O, 29 yaşında uğurlu karyera qurmağı və prestijli otel şəbəkəsinin PR-departamentinə rəhbərlik etməyi bacarıb. Bütün bu müddət ərzində yaradıcılığını inkişaf etdirməyə davam edib və Azərbaycanda ilk food-bloqunun yaradıcısı, eyni zamanda ölkədə podkast mədəniyyətini ilk inkişaf etdirənlərdən biri oldu.
Leyla Əliyeva NARGIS jurnalının layihəsi və She’s Next, Empowered by Visa qlobal təşəbbüsü çərçivəsində bizə verdiyi müsahibədə qadınlar üçün açılan imkanlar haqqında danışdı, təcrübələrini bölüşdü, karyera qurmaq və ilk kəşf edənlərdən olmaqdan qorxmamaq barədə bəhs etdi.
Gününüzü necə planlaşdırırsınız?
Pandemiyadan əvvəl vaxtımın ən böyük hissəsini işə ayırdığım dəqiq qurulmuş bir gün idi. İndi daha çox vaxtımızı özümüzə ayırırıq – bunun müsbət və mənfi cəhətləri var. Günün birinci yarısında əsas fəaliyyətimlə məşğul oluram, iş məsələlərini həll edirəm. Axşam saatları mənim nəfəsim – podkasta ayırdığım vaxtdır. Epizodları səsləndirirəm, düzəlişlər edirəm, postlar yazıram, auditoriya ilə söhbət edirəm. Elə vaxt olur ki, özümə bir təlimat verirəm: podkast bu gün hazırlanmalıdır və yayımlanmalıdır. Ancaq eyni zamanda işdən axşam saat 9-da qayıdıram, bu təlimatı yerinə yetirmək, rahatlaşmaq və yatmağa getmək çox çətindir. Buna görə də bəzən gec saatlaradək işləyirəm.
Bloqa və podkasta hər gün vaxt ayırırsınız?
Xeyr, hər gün deyil. Öz layihələrim üzərində işləmək istədiyim müəyyən günləri özüm seçirəm. İşimə görə səsyazmaları çox vaxt həftə sonları olur, ancaq hazırlanmasını isə yalnız ilham, istək və vaxt olduğu təqdirdə edirəm.
Podkast yaratmaq haqqında çox düşündünüz? Düşüncələrinizi səsləndirə bilərsiniz? Nəyə şübhə etdiniz və həlledici amil nə oldu?
Mən belə bir insanam: əgər bir şey istəyirəmsə, eyni zamanda məni şübhə yeyib-bitirirsə də buna cəhd etməliyəm. Podkastlar barədə 2018-ci ildə öyrənmişəm. Bakıda, o vaxtlar demək olar ki, heç kim onları dinləmirdi və məni elə bu cəlb etmişdi - axı bu platforma öz işlərinlə məşğul olmaqla yanaşı həm də, yeni məlumat əldə etməyə imkan verir. Onları abunəçilərimlə bölüşməyə və podkast mədəniyyətinə alışdırmağa başladım. Bütün bu müddətdə özüm mikrofonun arxasında oturub bir çox şey haqqında danışmaq istəyirdim, çünki ətrafımda bölüşmək istədiyim inanılmaz insanların nümunələri və onların həyat hekayələri var idi. Bir gün – 2019-cu ilin sonu idi – özümə podkastımı bu gün qeydiyyatdan keçirəcəyimi söylədim. Əlbəttə, şübhələrim də var idi: birdən alınmaz, bu kimə lazımdır, bizdə podkastlar çox da dinlənmir... Ancaq məhz bu düşüncələr sayəsində sınamağa qərar verdim. Məndən tez-tez başqa bir platformaya – məsələn, YouTube-a keçib video podkastlar etmək istəyib-istəmədiyimi soruşurlar. Hələ ki, bu mənim planlarımda dəqiq yoxdur. Dinləyicinin diqqəti bir insanın xarici görünüşünə, interyerə və digər detallara yayılmadığı bir audio-kontentlə işləmək mənə maraqlıdır. Tamaşaçılardan aldığım fikirlər müqayisəedilməzdir. Podkastlardan sonra aldığım rəylər sayəsində boş yerə vaxt və güc sərf etmədiyimi başa düşürəm.
Bloq və podkastınızdan pul qazana bilirsiniz?
Mənim bloq yaratmaq məqsədim olmayıb, sadəcə dostlarımla fikirlərimi bölüşürdüm. Buna görə pul qazanmaq haqqında heç vaxt düşünmürdüm. Ancaq belə alındı ki, auditoriya böyüməyə başladı. Pul qazanmaq üçün bloq yaradan insanlar tanıyıram və buna çox yaxşı baxıram. Bunlar həyatımızın reallığıdır, amma bu mənlik deyil. İndi əvvəlkindən daha çox əməkdaşlığa yönəlmişəm, amma restoranlarla deyil – müstəqil rəylər yazmaq mənim üçün çox vacibdir. Təəssüf ki, belə bir məqamla üzləşirik: əgər rəy yazmaq üçün sənə pul ödəyirlərsə, demək nə yazacağını diktə edə bilərlər. Ancaq mənim üçün bu çox prinsipialdır, buna görə belə bir əməkdaşlıq formatına heç vaxt razı olmamışam. İlk vaxtlar elə özüm öz podkastıma sponsorluq edirdim, baxmayaraq ki, bu kifayət qədər xərc tələb edirdi. Hər hansı bir məhsul kimi, maliyyə də daxil olmaqla investisiyalar tələb edir. Elə bir an oldu ki, mənim köməyə ehtiyacım var idi və təklifləri nəzərdən keçirməyə başladım, amma çox seçici. Podkastdan qazandığım pulu yenidən layihəyə qoyuram. Bundan sonra necə olacaq bilmirəm, amma indi fürsətlərə daha açıq olmağa çalışıram.
Yaxınlarınız sizi dəstəkləyir?
Bəli, ailəm və dostlarım dəstəkləyirlər.
Siz atanızdan ilham aldığınızı bildirmisiniz, niyə ananız deyil, məhz atanız?
Siz daha çox atam haqqında eşitmisiniz, çünki ictimai çıxışlarım, vebinarlarım əsasən karyera qurmağa həsr olunmuşdur. Bu baxımdan məni həmişə atamın nümunəsi ilhamlandırıb. Uşaqlıqda ona baxanda həmişə işləmək arzunda olurdum. 10 yaşımdan bəri ofis haqqında xəyal qururdum, hətta atamı bir dəfə mənim üçün vizit kart çap etdirməyə məcbur etmişdim. İşə münasibətimdə daha çox atama bənzəyirəm: mənim üçün davamlı hərəkətdə olmaq, özümə hədəflər qoymaq və durğunluqdan qaçmaq vacibdir. Əlbəttə ki, anamın nümunəsindən də ilhamlanmışam, amma başqa cür – bir qadın olaraq. Ondan qayğı göstərməyi, sevməyi, evdə isti ab-hava yaratmağı öyrənmişəm. Anam uşaq vaxtı mənə həmişə deyərdi: "Leleçka, sən özünü reallaşdırmalısan, təhsilə böyük diqqət ayırmalısan, dil öyrənməlisən, öz ayaqların üzərində möhkəm durmalısan."
Niyə qadın üçün özünü reallaşdırmaq vacibdir?
Hesab edirəm ki, bu hər bir qadının azad seçimidir. Ailə qoruyucusu olmaq da tamamilə öz ixtiyarındadır. Fikrimcə, qadın rahat olmalıdır və bunun üçün özünə güvənməyi bacarmalıdır. Şəxsən mənim üçün özünü reallaşdırmaq vacibdir. Bu tələbatı mənə hər zaman ayaqlarım üzərində möhkəm dayanmağı çox vacib hesab edən anam aşılayıb. Buna görə mənə elə gəlir ki, təhsilə diqqət ayırmaq, dünyagörüşünü inkişaf etdirmək lazımdır. Bir qadın karyera qurmaq istəməsə də, təhsilə vaxt ayırmalıdır. Ailə qoruyucusu olaraq övladlarına bir şey verə biləcək. Hesab edirəm ki, müəyyən şeylər var ki, qadın özü üçün bunları etməlidir. Ancaq ümumi olaraq, əlbəttə ki, o heç kimə heç nə borclu deyil.
Öz işini qurmaq istəyən, ancaq başqalarından dəstək görməyən qadınlara nə deyərdiniz?
Öz ideyalarına inansınlar, çox inansınlar. Əgər özün özünə inanmırsansa, çətin başqaları sənə inansın. Həmişə misal olaraq fikirləri mənim üçün çox əhəmiyyətli olan babamın nümunəsini gətirirəm. Bloqumu ilk dəfə açanda o mənə dedi: “Sən ciddi bir insansan, karyera qurursan, qarşıda nə qədər ciddi işlərin var. İnstaqram nədir?”. Babam mənim ən yaxın dostumdur və birdən bu adam mənə boş işlə məşğul olduğumu deyir. Mən ona dedim ki: "Nə vaxtsa bunun üçün mənə afərin deyəcəksən". Mən sınıb əl-qolumu büküb otura bilərdim, amma ideyama inandım, onun həyata keçməsi mənə zövq verdi. Niyə kiminsə fikri mənim üçün həqiqətən vacib və maraqlı olan şeylərə təsir etməlidir? Qorxunun öhdəsindən gəlmək inanılmaz bir hissdir. Heç kim səni dəstəkləməsə də, ancaq özün bu ideyaya inanırsansa - bu, artıq uğura məhkumdur.
Bəs uğursuz olsanız, necə?
Davam etmək. Uğursuzluq bir təcrübədir, onsuz həyatı təsəvvür etmək mümkün deyil. Hər şey hər zaman planlaşdırdığın kimi olmaya bilər - ən kiçik detallardan böyük bir şeyə qədər. Hər bir uğursuzluğun üzərində dayanacaqsansa, heç bir şey etməməyin daha yaxşıdır. Bu isə çıxış yolu deyil.
Qadının gücü nədədir?
Qadınlar həqiqətən hərtərəflidirlər. Biz çox rasional, ciddi, soyuq, bəzi məqamlarda isə inanılmaz dərəcədə emosional, ehtiraslı ola bilərik. Çox istəyirəm ki, hər birimiz özündə güc, ilham, arzu tapa bilsin, özünə vaxt ayırsın. Mən öz daxili aləmimə baxa bilmək və hüdudlarımı inkişaf etdirmək üçün bir fürsət tapdım. Hər hansı bir fəaliyyətimə qarşı qeyri-ciddi olmağı bacarmıram, eyni zamanda küçədə qulaqlıq taxaraq rəqs etdiyimi görmək mümkündür. Bu yaxınlarda skeyt sürməyə başlamışam. Hətta valideynlərim də buna etiraz edib deyinirlər: "30 yaşın olacaq, skeyt sürüsən". Mən yıxılıb, skeytin mənim üçün olmadığına qərar verə bilərdim. Amma mən bunu sınadım. Bu fürsətdən istifadə edib insanlara vacib bir mesajı çatdırmaq istəyirəm: bir şey istəyirsinizsə, inkişaf etdirin, sınayın! Nə yaş, nə status, nə karyera, nə də 10 uşaq anası olmağınız - dünyadakı heç bir şey özünüzü necə və nədə göstərmək istədiyinizə təsir etməməlidir.