
Yay — həyatınıza rəng qatmaq üçün əla bəhanədir: hər şey daha parlaq, əhval-ruhiyyə daha yüngül, moda isə daha cəsarətli olur. Amma rəngli geyim hələ də sizə çətin, səs-küylü və ya "ümumiyyətlə mənlik deyil" kimi gəlirsə, başlamaq üçün asan və əyləncəli yollar var.
Kimlərə uyğundur?
Əgər siz:
· sınamaq istəyirsiniz, amma “çox şişirdilmiş” görünməkdən qorxursunuzsa;
· düşünürsünüz ki, rəng ciddiyyə uyğun deyil, praktik deyil və ya yersizdir;
· uyğunlaşdırmağınızdan çəkinirsinizsə;
· "tutuquşu", "tovuz quşu" və ya zooparkın başqa nümayəndəsi kimi görünmək istəmirsinizsə —
…bu material məhz sizindir.
1. Rəngli vurğu
Kiçikdən başlayın: bir parlaq detal kifayətdir — çanta, ayaqqabı və ya kəmər. Onlar sizin gündəlik bazanıza (ağ, bej, qara, denim) təravət qatacaq, harmoniyanı isə pozmayacaq. Niyə çanta sadəcə çanta olmasın? Qırmızı olsun. Yaxud mavi?
2. Zərif uyğunluqlar
Pastel və pudralı tonlar bir-biriylə çox gözəl uyğunlaşır. Daha çox rəng istəyirsiniz? İki-üç rəngi birlikdə seçin — amma eyni doyma səviyyəsində olsunlar. Bu həm obrazı vurğulayacaq, həm də incəliyi qoruyacaq.
3. Mümkün olmayan — mümkündür
Üçdən çox rəngi uyğunlaşdırmaq olarmı? Son ekranlaşdırmada Cey Qetsbi demişdi: “Əlbəttə olar. Təbii ki olar.”
İki qayda işə yarayır:
– Eyni “temperaturda” rəngləri seçin (isti ilə isti, soyuqla soyuq);
– Bir ton diapazonunda gradient yaradın — məsələn, lavandadan tünd bənövşəyə doğru. Belə obraz həm də vizual olaraq sizi daha hündür göstərəcək.
4. Ağ da rəngdir
Parlaq rənglərə hələ hazır deyilsinizsə — saf ağ əlavə edin. Böyük ağ çanta, sandaletlər, yaxud şalvar və ya ətək — görünüşünüzə təravət və zəriflik qatacaq.
Niyə məhz yayda?
Çünki yayda rəng modaya rəhbərlik edir. Butiklər və mass-marketlər eyni rəngin onlarca çalarını təklif edir — butter yellow-dan tutmuş kanareyka sarısına qədər. Üst geyimi və qatlar haqqında düşünməyə ehtiyac yoxdur — obrazları uyğunlaşdırmaq asandır, eksperiment üçün meydan daha genişdir.
Daha cəsarətlilər üçün: rəng çarxı
Bir-birinin qarşısında duran kontrast rəngləri yoxlayın: qırmızı və yaşıl, bənövşəyi və sarı. Və ya bərabər məsafədə olan üç rəng seçin — məsələn, mavi, yaşıl, qırmızı.
Əsas prinsip — hər şeyin eyni üslubda olmasıdır. O zaman həm qarderobunuz, həm də əhvalınız yeni, şirəli rənglərlə canlanacaq.
Rəng yalnız matça latteda və meyvə smuzisində yox, geyiminizdə də olsun.