NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Ana portreti

Hələ yeniyetmə ikən o, Pedro Almodovarın filmlərində oynamaq arzusunda idi. İlk kastinq uğursuz oldu: o, rolu əldə edə bilmədi. Lakin rejissor karyeraya yeni başlayan aktrisanın istedadını yüksək qiymətləndirdi və uyğun bir rol görünəndə zəng edəcəyinə söz verdi. Almodovar 90-cı illərin sonlarında vədinə əməl etdi – onu “Çılpaq bədən” filminə çəkilməyə dəvət etdi. Penelopaya o zaman onunla birgə filmdə çəkilən aktrisa Pilar Bardem çox kömək etdi. Rejissor isə Kruzu müxtəlif rollarda çəkərək, ən çox tələbat olan aktrisaya çevirdi. Onun himayəsi altında Penelopa başgicəlləndirici karyera qurdu və Avropadan Hollivuda köçdü. Almodovarın filmlərində o, ana obrazlarını məharətlə canlandırır – “Anam haqqında hər şey” (1999) filmindən tutmuş, keçən il nümayiş olunan “Paralel Analar” filminə qədər. Almodovardan sonra başqa rejissorlar onu ana kimi görməyə başladılar. Belə ki, aktrisa iranlı Əsgər Fərhadinin bu yaxınlarda çəkdiyi “Keçmişin labirintləri” əsərində qızı qaçırılan ana obrazını canlandırıb.

Siz Pedro Almodovarın yanında həm şəxsiyyət, həm də peşəkar kimi böyüdünüz...
Həyatımı onsuz təsəvvür edə bilmirəm. O, mənim ailəmdir, məni hər şeydən çox ruhlandıran insandır. Uşaqlıqdan kino aktrisası və ya rəqqasə olmaq istəyirdim. Məktəbdə həvəslə, amma maraqsız oxuyurdum, çünki bütün fikirlərim kino ilə bağlı di. Ailəm kinoteatrların olmadığı Madrid ətrafı bir qəsəbədə yaşayırdı. Lakin qonşuluqda “Betamax” video kaset mağazası açıldı, və valideynlərim evə kasetlər gətirməyə başladılar. Müştəri kartının surətini mənə verdilər, və mən Almodovarın filmlərini icarəyə götürmək üçün mağazaya qaçırdım və dərsdən sonra onlara hətta on dəfələrlə baxmaq üçün evə tələsirdim. Mən gülürdüm, ağlayırdım, xəyal qurmağı öyrənirdim...
Təxminən 15 yaşımda teatr sənətini öyrənməyə, kastinqlərdə iştirak etməyə başladım. Kinoteatrlarlarda yaşımı artırmaq məcburiyyətində idim ki, görmək istədiyim filmləri izləyə bilim. Beləliklə, “Məni bağla” filminə baxdım. Və sonra aktrisa olmaq qərarına gəldim və bu filmin rejissoru ilə işləmək üçün agent axtarışına başladım. Mənim üçün Almodovar sadəcə rejissor deyil. O, həyatımın bütün sahələrində iz buraxdı, həm karyeramda, həm də şəxsi həyatımda mənim üçün minlərlə qapı açdı.

Onun çəkdiyi filmlərdə hansı rolunuzu xüsusilə xatırlayırsınız?
Hamısını! Lakin çətinliklə dolanaraq, qızını qorumaq üçün əlindən gələni edən fəhlə sinfinə aid qadın Raymonda ən yaddaqalan oldu. Bu obraz sanki mənim daxilimə hopdu, və mənə elə gəlir ki, onu başqa filmlərdə təkrarlayıram: “Açıq qucaqlaşmalar”, “Acı və şöhrət”, “Paralel analar” ... Pedronun hər yeni filmindən sonra psixiki sağlamlığım üçün həyatıma bir dəfə dəvət etdiyim Raymundanı "buraxmağa” çalışıram. Bu çox çətindir, vidalaşmamız həmişə kədərli və çətin olur.


Siz Hollivud ulduzu statusunu qazanmış azsaylı ispan kino aktrisalarından birisiniz. Ulduz olmaq necədir? Böyük bir imtiyazdırmı?
Mənim üçün sevdiyim işlə məşğul olmaq, əsl dostlara, sevən həyat yoldaşına və övladlarına sahib olmaq imtiyazdır. Yuxudan duranda hər zaman ilk növbədə taleyə təşəkkür edirəm. Karyeramın əvvəlində hər yeni layihə mənə ilk və sonuncu kimi görünürdü. Və bilirsiniz, təcrübə və uğura baxmayaraq, bu hiss getmədi! Mən buna sağlam güvənsizlik deyirəm, hansı ki iş və həyatı dəyərləndirməyə vadar edir. Bu hal məni mükəmməlləşdirir. Hər film dərin iz buraxır, nəyisə öyrədir... Amma planım dəyişməz olaraq qalır: öyrənməyə davam etmək və maraqlı layihələr axtarmaq. Mən həmişə sıfırdan başlayan əbədi tələbə olmağı xoşlayıram. İş belə bir fürsət verəndə böyük uğurdur!

“Paralel analar” filmindəki qəhrəmanınız haqqında nə düşünürsünüz?
Pedronun analığa aparan müxtəlif yolları göstərən belə təzadlı mürəkkəb obrazlar yaratmasını çox sevirəm. İki qadın eyni xəstəxanada uşaq dünyaya gətirir. Birinin hamiləliyi təsadüfi və arzuolunmazdır, digəri - Cenis - uşaq arzusundadır və övladını tək böyüdəcək ana olmağa hazırlaşır. Uşaqlar dəyişdirilir, nəticədə hər iki ana bir-birinin körpələrini qidalandırır, onlardan biri ölür. Süjet faciəlidir, ana obrazları isə çox ziddiyyətlidir, amma onları mühakimə etməkdən imtina edirəm. Artıq özüm ana olduqdan sonra Cenis obrazını yaşatmaq həm cəlbedici, həm də ağrılı bir təcrübə idi: mən yaxşı bilirəm ki, uşağını sevmək və onun taleyi üçün qorxmaq nə deməkdir. Bu, hər bir qadını dəyişdirir, və uşaq sahibi olmaq arzusu ilə yaşayanlar üçün şok ola bilər. Məndə olan kimi. Amma bu şokda müsbət bir şey var. Mən bir ana kimi heç vaxt özümü birinci yerə qoymuram. Bəzən vəziyyətə kənardan baxmaq, fərqli obraza girmək faydalıdır. Belə bir istək qəribə görünə bilər, qınanmaq olar, amma əminəm ki, bizi daha da xoşbəxt edə bilən “özündən çıxmaq” bacarığıdır.


“Sonsuzluq” filmindəki qəhrəmanınız da faciəlidir: 70-ci illərdə Romada transgender ana ilə kobud rəftar edən əri...
Emanuele üçün bu film çox şəxsidir. O, qız övladı olub, amma həmişə oğul və anasının qoruyucusu olmaq istəyirdi. Filmin mərkəzində ana və qız arasındakı münasibət dayanır. Hər ikisi özlərini həbsxanada kimi hiss etdikləri üçün reallıqdan qaçmağa çalışır, hər ikisi başqa həyata can atırlar: ana ailəyə alternativ axtarır, qız isə başqa kimlik arzusundadır. Bu, aralarında, xüsusilə fərqli görünmək üçün ifa etdikləri rəqs və musiqi səhnələrində, bir bağ yaradır. Bu səhnələr mənə çox kədərli görünürdü, onlara görə dəfələrlə hönkür-hönkür ağlamışam. Analığım, keçmişim, həyat dərslərim, travmalarım, münasibətlərim - bütün bunlar mənə filmdəki obrazımın tarixçəsinə öz gözümlə baxmağa kömək etdi...


İş və ailə həyatınızı necə tarazlaşdırırsınız?
Ailə həyatını qurmadan əvvəl mən Los-Ancelesdə, Londonda və Nyu-Yorkda yaşayırdım. İndi Xavyer və mən uşaqlara görə demək olar ki, heç vaxt İspaniyanı tərk etmirik, daha çox evə yaxın çəkilən filmləri seçirik. İşlə şəxsi həyat arasında xətt çəkirəm, qəhrəmanlarımı heç vaxt evə aparmıram. Hətta, çəkilişdə düz on iki saat ağlamalı olduğum Cenis kimi çətin rolları oynayanda belə. Evdə mən yalnız həyat yoldaşı və anayam. Xoşbəxtəm, çünki sərbəst qrafikim var və vaxtımı elə planlaşdırıram ki, uşaqlarımla daha çox vaxt keçirdim.

Ailə şöhrətin təzyiqini azaldır, yoxsa əksinə, artırır?
Ailə mənim üçün prioritetdir və mən ildə bir-iki filmə çəkilməklə daha az diqqət mərkəzində olmağa çalışıram. Xoşbəxtlikdən aktyorluq sakit ailə həyatı qurmağıma mane olmur. Hamının bizi tanıdığı və narahat etmədiyi bir kənddə çox vaxt keçiririk, oradaki insanlar artıq hər gün bizimlə görüşməyə öyrəşiblər. Biz Madridə gələndə də medianın təzyiqi artıq əvvəlki kimi deyil. Bu gün uşaqlar məktəbdə olarkən supermarketə və ya restorana getmək, yemək bişirmək və ya ssenariləri oxumaq imkanım var.


Bu gün bir ana kimi sizi ən çox nə narahat edir?
İnternetin uşaqlara və yeniyetmələrə mənfi təsirindən qorxuram. Bu gün 12 yaşlı uşağın sosial şəbəkələrdə saatlarla oturması normal qarşılanır, amma məncə, bu, fəlakətdir. Hər şey evdə başlayır, buna görə də valideynlər uşaqlarını harada məhdudlaşdıracağını və əksinə, harada azadlıq verəcəyini başa düşməlidirlər. Hərdən mənə elə gəlir ki, 90-cı illərdə, mobil telefonsuz qalmağımız daha yaxşı olardı. O vaxtlar yazmaq üçün qələm və kağızdan istifadə edirdik, və dəyərlərimiz daha sabit idi. Lakin, həyatı dayandırmaq olmaz. Hətta mən sosial şəbəkələrdən istifadə edirəm, ancaq iki məqsəd üçün: iş və xeyriyyəçilik.

Jurnalımızın çoxlu gənc qadın oxucuları var. Onlara nə məsləhət görərdiniz?
Gənc qızlar tez-tez küçədə və ya tədbirlərdə məni saxlayıb mənim kimi olmaq istədiklərini deyirlər. Amma belə hallarda məsləhət verməkdən qaçıram. Onları ancaq aktrisa olmaq istədiyini deyənlərə verirəm. Özümü örnək hesab etməsəm də, hər gün cavabdeh olduğum övladlarım üçün yalnız nümunə ola bilərəm. Burada prinsipial ana olmağa çalışıram. Uşaq böyütmək böyük məsuliyyətdir və mənim həyatdakı ən böyük missiyamdır.