NARGIS
Ru En
NARGIS MAGAZINE
Simalar

Musiqidə həyat

Hélène Mercier, həmçinin Hélène Mercier Arnault kimi tanınan, musiqi dünyasında tanınmış bir simadır. Kanadalı pianoçu dünyanın ən yaxşı konsert pianoçularından biri hesab olunur, Parisdəki Champs-Élysées və Chatelet Teatrları, Londondakı Southbank Center, Berlindəki Konzerthaus, Leypsiqdəki Gewandhaus, İtaliyadakı Villa Medici və Lingotto Auditorium kimi nüfuzlu məkanlarda həm solo, həm də kamera ifaları ilə çıxış edir. O, hazırda Parisdə yaşayır və Aix en Provence, Menton, Colmar, Nohant, Evian, Reims və Lachaise Dieu kimi çoxsaylı fransız festivallarında çıxış edib. O, bu günlərdə festivalın təsisçisi və direktoru, Azərbaycanın Əməkdar Artisti Şahin Növrəslinin xüsusi dəvəti ilə II Beynəlxalq Piano Festivalı çərçivəsində Bakıda çıxış etdi və suallarımızı mehribanlıqla cavablandırdı.

İfa etməyə başlamaq üçün ilham
Bacım skripka ifaçısı idi və məndə həmişə onunla ifa etmək və onu müşayiət etmək böyük həvəsim olub. Onun məşqini hər gün eşitmək məni altı yaşında pianoda çalmağa həvəsləndirdi. Tez irəlilədim, və müəllimlərim məni ciddi musiqi təhsili almağa təşviq etdilər. Vyanadakı musiqi ustadım alman idi və o, məni musiqi təhsilini davam etdirmək üçün həqiqətən ruhlandırdı. Biz bacımla uşaq vaxtı skripkaçı Vladimir Spivakovla tanış olmuşuq, və onun ifası və texnikası bizi heyran etdi. Onun sayəsində bacım o vaxt bizim yaşadığımız Monrealdan Bolqarıstanın Sofiya şəhərinə gedərək, təhsilini davam etdirdi. Həyat elə gətirdi ki, bir müddət sonra Spivakovla birlikdə çıxış etdim və hətta Parisdə onunla Chausson CD yazdırdım.

Konsertdən əvvəl stressi aradan qaldırmaq üçün rituallar və üsullar
Çox vaxt stresli olur, və biz həmişə rituallarımızın effektivliyinə zəmanət verə bilmərik. Amma bizi hər zaman gözlənilməzliklər gözləyir, ona görə də hazır olmalıyıq. Musiqi çox ehtiraslı bir peşədir, ona görə də hər zaman gündəmdə gözlənilməz bir şey var. Qeyd edə bilərəm ki, Şahin Növrəsli ilə daim yeni kəşflər olur, və bu yolda çoxlu sürprizlər olur, çünki o, improvizasiya etməyi çox sevir. Yanımda talisman və ya başqa bir şey aparmıram. Ancaq son vaxtlar paylaşacağım bir hekayəm var. Ulu nənəmin nikah üzüyünü sürpriz olaraq alana qədər onun mövcud olduğunu bilmirdim. Nəvəmlə ilk dəfə tanış olduğum gün onu aldım. Sinxronluq onu sehrli etdi. Məndə elə təəssürat var ki, bu üzük məni qoruyur. Bir şey olarsa, onunla səyahət etmək istəmirəm. Ümumiyyətlə, ifa edərkən və ya məşq edərkən zinət əşyaları taxmıram.

Gündəlik iş rejimi
Mənim konsert proqramıma günortadan sonra imkan daxilində dincəlmək və səhnəyə çıxmazdan əvvəl yüngül yemək qəbul etmək daxildir. Çox məşq etməli olanda və repertuarım geniş olanda bəzən altı saata qədər fasiləsiz məşq edirəm. Bu müddət ərzində musiqi həyatımın bütün sahələrini əhatə edir. Yeni partituralar öyrənməli olanda səhər saat 8-də məşqə başlayıram, günortaya qədər məşq edirəm. Bundan başqa, mən həftədə iki dəfə idman zalında məşq edirəm, amma dərslərimi buraxsam, sürətli gəzmək, qaçmaq və ya üzmək ilə əvəzləndirirəm. Mən, həmçinin, həftədə bir dəfə rəqqasə ilə stretching seansından zövq alıram. Çətin olsa belə, amma belimi yaxşı vəziyyətdə saxlamaq mənim üçün vacibdir və mən bu təcrübəni faydalı hesab edirəm.


Həyatda balans
Mənim üçün karyeram qədər şəxsi həyatım da önəmlidir. Ancaq musiqini peşəniz kimi seçdiyiniz zaman bu, şəxsi həyatınızdan daha vacib ola bilər. Bəzi qadınlar hətta musiqi karyeralarına görə uşaq sahibi olmamaq qərarına gəlirlər. Partnyorları tez-tez getdikləri yerlərdə onları müşayiət edirlər və ya əksinə. Bəzən həyat yoldaşları 2 aydan 3 aya qədər dünya üzrə musiqi turları çərçivəsində bir-birini müşayiət etməli olurlar. Uşaqlar dünyaya gəldikdə isə ailədə vəziyyət daha da çətinləşir. Halbuki bu, bütün peşələrdə belədir. Burada çatışmayan bir şey var: təklikdə vaxt keçirmək, öz vaxtınıza və cədvəlinizə sahib olmaqdır. Klassik musiqi dünyası mikrokosmosdur. Məsələn, pop musiqisi kimi vizual deyil, amma klassik musiqinin ilahi ilə bir növ əlaqəsi var, mənim əziz tutduğum unikal duyğuları oyadır. Bu, tələbkar bir peşədir və bu peşədə uğur qazanmaq üçün nizam-intizam lazımdır. Həyatımı musiqisiz təsəvvür edə bilmirəm. O, sakral və müqəddəsdir, və bütün bəstəkarların bu müqəddəsliklə bağlılığı olub. Musiqi mənə dərinlik və məna qazandıran xüsusi bir dua növüdür.

Dəbdəbə
Lüks bir xəyalın satın alınmasıdır. Soyuducunun əsrlər boyu xidmət edə biləcəyi nənə və babalarımızın texnologiyası ilə müqayisədə biz hazırda telefon kimi əşyaların tez-tez dəyişdirildiyi istehlak dövründəyik. Son otuz il ərzində dəbdəbənin tərəqqisi çox əhəmiyyətli olmuşdur və o, istehlakçılar üçün böyük dərəcədə cəlbedici amilə çevrilmişdir.

Piano festivalı
Mən Şahinlə “The Baku Piano Festival 2023”-ün açılışında çıxışımla əlaqədar inanılmaz dərəcədə həyəcanlıyam. Bizi professor Rəna Şereşevskaya ilə qarşılıqlı əlaqəmiz sayəsində tanış olduq. Şahinin ifası mənə səciyyəvi rus klassik musiqi məktəbini xatırladır, burada hər bir səs və not öz dərinliyinə qədər eşidilir. Bu, rus klassik musiqi məktəbini dünyanın qalan hissəsindən fərqləndirir.
Mən onun improvizasiya bacarığına heyran oldum. Burada gözlənilməz bir çox şey var. Şahinin musiqisi çox incə və zərif ola bilər, digər vaxtlar isə əsl cazdır. Hər şeyin müəyyən edilməli olduğu klassik musiqidən fərqli olaraq birbaşa, həssas və daim dəyişəndir. Bəzən müxtəlif musiqi növlərini qarışdırmaq vacibdir. Klassikləri janrları qarışdırmaqla üzə çıxarmaq daha asan olur. Şahin cazmendir, lakin onun təhsili daha çox klassikdir və birgə ifa etdiyimiz zaman bu qarşılıqlı ifamızı zənginləşdirir. Musiqi janrlarının qarışığı dialoq yaradır və klassik musiqini zənginləşdirən... O, duruşu, xarizması ilə janrları həvəslə qarışdıra bilir. İnanıram ki, Şahinin bu festival ilə bağlı baxışı var və beyin fırtınası üçün hər zaman yer mövcuddur. Mən onun ideyalarına güvənirəm və o, kifayət qədər fikirlərə sahibdir. Əsas ideya isə yaşadığımız dövrü əks etdirməkdir və Azərbaycan orkestri (Valid Ağa) ilə ifa olunan Gerşvinlə qarışıq Şərq musiqisinin birləşməsi artıq kifayət qədər qeyri-adi və həyəcanvericidir. Festivalın həm də mənəvi ölçüsü var, çünki musiqi ilahiyə toxunur...La musique creuse le ciel. (Bodler).

Musiqinin gələcəyi
Gələcəkdə müxtəlif musiqi janrlarının bir-birinə daha çox təsir etdiyini görmək istərdim. Muzeylərdə sənət nümunələrinin vandalizmə məruz qaldığı bəzi halları görmüş ola bilərsiniz ki, bu da sənəti dəyərsizləşdirir və faydasız görünməsinə səbəb olur. Biz planet və onun problemləri, o cümlədən muzeylərdə incəsənətə qarşı zorakılıq edən fəallar haqqında çox danışırıq. Bununla belə, insani dəyərlər və mədəni mübadilə haqqında danışmağı da unutmamalıyıq. Mədəniyyət vacibdir və bu, təkcə iqtisadi uğurla bağlı deyil. Musiqi insanları birləşdirmək üçün fantastik bir yoldur. Məsələn, mən Bakıda Şahinlə yəhudi əsilli rus bəstəkarı Corc Gerşvinin ABŞ-da yaşayarkən yazdığı əsərini ifa edəcəyəm. Musiqimiz universal şəkildə ünsiyyət quracaq və insanları cəlb edəcəkdir; bu – musiqi dilidir.

Xeyriyyəçilik
Bəzən xeyriyyəçilik şübhə doğurur. Məncə pul verəndə anonim qalmaq daha yaxşıdır; əks halda narsisistik əmələ gəlir və imicin bir hissəsinə çevrilir, və ya bunun qarşılığında gözləntilər ola bilər. Mən belə bir obraza kifayət qədər şübhə ilə yanaşıram. Məsələn, ABŞ-da xeyriyyəçilik mədəniyyəti Fransadakı kimi deyil. Vergi sistemində fərqlər var və bu, müxtəlif mədəniyyətlərdə eyni səviyyədə qəbul olunmur. Verilən məbləğlərin xərclənməsini izləmək də bəzən çətin ola bilər.

Sevimli musiqiçilər
Moskvada məşhur Stanislav Neuhausun tələbəsi olan fransız pianoçusu Brigitte Engererini
çox sevirdim. Ən çox bəyəndiyim bəstəkarlarımın adlarını çəkə bilmərəm, çünki hamısına ehtiyacımız var. Onlar bir-birlərinə töhfə verir. Ancaq bu gün sizə ad deməli olsam, özümü 20-ci əsrin fransız bəstəkarı Olivier Messiaenə çox yaxın hiss edirəm. Mən onun əsərlərini ifa edirəm və onun harmoniyalarını görünməyən aləmlə əlaqələndirirəm. O, çox ruhani insan idi, və bunu musiqisində hiss etmək olar. Onun bəstələrini bacımla yeniyetməlik illərində ifa etməyə başladım.

Həyat çətinləşəndə...
Mən həmişə anamı düşünürəm. Biz çox yaxın idik və mənim ona çox güclü bağlılığım var. Mən onun gücünə və cəsarətinə dərin heyran idim. Qızını itirməsinə baxmayaraq, o, həyata dərin hörmət hissi ilə hərəkətdə qaldı. Biz irəli getmək istiqamətində heç vaxt ruhdan düşməməliyik və məqsədlərimizi həyata keçirməliyik (il faut y aller!). Dünya daim dəyişir, hətta daha çox, xüsusən də dəyərlərin bəzən şübhə altına alındığı, hətta itirildiyi müasir dövrdə. Buna görə də, xüsusilə səhnəyə çıxanda güclü və cəsur qalmalıyıq.