NARGIS
Ru En
NARGIS MAGAZINE
She's Next

She's Next | Aelita Xələfova

Aelita Xələfova ömrünün yarısını peşəkar idmana həsr edib. 14 il ərzində o, idman ustası, Avropa vitse-çempionu, beşqat Respublika çempionu, Dünya kuboku və Qran-Pri mükafatçısı olmaqla yanaşı çox sayda müxtəlif mükafatlara və rütbələrə layiq görülüb. Fəth edilmiş zirvələr onun karyera yüksəlişində yeni perspektivlər açaraq ömür yolunun bir hissəsinə çevrilib. She's Next, Empowered by Visa qlobal təşəbbüsün növbəti qəhramanı Aelita Xələfovadır.

İdmana necə başlamısınız?
Anam və atam sayəsində. Onlar mənə uşaqlıq arzumu həyata keçirməyə kömək ediblər. Uşaq ikən gözəl paltar geyinib əlimə lent götürürdüm və rəqs etməyə başlayırdım. Valideynlərim dərhal məni bədii gimnastikaya yazmağa qərar verdilər. İlk dəfə zala girəndə anladım ki, bu mənimdir. O zaman beş yaşında idim.


Məşqçi olmağa necə qərar verdiniz?
Bu öz-özünə baş verdi. Xatırlayıram ki, stretçinq edirdim və məşqçi mənə dedi: “Yəqin mənə baxıb istirahət etdiyimi düşünürsən. Əslində hər şey daha çətindir, böyüyəndə başa düşəcəksən". Böyüdüm və indi başa düşürəm ki, asan yol yoxdur, hər bir işdə əzmkar olmaq lazımdır.


Niyə uşaqlarla işləmək qərarına gəldiniz?
Uşaqlar əsl işıq şölələridir, mən onlardan pozitiv enerji alıram və sözün əsl mənasında göz önündə gəncləşirəm. Bir dəfə bir gimnastika məktəbində məşqçimi ziyarət edəndə onun uşaqlarla necə işlədiyini gördüm və bu məni cəlb etdi. Mən həmişə gimnast olmuşam, amma heç vaxt özümü məşqçi kimi hiss etməmişəm. O anda isə tamamilə mənə aydın oldu: idmanda qalmaq və həyatımın bu vacib hissəsini qorumaq istəyirəm. Peşəkar idmanla məşqçiliyi bir arada tutmaq mümkün deyil. Bunlar müvafiq yanaşma tələb edən iki fərqli kateqoriyadır. Əvvəllər üç yaşdan yuxarı uşaqlarla işləyirdim və bu təəccüblü olsa da, olduqca asan idi. Uşaqlarla ortaq bir dil tapmaq daha rahatdır. Ancaq onların valideynləri ilə tanışlıq məni böyüklər üçün bir şey hazırlamaq barədə düşünməyə vadar etdi.

Məşqçi kimi işə başlayanda hansı çətinliklərlə üzləşdiniz? İş prosesində üzə çıxan maneələr var idimi?
Hər şeydən əvvəl bu çox böyük məsuliyyətdir. Əgər əvvəllər bu sadəcə öz öhdəliyin idisə, indi müəyyən bir enerji almaq üçün yanıma gələn bu balaca mələklərə və böyüklərə cavabdehəm. Həmişə pozitiv olmalısan, nəsə verməyi və fədakarlığı öyrənməlisən. Məncə, bunu bacarıram.


Stretçinq gimnastikadan fərqlənir: bəlkə də sizinlə tanışlıqdan əvvəl heç vaxt şpaqat açmağa cəhd göstərməyən insanlarla işləməyə başlamısınız…
İnsanların ilk dəfə idman zalına gəlib stretçinqlə tanış olduqları an mənim üçün ən maraqlı andır. Bu ilk saniyələri çox sevirəm: insanın hələ nə ilə qarşılaşacağı barədə heç bir fikri yoxdur. Ancaq məşq bitdikdən sonra hər kəs gülümsəyir, elə həmin o an hər şeyin yaxşı keçdiyi və işin səriştəli aparıldığı anlaşılır. Dərslər axarlı, gözəl olmalıdır...


Məşqlərin evdə keçirilməsi ilə bağlı tətbiq yaratmaq ideyası necə yarandı?
Bu fikir karantin müddətində yarandı. Hamı evdə idi, transporta, görüşlərə, məşqlərə vaxt sərf olunmurdu... O zaman qərar verdik: insanlar idman zalına gələ bilmirlərsə, biz də onlar üçün dünyanın istənilən nöqtəsində və istənilən vaxtı məşq etmələrinə imkan verən rahat bir şey düşünək. Gənc analar, qadınlar, qızlar, balaca qızlar və hətta kişilər üçün xüsusi dərslərin yer aldığı bir tətbiq belə ortaya çıxdı. Stretçinq dərslərimiz sizə özünüzü yaxşı formada saxlamağı, ilhamlanmağı və ilham verməyi öyrədir. Əvvəlcə gündə dörd məşq çəkirdik, bu çox yorucu idi. Çəkilişlər bağda, istilərin ən qızğın vaxtında, stop-kadrsız keçirdi. Fasiləsiz çəkmək bizim əsas fişkamız idi. Həmişə belə edirəm: başladımsa, sona qədər dayanmadan gedirəm. Nəticədə, proses böyük bir zövq verdi, auditoriyamı motivasiya edə bilməyim düşüncəsi irəliləməyə kömək edir.


Onlayn dərslərinizə tələbat olunacağını haradan bilirdiniz?
Bu barədə düşünmürdüm. Sadəcə nə istəyirdimsə, onu da edirdim. Bir ideyam yarandı və bunu həyata keçirməliydim. Bütün qəlbini, sevgini və bacarığını işə qoyduğunda isə bu, inkişafa gətirib çıxarmaya bilməz. Bu mümkün deyil.


Öz komandanızı necə toplamısınız?
Ehtiyac duyduğum insanları dostlarım arasında axtarırdım. Bunlar əsasən idmançılardır. Bir-birimizi ağzımızı açmadan, bir baxışdan başa düşürük...

Uzun illər idmanla məşğul olmağınız - yanaşma, təşkilatçılığın - sizə təsir etdiyini hiss edirsiniz?
Əlbəttə. Yuxudan ayılanda özümə yazığım gələ bilər, qarşıda məni gözləyən çətin gündən şikayətlənə bilərəm, amma nəticədə tamamilə fərqli bir əhvalla oyanıram. Mən irəliləyən və məqsədlərinə çatan dəmir iradəsi olan inadkar bir qızam. Axşam evə gəlib yaxşı bir şey etdiyimi dərk edərək başımı rahat yastığa qoymağım mənim üçün vacibdir.


Davam etmək üçün kifayət qədər enerjinizin olmadığı vaxtlar olub?
Gücümün tükəndiyi zamanlar olub, nəzərə alaq ki, peşəkar idman asan iş deyil. Yaxınlarınızla uzun müddət görüşmədiyiniz üçün travmalar, psixoloji problemlər, isti ailə atmosferinin çatışmazlığı olur. Ancaq bütün bu hisslər uzun sürmür, bəzən buna sadəcə vaxt qalmır.


Qadının özəlliyi nədədir?
Fərqli olmaq bacarığında, eyni zamanda öyrədib və öyrənməyində. Biz zəiflik və həssaslıq göstərə bilərik, sonra isə özümüzü toplayıb işlərimizə davam edirik. Bizim inanılmaz başqa insana çevrilmək bacarığımız var: qayğıkeş anaya, ciddi sahibkara, ziyalı insana. Özünü mükəmməl təqdim etmək bacarığına sahibik - bir qadının gücü bundadır.


İş və şəxsi həyat arasında tarazlığı necə qoruyursunuz?
Həyatımda bir vacib prinsipə əməl edirəm: tarazlığa riayət edilmirsə, iş getməyəcək. Həmişə tarazlıqda olmağa çalışıram: işləmişəm deməli, istirahət etmək haqqım var; bu gün tək olmaq istədim, sabah komanda ilə. Əgər disbalans varsa, dərhal sakitləşmək, oturub nəfəs almaq və düşünmək siqnalı verilir...


Güvəni haradan alırsınız?
Özümdən. Öz işimlə məşğul olmalıyam və özümə vaxt ayırmalıyam. Güvənsizlik mənə xas olan xarakter deyil, hər şeydə müsbət cəhətləri görməyə çalışıram. Öz inkişafım üzərində bu qədər iş gördükdən sonra inamsız bir qadın olmaq özümə qarşı haqsızlıq olardı. Bu qətiyyəti mənə ətrafdakı insanlar verir. Onların reaksiyasını izləyəndə və enerjilərini hiss edəndə hər şeyin yolunda getdiyini başa düşürəm.

Bu tempdə işləyəndə qadınlığınızı necə qoruyursunuz?
Demək istərdim ki, hər şey sizdən asılıdır, amma bu doğru olmazdı. Mənə həyat yoldaşımın energetikası güc verir. Onun nəvazişini, qayğısını, sevgisini hiss etmək mənim üçün çox vacibdir. Əvvəllər tək idim və problemlərin öhdəsindən təkbaşına gəlirdim, amma indi başa düşürəm ki, ailəm məni daha da gücləndirir.


Durğunluq dövründə nə etmək lazımdır?
Elə bir anlarım var idi ki, heç bir şey baş vermirdi, heç bir ideya yox idi. Qorxularımı anamla bölüşdüm və o, mənə yalnız bir söz dedi: "Dincəl". Bəzən ara vermək çox vacibdir. Enerjimin tam bərpa olunması üçün bir günümü təbiətdə keçirməyim kifayət edir.


Növbəti hansı addımları atmağı planlaşdırırsınız?
Eyni şəkildə davam etmək. İşimin mənə zövq verməsi üçün əlimdən gələni etmək. Özümdən və ya fəaliyyətimdən şübhələndiyim bir gün belə olmadığına görə çox şadam. Özümü tapa bildim və bu ən vacib şeydir.


Öz işlərini qurmaq istəyən, lakin uğursuzluqdan qorxan və ya başqalarından dəstək ala bilməyən gənc qadınlara, qızlara bir neçə söz deyin.
Hər bir qız dönüş nöqtəsindən keçməlidir. Özünü eşitmək, özü ilə danışmaq, içində olanları başa düşmək və onun üzərində işləmək vacibdir. Ən əsası heç vaxt ruhdan düşməmək!