NARGIS
Ru En
NARGIS MAGAZINE
Həyat tərzi

Nə üçün arzulayırıq?

Libas – Sophie Couture

"Arzuladığım hər bir şey – həyatdır"

Stiven Spilberq

Tez-tez arzu tutursunuz? Mən həmişə! Bəzən əhəmiyyətsiz şeylər, bəzən də ağlasığmaz dərəcədə möhtəşəm bir şey haqqında! Ulduzlara baxanda arzu edirəm. Kirpiyim yanağıma düşdüyündə arzu tuturam, ya da fontana qəpik pul atdığımda, şam söndürdüyümdə və ya zəncirotunu üflədiyimdə, yatarkən, yuxudan oyandığımda, kədərləndiyimdə və xoşbəxt olduğumda... Həmişə də ümid edirəm: dilədiyim hər bir şey gerçəkləşəcək! Demək olar ki, dilədiyim hər bir şeyi həmişə sanki öz gözlərimlə görürəm və hətta fiziki olaraq hiss etməyə başlayıram. Hərçənd ki, etiraf edirəm, belə anlarda düşüncələrim ikiyə bölünür. Bir yarısı mənə pıçıldayır: “Sadəcə sənin istədiyin üçün bu baş verməlidirmi? Arzu – sadəcə düşüncədir". Digər hissəm isə bunu Tanrıdan, kosmosdan gələn həqiqət kimi qəbul edir: arzular gerçəkləşə bilər, sadəcə onlara ürəkdən inanmaq lazımdır. Arzularımız bizi motivasiya edir, güc və ilham verir. Əlbəttə arzu etmək boş oturmaq demək deyil. Hərəkət etmək, hədəfə israrla irəliləmək lazımdır. Arzuna xəyanət etmədiyində, gücünü əsirgəmədən həyata keçirməyə çalışdığında hər şey birdən sənə inanılmaz şəkildə kömək etməyə başlayır və baş verən hər şeyin göylərdən sizə göndərilən bir hədiyyə olduğunu hiss edirsən.

Arzu etmək – inanmaq deməkdir. İnam isə bizə irəliləməyə güc verən enerjidir.

Ülviyyə Mahmudova,
baş redaktor