Sosial media və marketinq sahəsində on ildən çox təcrübədən istifadə edərək, influnser marketinqi sahəsinə daxil olmaq Xəyalə Məmmədova üçün gözlənilən bir addım idi. Aparıcı marketinq agentliklərindən biri olan "Foxy"nin təsisçisi kimi o, sektorun keçdiyi təkamül yolunda birbaşa iştirak etməklə şahid olub. Bu müsahibədə Xəyalə öz macərasını, çətinlikləri və "Foxy"nin Azərbaycanın marketinq səhnəsin üzərindəki təsirini bölüşür.
İnflunser marketinqinə necə və niyə başladınız?
Mən 2010-cu ildən sosial şəbəkə və marketinq sahəsində çalışmışam. Bu sektor üzrə təcrübəsi və birbaşa əlaqəsi olan biri kimi onu deyə bilərəm ki, son illərdə influnserlərin istehlakçı davranışlarının formalaşması üzərində olan gücünün şahidi olurdum. Qazandığım təcrübələrə də əsaslanaraq influnser marketinqi sahəsi üzrə öz işimi qurmağa qərar verdim.
İnflunser marketinqinə başlamaq üçün sizi nə ilhamlandırdı?
Bu işə başlamağıma əsasən bir neçə amil səbəb oldu. Bunlar arasında ən əsas səbəblər kimi xüsusilə layihə idarəetməsini və kreativ mühitdə insanlarla sıx ünsiyyətdə olma sevgimi qeyd edə bilərəm.
Şirkətinizin yarandığı gündən bugün bazardakı mövqeyinə qədər keçdiyi inkişaf yolunu təsvir edə bilərsinizmi?
Əlbəttə. Bildiyiniz kimi, bizim fəaliyyət istiqamətimiz şirkətlər üçün influnser marketinqi və eksklüziv influnserlərimiz üçün menecer xidməti göstərməkdir. İşə yeni başladığımız vaxtlar komandamızda yalnız mən və əlavə bir əməkdaş var idi. Hətta deyim ki, işimizi sadəcə onlayn şəkildə həyata keçirirdik. Yerinə yetirilən tapşırıqları planları müzakirə etmək üçün həftədə bir neçə görüş təşkil edirdik. Əvvəllər çox az sayda influnserlər ilə əməkdaşlıq edir, sadəcə bir neçə müştəriyə influnser marketinq xidmətini göstərirdik. Tenderlərdə iştirak etməyə başladıqdan sonra influnser bazamız da böyüməyə başladı. Hal-hazırda 30-a yaxın eksklüziv influnserimiz və 50-dən çox müştəri bazamız var.
Azərbaycanda influnser marketinqinin vəziyyəti necədir və şirkətiniz bu sahəyə hansı töhfələr verir?
Hazırda bu sahə inkişaf etməkdədir. Əlbəttə, “influnser marketinq bazarı tam olaraq formalaşıb”,- desəm çox da doğru səslənməz. Bazar yenidir və dediyim kimi, inkişaf etməkdədir. “Foxy” influnserlərə menecer xidməti təklif edən ilk şirkətləndəndir. Düzdür, bundan öncə agentliklərdə üzvlük xidməti var idi, ancaq onlar tam olaraq menecer xidməti göstərmirdilər. Bu mənada “Foxy” bir ilkdir. Bizim şirkətimizdən sonra oxşar istiqamətdə fəaliyyət göstərən bir neçə şirkət də bazara daxil oldu.
Azərbaycan bazarında işləyərkən hansı xüsusi problemlər ilə rastlaşırsınız?
Qarşılaşdığımız əsas problemlərdən biri şirkətlər tərəfindən düzgün “brief”in verilməməsi, digəri isə bəzən şirkətlərin eksklüziv influnserlərimiz ilə birbaşa əlaqəyə keçmək istəyinin olmasıdır. Lakin, bazar inkişaf etdikcə, davranışlar da formalaşır. Bu işə başlayanda, yəni, 3 il öncəki vəziyyətlə indiki vəziyyəti müqayisə etsək, böyük bir irəliləyiş baş tutduğunu asanlıqla görmək olar. Az öncə qeyd etdiyim məsələləri idarə etmək əvvəllər daha çətin idi, indi isə müəyyən qədər asanlaşıb.
Əməkdaşlıq üçün influnserləri nəyə əsasən seçirsiniz və bu seçim prosesində hansı meyarlara üstünlük verirsiniz?
Keyfiyyətli məzmun. Mənim üçün ən əsas meyar budur. Həmçinin, influnserin nüfuzu da önəmli bir faktordur. Keyfiyyətli məzmun yaradıldıqdan sonra həmin influnseri daha da inkişaf etdirib bazarda yerini tutmasını təmin etmək asan olur.
Şirkətinizin həyata keçirdiyi uğurlu influnser marketinq kampaniyalarını effektiv edən nədir?
İndiyə qədər uğursuzluqla nəticələnən layihəmiz demək olar ki, olmayıb. Ən kiçiyindən tutmuş böyük layihələrədək heç bir fərq qoymadan hər bir layihəyə ən incə detalına kimi diqqətlə yanaşır, komanda işi görürük. Çəkilişlərin əksəriyyətində özümüz iştirak edirik. Bəzən influnserlərə ideya hazırlamaqda da köməklik göstəririk. Yəni layihəni influnserə ötürdükdə həmin layihəyə hər cür dəstəyi göstəririk. Bu da icra etdiyimiz layihələrin daha effektiv olmasında əhəmiyyətli rol oynayır.
İnflunserlər və brendlər arasındakı orijinallığı və uyğunluğu hansı yollarla təmin edirsiniz?
Brend tərəfindən “brief” göndərilən zaman ən uyğun influnserləri həmin markaya təqdim etmək bizim iş prinsipimizin əsasını təşkil edir. Bəzən markaların həmin kampaniyaya uyğun olmayan influnserlə çalışmaq istədiyi də olur, belə hallarda biz peşəkar olaraq təkliflərimizi, fikirlərimizi bildiririk. Əksər hallarda müştərilər bizim təklifimizlə razılaşır. Çox nadir hallarda baş versə də, bəzən hansısa brendin bizim fikrimizlə heç cür razılaşmadığı da olub, bu zaman isə həmin layihədən imtina etmişik. Bizim üçün reputasiya çox önəmlidir.
İnflunserlərin sizinlə mübahisə etməsi və ya mənfi reaksiya verməsi kimi potensial riskləri necə idarə edirsiniz?
Bu danılmaz faktdır ki, insanlarla işləyən zaman mənfi rəylərdən, tənqidlərdən qaçmaq mümkün deyil. Ən çətin anlarda mübahisədən uzaqlaşmaq üçün doğru zamanı gözləmişik. Qarşımızdakı insanın aqressiyası keçdikdən sonra yenidən üz-üzə danışaraq problemi həll etməyə çalışmışıq. Çox zaman bu metod işə yarayır. Bundan əlavə, hər kəsə individual yanaşmaq vacibdir. Ümumiyyətlə, həm influnserlər, həm də müştərilər ilə dostluğu qorumağa çalışdığımız üçün belə hallar o qədər də tez-tez baş vermir.
Sürətlə inkişaf edən influnser marketinq mühitində rəqabətdə irəlidə olmaq üçün hansı strategiyaları tətbiq edirsiniz?
Bu sirri sizə desəm, iş prinsipimi açıqlamış olaram. Ancaq onu vurğulaya bilərəm ki, daim araşdırma aparmaq, yenilikləri tətbiq etmək və gündəmdən kənarda qalmamaq çox vacibdir.
İnflunserlər ilə uzunmüddətli münasibətləri necə qoruyursunuz?
Onlarla dostluq münasibətini saxlayaraq. Çünki işimizin əsasını məhz influnserlər təşkil edir. Xırda da olsa, diqqət göstərmək, özəl günlərində onların yanında olduğunuzu hiss etdirmək lazımdır.
İnflunser marketinqini ümumi marketinq strategiyasına inteqrasiya etmək istəyən brendlərə məsləhətiniz nədir?
Mütləq şəkildə peşəkar şirkətlərə müraciət etsinlər. Daxili resurslarla bu işi həyata keçirmək istəyirlərsə, o zaman yenə də araşdırma aparmalıdırlar. İnflunserə verilən məzmunun keyfiyyəti izləyici sayından daha önəmlidir. Hətta deyərdim ki, hazırda mikroinflunserlər bu mövzuda daha yaxşıdırlar.
Azərbaycanda influnser marketinqinin xüsusən effektiv olduğu müəyyən sahələr və ya sektorlar varmı?
Artıq influnser marketinqi bütün sahələrə təsir göstərir. İstənilən kampaniyanın həyata keçirilməsində influnserlərin gücü danılmaz və qaçılmazdır.
Ən sonda isə, həm Azərbaycanda, həm də xaricdə influnser marketinqi sahəsində şirkətinizin gələcək planları və arzuları nələrdir?
Hazırki hədəfimiz, istəyimiz və əsas planımız böyümək, qloballaşmaq və xarici təcrübələri Azərbaycanda tətbiq etməkdir. Hətta hal-hazırda qlobal agentliklərdən biri ilə partnyorluq etmək üçün danışıqlar aparırıq.