NARGIS
Ru En
NARGIS MAGAZINE
Mədəniyyət

Kosmosdan ilhamlanaraq

İnteryerlərin insanın şəxsiyyətini əks etdirdiyi bir dövrdə Alav Architect Studio öz ritmini inamla müəyyənləşdirir. Müasir texnologiya, zərif üslub hissi və dərin fərdiləşdirilmiş yanaşmanı bir araya gətirən Fidan və komandası sadəcə gözəl deyil, canlı məkanlar yaradır. Bu müsahibədə Alav Architect Studio-nun rəhbəri Fidan Alav studiyanın fəlsəfəsini, son dizayn trendlərini və unikal memarlıq həllərinin necə gerçəkləşdiyini bölüşür.

Dizayn studiyası yaratmaq fikrinə sizi nə ilhamlandırdı?
Həmişə dünyaya gözəllik və estetika gətirmək, ahəngdar və düşünülmüş interyerlərə zövq formalaşdırmaq istəmişəm. İnsanların hər gün onlara ilham verən bir məkanda yaşamaları mənim üçün çox önəmlidir.

İlk layihəniz haqqında indi nə düşünürsünüz?
Geri baxanda bir az sadəlövh – hətta gülməli – görünür, amma bu mənim yolumun bir hissəsi idi. Hər şeyin bir başlanğıcı var və o təcrübəyə görə minnətdaram.

Studiyanı yaratdığınız gündən bəri dizayna yanaşmanız necə dəyişib?
Gözüm formalaşıb, zövqüm daha da təkmilləşib. Təbii materiallara üstünlük verməyə və mənim dəyərlərimi bölüşən müştərilərlə işləməyə başladım. Eyni dalğadaydıq və nəticələrdə bu hiss olunur.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
/

Studiyanız estetika ilə funksionallıq arasında necə balans yaradır?
Bizim üçün funksionallıq hər zaman ön plandadır – insanlar yalnız məkanın necə göründüyünə deyil, orada yaşamağın necə hiss etdirəcəyinə də önəm verirlər. Amma estetika da ayrılmaz hissədir. Onsuz emosiyalar, ruh olmur – ruhsuz isə dizayn sadəcə bir şəkildir.

Müştəridən aldığınız ən qeyri-adi istək nə olub?
Tam qeyri-adi olmasa da, yadda qalan bir layihə idi – səkkiz uşaq üçün altı uşaq otağı tələb olunurdu. Çox böyük və çox isti bir ailə idi.

Karyeranızdakı ən əhəmiyyətli layihə hansıdır?
Hər layihə fərdi bir hekayədir. Hər birinə ruhumu qoyuram və bəlkə də ən önəmlisi hazırda üzərində çalışdığım layihədir.

Dizayn sənayesinin gələcəyini necə görürsünüz?
Dizayn artıq səthi estetikanı geridə qoyur və mədəniyyətin ifadəsinə çevrilir. İnsanlar artıq sadəcə üslub deyil, məna və xarakter axtarırlar. Gələcək fərdilikdədir – ruhu və fəlsəfəsi olan məkanlar yaratmaqda.