
Bu il “She's Next, Empowered by Visa” təşəbbüsü ilk dəfə olaraq Birbank Biznesin dəstəyi ilə keçirildi. Bu proqramda iştirak etmək qərarınızın səbəbi nə oldu?
“She's Next” layihəsi artıq üçüncü ildir ki, keçirilir. İlk iki dəfə yalnız Visa – nın təşəbbüsü ilə baş tutmuşdur. Üçüncü dəfə isə biz, Birbank Biznes olaraq bu təşəbbüsə qoşulmağa qərar verdik. Hətta bu layihədən öncə də Kapital Bank və Birbank Biznes olaraq qadın sahibkarların bizneslərini dəstəkləyən müxtəlif təşəbbüslərdə yer almışdıq. Bəzilərində isə, hətta təşkilatçı qismində çıxış edirdik. Məsələn, 8 Martda şirkətimiz tərəfindən qadın sahibkarlar üçün sərgi təşkil edilmiş və bu sərgidə onların məhsullarını təqdim etmək, satışlar etmək, işgüzar əlaqələrini genişlətmək imkanları olmuşdur. Sərgi, həm sosial, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etmişdir.
Birbank Biznes qlobal “She's Next” layihəsi hansı yenilik və dəyişiklikləri gətirdi?
Bu dəfə layihədə bir sıra mühüm dəyişikliklər həyata keçirildi. Əvvəllər, layihənin əsas diqqəti mikro - müştərilərə və ya kiçik miqyaslı sahibkarlara yönəlmişdir. Bu dəfə biz, nəinki kiçik, həmçinin də orta ölçülü biznes sahiblərini layihəyə cəlb etmişdik.
Bundan başqa, tərəfimizdən həm onlayn, həm də oflayn təlimlər təşkil edilmişdir. Əsas məqam qadınların oflayn təlimlərə qatılmaq imkanını təmin etmək idi. Beləliklə, qadınları hər hansı bir çərçivə ilə məhdudlaşdırmamağa çalışdıq və bu səbəbdən iştirak imkanlarını mümkün qədər əlçatan etdik. Əlavə olaraq, Birbank Biznes komandasının ərsəyə gətirdiyi She’s Next biznes kartlarını təqdim etdik. Bu kartların meydana gəlmə səbəbi sahibkar qadınların bizneslərini daha rahat və sürətli idarə edə bilməsi, onların bir sıra üstünlüklər, bonuslar, xüsusi təkliflər və s. əldə edilməsidir. Bu kartlar həm funksiya, həm də dizayn baxımından fərqlidir.
Kapital Bank və Birbank Biznes kiçik və orta sahibkarlığa başqa hansı dəstəkləri təklif edir?
Əvvəllər sahibkar bankda hesab açmaq və ya hər hansı bir əməliyyat aparmaq istədikdə, mütləq filialda olmalı, növbədə gözləməli, sənədləri imzalamalı və ya nümayəndə göndərməli olurdu. Proseslər tamamilə ənənəvi və kağız üzərindən aparılırdı. Biz isə Birbank Biznes olaraq bütün bu prosesləri rəqəmsallaşdırdıq. Mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə yanaşı, iri korporativ müştərilər üçün də vahid bir platforma – Birbank Biznes platformasını yaratdıq.
Hal – hazırda isə, hesab açılması üçün banka gəlməyə ehtiyac yoxdur, bu işlər onlayn şəkildə həll oluna bilir. Kredit müraciətləri də eyni qayda da həyata keçirilir. Məsələn, kiçik və orta biznes kateqoriyasında olan müştərilər bir neçə dəqiqə ərzində kredit əldə edə bilir.
Bu proses təxminən 10 dəqiqə çəkir və məbləğ bir başa hesaba yatırılır. Kartların sifarişi, onların idarə olunması, cari hesabların izlənməsi, yerli və beynəlxalq ödənişlər, eləcə də vergi köçürmələri – bütün bunlar platforma vasitəsilə onlayn şəkildə həyata keçirilir.
Sahibkarların daha çox qarşılaşdığı problemlər hansılardır və sizin təqdim etdiyiniz həllər və məhsullar onların ehtiyacları necə qarşlayır?
Maliyyə problemi. Sahibkarlar əvvəllər kredit üçün müraciət edərkən uzun və mürəkkəb prosedurlardan keçməli olurdular. İndi isə biz 10 dəqiqə ərzində 3,000 manatadək kredit əldə etməyə imkan verən ani kredit imkanı təqdim edirik. Bu isə sahibkarların üzləşdiyi çətinlikləri xeyli dərəcədə azaldır.
Bir çox problemlər artıq həll edilib və ya həll edilməkdədir. Bütün komandalar daim müştərilərlə əlaqədədir və problemin hansı mərhələdə olmasından asılı olmayaraq biz onu təyin etməyə və aradan qaldırmağa çalışırıq.
Kiçik və orta sahibkarlıq üçün məhsulların hazırlanması və həyata keçirilməsi prosesi nədən ibarətdir?
Proses aşağıdakı mərhələrdən ibarətdir: biz problemi təyin edirik və sonra onu komanda ilə müzakirə edirik. Bundan sonra planlama mərhələsi gəlir: dizayn hazırlanır, texniki uyğunlaşdırılmalar aparılır və sonda məhsul müştəriyə təqdim edilir. Təbii ki, iş burada bitmir. Biz müştərilələ əlaqə saxlayır, rəylər toplayır, müştəri xidmətləri departamentinə edilən zəngləri dinləyirik. Bəzən hazırlanmış məhsullar heç bir məqsədə xidmət etmir, bu halda biz dərhal müdaxilə edirik. Əsas məqsədimiz sahibkarın üzləşdiyi real problemi tamamilə anlamaq və onları praktik və funskional həll ilə təmin etməkdir.
Kiçik və orta biznes üçün rəqəmsal bankçılıqda hansı tendensiyalar mövcuddur? Birbank Biznesdən hansı yenilikləri gözləyə bilərik?
Bu gün dünyada mövcud olan əsas trendlərdən biri qısa zaman kəsiyində effektiv həllərin təqdim edilməsidir. Biz Kapital Bank və Birbank olaraq, bu trenləri yaxından izləyir və onları öz məhsul və xidmətlərimizə tətbiq etməyə çalışırıq. Məqsədimiz insaların daha məlumatlı olması və onların işlərini rahat və təhlükəsiz şəkildə həll etmək imkanı yaratmaqdır.
Xüsusi ilə bu ilin sonundan etibarən, süni intellekt əsaslı xidmətlərin tətbiq edilməsinə başlamışıq. Misal olaraq, biz istəyirik ki, bank müştəri üçün öncədən düşünsün və ona uyğun seçimləri əvvəlcədən təqdim etsin. Bu, kredit, kart və ya faktorinq, zəmanətlər kimi xidmətlər ola bilər. Məsələn, fəaliyyətə yeni başlayan qadın sahibkar hansı tarifləri seçəcəyini və ya gələcəkdə hansı ödənişlərlə qarşılaşacağını bilmir. Süni intellekt əsaslı sistem isə bu məlumatlar əsasında ona tam bir analiz təqdim edir – mümkün xərclər, xarici əməliyyatlar və s.
Digər əsas istiqamət isə bankı tam bir ekosistemə çevirməkdir – yəni bank yalnız maliyyə funksiyası yerinə yetirməklə kifayətlənmir, eyni zamanda mühasibatlıq, sığorta, inteqrasiya olunmuş xidmətlər kimi əlavə xidmətləri də təqdim edir. Beləliklə, bizim iki əsas prioritetimiz var: məhsul və xidmətlərə süni intellektin inteqrasiyası və bankın ekosistem kimi formalaşdırılması.
Qadın sahibkarlığının dəstəklənməsi şəxsən sizin üçün nə ifadə edir? Proqramın Azərbaycanda həyata keçirilməsi ilə bağlı sizi ən çox nə təsirləndirdi?
Bu mənə öz hekayəmi xatırlatdı. Baxmayaraq ki, məhsul sahibi olaraq, böyük biznes sahibi olmasamda, öz sahəmdə şirkət rəhbəri kimiyəm. Gəlir, xərclər, marketinq, məhsulun unkişaf etdirilməsi – hər biri mənim məsuliyyətimdədir. Məsələn, mən bankda kart məhsulunun sahibiyəm – bu da biznesin bir növüdür. Məni bu sahədə dəstəkləyən və istiqamət göstərən ilk şəxs rəhbərim xanım Rüstəmova olmuşdur. O mənim ilk addımlarımı dəstəkləmiş və inkişaf etməyim üçün yollar göstərmişdir. Hal – hazırda biz, eyni dəstəyi qadınlara göstəririk. Onlarla söhbət edən zaman bəzi tərəddüdlərinin olduğunu gördükdə anlayırıq ki, sahibkar qadınların sadəcə daha çox məlumatlandırılmağa ehtiyacı var.