Qırılmış bağların bərpası: Ananı övladlarına aparan yol
Bir müddət əvvəl Günel (ad şərtidir) “Qadın Dəstək Xətti”nə (QDX) zəng etməyə qərar verdi - bəlkə də həyatının ən çətin, amma ən həlledici addımını atdı. İllərlə övladlarından ayrı düşmüş, hüquqi qəyyumluğu olsa da, onlara yaxınlaşmaq imkanından məhrum edilmişdi. Onun həsrəti çoxları üçün görünməz, səsi isə eşidilməz qalmışdı.
Atanın manipulyasiya və təzyiq dolu davranışları ana ilə uşaqlar arasında görünməz hasar hörmüş, ən kiçik sevgi jestlərini belə boğmuşdu.
“Qadın Dəstək Xətti”nə müraciət daxil olan kimi proses ləngimədən işə düşdü. Psixoloqlar və sosial mütəxəssislər vəziyyəti dəyərləndirdi, dövlət qurumları ilə koordinasiya quruldu, təhlükəsizlik planı hazırlandı. Addım-addım həyata keçirilən bu proses ailənin həyatında yeni bir səhifə açdı.
Zaman keçdikcə uşaqlar ananın toxunuşuna, oyunlarına, sevgisinə açılmağa başladı. Bu, həm ailə üçün, həm də xidmətin effektivliyi üçün ən güclü sübut idi: doğru anda edilən bir zəng bəzən uzun illərin ağrısını sağalda bilir.
Bir zəngin gücü
Məişət zorakılığı cəmiyyətin ən səssiz, lakin ən ciddi, dərin iz buraxan problemlərindəndir. Bağlı qapıların arxasında yaşanan zorakılıq çox vaxt uşaqların gözü önündə baş verir və qadınlar illərlə sükuta məhkum qalır. Dünyada hər üç qadından biri həyatı boyu ən azından bir dəfə fiziki və ya psixoloji zorakılığa məruz qalır. Belə bir reallıqda qaynar xətlər qadınların təhlükəsizliyində ən sürətli və ən təsirli dəstək vasitələrindən birinə çevrilir.
Azərbaycanda Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyinin idarə etdiyi “Qadın Dəstək Xətti” Günel və Günelin timsalında minlərlə qadın üçün həyatını dəyişdirən bir dayaq nöqtəsidir. Hər zəng arxasında qorxu, cəsarət və çox vaxt bir ümid hekayəsi dayanır.
116111 - telefon nömrəsindən daha artığı
“Qadın Dəstək Xətti” sədəcə bir telefon nömrəsi deyil. O, qadınlara təhlükəsizlik hissi və özünəinam verən etibarlı bir dəstək vasitəsidir. Hər zəng diqqətlə, həssaslıqla və anonimlik qorunmaqla qəbul olunur. Xidmət böhran vəziyyətində dərhal müdaxilə edir, hüquqi və sosial dəstək göstərir, psixoloji yardımla təmin edir və qadınların çətin həyat şəraiti ilə tək mübarizə aparmamaqlarını təmin edir. Bu xidmət təkcə tibbi və hüquqi dəstəklə məhdudlaşdırılmır: dəstək xətti həm də psixoloji dayaq, emosional dəstək və gizlilik təmin edən bir müdafiə mexanizmidir. Günelin hekayəsi göstərir ki, dövlət qurumları, QHT-lər, özəl sektor və cəmiyyət birgə səy göstərəndə, qadınların həyatını dəyişmək mümkündür.
Qadınlar üçün qaynar xətlər dünya miqyasında milli qoruma sistemlərinin vacib hissəsi kimi qəbul edilir. “Qadın Dəstək Xətti” beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərir və Azərbaycanın
Qadınlara Qarşı Bütün Növ Ayrı-seçkiliyin Aradan Qaldırılması Konvensiyası (CEDAW) qarşısındakı öhdəliklərinin icrasına böyük töhfə verir.
Təkcə 2025-ci ilin dövründə xidmətə 3000-ə yaxın qadın müraciət edib. Artıq üç ildir ki Azercell-in dəstəyi və təşəbbüsü ilə fəaliyyət göstərən QDX bu dövr ərzində 11 000-dən çox qadına yardım göstərib.
Xidmət 24/7 fəaliyyət göstərir, 116111 qısa nömrəsinə zənglər Azercell abunəçiləri üçün pulsuzdur. Yeni istifadəyə verilən oflaynqadinlar.az platforması isə qadınlara şiddət, psixoloji, iqtisadi və digər zorakılıq hallarında Azərbaycan qanunvericiliyinə uyğun atılmalı addımlar barədə ətraflı və sistemli məlumat təqdim edir. Azercell abunəçiləri platformadan internet paketi və ya balansda vəsait olmadan da yararlana bilərlər.
Sükutu pozan səs
Zorakılıq səssizlikdə böyüyür, amma bir qadın danışdıqda milyonlara ümid işığı olur. “Qadın Dəstək Xətti”ndə heçbir qadın eşidilməmiş qalmır.
Bəzən bir zəng həyatları dəyişir. Bəzən bir zəng gələcəyi xilas edir.


