NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Səhnə sənətkarı

Müasir aktyorluq sənətinin simvollarından olan Ralf Fayns böyük ekranlarda və teatr səhnələrində ön plana çıxmaqla yalnızca bir ulduz olmaqdan daha artığını təcəssüm etdirir.

1961-ci ildə Böyük Britaniyanın İpsviç şəhərində yaradıcı bir ailədə dünyaya göz açan Ralf Fayns kiçik yaşlarından müxtəlif sənət növləri ilə çevrələnib. Əvvəlcə təsviri sənətdə təhsil almasına rəğmən o, tez bir zamanda teatr səhnəsinə keçid edib, 1980-ci illərdə görkəmli “Royal Shakespeare Company”ə qoşulub və burada öz yerini tapıb. Onun film dünyasındakı sıçrayışı qəddar konsentrasiya düşərgəsi komendantı olan Amon Qöt rolunu oynadığı Stiven Şpilberqin "Schindler`s List" filmi ilə baş tutdu. Onun personajların dərinliklərinə varmaq qabiliyyəti "The English Patient" filmində özünü göstərdi və macar qrafı Laslo Almas obrazına görə o, Oskar mükafatına layiq görüldü. Faynsın repertuarı Şekspirin klassikalarından tutmuş müasir əsərlərə qədər geniş çeşidliliyə malikdir. 2011-ci ildə o, hərtərəfli yaradıcılığını və eksperimentlərə olan marağını nümayiş etdirərək, bu zamansız sənət növünə müasir bir bucaqdan baxan "Coriolanus" filmi ilə rejissorluq sahəsində debüt edib. O, son zamanlar Ues Andersonla birlikdə Roald Dalın əsərlərinin motivləri əsasında çəkilmiş, yazıçının rolunda oynadığı dörd filmdə çəkilib. 2022-ci ildə işıq üzü görmüş, Mark Maylodun rejissoru olduğu qara yumor elementləri ilə çəkilmiş bir amerikan filmində isə Fayns tanınmış aşpaz Culian Slovik rolunu canlandırıb.

Səhnədən kənarda isə Fayns çox təvazökar və təmkinli bir insandır, şəxsi həyatı ilə bağlı təfərrüatları işlə bağlı olmadığı müddətcə nadir hallarda bölüşür. Aldığı çoxsaylı mükafatlar və təsirli, yaradıcı işləri ilə Ralf Fayns kino və teatr dünyasında görkəmli şəxsiyyət kimi izləyicilərin qəlbində yer almağa davam edir.

Valideynlik, övladlarının xəyalları çox da uyğun görünməsə belə, onlara daim dəstək olmaq deməkdir.

Bir rolun sizə uyğun olub-olmamasına necə qərar verirsiniz?
Mən adətən intuisiyama güvənirəm. Tez qərar verirəm və peşman olmamağa çalışıram. Mənə ediləcək ödənişlərdən asılı olmayaraq, daim məni maraqlandıran rollarda oynamağa çalışıram və əgər bir rol mənim maraqlandırmırsa, böyük mükafatlar təklif edilsə belə həmin rollardan adətən imtina edirəm.

Həyatınız boyunca aldığınız qərarların düzgünlüyünə şübhə etdiyiniz anlar olubmu?
Uzun müddətdir ki, “Harri Potter”də Voldemort rolunu götürməli idimmi deyə öz-özümə sual verirdim. Bunun qarşılığı olaraq yer üzündəki bütün uşaqların gözündə kabusa çevrildim.

Siz istedadlı ailədə böyümüsünüz – bacılarınız filmlərdə işləyir, bir qardaşınız aktyor, digəri isə bəstəkardır. Belə bir yaradıcı mühitdə böyümək karyeranıza necə təsir edib?
Ailəmizin əsas fərdi cəmi 23 yaşı olarkən, atamla evlənməmişdən əvvəl ilk əsərlərini, o cümlədən “Yüz bir Dalmatiyalı”nı çap etdirmiş yazıçı anam olub. Bədii istedadından əlavə o, musiqiyə və teatra da dərin məhəbbət bəsləyir, gözəl rəsmlər çəkirdi. Onun həyata qarşı çox aydın bir baxış bucağı var idi, enerjili və sadə yaşayırdı. Atam tez-tez ilk görüşləri barədə danışırdı. Anam yarım ştat işlədiyi sənət qalereyasında şair İris Birtvisl vasitəsilə atamla tanış olarkən, əvvəlcə biraz şübhə etmişdi. Yüksək təbəqədən olan Mark Tvistlon-Uaykhem-Faynsın adını eşidəndə, onun bu sosial mühitdən çıxan bəzi insanlar kimi təhlükəli biri ola biləcəyindən çəkinmişdi. Bununla belə, onunla görüşəndə onun baxımlı bədən quruluşuna malik olduğunu və olduqca yaraşıqlı olduğunu görmüşdü. Görüşdükdən bir gün sonra o, cəsarətlə öz mopedinə minərək onun yaşadığı fermaya gedib. Gələn kimi atam onu mehriban qarşılayıb və çay təklif edib. Cavabında, anam özünə xas və qəti şəkildə, "Əlbəttə, əzizim. Mən də altı uşaq istəyirəm" deyib. Anam inanırdı ki, valideynlik, övladlarının xəyalları sənin üçün çox da uyğun görünməsə belə, onlara daim dəstək olmaq deməkdir. Bununla belə, onun mənimlə bağlı xüsusi bir arzusu var idi; musiqiçi olmağımı xəyal edirdi.

Niyə musiqiçi olmadınız?
Kifayət qədər uzun hekayədir. Qısaca desək, musiqinin mənim əsl istedadım olmadığını kəşf etdim. Əvəzində rəsm dərsləri almağa başladım. London İncəsənət Kollecində fundamental bir kurs keçərkən mənə Velazkezin şah əsəri olan "Las Meninas"ı təhlil etmək tapşırıldı. Bu rəsm mənim uşaqlığımdakı oyuncaq teatrına bənzəyirdi və məndə bədii rəhbər kimi karyera qurmaq istəyini oyatdı. Ancaq səhnə dizaynı ilə məşğul olandan sonra bunun da əsl istəyim olmadığını başa düşdüm. Mən sadəcə səhnələr yaratmaq istəmirdim, həmçinin onların bir hissəsi olmaq istəyirdim. Beləliklə, həvəskar teatr qrupuna qoşuldum və burada özümü Romeo rolunda tapdım. Bu roldan sonra Royal Dramatik İncəsənət Akademiyasına qəbul oldum.

Tamaşaçılar sizi daha çox “The English Patient” və “Schindler’s List” filmlərindəki rollarınıza görə xatırlayır. Bu filmlərin çəkilişləri ilə bağlı xatirələrinizi bölüşə bilərsinizmi?
O vaxtlara böyük bir nostalji hissi ilə baxıram. 1990-cı illər mənim həyatımda inanılmaz dərəcədə məhsuldar bir dövr olub. İndi mən düşünürəm ki, "The English Patient" çox güman ki, televiziya serialına uyğunlaşdırılaraq çəkiləcək. Federiko Fellini və İnqmar Berqman kimi kinorejissorlar və onların bədii baxış bucaqları, smartfonlar ilə film çəkməyə başlamasalar, bugünkü əyləncə sənayesində yer tapmaqda çətinlik çəkəcəklər. Bu gün məndən soruşsaydılar, “SS- Hauptsturmführer” Amon Qöt rolunu canlandırmaqda tərəddüd edə bilərdim. Anam belə şəxsiyyətlərin ruhunun, enerjisinin cəmiyyətimizdə hələ də qaldığına inanaraq məni bu rolu götürməməyim üçün təşviq edirdi. Öz roluma bu düşüncə ilə yanaşmaq mənim üçün çətin olardı. Əksinə, mən özümü motivasiya etmək üçün öz qərarlarının düzgün olduğuna ürəkdən inanan bir insanı təsvir etdiyimi düşünürdüm. Üç ay davam edən ciddi çəkiliş prosesi əsnasında daha yumşaq və sevincli anlar da olurdu. Treylerdə Ben Kinqsli ilə tanış olduğum zaman Krakovda xüsusi bir hadisəni xatırlayıram. Mən uzun dəri SS paltonu əynimə geyinməyə çalışırdım, Kinqsli isə qolu sarı ulduzla bəzədilmiş qəhvəyi pencək geyinmişdi. Bu səhnədən sonra bir az boş vaxtımız oldu və yaxınlıqdakı meydanı gəzməyə qərar verdik. Təəccüblü bir şəkildə köhnə yəhudi kafesinə rast gəldik. Ben və onun qolundakı ulduzu görən ev sahibi həvəslə bizi içəri çağırdı. Bununla belə, geyimimizi nəzərə alaraq, başqa vaxt ziyarət etməyi təklif etdim. Bir neçə həftədən sonra eyni meydanda çəkilişlərə qayıtdıq və prodüserlərimiz məhz həmin kafeni icarəyə götürdülər. Çəkilişdən sonra mən, Ben, İsrail və Almaniyadan olan digər aktyorlardan ibarət heyətimiz öz geyimlərimizlə kafedə toplaşıb söhbət edir, əylənirdik. Bu, mənim üçün çox emosional bir an idi. Bu kimi filmlər mənə həyatı düzgün qiymətləndirməyi öyrədir.

“The Grand Budapest Hotel” və “The Wonderful Story of Henry Sugar” kimi filmlər də daxil olmaqla, Ues Andersonla bir neçə dəfə əməkdaşlıq etmisiniz. Sizi bu rejissorla işləməyə nə cəlb edir?
Uesin maraqlı və çox yüksək səviyyəli orijinal təxəyyülü var. Onun janrları və mövzuları necə məharətlə manipulyasiya etdiyinə, sadə süjetlərə gözlənilməz qırılma nöqtələri əlavə etməsinə heyranam. Məsələn, "The Grand Budapest Hotel"də o, hekayəni dəbdəbəli bir oteldə baş verən cinayət hadisəsi ilə başlayır, ancaq daha sonra hekayə xəttini ironik bir hala salır. Ues Anderson ilə işləmək davamlı olaraq sürprizlərlə qarşılaşmaq deməkdir – onun filmlərinin necə nəticələnəcəyini təxmin etmək mümkün deyil.

“Official Secrets” kimi bir çox filmləriniz siyasi mövzulardan bəhs edir. Bu cür layihələr üzərində işləməyə sizi həvəsləndirən nədir?
Məhz bu filmdə məni cəlb edən əvvəlcə Britaniyanın məxfi xidməti ilə əməkdaşlıq edən və daha sonra BMT-də müşahidə aparan adi tərcüməçinin hekayəsi, eyni zamanda, ABŞ və Britaniya hökumətlərinin İraq üzərində hərbi əməliyyatlara başlamaq üçün 19 ölkəyə göstərdiyi təzyiqlər idi. Bir sıra filmlərin əsas mövzusu olmuş Dik Çeyni və ya Corc Buş kimi tanınmış siyasətçilərdən fərqli olaraq, Ketrin Qun da sizin və mənim kimi qeyri-adi bir vəziyyətə düşmüş adi bir vətəndaş idi. Onun missiyası heç də hamıda olmayan cəsarət tələb edirdi. Nə qədər insanın həqiqətlər uğruna işlərini və azadlıqlarını riskə atacağına inanırsınız? O bunu etdi. Mən də eyni şeyi edərdimmi? Düzünü desəm, bilmirəm. Hal-hazırda, mən edərdim deyə düşünmək istəyirəm, lakin belə bir vəziyyətlə qarşılaşana qədər, heç vaxt əmin ola bilmərəm. Bu filmdə mən Ben Emerson adlı xarizmatik hüquqşünas, böyük natiq və çətin işlərin içərisinə düşən ziyalı rolunu canlandırdım. Filmin əla ssenarisi var idi və rejissor standart Hollivud siyasi filmlərindən fərqli olaraq əsl dramı hiss etdirir, süjetləri dəqiqliklə ifadə edirdi. Bu film məndə dərin emosional təsir göstərdi. Britaniyalı olmağıma baxmayaraq, tez-tez bizim hökumətin hərəkətlərindən utanıram.

Yer üzündəki bütün uşaqların gözündə kabusa çevrildim

"The White Crow" filmindəki rolunuz bir balet rəqqasının həyatına diqqət yetirir, eyni zamanda siyasi mövzuları və Soyuq Müharibə dövrünü də əhatə edir. Bu fərqli perspektivə necə yanaşdınız?
Mən rus mədəniyyətinə, xüsusən də onların insan mahiyyətini mükəmməl təhlil etmək qabiliyyətinə malik olan klassik ədəbiyyatına çox heyranam. Aktyorluq karyeramın əvvəllərində bacımın filmində Yevgeni Oneqin obrazını canlandırmaq imkanım olmuşdu. Oneqin və Tatyananın hekayəsini Romeo və Cülyetta ilə bərabər hesab edirəm. Baş qəhrəmanın yanaşması mənim gəncliyimdəki xarakterimlə uyğunlaşırdı. Oneqinin ifadələrini səsləndirdiyimi yaxşı xatırlayıram, sanki onun sözləri mənə aid imiş kimi hiss edirdim. Sankt-Peterburqa səfər zamanı rus dili dərsləri almağa başladım. Bu dili səlis danışmağa can atmasam da, onların öz dilləri vasitəsilə mədəniyyətlərini dərk etməyə çalışırdım. Sonralar Vera Qlaqoleva ilə yollarım kəsişdi və o, məni Turgenevin əsərinin motivləri əsasında çəkiləcək bir filmdə iştirak etməyə dəvət etdi. Həmin təcrübəni xatırladıqda mənim zəif tələffüzümə görə aktyor yoldaşlarımın çəkdiyi çətinliklər ağlıma gəlir. Sualınıza gəlincə, yaş keçdikcə mən sənətin siyasi mahiyyətinə daha çox bələd oldum. Müasir cəmiyyətdə sənətçilərin üzərinə düşən vəzifələr barəsində düşünürəm. İndiyə qədər mən belə qənaətə gəlmişəm ki, məşhur sənətkarlar çox vaxt ifrat dərəcədə fərdi yanaşmaya sahib olurlar və qrup mühitində yaradıcı şəkildə inkişaf edə bilmirlər. Onlar dəyişikliklərdən çəkinən sistemlərin müqaviməti ilə tez-tez üzləşirlər.

Tez qərar verirəm və peşman olmamağa çalışıram