insandır.

Razısınızmı ki, Amerika müstəsnalığı dövrü sona çatır? Günümüzdə planetdə cəlbediciliyinə görə “Amerika arzusu” ilə müqayisə ediləcək yer və ya layihə varmı?
Qismən razıyam. Amma ona görə yox ki, amerikalılar mövqelərindən çəkilirlər, ona görə ki, müstəsnalıq anlayışı artıq bir yerə bağlı deyil: müasir gənclikdə ənənəvi anlayışda vətənpərvərlik hissi yoxdur, gənclər bir şəhərdən digərinə, bir ölkədən digərinə köçürlər. Dördüncü sənaye inqilabının gedişatında yeni qlobal siyasi-iqtisadi mədəniyyət formalaşır, bu da transmilli, sosial və siyasi hərəkatlarla müşayiət edilir. Bu hərəkatların lokomotivləri qismində dövlətlər və beynəlxalq təşkilatlardan daha çox transmilli şirkətlər çıxış edirlər. Odur ki, artıq deyildiyi kimi, yeni – yaxşı unudulmuş köhnədir. “Amerika arzusu”nun məğzi dəyişməyəcək, sadəcə bu arzu yeni – rəqəmsal müstəvidə reallaşacaq.

XXI əsrdə dünya hansı aktual problemlərlə üz-üzə gəldi?
Qloballaşma. Çox sadələşdirilmiş halda qloballaşma prosesinə toplumlar arasında əlaqələrin möhkəmlənməsi kimi tərif vermək mümkündür – o dərəcədə ki, dünyanın hər hansı bir hissəsindəki hadisələr tez-tez uzaq xalqlar və cəmiyyətlərə təsir göstərir. Və qloballaşmanın müsbətləri sonsuz dərəcədə çox olmasına rəğmən, COVİD 19 koronavirusunun yayılmasında gördüyümüz kimi, ümumdünya riskləri də mövcuddur ki, onları da bütün dünya olaraq qarşılamaq və həll etmək lazımdır. Bizim zamanımızda öz dövlətinin sərhədlərindən daha geniş düşünməyə öyrənmək lazımdır, hər hansı qərar qəbul etdikdə isə, onun bütün planet üçün təsirlərini fikirləşmək gərəkdir. Hələlik başqa evimiz yoxdur – İlon Maska vaxt vermək lazımdır...

Müasir dünya haqqında sağlam təsəvvür yaratmaq, bu dünyada yerimizi anlamaq üçün hansı kitabları oxumağı məsləhət görərdiniz?
Ümumilikdə ayda ən azı 2-3 kitab oxumağı tövsiyə edirəm, mən özüm 5 kitab oxumağa çalışıram. Başlanğıc üçün isə bu kitabları tövsiyə edərdim: Cozef Nayın “Hakimiyyətin gələcəyi”, Henri Timmsin və Ceremi Heymansın “Yeni hakimiyyət”, Kleyton Kristensenin “İnnovatorun dilemması”, Yuval Noy Hararinin “Homo Deus”, Viktor Mayer və Kennet Kukyerin “Böyük məlumatlar”.