Yevgeni, zəhmət olmasa, uşaqlığınızdan söz açardınız.
Ən adi uşaqlıq idi. Günlərlə həmyaşıdlarımla gəzərdim. 16 yaşında isə musiqi ilə məşğul olmağa başladım. Öncə gitaradan başladım, sonra pianinoya keçdim. Bir neçə özəl dərs aldım, bütün qalan şeyləri özüm dinləyərək öyrəndim. Musiqi mənə sehrli, cəzbedici görünürdü, ona toxunmaq istəyirdim. Onu dinləməyi xoşlayırdım.
İlk məşhur əsərinizi – “Vals”ı necə bəstələdiniz? İlham necə gəldi?
Çox güman ki, əksər bəstəkarların bu suala cavabı eyni səslənərdi: onlar musiqi alətinin arxasına keçirlər, çalışmağa başlayırlar – və bu an ilham gəlir. Pianino arxasına əyləşməsən, öz-özünə heç nə gəlməyəcək – mənim timsalımda. İlk hissə dərhal gəldi. Yadımdadır, gecə idi, instrument arxasına keçdim və dərhal, öz-özünə ilk melodik silsilə alındı. Mən təəccübləndim və onu yazmaq qərarına gəldim. Lakin tam olaraq yalnız bir ildən sonra, ikinci hissəni tamamladıqdan sonra bəstələdim.
Ona qayıtmağa Sizi nə vadar etdi? Onun tamamlanmasına sizi nə ilhamlandırdı?
Sadəcə belə hiss yarandı ki, qayıtmaq lazımdı. İlhama gəldikdə isə... bilmirəm, nəyinsə yaradılması üçün nə isə başqa şeydən ilhamlanmağın labüdlüyünü yanlışlıq adlandırmaq olarmı... Məni, adətən, prosesin özü ilhamlandırır – musiqinin özü, səslənməsi – ya da nə isə gözəl bir şey yaratmaq.
Şöhrət Sizi ilhamlandırırmı?
Düşünürəm ki, şöhrətə daha qısa yollar var. Məsələn, musiqinin başqa janrları, müxtəlif provokasiyalar... çoxlu alətlər. “Vals”ı bəstələyəndə dünya şöhrəti gözləmirdim. Burada müəyyən dərəcədə taleyin ironiyası var... Albom yazanda düşünürsən ki, bir kompozisiyanı “hamı” üçün bəstələmək lazımdır – müəyyən kuplet və nəqərat şablonları ilə, harmoniyanın xüsusi alqoritmləri ilə... Bütün bu qaydalara riayət edirsən, sonra isə statistikaya nəzər salırsan və görürsən ki, o, albomda ən az dinlənilən olub. Heç bir uğur sirri, heç bir “belə et və hər şey alınacaq” yoxdur.
Hər şeyi lazım olduğu kimi etdiyinizə inamı nə verir?
Mənim musiqim insanları sakitləşdirir, buna görə də anlayıram ki, hər şeyi düzgün edirəm.
Sizin yeni “Orange Marmalade” albomunuz “Alisa möcüzələr aləmində”yə işarədir? Boş fincanlı üzqabığı Sizin ideyanızdır ya art-direktorun?
Yox, bunu mən fikirləşmişəm. Mən “Alisa”nı orijinalda oxumuşam və orada bir epizod var idi ki, Alisa yuvaya yuvarlanır, rəflərin yanından uçur və portağallı marmelad olan bankanı qamarlayır. Ad da beləcə ərsəyə gəlib.
Siz perfeksionistsiniz?
Bəli. Və yalnız musiqidə deyil, hərçənd burada onunla daha tez-tez rastlaşıram. Bəzən bu, ola bilsin ki, yaradıcılıq durumunu dəyərsizləşdirir. Özümü dayanmağa məcbur etməli oluram. Olur ki, tanışlarım kompozisiyalarını qiymətləndirmək üçün mənə göndərirlər, deyirlər ki, onun üzərində 2 il işləyiblər. Mən isə dinləyirəm və anlamıram: bu qədər vaxt onların nəyinə lazım idi? Onların təcrübəsini və öz səhvlərimi əsas götürərək, bəzən özünü daxili prefeksionistin istədiyindən daha tez dayanmağa məcbur etməli olursan. Bəzən isə işi bir o qədər perfeksionizm deyil, səhv qərarlar ləngidirlər. Bir kompozisiyanın səslənməsini bəyənmirdim, komandamla az qala bir ay vaxt sərf etdikdən sonra anladıq ki, onu başqa alətdə ifa etmək lazım imiş. Bütün digər işləri bir günə tamamladıq. Belə vəziyyətlərə fəlsəfi yanaşmalı olursan; anlayırsan ki, bu, mənimsənilməli bir həyat dərsi idi. Ümid edirəm ki, öz dərsimi mənimsəmişəm...
Hələ eşidəcəyimiz hansısa tamamlanmamış, “toz basmış” melodiyalarınız varmı?
Bəli, 40-a yaxın! Mən, adətən, bütün ideyaları, kompozisiyaları bloknota yazıram və nömrələyirəm. Albom yaratdıqda onlardan hansıların ora daxil olacağını, hansıların səslənmə və konsepsiyaya görə bir birinə uyğun olacağını seçirəm.
Hazırda İstanbulda yaşayırsınız. Necə düşünürsünüz, nə üçün Türkiyədə belə populyarlıq qazandınız?
Yalnız ehtimal edə bilərəm... Uzun illər öncə klip kadrdakı siqaretə görə çox yayıldı. Biz onunla məşq edirdik, operator gördü ki, çox gözəl alınır və beləcə davam etməyi təklif etdi. Klip Moskva ətrafında, doğulduğum Jukovskidə çəkilirdi. Biz həm qürubu, həm şəfəqi yoxlayırdıq, amma klipə hansının düşdüyünü artıq xatırlamıram. Bu ən gözəl işıqlandırmadı, üstəgəl bu təbii işıqdır, bir çox rəssamlar onun ən emosional olduğunu qeyd edirlər. O zaman indiki kimi məşhur deyildim və klipdən sonra da onu qazanacağımı heç düşünmürdüm də. Əslində onu heç zaman duymamışam...
Bəs indi duyursunuz? Özünüzü tanınmış hiss edirsiniz?
Pasport nəzarətində sərhədçi özümü necə hiss etdiyimi soruşduqda və nə üçünsə pasportumun fotosunu çəkdikdə bunu hiss edirəm: qəribədir, bu fotonu o neyləyəcək?.. Digər tərəfdən, xoşdur!
Hesab olunur ki, istedadlı insanlar həmişə şöhrəti, hörməti həddindən artıq sevirlər...
Bəli, belələri var. Narsist şəxsiyyətlərdə çıxış etmək daha yaxşı alınır, onlar fanatlarından enerji almaq üçün istənilən sədləri aşmağa hazırdırlar. Mən də enerji alıram, amma onunla bərabər stress də alıram. Mən introvertəm və zamanımı təklikdə keçirməyi sevirəm.
Bəs çıxışlardan sonra gücünüzü necə bərpa edirsiniz?
Evdə otururam, sevdiyim işlərlə məşğul oluram, mühazirələri dinləyirəm, hovuza gedirəm. Bəzən gəzintiyə çıxıram... Enerjimi nə isə daha əhəmiyyətli şey – yeni konsert, bəlkə səs yazması və ya yeni kompozisiya üçün qorumağa çalışıram. Amma gəzmək də faydalıdır. Bu yaxınlarda işıq texnikim ilə birlikdə Bakının mərkəzi küçələri ilə gəzişdik – o, Azərbaycanda anadan olub.
Bakı konsertiniz necə keçdi? Publikadan hansı enerjini aldınız?
Konsert çox yaxşı keçdi, mən zalın məhəbbətini hiss edirdim. Türkiyənin əyalət şəhərində publikaya nə isə danışmaq istədikdə, kommunikasiya yaranmır, çünki regionda demək olar ingilis dilini bilmirlər. Burada isə danışmaq mümkün idi – həm rusca, həm ingiliscə, bu isə çox xoşdur.
Nə üçün daha çox minor əsərləri sevirsiniz?
Mənə elə gəlir ki, onlar daha çox dramatikdir. Onları daha çox hisslərlə zənginləşdirmək mümkündür. Biz tez-tez həmkarlarla musiqinin nə olması barədə diskussiya aparırıq; məsələn, mən onu təbii hisslərin dili kimi görürəm. Lakin hər dilin öz əlifbası var, hərflərdən biz söz yarada bilərik və o, kontekstdən asılı olaraq, bu dildə bir məna kəsb edəcək. Notlarla bunu edə bilməzsən. Notlardan birmənalı anlaşılacaq hansısa termin düzəltmək, melodiyadan söz yaratmaq mümkünsüzdür. Biz bunu yalnız hiss edə bilərik: burada kədərlidir, orada şəndir... Amma hətta bu da birmənalı deyil və bizim dinləyici təcrübəmizdən, hazırki anda nə hiss etdiyimizdən asılıdır.
Siz kədərli halda musiqi bəstələyirsiniz?
Kədər güclüdürsə, nə bəstələmək, nə yemək, ümumiyyətlə, heç nə etmək istəmirəm. Buna görə də, kompozisiyaların yarandığı anda mən gümrah və enerjiliyəm.
Öz əsərlərinizi dinləyirsinizmi?
Əsasən məşqlərdən, konsertlərdən öncə, daha yaxşı yadda saxlamaq üçün. Lakin onları əlavə məşq qismində dinləyirəm. Bir tədqiqat var idi, idmançıları iki qrupa bölürdülər, biri çıxışdan öncə mini-məşqlər keçirdi, digəri dincəlirdi. Birincinin nəticələri daha yaxşı idi. Çətinlik burasındadır ki, yaradıcılıq prosesində bu və ya digər qərarları qəbul etmək üçün çox zaman sərf edirsən, sonra səsyazma prosesində çoxsaylı dubllardan keçirsən, on dəfələrlə, yüz dəfələrlə məşq edirsən, musiqiçilərlə ifa edirsən... Əsəri artıq kənardan qiymətləndirmək çətindir. Lakin bəzən pleyerdə çoxdan ifa etmədiyim köhnə kompozisiyalara rast gəlinir və onları dinləmək mənə maraqlı olur.
Sonda oxucularımızın suallarını səsləndirmək istərdim. Arzunuza aparan yolda Sizə kim dəstək verdi?
“YouTube”da “Vals” klipinə şərh yazan insanlar.
Arzusuna doğru addımlayan gənc pianoçulara nə demək istərdiniz?
Ona doğru addımlamaq və heç zaman təslim olmamaq lazımdır.
Musiqi şedevrlərinə ilhamlandıran sevdiyiniz qadın varmı?
Bu daha çox ötən əsrlərin rəssamlarına bənzəyir. Hərçənd musiqiçiləri qadınların ilhamlandırmalarına dair mifi alt-üst etmək istəməzdim. Mən yalnız özümdən söz açmıram.
Nə üçün müasir musiqi qısa zamanda unudulur?
Çünki həddindən artıq çoxdur. İnternetin yaranmasından sonra biz nəhəng səsyazma şirkətləri olan seçim filtrinə malik deyilik. Daha doğrusu onlar mövcuddur, lakin musiqi yaradıcılığı indi az qala hər kəs üçün əlçatandır. O, meydana gəlir və dərhal da qeybə çəkilir, çünki onu aradan götürən yenisi peyda olur...
Hansı musiqini dinləyirsiniz?
Müxtəlif: elektron, rok, instrumental, hip-hop, caz...
Pianino Sizin üçün nədir?
Hisslərimi ifadə etmək üçün alət.