
Mexiko, 1929 – cu il. Frida - zərif, qəlbi dəlib keçən baxışlı, saçları çiçəklərlə bəzədilmiş. Ağır ətəklər geyinir, ağrını və acını qələmə alır, daim siqaret çəkirdi. Diyeqo - əllərinin yerinə fırça olan bir nəhəng idi. Saray divarlarını böyük həvəs və ustalıqla bəzəyirdi. Bu cütlük sənət tarixinin ən cılğın və tanınmış çütlüyünə çevrilmişdir. Onların sevgisi ehtirasın, xəyanətin və dahiliyin bütün boyalarının bir – birinə qarışdığı freskanı xatırladırdı.
Frida Kalo onu ilk dəfə gördüyündə 21, Diyeqo Riveranın isə 42 yaşı var idi. O, artıq Meksika muralizminin əfsanəsi, rəssam və aktivist olaraq cəmiyyətdə tanınırdı. Frida isə ağır qəza keçirdikdən sonra yenicə bərpa olunur və rəsmlər çəkməyə başlamış, lakin artıq bu zamanlardan bəri işlərində öz daxili gücü hiss etdirirdi. Diyeqoya öz əsərlərini göstərdikdə, o, yalnız istedadı görməmişdi. O atəşi görürdü. Bir qədər sonra isə bu haqda belə demişdi: “Bu gözlər sadəcə dünyanı görmür. Onlar bu dünyanı alova bürüyür”.
Həmin il onlar evləndilər. Fridanın anası bu nikahı fil və göyərçinin ittifaqı adlandırırdı. Və o yanılmırdı. Onların həyatı sakitlik tanımırdı. Daimi mübahisələr, ayrılıqlar, xəyanətlər. Lakin eyni zamanda da bir – birinə qarşı sonsuz bağlılıq. Onların onlarla məşuq və məşuqəsi olmuşdur. Frida açıq duyğulardan çəkinmir, qadınlarla da kişilər qədər ehtiraslı eşq yaşayırdı. Onun yaşadığı eşq macəralarının sırasında Lev Trotskiy və Jozefina Beykerin də adı çəkilir. Diyeqo da sadiq deyildi. Ən acı xəyanət Fridanın kiçik bacısı ilə yaşanmışdı.
Bütün bunlara baxmayaraq onlar arasında qopmayan bir bağ var idi. Sənət, onları verilən bütün vədlərdən daha möhkəm bağlarla bir -birinə sarmışdı. Diyeqo Detroytda, San – Fransiskoda Milli sarayda monumental freskalar yaradır. Frida isə öz şəklini çəkirdi. Onun avtoportretləri güzgü kimidir: onlar ağrı, qan, çiçəklər və simvolların təcəssümüdür. O sənət tarixində qadın bədəni və qadın ruhu haqqında dürüstcəsinə söz açan ilk görkəmli şəxsiyyət olmuşdur. Diyeqo onun ilk tənqidçisi və əsas pərəstişkarı idi. O deyirdi: “Frida – qadınları narahat edən məsələlər haqqında bütün dürüstlüyü ilə ilk dəfə söz açan qadındır”.
1939 – cu ildə onlar ayrıldılar, lakin bir il sonra yenidən evləndilər. Koyoakanda mavi evdə yaşayırdılar, hərəsi evin özünə aid hissəsində. Onların qapıları ayrı, hekayələri isə bir idi.
1954 – cü ildə, 47 yaşında ikən Frida dünyasını dəyişdi. Diyeqo etiraf etdi ki, Fridanın onun həyatının ən parlaq hissəsi olduğunu gec anlamışdı.
Bu gün onların hekayəsi əfsanəyə çevrilib. Onların rəsm əsərləri bütün dünya muzeylərinin divarlarını bəzəyir, əsas mirasları isə - özləri olmuşdular. İki rəssam. İki tale. Bir məhəbbət. Əsl. Mükəmməl olmayan. Canlı.